Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun məruzəsi

 

Hörmətli qurultay iştirakçıları!

Əziz qonaqlar!

Xanımlar və cənablar!

Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından, ölkəmizin bütün təhsil işçiləri adından sizi ürəkdən salamlayır, hörmət və ehtiramımı bildirir, ən xoş arzularımı yetirirəm.

Bu gün biz bu möhtəşəm saraya - müasir Bakının rəmzlərindən birinə çevrilən və dahi Heydər Əliyevin adını daşıyan Mərkəzə Azərbaycan müəllimlərinin XIV qurultayına toplaşmışıq. Qurultayın keçirilməsi üçün müasir dünya memarlığının incisi sayılan bu məkanın seçilməsi müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev şəxsiyyətinə Azərbaycan müəllimlərinin dərin hörmət və ehtiramının ifadəsidir. Öz quruluşu ilə zamanın davamlılığını, həyatın əbədiliyini təcəssüm etdirən, keçmişlə gələcəyin vəhdətini bildirən, ağ rəngdə olması ilə aydın gələcəyi simvolizə edən bu Mərkəzdə dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza bir mənəvi körpü rolunu oynayan təhsil sisteminin mövcud durumunu dəyərləndirəcək, qloballaşan dünyada təhsilimizin gələcək inkişaf yollarını, yeni strateji istiqamətləri və qarşıda duran başlıca hədəfləri birgə müzakirə edəcəyik.

Hörmətli qurultay iştirakçıları!

Düz 107 il bundan qabaq, 1906-cı ildə Bakıda Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi rus-Azərbaycan məktəbində Azərbaycan müəllimlərinin I qurultayı keçirilmişdir. Qurultayın işində Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Süleyman Sani Axundov kimi o dövrün tanınmış maarifçi ziyalıları iştirak etmişlər. XX əsrin əvvəllərində maarifçilik ideyaları ətrafında birləşən bu böyük ziyalıların istiqlal mübarizəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.

Qısa ömür sürməsinə baxmayaraq, milli dövlətçilik ideyaları xalqımızın qəlbində möhkəm kök saldı, onu daim irəliyə, dövlətçiliyin əsaslarının qurulmasına istiqamətləndirdi. Bu tarixi missiyanı, yəni hər bir xalqın öz inkişafında arzulaya bildiyi ən yüksək və müqəddəs məqsəd - müstəqil dövlətin qurulması və onun ən çətin sınaqlardan keçirilərək möhkəm bünövrə üzərində bərqərar olunması missiyasını ulu öndərimiz Heydər Əliyev şərəflə yerinə yetirdi. Onun siyasətini layiqincə davam etdirən İlham Əliyev cənabları qısa müddət ərzində ölkəmizi inanılmaz şəkildə dəyişdirməyə nail oldu və dövlətimizi ən uca zirvələrə qaldırdı. Cənab Prezidentin andiçmə mərasimində söylədiyi "Azərbaycan öz tarixində heç vaxt bugünkü kimi güclü olmamışdır" sözlərini istənilən sahədə əyani olaraq görürük və hiss edirik.

İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi düşünülmüş və uzaqgörən daxili və xarici siyasət, iqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl islahatlar müstəqil Azərbaycanı siyasi və iqtisadi baxımdan sabit, davamlı inkişaf edən dövlət, beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda lider ölkə kimi tanıtmışdır.

Ölkədə siyasi sabitlik və məqsədyönlü islahatlar prosesi misilsiz iqtisadi artımla müşayiət olunmuş, sosial həyatın hər bir sahəsində tərəqqiyə güclü təkan vermişdir.

Son 10 ildə aparılan sosialyönümlü islahatlar nəticəsində müasir tələblərə cavab verən infrastruktur layihələri həyata keçirilmiş, yüksək standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilib istifadəyə verilmişdir. Bu nailiyyətlər ölkədə sosial sfera - o cümlədən təhsil sahəsində əsaslı islahatların aparılmasına təkan vermiş, onun davamlı inkişafına stimul yaratmışdır.

Lakin həyat yerində durmur, dünya hər gün dəyişir, inkişaf edir. Bu dəyişikliklərlə hər zaman ayaqlaşmaq, onlardan geri qalmamaq üçün üzərimizdə hər gün çalışmalı, böyük zəhmət hesabına qazandığımız nailiyyətlərin qorunub saxlanılmasını və geridönməzliyini təmin etməliyik.

Bu baxımdan Azərbaycan Respublikasının dövlət bayrağındakı rənglərin daşıdığı məna və onların yuxarıdan aşağı yerləşmə ardıcıllığı ilə bu gün təhsil sistemimizin qarşısında duran əsas hədəflərin prioritetliyi arasında müəyyən bir paralelliyi müşahidə etmək olar: təhsil sisteminin yetişdirdiyi vətəndaş, ilk növbədə, öz köklərinə bağlı və milli mənsubiyyəti ilə fəxr edən vətənpərvər, dərin biliyə malik müasir baxışlı və mütərəqqi insan, öz xalqının adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq bir şəxs olmalıdır.

Bu bir reallıqdır ki, müasir dövrdə ölkələrin inkişafı yalnız təhsil vasitəsilə əldə edilə bilər. Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini ölkənin təbii sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yüksək potensiala malik insan kapitalına  çevrilməsi təmin edir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük uzaqgörənliklə dediyi: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər  tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər  bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq  görərik ki, o ölkələrin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır," - konseptual fikrinin əsasında da məhz həmin tələb, müasir təhsil sisteminin yetişəcəyi əsas strateji hədəf dayanır.

Ölkədə aparılan təhsil islahatlarına və təhsilin inkişafına öz layiqli töhfələrini  vermiş Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı  səfiri Mehriban xanım Əliyevanın bu yaxınlarda Azərbaycanın YUNESKO-ya üzv qəbul  olunmasının 20 illiyi münasibətilə Parisdə keçirilən mərasimdə söylədiyi: "Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xüsusi diqqət  yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyyəli təhsilə malik olan  ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər" - sözlərinin təməlində də yüksək intellektə malik insan kapitalının yetişdirilməsini təmin etmək üçün beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasının vacibliyi ideyası durur. İnanırıq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsil sistemində gerçəkləşdirilən irimiqyaslı layihələrin davamı olaraq YUNESKO və Azərbaycan hökuməti arasında bu il iyulun 18-də təhsil, elm, mədəniyyət və  kommunikasiya sahəsində əməkdaşlığa dair Çərçivə Sazişinin imzalanması Azərbaycanda təhsil sahəsində aparılacaq islahat prosesində yeni mərhələnin  başlanmasına güclü təkan verəcəkdir.

Bildiyiniz kimi, Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurduğundan ölkəmizin qarşıdakı illərdə sosial-iqtisadi və mədəni inkişaf yollarını müəyyənləşdirən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanmış və dövlət başçısının 29 dekabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq  edilmişdir. Həmin tarixi sənəddə ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının  adekvat inkişafının ön plana çəkilməsi nəzərdə tutulmuşdur. Bu, təhsil sisteminin də kökündən dəyişdirilməsinə, əlavə təhsil, ömürboyu təhsil kimi  komponentlərin əhəmiyyətinin artırılmasına gətirib çıxarır. Eyni zamanda İKT və virtual tədrisin, kompüter şəbəkə biliklərinin rolunun artırılmasını nəzərdə  tutur. Başlıca strateji məqsədi davamlı iqtisadi artım və sosial rifah olan Konsepsiyada təhsildə keyfiyyətin yüksəldilməsi və müasir təhsil sisteminin qurulması da əsas strateji  istiqamətlərdən biri kimi ön plana çəkilmişdir.

Hörmətli  qurultay iştirakçıları!

Ölkəmizin İnkişaf Konsepsiyasından irəli gələrək dövlət başçısının yeni prezidentlik müddətində ilk imzaladığı sənədlərdən biri "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" olmuşdur. Sənədin missiyası ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir. Strategiya təhsil sahəsində aparılacaq islahatların başlıca istiqamətlərini müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva edir və təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı - "qara qızılı insan qızılına çevirək" fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur.

Bu sənəd təhsil ilə bağlı olan bütün subyektləri və fəaliyyət sahələrini əhatə edir. Bu əhatəlilik həmçinin Azərbaycanın gələcək inkişafının davamlı xarakter alması üçün peşəkar bilik və bacarıqlara yiyələnən və rəqabətədavamlı insan resurslarının yetişdirilməsi missiyasına xidmət edir, Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülür.

Düşünürəm ki, Strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasına zəmin yaradacaqdır. Bu sənəd həmçinin, ölkəmizin modernləşməsi üçün zəruri olan insan kapitalının inkişaf etdirilməsinə, təhsil infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafını təmin edəcəkdir. Bu sənəddə biz bilik cəmiyyətinin, kreativ təhsil düşüncəsinin, hədəfləri ölçülə bilən fəaliyyət çərçivəsinin və yeni təhsil fəlsəfəsinin ana xətlərini görə bilərik. Burada əsas ehtiva olunan dəyər odur ki, təhsil dövlət siyasətimizin əsas prioritetinə çevrilir. Bu baxımdan Strategiyanın icrası istiqamətində Təhsil Nazirliyi bütün maraqlı tərəflərlə, hədəf qrupları ilə faydalı əməkdaşlıq əlaqələri yaratmaq niyyətindədir. Strategiyada nəzərdə tutulan hədəflərə nail olunması prosesində birgə iş aparılmalı və problemlərin həlli yolları birgə araşdırılmalıdır. 

Strategiyanı reallaşdıran əsas vasitə kimi "Açıq təhsil" modelinin qurulması və tətbiqi nəzərdə tutulur. Bu model aşağıdakı konseptual yanaşmalar üzərində qurulacaq:

* Məzmunda - dərs və dərsdənkənar fəaliyyətin inteqrasiyası təmin ediləcək;

* Müəllim - təhsil prosesinin istiqamətləndiricisi və koordinatoru rolu oynayacaq;

* Əlyetərlilik - hamıya ömürboyu təhsil almaq üçün imkanlar və zəruri infrastruktur yaradılacaq;

* İdarəetmədə - tənzimləmə və əməliyyat funksiyaları bir-birindən ayrılacaq, idarəetməyə onun nəticələrində maraqlı olan bütün tərəflər cəlb olunacaq və ən əsası, nəticələrə görə cavabdehlik prinsipi işə salınacaq;

* Maliyyələşdirmədə - maliyyələşdirmənin dayanıqlı və adekvat olmasını təmin edən səmərəli və nəticəyönlü yeni model qurulacaq;

* İnfrastrukturda - elektron təhsil üçün geniş imkanlar yaradılacaqdır.

Strategiyanın birinci istiqaməti səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasını və təhsilin bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. Tədris proqramı vaxtaşırı yenilənməli olan bir sistemdir. Bu xüsusilə də sürətlə dəyişən bir dünyada daha mühümdür. Məktəb proqramları şagirdlərimizə elmlərin əsasını dərindən öyrənməyə və məktəbdə aldıqları bilikləri həyatda işlətməyə kömək etməlidir. Təhsilin məzmunu uşaqlarımızda dərrakəni inkişaf etdirməyə, hadisələrin səbəblərini dərk etməyə və düzgün qərar qəbul etmək bacarıqları aşılamağa xidmət etməlidir. Müasir dünyanın tələbi olaraq gənc yaşlarından başlayaraq qrup tapşırıqlarının verilməsinə də xüsusi yer ayrılmalıdır. 

Xüsusi diqqət xarici dillərin və dəqiq elmlərin tədrisinə verilməli, bu fənlərə ayrılan saatlar artırılmalıdır. İbtidai təhsil səviyyəsində məntiqli düşüncə, ümumi savad və həyati vərdişlərin öyrədilməsi əsas xətt kimi qoyulmalı, ana dilinin və riyaziyyatın tədrisinə böyük önəm verilməlidir. Fənn kurikulumlarının mahiyyətinin valideynlər tərəfindən mənimsənilməsi üçün maarifləndirmə işinin gücləndirilməsi də böyük əhəmiyyət kəsb edir.

Növbəti tədris ilində artıq təhsilalanların həftəlik və gündəlik dərs yükünü azaltmaqla paralel olaraq tədris ilinin müddətinin artırılması istiqamətində addımlar atılacaqdır. Bunun həyata keçirilməsində əsas məqsəd 32 həftəlik tədris ili və 5 günlük iş rejimi şəraitində şagirdlərin həddən artıq yüklənməsinin qarşısını almaq, 3 ay yarım tədrisdən ayrılmanın onların akademik davamiyyətinə mənfi təsirini azaltmaq, şagirdlərin sağlamlığının qorunmasını təmin etmək, ən başlıcası isə tədris prosesinin optimallaşdırılmasını və səmərəli təşkilini təmin etməkdən ibarətdir. Həmçinin, yuxarı siniflərdə məcburi və seçmə fənlər modelinin tətbiqi nəzərdə tutulur. Bu modelin yuxarı siniflərdə tətbiqi şagirdlərin meyil və maraqlarının nəzərə alınmasına və ali məktəbə hazırlaşmalarına kömək etmək məqsədi güdür.

Təmayüllü məktəb və siniflərin yaradılması istiqamətində işlərin daha da genişləndirilməsi nəzərdə tutulur, şagird və valideynlərə tam orta təhsil səviyyəsində - təmayülləşmə və ya ümumi təhsil proqramı çərçivəsində qalmağa seçim imkanı yaradılacaqdır.

12 illik ümumi təhsilə keçid kurikulumların yenilənməsinə və tam orta təhsil səviyyəsində təlimin profilləşməsinə təkan verəcəkdir, təmayüllü məktəb və siniflər şəbəkəsi uşaqların gələcək əmək fəaliyyətinin sahəsinin seçilməsinə kömək göstərəcəkdir.

Eyni zamanda, biz pedaqoji təlimi təhsilin ikinci əsas funksiyasından - tərbiyədən ayırmamalıyıq, uşaqlarımızı erkən yaşdan düzgün - saf və təmiz tərbiyələndirməliyik. Birinci sinifdən şagirdlərdə mərdlik, məsuliyyət, yoldaşlıq, Vətənə məhəbbət, millətə, xalqa bağlılıq kimi keyfiyyətlər aşılanmalıdır. Şagirdlərin mənəvi aləmi bu keyfiyyətlər üstündə qurulduğu zaman müəllim bir tərbiyəçi kimi öz məqsədinə çatmış hesab oluna bilər. Uşaqların tərbiyəsinə onların böyüdüyü mühitin, ətrafdakı insanların və xüsusilə ailənin böyük təsiri vardır. Ona görə də təhsilin məzmunu onların bir cəmiyyətdə, bir-birinə qarşılıqlı hörmət və dəstək formasında inteqrasiya edilməsinə yardım etməli, məktəbi "sosial lift" funksiyasını yerinə yetirməyə sövq etməlidir. Məktəbdə uşaqlar yalnız biliyinə görə fərqləndirilməlidir. Şagirdlərin marağının artırılması və dünyagörüşünün inkişafını təmin etmək məqsədilə məktəbdənkənar müəssisələrin işi də mütləq yaxşılaşdırılmalıdır. Bu sahədə olan vəziyyət bizi qətiyyən qane etmir.

Təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmaz. Əvvəlki illərdə də olduğu kimi, indi də yaxşı dərs vəsaitlərinə və metodik ədəbiyyata böyük ehtiyacımız vardır. Təhsilin səviyyəsi xeyli dərəcədə bunların keyfiyyətindən və məzmunundan asılıdır. Problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir. Kökü isə müəllifdir, daha doğrusu, müəlliflərin az olmasıdır. Təhsil Strategiyasında kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunmasına böyük diqqət ayrılır. Eyni zamanda, müasir tələblər təhsilverənlər qarşısında təkcə dərsliyin məzmununun təhsilalanlar tərəfindən mənimsənilməsini deyil, həmçinin və bəlkə də daha vacib - lazımi bilikləri necə və haradan əldə etmək yollarını onlara öyrətməyi tələb edir. Ona görə də dərsliklərlə yanaşı, təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş, yeni kurikulum və informasiya-kommunikasiya texnologiyaları əsasında təhsilverənlər üçün təlim metodologiyaları, metodiki vəsaitlər, didaktik materiallar və digər təlim vasitələrinin hazırlanmasını stimullaşdıran mexanizmlər də yaradılmalıdır.

Tərəfimizdən dərsliklərin keyfiyyətini yüksəltmək məqsədi ilə dərslik müəlliflərinə kurikulumun tələblərinin dərindən öyrədilməsinin təşkili nəzərdə tutulmuşdur. Bu işin əsas məqsədi kurikulumun əsas tələblərinin, standart və alt-standartların dərsliyin məzmununa çevrilməsi yollarının öyrədilməsi, dərsliklərin qiymətləndirilməsi meyarlarının izah edilməsindən ibarətdir. 

İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir.

Heç bir təhsil sisteminin gücü onun tərkibində fəaliyyət göstərən müəllimlərin gücündən üstün ola bilməz. Təhsildə olan qüsurların əsas səbəblərindən biri pedaqoji heyətin xeyli hissəsinin hələ də kifayət qədər ixtisaslı olmamasından irəli gəlir. Son 20 ildə, ildən-ilə artan templə məktəblərə çoxlu sayda yeni, təcrübəsiz və bəzi hallarda kifayət qədər pedaqoji təhsili olmayan təhsilverənlər gəlmişdir. Hətta onların arasında saxta diplomlarla işləyənlərə də rast gəlinir. Bir tərəfdən bunun kökü müəllim peşəsinin çətin və ağır olması ilə yanaşı, az maaşlı olduğundan cəmiyyətdə öz cəlbediciliyini itirməsi və nəticədə savadlı gənclərin özləri üçün daha perspektivli olan başqa peşələri seçməsi olmuşdursa, digər tərəfdən ali təhsil müəssisələrinə mövcud qəbul qaydalarının müəllim peşəsi üçün ən aşağı bal ilə qəbul olunmaq imkanı yaratdığından çox aşağı bilik səviyyəli insanların bu ixtisasa axınını stimullaşdırmışdır.

Hazırda müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranmışdır. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı onlara olan real tələbatı 3 dəfə üstələyir. Bunun üstünə kollecləri də əlavə etsək, sistemin nə qədər qeyri-səmərəli çalışdığını aydın görə bilirik. Ona görə də mövcud vəziyyəti dözülməz hesab edərək, pedaqoji kadr hazırlığı məsələlərinə xüsusi diqqət ayrılmasını, bu sahədə nəticələri davamlı olaraq aşağı olan təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını vacib sayırıq.

Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bunlar islahatların uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir.  Müəllim sənətinə istedadlı gənclərin cəlb edilməsi məqsədi ilə dövlət sifarişinin imkanlarından səmərəli istifadə olunması, tələbə dövründən başlayaraq maddi stimullaşdırma mexanizmləri işə salınmalıdır.

Təhsil sisteminin keyfiyyət göstəricilərinin kəskin yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə biz mövcud müəllim korpusunun təkmilləşdirilməsi ilə eyni vaxtda bu gün müəllim kimi fəaliyyət göstərməyən, lakin müvafiq bilik və səriştəyə malik olan peşəkarların və elm mütəxəssislərinin təhsil sektoruna cəlb edilməsinə nail olmalıyıq. Bu məqsədlə Təhsil Nazirliyi onlar üçün pedaqoji hazırlıq kursları təşkil etməyə hazırdır.

Müəllim hazırlığında başlıca strategiya fənn biliklərinin mənimsənilməsindən daha çox tələbələrin peşəuyarlığına, pedaqoji ustalığın inkişafına, zəruri kompetensiyaların formalaşdırılmasına, müasir təlim metodlarının mənimsənilməsinə yönəldilməlidir.

Təhsilin keyfiyyətini yüksəltmək üçün pedaqoji-metodiki bacarıqları, fənn üzrə bilikləri artırmaq, innovativ təlim metodologiyasının və resursların mənimsənilməsi üçün hər bir müəllimi ixtisasartırma tədbirlərinə cəlb etmək lazımdır.

Paralel olaraq müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək könüllü attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi təmin ediləcək, attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil ediləcək, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaqdır.

Müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması üçün müvafiq addımlar atılacaq, pedaqoji fəaliyyətinin qiymətləndirilməsindən sonra onun maddi motivasiya və vəzifə yüksəlişinin təmin olunması üzərində işləmək lazım gələcəkdir.

Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Müasir təhsili idarəetmə strukturunda tənzimləmə və əməliyyat funksiyaları ayrılmalı, akkreditasiya, sertifikatlaşdırma və peşə təhsili üzrə yeni idarəetmə strukturları yaradılmalı, təhsil müəssisələrinin sayı və növləri rasionallaşdırılmalı, pillələr və səviyyələr üzrə təhsilin strukturu təkmilləşdirilməlidir.

Bu istiqamət üzrə ilk addımımız hazırkı məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlərin təşkili olacaqdır. Təlimi uğurla bitirən və imtahanda yüksək nəticə göstərib keyfiyyət sertifikatı almış şəxslər məktəb direktoru təyin olunacaqlar. Bu kateqoriyadan olan məktəb direktorlarının əməkhaqqına əlavələr təyin ediləcəkdir. Nəticə etibarilə müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılmasını təmin etmiş olacağıq.

Tənzimləmə və idarəetmə funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin yenidən müəyyənləşdirilməsinə ehtiyac duyulur. Hesab edirik ki, yerli qurumlar passiv müşahidəçi rolundan idarəetmə funksiyalarını tam olaraq öz əllərinə almalı, məktəblərdəki vəziyyətlə, kadrların yerləşdirilməsi, tədris prosesi ilə gündəlik maraqlanmalı, lazımi dəstək göstərməlidirlər. Təhsil müəssisələrinin özünüidarəolunmasına, ilk növbədə, məsuliyyəti dərketmə prizmasından yanaşılmalı, bu prosesə yalnız və yalnız müəssisənin fəaliyyətinin obyektiv parametrlərə uyğunluğu təsdiqləndikdən sonra başlanılmalıdır.

Ali təhsil müəssisələrinin idarəolunmasının mütərəqqi prinsiplərə əsaslanan, iqtisadi cəhətdən səmərəli və akademik göstəricilərin yüksək olmasını təmin edən yeni tələblər üzərində qurulmasının vaxtı artıq gəlib çatmışdır. Bugünkü gündə universitetlərimizin elmi kadr, zəngin təcrübə və maddi bazasının potensialından ali təhsildən kənarda, demək olar ki, istifadə olunmur. Diqqət yalnız qəbula yönəlmiş, gəlir mənbəyi kimi yalnız tələbələrin təhsil haqqı əsas götürülür. Halbuki, dünyanın ən reytinqli təhsil ocaqlarında təhsil haqqı onların büdcəsinin heç dörddə birini təşkil etmir.

Qəbuldan söhbət düşdüyü üçün Strategiyada bununla bağlı ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Bizim bu məsələyə yanaşmamız ondan irəli gəlir ki, keyfiyyətli təhsil vermək imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətin potensialına görə bütün ali təhsil ocaqları - istər dövlət, istərsə özəl, iki qrupa bölünməlidir - milli statuslu universitetlər və adi universitetlər. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməli, eyni zamanda bura qəbul olunmaq istəyən abituriyentlər üçün keçid balı yüksək olmalıdır. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalı, eyni zamanda ödənişli təhsil üzrə qəbul planı tədricən ləğv edilməlidir. Bu baş verdikdə, biz yüksək reytinqə və yaxşı təhsil vermək imkanlarına malik ali məktəblərimizi orada oxumağa layiq olan, bilikli tələbə kontingenti ilə təmin edə biləcəyik. Digər tərəfdən, tələb olunan balı toplamadığı üçün xaricə üz tutmağa ehtiyac qalmayacaq, ali təhsil almaq istəyən və minimal tələblərə cavab verən hər bir şəxs təhsilini vətənində adi universitetlərdə davam etdirmək imkanı qazanacaqdır.

Fəaliyyət göstəricilərindən asılı olaraq ali təhsil müəssisələri bir kateqoriyadan digərinə keçə biləcəklər.

Məlum bir faktdır ki, bugünkü dünya rəqabət dünyasıdır. Bizim uşaqlarımızın gələcək rəqibləri hazırda Çində, ABŞ-da, Çilidə və istənilən digər ölkədə böyüyür. Bu o deməkdir ki, bizim təhsil sistemimiz çevik və ömürboyu  öyrənmə imkanına malik kadrları formalaşdırmağı bacarmalıdır. Digər tərəfdən, maddi dəyəri olan hər bir şey uğrunda kəskin mübarizə getdiyi kimi, dünyanın lider ölkələri arasında beyin, zəka uğrunda da ciddi mübarizə gedir. Belə ki, inkişaf etmiş ölkələr öz iqtisadi qüdrətini daha da artırmaq üçün digər ölkələrdən yüksək təhsilli və ixtisaslı peşəkarların mühacirətini fəal surətdə təbliğ edir, bu məqsədlə həm birbaşa proqramlarından istifadə edir, həm də tanınmış universitetləri və transmilli korporasiyaları buna təşviq edirlər. Bizim regiondan söhbət açarkən, cəmi 2 gün bundan öncə Rusiya Federasiyasının prezidenti Federal Məclisə ünvanladığı illik müraciətində MDB ölkələrindən olan istedadlı gənclərin Rusiyanın ali təhsil müəssisələrinə qəbulunun asanlaşdırılması barədə tapşırıq vermişdir. Bu tendensiyalar ildən-ilə daha da artacaqdır. Belə vəziyyət bizim qarşımızda yaxşı təhsilalanların vətənində öz potensialını tam realizə etməsi və bununla ölkənin sosial-iqtisadi inkişafına töhfə verə bilməsini təmin edən təhsil sisteminin və təhsil mühitinin yaradılması kimi yeni vəzifəni qoyur. Ona görə də uşaqlarımızın, gənclərimizin yüksək intellektə malik hissəsi ölkəmizin gələcək elitası kimi xüsusi qayğı ilə əhatə olunmalıdır.     

Növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə "SABAH" qruplarının, yəni savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili üçün seçimin aparılması nəzərdə tutulur. Bu yeniliyin məqsədi xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. 

Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.

Bunların arasında təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması üzərində ayrıca dayanmaq istərdim. Ali təhsil müəssisələrinin iriləşdirilməsi, bir universitetdə tələbə kontingentinin azı 10-15 minə çatdırılması təmin olunmalıdır. Rasionallaşdırma tədbirləri, eyni zamanda, ümumi təhsil pilləsində həyata keçirilməli, müəllim-şagird nisbəti tədricən iki dəfəyədək artırılmalı, məktəb müəllimlərinin həftəlik dərs yükü hazırkı 12 saatdan 18 saata qaldırılmalıdır.

Biz resurslarımızı səpələmək hesabına deyil, əksinə, onları güclü mərkəzlərdə toplamaqla qısa müddət çərçivəsində yaxşı nəticələr əldə edə bilərik.

Erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi əhəmiyyətli dərəcədə artırılmalı və yekunda 90 faiz səviyyəsinə çatmalıdır. Bunun üçün böyük maliyyə və pedaqoji resurslar təminatı məsələsi həll olunmalıdır. Birnövbəli və 5 günlük rejimdə fəaliyyət göstərən ümumtəhsil məktəb şəbəkəsinin yaradılması üçün yeni məktəb binalarının inşası təmin olunmaqla yanaşı, həmçinin mövcud infrastrukturun imkanlarından tam bəhrələnməliyik.

Bütün növ təhsil müəssisələri 100 faiz İnternetlə, "ağıllı lövhə"lər və digər müasir rəqəmsal texnologiyalarla, ümumi orta təhsil səviyyəsində isə hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunması üçün hazırlıq işləri aparılmalıdır.

Beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur.

Təhsil sistemi ölkənin inkişafını müəyyənləşdirən sahə olduğundan ən prioritetli sahələr səviyyəsində maliyyələşdirilməlidir. Bunu dedikdə biz yükün altında yalnız dövlətin olduğunu başa düşməməliyik. Bu yük bütün cəmiyyət, biznes dairələri, valideynlər, ümumiyyətlə, faydagötürənlərin üzərinə düşür. Təbii ki, maliyyələşdirmə xərclərində əsas və aparıcı rolu dövlət həyata keçirir, amma beynəlxalq təcrübə göstərir ki, düzgün yanaşma sayəsində təhsil müəssisələrinin özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi ümumi sistemin dayanıqlığı üçün çox müsbət effekt verir.  

Hörmətli  qurultay iştirakçıları!

Bugünkü təhsil sistemimizin ölçülərini və əhatəsini ifadə edən bir neçə statistik rəqəm səsləndirmək istərdim. Hazırda Azərbaycan Respublikasının ümumi təhsil sistemində 4 min 513 təhsil müəssisəsi, 1 milyon 288 min şagird, 151 min 538 nəfər müəllim heyəti vardır. Ümumi müəllim-şagird nisbəti 1:8, sinifdə orta şagird sıxlığı 16 nəfər təşkil edir. Son illər ölkəmizdə müsbət demoqrafik dəyişikliklərin baş verməsi nəticəsində hər il birinci sinfə gedən şagirdlərin sayı durmadan artır, belə ki, 2013-2014-cü dərs ilində 137 mindən çox şagird ilk dəfə məktəbə qədəm qoymuşdur. Bu rəqəm növbəti illərdə daha da artacaq, ona görə də biz həm maddi-texniki tərəfdən, həm pedaqoji kadr təminatı baxımından onları qəbul etməyə və yaxşı təhsil verməyə hazır olmalıyıq.

İlk peşə-ixtisas təhsili pilləsində mövcud olan 108 müəssisədə 29 min 337 nəfər şagird tədris prosesinə cəlb olunub.

Orta ixtisas təhsili pilləsində 64 min 116 nəfər tələbə 59 müəssisədə təhsil alır.

44 mülki ali təhsil ocağında bakalavr səviyyəsində 136 min 682 nəfər, magistratura səviyyəsində 11 min 245 nəfər təhsil alır.

Ötən dövrdə Azərbaycan təhsili sahəsində başlanılmış islahatlar bilavasitə dövlət  başçısı tərəfindən yürüdülən, ölkəmizin modernləşdirilməsinə yönəlmiş sosial-iqtisadi siyasətlə bağlı olmuşdur. Təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin ümumi həcminin əhəmiyyətli dərəcədə yüksəlməsi nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində önəmli işlər görülmüş, 2700-dən çox orta məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur. Nəticədə 1 milyondan artıq şagirdin təlim şəraitinin yaxşılaşdırılması təmin olunmuşdur. Bu dövrdə təhsilin məzmunca yeniləşdirilməsinə yönəlmiş islahatlar aparılmış, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində  əhəmiyyətli addımlar atılmışdır. Bununla yanaşı, "2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış universitetlərinə ali təhsil almağa göndərilmişdir. Nəzərə almaq lazımdır ki, dövlət vəsaiti hesabına xaricdə təhsil məsələsi hətta dünyanın ən zəngin dövlətləri üçün nadir hadisədir. Hesab edirik ki, müstəqil Azərbaycan üçün bu faktın özü əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamı kimi ölkə Prezidenti cənab İlham Əliyevin bu addımı ölkənin gələcəyinə yönəlmiş tarixi addım kimi dəyərləndirilməlidir.

Ötən müddətdə təhsil sisteminin informasiyalaşdırılması sahəsində də müəyyən nailiyyətlər qazanılmışdır. Belə ki, bu dövrdə təhsilin informasiyalaşdırılması  sahəsində 2 Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompüter nisbəti təmin olunmuş, məktəblərin 37 faizi İnternet şəbəkəsinə qoşulmuşdur.

Təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi sahəsində son yeddi ay ərzində Təhsil Nazirliyi tərəfindən bir sıra əhəmiyyətli addımlar atılmışdır. Belə addımlardan biri XI sinfi bitirən 91 mindən çox gəncin hamısına attestat almaq hüququnun verilməsi olmuşdur.

Statistik məlumatlara əsasən 2009-2010-cu dərs ilində şagirdlərin ümumi sayının 22 faizi, 2010-2011-ci dərs ilində 24 faizi, 2011-2012-ci dərs ilində 10,5 faizi attestat almamışdır. Rəqəmlərlə ifadə etsək, on minlərlə vətəndaşın sosial həyatda aktiv iştirak etmək və ya əmək fəaliyyəti ilə məşğul olmaq imkanları süni olaraq məhdudlaşdırılmışdır. Ölkə Prezidentinin tapşırığı əsasında orta məktəbləri bitirən şagirdlərin hamısına attestatın verilməsi barədə nazirliyin təklifi hökumət səviyyəsinə çıxarılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı ilə qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilmişdir.

Xüsusilə bir faktı da vurğulamaq istərdik ki, bu il buraxılış imtahanlarında "2" almış yüzlərlə məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali və orta ixtisas müəssisələrinə qəbul olunmuşdur. Onların arasında hətta 559 bal toplamış abituriyent də olmuşdur.

Bu bir daha nümayiş etdirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qərar hər bir məzun üçün ali məktəblərə qəbul prosesində bərabər imkanların yaradılması baxımından düzgün qərar olmuşdur. Ali və orta ixtisas məktəbləri ilə yanaşı, həmin şəxslərin ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq şanslarının olduğunu da nəzərə alsaq, bununla həmin gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq imkanları xeyli artmışdır.

Növbəti böyük əhəmiyyətə malik tədbirimiz respublika ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu olmuşdur. Əvvəlki dövrdə müəllimlərin işə qəbulu ilə bağlı təkcə test imtahanları 6-7 həftə ərzində aparılırdı. Cari ildə bu proses cəmi 13 gün çəkdi. Qeyd edək ki, bu il 3286 vakant yer müsabiqəyə çıxarılmışdır. Vakant yerlərə 18782 nəfər elektron ərizə vermiş, imtahanlarda onlardan 15030 nəfər iştirak etmişdir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1281 nəfər işə qəbul olunmuşdur. Əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı artsa da keçid balı aşağı salınmamış, işə qəbul olunacaq müəllimlərin peşəkarlıq kompetensiyalarının daha yüksək olması müsabiqənin əsas meyarı kimi götürülmüşdür.

Eyni zamanda onu da vurğulamaq istərdim ki, bu il müsabiqədən keçmiş 244 nəfər iş yerinə getməkdən imtina etmişdir. İmtina edən müəllimlərin ən çoxu rayonların ucqar ərazilərində yerləşən məktəblərin payına düşür. İş yerinə getməyənlərin 82 faizi qadınlardır. Nazirliyin apardığı sorğuya əsasən imtinaların əsas səbəbləri iş yerinin rayon mərkəzindən xeyli uzaq olması, normal yaşayış şəraitinin təmin edilməməsi, həvəsləndirmə üçün verilən vəsaitin azlığı göstərilir. Hesab edirik ki, müəllim çatışmazlığı olan kəndlərdə müəllimlər üçün yaşayış şəraitinin təmin olunması, xüsusi ipoteka rejiminin tətbiqi və digər müasir mexanizmlər təklif olunmalıdır. 

Növbəti yenilik - dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqların vaxtından əvvəl məktəbə qəbul üzrə yeni Qaydaların qəbulu olmuşdur. Yeni Qaydalara uyğun yaradılmış komissiyaların fəaliyyəti nəticəsində 8 min 846 nəfər uşaq bu il vaxtından əvvəl birinci sinfə qəbul olunmuşdur.

Təhsil Nazirliyi tərəfindən bu il həmçinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes partnyorluğuna əsaslanan sosial xarakterli "Müasir Azərbaycan peşəkarları" layihəsinin icrasına  başlanılmışdır. Layihə peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsinə və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Bu layihə çərçivəsində müxtəlif dövlət və özəl, o cümlədən xarici tərəfdaşlarla əməkdaşlıq qurularaq bir sıra peşə məktəblərinin bazasında müasir resurs mərkəzləri yaradılmışdır.

Uğurlarımız arasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üzrə layiqli namizədlərin seçilməsi prosesini qeyd etmək istərdim. Proqramın icra olunduğu 6 il ərzində ilk dəfə namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar müsahibələr aparmış və obyektiv seçim etmişdir. Bu il əvvəlki illərlə müqayisədə sayca ən çox tələbə - 787 nəfər xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq hüququ qazanmışdır. 

Cari ildə təhsil sistemində dərin kök salmış neqativ hallarla mübarizə gücləndirilmişdir. Nazirliyin mərkəzi aparatında aparılmış struktur dəyişiklikləri nəticəsində Daxili nəzarət şöbəsi yaradılmış və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin olunmuşdur. Edilən xəbərdarlıqlara baxmayaraq, son 6 ayda ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilmiş, 21 şəxs barəsində digər intizam tənbehi görülmüşdür. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir. Bundan irəli gələrək bildirirəm ki, məktəblərdə baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin mövqeyi barışmaz olacaq, təhsil sistemində mövcud olan neqativ hallarla mübarizədə sistemli yanaşma tətbiq ediləcəkdir.

Məktəb elə bir məkandır ki, burada biz uşaqlarımızın gələcəyinin əsaslarını qoyuruq. Məktəblərdə hökm sürən psixoloji atmosfer övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə və əqidələrinə, milli identifikasiyasına və vətəndaşlıq hisslərinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq. Burada bumeranq prinsipi hökm sürür - hansı keyfiyyətlərə malik insanı biz məktəbdən buraxırıqsa, bir müddət sonra o, artıq öz keyfiyyətlərini inkişaf etdirmiş durumda qarşımıza çıxır. Bilikli, tərbiyəli uşağı hazırlayırıqsa, bir neçə ildən sonra savadlı, peşəkar və vətənini sevən gənci gördükdə onunla və haqlı olaraq özümüzlə fəxr edirik. Ya da əksinə, bisavad, mədəniyyətsiz və pis vərdişli şəxs məktəbdən buraxılırsa, bu adamın gələcəyi olmadığı üçün pis yola düşəndə, cinayətkar olaraq qarşımızı kəsəndə yalnız özümüzü günahlandırmalı oluruq.

Müəllim peşəsinə ən şərəfli peşə adı ona görə verilib ki, ölkənin və cəmiyyətin gələcəyi dövlətin başçısından və ya hökumətdən daha çox sizdən, müəllimlərdən asılıdır. Dövlətin əsası xalqdır, insanlardır, onların tam əksəriyyətinin həyatında keçdiyi yeganə sosial institut isə məktəbdir. Məktəbimiz nə qədər keyfiyyətli təhsil, müəllimlərimiz uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə, cəmiyyətimiz və dövlətimiz o qədər güclü olacaq və daha da inkişaf edəcəkdir.

Hörmətli qurultay iştirakçıları!

Əziz müəllimlər və təhsil işçiləri!

Tarixi reallıq belədır ki, Azərbaycan son on ildə iqtisadi inkişaf tempinə görə regionda lider ölkəyə çevrilmiş, dövlətimizin iqtisadi qüdrəti möhkəmlənmiş, dünyada siyasi nüfuzu artmış, ölkə daxilində siyasi və iqtisadi sabitlik tam bərqərar olmuşdur.

Hesab edirəm ki, bu inkişafın davamlı və dayanıqlı olması, xalqımızın xoşbəxt gələcəyi, dövlətimizin daha da möhkəmlənməsi, regionda lider dövlət imicinin qorunub saxlanması naminə Azərbaycanın bütün təhsil işçiləri və ziyalıları mənim bu çağırışıma həmrəylik nümayiş etdirərək ölkəmizin iqtisadi yüksəlişi və millətimizin rifahı, dövlət başçısının qarşımızda qoyduğu ali məqsədlər, o cümlədən əzəli torpaqlarımızın düşmən tapdağından azad olunması naminə öz fəaliyyətini əsirgəməyəcəklər!

Ölkəmizdə təhsilin inkişafı bizdən, bizim fəaliyyətimizdən, üzərimizə düşən vəzifələri necə yerinə yetirməyimizdən birbaşa asılıdır. İnanıram ki, Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır. Bu yolda hamınıza yeni-yeni nailiyyətlər arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm!

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov