Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadənin çıxışı

 

Hörmətli sədarət!

Əziz müəllimlər!

Xanımlar və cənablar!

Mən bu gün sizin qarşınızda çıxış etməkdən böyük şərəf duyuram. Cənab nazir, təşəkkür edirəm ki, mənə belə möhtəşəm auditoriya qarşısında çıxış etmək, təhsil sahəsində nailiyyətlər və çağırışlar barədə fikirlərimlə bölüşməyə imkan verdiniz.

İlk öncə qeyd edim ki, mən burada bir qürurlu azərbaycanlı kimi çıxış edirəm. Orta məktəb vaxtlarından bəri mən müxtəlif ölkələrin təqaüdlərinin hesabına xaricdə təhsilimi davam etdirmişəm. Əvvəl ABŞ-da, sonra İngiltərə və Norveçdə. 1990-cı illərdə ölkəmiz gənc və iqtisadi imkanlarımız  məhdud olduğundan biz gənclər digər dövlətlərin yardımına üz tuturduq. Amma son illər mənzərə tam dəyişdi. Ölkə başçısı möhtərəm cənab Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə qayğısı nəticəsində xaricdə təhsil proqramı yaradıldı və yüzlərlə azərbaycanlı gənc xaricdə təhsil almaq imkanı əldə etdi. Böyük fəxrlə qeyd etmək istərdim ki, mən də bu il bu gözəl imkana sahib oldum və İspaniyada təhsilimi davam etdirmək üçün Azərbaycan dövlətinin təhsil təqaüdünü qazandım.

Xaricdə təhsil proqramı əfsanəvi bir imkandır. Burada Harvard Universitetindən tutmuş dünyanın 500 ən güclü və mötəbər universitetində təhsil almaq imkanı olur. Proqram həm təhsil, həm yaşayış, həm nəqliyyat və digər xərcləri ödəyir. Belə təminat, sözün əsl mənasında, heç bir ölkədə yoxdur. Gənclərimiz xaricdə ən innovativ və qabaqcıl bilik və bacarıqlara yiyələnirlər, ölkəmizə dönüb onun inkişafına töhfə verirlər və dövlətimizi daha da gücləndirirlər. Təhsil aldıqları zaman onlar xarici ölkələrdə diasporamıza yardımçı olur, minlərlə siyasi və mədəni aksiyalar keçirir, Azərbaycanımızı beynəlxalq arenada yaxından tanıtmağa kömək edirlər. Bu günə kimi 2612 gənc azərbaycanlı bu proqrama qəbul olunub, dünyanın onlarca ölkəsində təhsilini davam etdirir. Çox sevindirici haldır ki, bu proqrama ölkəmizə təcili lazım olan peşələr, o cümlədən tibb, mühəndislik, informasiya texnologiyaları və digərləri daxildir.

Xaricdə təhsil proqramı nə qədər gözəl olsa da, onun yaranması, eyni zamanda ölkəmizdə təhsil səviyyəsinin və keyfiyyətinin dünya standartlarına və ölkəmizin ehtiyacına kifayət qədər uyğun olmamasına bir işarədir. Sirr deyil ki, ölkəmizdə bazar iqtisadiyyatı sürətlə inkişaf edir, yeni peşəkar kadrlara ehtiyac günü-gündən artır, lakin şirkət və hətta dövlət qurumları istənilən kadr potensiallarını doldura bilmirlər. Beləliklə, gənc kadrlarımızı xarici universitetlər hesabına yetişdirməyə məcburuq. Bu da, öz növbəsində, xarici universitetlərin maliyyələşdirilməsinə gətirib çıxarır. Uzunmüddətli perspektivdə biz mütləq gərək təhsil standartlarımızı təkmilləşdirək və yerli universitetlərin potensiallarını qaldıraq. Xaricdə təhsil proqramı kadr probleminin həlli üçün qısamüddətli bir tədbirdir, lakin uzunmüddətli həll yolunu bizim öz yerli ali təhsil ocaqlarımızın potensialının gücləndirilməsində görürəm.

Bu məqsədlə cari ilin oktyabr ayında dövlət başçısı yeni təhsil strategiyasını imzalamışdır. Bu təhsil strategiyası ölkəmizin təhsil sisteminin üzümüzə gələn illərdə islahatını əhatə edir. Strategiyada başlıca məqsəd ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Azərbaycanın təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır. Belə təhsil sistemi ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirməklə Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltməyə nail ola bilər.

Yeni təhsil strategiyasında mühüm məqsədlər müasir tələblərə cavab verən təhsil məzmununun yaradılması, yüksək nüfuzlu müəllimlərin formalaşdırılması, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin formalaşdırılması, ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun və nəhayət, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılmasıdır.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, yeni təhsil strategiyasının yazılmasında çalışdığım Diplomatik Akademiyanın bir sıra təklifləri, o cümlədən çevik kurikulumlar, tələbələr üçün sərfəli faizlər ilə təhsil krediti, universitetlərdə İnkişaf Fondlarının yaradılması və digərləri öz əksini tapmışdır. Yeri gəlmişkən qeyd etmək istərdim ki, universitetlərin İnkişaf Fondları təhsilə dövlət-ictimai və dövlət-biznes partnyorluğunu gətirməyə kömək edəcək.

Yəqin razılaşarsınız ki, belə əhatəli strategiyanı həyata keçirmək üçün məhz xaricdə təhsil proqramının məzunları önəmli ola bilər. Onları ölkəyə geri qayıdandan sonra təhsil ocaqlarımıza cəlb etmək elə də asan iş deyil. Məvaciblərin az olması, təhsil sektorunda tədqiqatlar üçün fondların məhdudluğu, ümumi pedaqoji fəaliyyət üçün stimulların az olması xaricdə təhsil almış kadrlarımızı təhsil sektorundan uzaqlaşdırır. Xaricdə təhsil almış məzunların çoxu Bakıda özəl sektorda və beynəlxalq təşkilatlarda çalışmağa üstünlük verir.

Bu yerdə qeyd etmək istərdim ki, ölkədə təhsilin adambaşına maliyyələşdirilməsinə keçdikdən və Nazirlər Kabinetinin keçənilki sərəncamından sonra universitetlərdə müəllimlərə maaşların verilməsi üçün dövlət tarifləri ləğv olunub, müəyyən azadlıqlar yaradılıb. Universitet rəhbərləri xaricdə təhsil almış gəncləri tədrisə cəlb etmək üçün yeni innovativ yollar tapmalı, büdcədənkənar fondlar hesabına onların əmək fəaliyyətini stimullaşdırmalıdır. Bu təcrübə Azərbaycan Diplomatik Akademiyasında uğurla tətbiq olunur və bu günə kimi ABŞ və Avropada doktorantura səviyyəsini bitirmiş 20-dən çox gənc azərbaycanlı bizim akademiyada hazırda pedaqoji fəaliyyətə cəlb olunub.

Bəzən özəl sektorda çalışan və xaricdə təhsil almış məzunlarımıza maliyyə stimulu da heç lazım olmur. Onların maaşları kifayət qədər yüksək olur. Sadəcə onlar pedaqoji fəaliyyətə cəlb olunmalı və dərs demək imkanları verilməlidir, onların bilik və təcrübələrindən təhsil prosesində yararlanmağa can atılmalıdır. Bəzi hallarda onlar üçün xüsusi ingilisdilli qrupların yaradılması, xarici ədəbiyyatla təmin olunması zəruridir. Yalnız belə yolla universitetlərimizə gənc pedaqoji qüvvə cəlb edə bilərik.

Xanımlar və cənablar.

Azərbaycan dünya iqtisadiyyatının bir parçasına çevrilib. Biz dünyada hər bir sahədə rəqabət apardığımız kimi, təhsil sahəsində də rəqabətlə üzləşirik. Sərhədlər açılıb, məzunlarımız artıq təkcə digər azərbaycanlılar ilə yox, çinli, yapon, sinqapurlu, kanadalı, finlandiyalı, cənubi koreyalı gənclərlə rəqabət aparır. Mən bu ölkələrin adlarını təsadüfən çəkmədim. Bunlar son sorğular nəticəsində dünyanın ümumtəhsil səviyyəsinə görə ən aparıcı ölkələridir. Orada təhsil innovativ texnologiyaların ən son nailiyyətlərinə arxalanan, bu texnologiyaları gündəlik tətbiq edən və yaradıcı azadlığa malik olan bir mühitdə keçirilir. Hədəfimiz belə təhsil sisteminə keçidi təmin etmək olmalıdır. Bunun üçün ölkədə kifayət qədər siyasi iradə var və cəmiyyətimizin bütün təbəqələri təhsildə dönüş etməyin vaxtının çatdığını vurğulayır. Bu keçidi reallaşdıra bilsək, ölkəmiz bilik iqtisadiyyatı qurmağa nail olacaq. Sizlərə bu önəmli missiyada və qurultayın işinə uğurlar arzulayıram.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov