Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin çıxışı

 

Hörmətli qurultay iştirakçıları! Çox hörmətli müəllimlər!

Mən sizin hamınızı səmimiyyətlə, ürəyimin ən dərin guşələrindən gələn bir səslə salamlayır, qurultayın işinə uğurlar arzulayıram.

Mənim çıxışımın mövzusu respublikamızda elmlə təhsilin vəhdətinin zəruriliyinə həsr olunub. M.V.Lomonosovun gözəl bir sözü var. Deyir ki, akademiya elə bir qurumdur ki, o bizim ölkəyə alimləri yaymaq üçün yaranmışdır. Universitetlər isə akademiya ilə qardaşdırlar. Amma universitet nəzdində də gimnaziyaların olması çox vacibdir. Çünki belə olmasa o, toxumsuz bir tarlaya  oxşaya bilər. Bu həqiqətdir. Çünki elmlə təhsilin vəhdəti daim olmalıdır. Azərbaycan elminin inkişafı bu vəhdətdən çox asılıdır. Bu fikirlərlə biz neçə illərdir ki, akademiyada təhsillə elmin vəhdətini yaratmağa çalışırıq. Bu sahədə ilk addımlar atmaq istəyərkən bizdə belə bir fikir yarandı ki, akademiyada magistratura açaq. Fikirləşdik ki, bu, elmimizə olduqca yardım edə bilər. Lakin bu ideya hələ reallaşmadığından elmimizin başqa bir yolla - gənc kadrların hazırlığının artırılması yolu ilə inkişafına təkan vermək qənaətinə gəldik. Sirr deyil ki, indi elmə gələn bəzi gənclərin səviyyəsi o qədər də yüksək olmur. Biz istərdik ki, onların istedadları, savadları daha yüksək olsun.

Mən özüm neçə illər universitetlərdə, Neft Akademiyasında diplom işlərinin müdafiəsində iştirak etmişəm və fikir vermişəm ki, bu işlərin bir çoxu ildən-ilə bir-birini təkrarlayır. Bunları gördükdən sonra belə qənaətə gəldim ki, biz tələbələri dəvət edib onları akademiyada, onun institutlarındakı laboratoriyalarda işlə təmin edək. Məqsədimiz bu idi ki, tələbə bilavasitə görkəmli alimin, püxtələşmiş bir elmi işçinin yanında çalışmaqla həm elmi baxımdan inkişaf etsin, həm də elmin ən qabaqcıl, ən ümdə problemlərinin həllində iştirak etsin. Biz belə fikirləşirdik ki, bu istiqamətlərin cəmlənməsi tələbələri intellektual baxımdan daha da inkişaf etdirər. Bu, gözlənilən səmərəni verdi. Sonra ikinci addımı atmalı olduq. Fikirləşdik ki, elmimizlə təhsilimizin vəhdətini təmin etmək üçün akademiyanın nəzdində baza kafedralarının yaradılması faydalı olar.               

Bunu Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft Akademiyasının rektorları ilə müzakirə etdik. Onlar bu ideyaya dəstək verdilər. Buna görə mən fürsətdən istifadə edərək onlara təşəkkür edirəm. Onların dəstəyi ilə biz bu baza kafedralarını da yaratdıq. Tələbələr gəlib bu baza kafedralarında elmin ən qabaqcıl, ümdə proqramları üzrə təhsil alırlar.

Mən Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma xanım Abdullazadənin, təhsil naziri Mikayıl Cabbarovun burada iştiraklarından istifadə edərək bir məsələyə də toxunmaq istəyirəm. Bizə belə gəlir ki, təhsil proqramlarına bir də baxılmalıdır. Bugünkü elmin ən qabaqcıl, həll edilmiş və həll edilən problemləri orada mütləq öz əksini tapmalıdır.

Məsələn, deyək ki, bizim alimlərin neftlə bağlı son elmi nailiyyətləri. Biz neft ölkəsiyik. Təbii ki, bu sahədə elmimiz də çox geniş inkişaf etmişdir. Məsələn, hövzə modelləşməsi sahəsində aparılmış tədqiqatları buna misal göstərmək olar. Azərbaycan alimlərinin uğuru sayılan bu modelləşməyə görə yer təkinin  zəruri inkişaf tarixi nə cür formalaşıbsa, biz onu kompüter proqramı ilə bərpa edib o hövzənin inkişaf mərhələlərini müəyyən edirik. Bu haqda universitetlərin müvafiq proqramlarında məlumat çox azdır, bəlkə də heç yoxdur. Bu bizim elmimizin ən qabaqcıl sahə proqramlarından biridir. Tələbə gəlib bizim laboratoriyalarda çalışmaqla bu sahədə dərin bilik qazana bilər.

Başqa bir məsələ. İndi dünyada xeyli inkişaf etmiş elm istiqamətləri vardır. Məsələn, nanosistemlərin fizikası. Bu da fizika fakültələrinin proqramlarında öz əksini tapmalıdır. Bəlkə də tapıbdır, mən indi bunu dəqiq bilmirəm. Amma güman edirəm ki, bu yeni istiqamətlər orada əksini tapsa, bizim təhsilə xeyli kömək ola bilər.

Bir fikir də irəli sürmək istəyirəm. Baxmayaraq ki, biz akademiyada elmlə təhsilin vəhdətini yaratmağa çalışırıq, eyni zamanda universitetlərin özlərində də bu sahədə addımlar atılmalıdır. Bizcə, universitetlərdə  yeni elmi istiqamətləri əhatə edən kafedraların açılması zərurətini həyat özü diktə edir. Ənənəvi kafedralarla yanaşı, belə kafedraların da olması vacibdir.

Bildiyiniz kimi, akademiya təşkil olunan zaman o, universitet təhsilindən ayrılmış, yəni burada deinteqrasiya  yaranmışdır. Bir vaxtlar bu bir mərhələ kimi bəlkə də zəruri idi. Amma indi zaman dəyişib, inteqrasiya zərurəti yaranıb. Və bu gün təhsillə elmin çox böyük inteqrasiyası göz qabağındadır. Bu haqda da düşünmək lazımdır. Məktəblər, müəllimlər bunu nəzərə almalıdırlar. Gələcəyə baxan gənc istedadın məktəb vaxtından inkişafı çox vacib amillərdən biridir.

Mən müzakirə üçün bir təklif də irəli sürmək istəyirəm. Yaxşı olar ki, ümumtəhsil məktəblərində, özü də hər bir məktəbdə elm güşəsi yaradılsın və o, şagirdlər üçün maraqlı bir yerə çevrilsin. Həmin guşələrdə Azərbaycan və dünya elminin bugünkü dinamik inkişafını əks etdirən materiallar toplansın. Elmin dinamik inkişafının, elmlə təhsilin vəhdətinin bu güşələrdə kifayət qədər öz əksini tapması, güman edirəm ki, şagirdlər üçün də maraqlı olar. Onlar həmin güşələrin önünə yığışıb elmin öncül istiqamətləri ilə bağlı müzakirələr apararlar ki, bu da həmin istiqamətlərə onlarda maraq yaradar. Fikrimcə, Azərbaycanın gələcək inkişafının təmin olunması məhz bu gün məktəblərdə, universitetlərdə, akademiyalarda elmə maraq və diqqətin yaradılmasından çox asılıdır.

Hörmətli qurultay iştirakçıları!

Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq olunmuşdur. Konsepsiya 2020-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyasının da inkişaf perspektivlərini özündə əks etdirir. Güman edirəm ki, konsepsiyanın işlənilməsində, əlbəttə, təhsillə elmin vəhdəti geniş öz əksini tapmalıdır.

Çox biliyə nail olmaq üçün, püxtələşmək üçün çox oxumaq gərəkdir. Mən sizə gənclərimizi, şagirdlərimizi, tələbələrimizi öyrətməkdə sağlıq və uğurlar arzu edirəm.

Sağ olun.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov