Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Şuşa RTŞ metodkabinetinin müdiri Rəsmiyyə Məmmədovanın çıxışı

 

Hörmətli qurultay nümayəndələri!

Hörmətli  qonaqlar!

Müstəqil  Azərbaycan dövlətinin qurucusu, dunya azərbaycanlılarının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan bu möhtəşəm Mərkəzdə keçirilən Azərbaycan müəllimlərinin XIV qurultayında  çıxış etmək üçün mənə söz verildiyinə görə hədsiz qürur və sevinc hissləri keçirirəm.

Qurultayımız Azərbaycan təhsilinin taleyüklü problemlərinin həll olunduğu mühüm bir dövrə təsadüf edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş tarixi əhəmiyyətə malik "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədində getdikcə qloballaşan müasir dünyamızda  təhsilin prioritetliyi və müstəsna rolu bir daha təsdiqlənməklə XXI əsr Azərbaycan təhsilinin inkişaf istiqamətləri uzaqgörənlıklə müəyyənləşdirilmişdir.

Biz  hamımız  hörmətli nazirimiz Mikayıl Cabbarovun  qurultay iştirakçılarına ünvanlanan  analitik təhlil üzərində qurulmuş dərin məzmunlu məruzəsini diqqətlə dinlədik. Heç şübhəsiz, bu məruzə ümumi ruhu və mahiyyəti ilə  yerli təhsil orqanları  və təhsil müəssisələrinin rəhbərləri, bütövlükdə hər bir təhsil işçisi üçün perspektiv proqram xarakteri daşıyır.

Hörmətli qurultay iştirakçıları!

Dövr və zamanın tələblərinə görə ümumi təhsilin qarşısında duran məqsəd və vəzifələr bu və ya digər dərəcədə dəyişsə də bütün dövrlər üçün bir məqam dəyişilməz  qalmaqdadır. O da ülvi  məqsədlərin ən alisi sayılan uşaq və gənclərin  vətənpərvərlik  və vətəndaşlıq tərbiyəsidir.

Ulu öndər Heydər Əliyev təhsilə, təhsilin aktual problemlərinə həsr olunmuş konseptual  səciyyə daşıyan çıxış və nitqlərində böyüməkdə olan  gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsini daim ön plana çəkir, bu nəcib amalı təhsilin başlıca vəzifəsi kimi dəyərləndirirdi. Hesab edirəm ki, bu məqamda ulu rəhbərimizin bütün təhsil işçilərinə örnək olan çoxsaylı müdrik fikirlərindən bir neçəsini xatırlatmaq yerinə düşərdi. Ulu öndər deyirdi: "Təhsilimizin ən böyük  məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Məktəbdə vətənpərvərlik tərbiyəsi işini təkmilləşdirmək, onun forma və metodlarının rəngarəngliyinə çalışmaq, yüksək səmərəliliyinə nail olmaq lazımdır. Hər bir gənc  vətəndaş öz ölkəsinin  alovlu vətənpərvəri olmalıdır".

Dahi  Heydər  Əliyev  siyasi-ideoloji  kursunun  layiqli davamçısı, Azərbaycan  Respublikasının Prezidenti cənab  İlham Əliyevin ölkəmizin ictimaiyyətinə müraciətlə  söylədiyi "Biz istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda  vətənpərvərlik  ruhunda  tərbiyə  alsın...Vətənə bağlılıq, Vətən  sevgisi  mütləq  yüksək  səviyyədə  olmalıdır. Ümid  edirəm  ki, bizim bütün məktəblərimizdə  vətənpərvərlik mövzusu daim  gündəlikdədir. Vətənə bağlılıq, sevgi, peşəkar və yüksək  biliyə  malik  olmaq - bunlar ölkəmizi qabağa aparacaqdır" müddəası, heç şübhəsiz, müasir dövrdə təhsilimizin  məqsədinin  və fəlsəfi mahiyyətinin parlaq  ifadəsidir.

Ulu öndərin  adını  daşıyan Heydər  Əliyev  Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım  Əliyevanın vətənimizin  tarixinə  həssas  münasibəti xüsusi qeyd  olunmalıdır. Mehriban xanım Əliyeva ölkəmizdə və dünyada  mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq  miqyasda böyük işlər görən bir insan  kimi tanınır.

Heydər Əliyev Fondunun təşkil etdiyi və 2009-cu ildən keçirilən respublika  muğam müsabiqəsi  və Beynəlxalq  Muğam  Festivalı həm Azərbaycanda  muğam sənətinə üz tutan gənclərin sayını artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb. Mehriban xanım Əliyevanın  maddi və qeyri-maddi mədəni dəyərlərimizin bərpası, qorunması və təbliği sahəsində zəngin və hərtərəfli fəaliyyəti  vətənə,  xalqa məhəbbətin bariz nümunəsidir.

Hörmətli qurultay iştirakçıları!

2013-2014-cü dərs ili hamımız üçün əlamətdar, yaddaqalan bir hadisə ilə başladı. Bu dərs ilindən etibarən  məktəblərimizdə ilk dərsin "Mənim Vətənim-doğma yurdum"mövzusuna həsr edilməsinə dair hörmətli nazirimizin əmri uşaq və gənclərdə vətənpərvərlik əzminin və Vətən təəssübünün gücləndirilməsi amilinin heç bir vaxt aktuallığını itirməyən taleyüklü vəzifə olduğunu təhsil ictimaiyyətinə bir daha xatırlatdı.

Hörmətli qurultay iştirakçıları!

Mən bu əlamətdar tədbirdə Şuşa rayonunu təmsil edənlər sırasındayam. Məcburi köçkünlük həyatı yaşamaq bəlkə də  maddi tərəfdən  deyil, daha çox mənəvi cəhətdən ağırdır. Bizlərə ruh verən, ölkəmizdə hökm sürən coşqun fəaliyyət tempindən kənarda qalmamağa sövq edən əsas amil  dövlət  başçımız cənab İlham Əliyev tərəfindən  işğal altında olan torpaqlarımızın düşmən ünsürlərdən azad  edilməsi  uğrunda  məqsədyönlü və ardıcıl tədbirlərin həyata  keçirilməsi, bu  yolda göstərdiyi qətiyyət və siyasi uzaqgörənlikdir. Möhtərəm Prezidentimizin yürütdüyü dinamik siyasət nəticəsində ölkəmizin iqtisadi  qüdrətinin ilbəil artması, milli ordumuzun durmadan güclənməsi, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuz  dairəsinin  getdikcə genişlənməsi düşmən üzərində qələbəmizi, doğma Qarabağımızın azad ediləcəyi anı günbəgün yaxınlaşdırır. Belə bir şəraitdə, ölkəmizin yağı düşmənlə üz-üzə durduğu bir  vəziyyətdə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinin  prioritet mahiyyət daşıması inkaredilməz həqiqət kimi meydana çıxır.

Bu gün ümumi təhsilin məzmun istiqamətlərini şərtləndirən didaktik prinsiplərdən danışılarkən onun nəticəyönlü və  tələbatyönlü  olması ilə yanaşı, həm də şəxsiyyətyönlü  keyfiyyəti ön plana  çəkilir. Əlbəttə, şəxsiyyətin  bütövlüyünü  təyin edən çox  amillər  mövcuddur, lakin  onların  arasında  ən  vacibi  Vətənə, doğma  torpağa bağlılıq  xüsusiyyətidir. Güman  edirəm ki, görkəmli şairimiz  Abbas  Səhhətin  ürəkləri  riqqətə gətirən  "Vətəni sevməyən insan  olmaz, olsa  ol şəxsdə vicdan olmaz" misraları, əslində, bütün  dövrlər  üçün  danılmaz həqiqət,  əbədi  çağırışdır.  

Hazırda təhsilin  inkişafı üzrə Dövlət Strategiyasında irəli sürülən tələblərə uyğun olaraq, digər həlli vacib məsələlərlə bərabər, məktəbəqədər və ümumi təhsilin dövlət standartlarının və fənn kurikulumlarının təkmilləşdirilməsi və yeniləşdirilməsi istiqamətində işlərə başlanmışdır. Elə bilirəm ki, bu sənədlər hazırlanarkən istər məktəbəqədər, istərsə də ümumi təhsilin məzmununda  vətənpərvərlik komponentinin daha da gücləndirilməsi diqqət  mərkəzinə çəkilməlidir. Eyni zamanda bütün  fənlərin, xüsusilə Azərbaycan tarixi, coğrafiya, ədəbiyyat fənlərinin məzmununda vətənpərvərlik tərbiyəsinin  mühüm tərkib hissəsi olan milli iftixar hissinin  şagirdlərə təlqin  edilməsi ciddi nəzərə alınmalıdır.

Həm də sirr deyil ki,şagirdlərin bir çoxu əksər hallarda yaşadıqları ərazidən kənara çıxmaq imkanına malik olmadıqlarından ölkəmizin ayri-ayrı bölgələri, bu bölgələrdəki flora və fauna, mədəni abidələr, tarixi məkanlar haqqında təsəvvürləri məhdud olur. Halbuki Vətənin özəlliklərini öz gözləri ilə görmək, onun gözəllikləri ilə mənəvi təmasda olmaq şagirdlərdə böyük ruh yüksəkliyi, iftixar hisslərinin yaranmasında mühüm amildir. Ona görə də ümumtəhsil məktəblərinin tədris planlarına məqsədli  ekskursiyaların daxil edilməsi və bu tədbirlərin təşkili üçün maliyyə imkanlarının axtarılması məqsədəuyğun olardı.

Bu yerdə bir məqamı xatırlatmaq istərdim. Bir neçə il bundan əvvəl Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mən Vətənim, yaşadığım şəhər (kənd, qəsəbə) haqqında  nələri bilirəm" mövzusunda inşa müsabiqəsi keçirilmişdi. Bu əhəmiyyətli bir tədbir idi, həm də ona görə ki, şagirdləri tədqiqatlar aparmağa sövq edirdi. O vaxt bu inşaların  nəticələrinə görə məlum olmuşdu ki, şagirdlərin bir çoxu hətta öz yaşadıqları yerin tarixi, coğrafiyası və digər özəllikləri barədə  dolğun  təsəvvürə malik deyillər. Bu, əlbəttə, düşündürücü bir haldır və  güman edirəm ki, maarifləndirmə xarakteri daşıyan bu tipli tədbirlərin və layihələrin gələcəkdə davam etdirilməsi çox vacibdir. Həm də təklif edərdim ki, xüsusi bir layihə çərçivəsində ölkəmizin hər bir bölgəsinin tarixini, coğrafiyasını, flora və faunasını, mədəni abidələrini, görkəmli şəxsiyyətlərini əhatə edən təlim materiallarının hazırlanması işi təşkil olunsun və fakültativlər formasında məktəblərdə tədris edilsin. Bu bütün şagirdlər, xüsusilə də məcburi köçkün  rayonlarının şagirdləri üçün müstəsna əhəmiyyət kəsb edərdi.

Gənclərimizin vətənpərvərlik tərbiyəsi, şübhəsiz, bir çox amillərlə əlaqədardır. Yəqin hamı razılaşar ki, tərbiyə  işi sahəsində şəxsi  nümunə  müstəsna əhəmiyyət kəsb edir.Vətənpərvərlik hissi  öz-özünə yaranmır, bunu nəsihət hesabına etmək çox çətindir. Təlimdə əyanilik necə mühüm rola malikdirsə, tərbiyəolunma sisteminin düzgün qurulmasında da fərdi nümunə bir o qədər əhəmiyyətlidir. Bu mənada biz gənclərimizi görkəmli şəxsiyyətlərimizin, Vətən uğrunda qəhrəmanlıq göstərənlərin timsalında tərbiyə etməliyik. Milli Qəhrəmanımız Mübariz İbrahimovun qısa, lakin şərəfli həyat yolu vətənini, millətini, xalqını sevən hər bir Azərbaycan gənci üçün örnək olmalıdır. Mübariz İbrahimov  bütün Azərbaycan gəncliyinə nümunədir.

Bəlkə də bu hələlik bir arzudur, ancaq bir anlıq təsəvvür edəndə ki, şagirdlər hər gün  məktəblərin qarşısında Vətən uğrunda döyüşlərdə  canlarını qurban vermiş insanların şərəfinə qurulan rəmzi əbədi məşəl abidəsinin önündən keçib onların xatirəsini yad etməklə məktəbə daxil olurlar, hesab edirəm ki, onlar üçün bundan ibrətamiz və duyğulu mənzərə ola bilməz.

Hörmətli qurultay nümayəndələri!

Fürsətdən istifadə edərək bir məsələyə toxunmaq istəyirəm. Məlumdur ki, vətənpərvərlik tərbiyəsində kütləvi informasiya vasitələrinin rolu müstəsna əhəmiyyət kəsb edir. Çox arzu edərdik ki, xüsusilə televiziya kanallarında gənclərimizin mənəvi tərbiyəsinə, vətənpərvərlik tərbiyəsinə həsr olunmuş verilişlərin sayı üstünlük təşkil etsin. Elə bilirəm, çoxlarının fikrini ifadə etmiş olaram ki, dırnaqarası reytinq gətirən bəzi verilişlərin gənclərimiz üçün heç bir əhəmiyyəti yoxdur.

Çıxışımın sonunda tam əminliyimi bildirmək istəyirəm ki, Azərbaycan dövlətinin, dövlətimizin başçısı cənab İlham Əliyevin müntəzəm diqqət və qayğısı sayəsində Azərbaycan təhsili durmadan inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov