Hörmətli
sədarət!
Hörmətli qurultay iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda göstərildiyi kimi,
son illər ərzində həyata keçirilən məqsədyönlü
islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar
olmasına, sosial-iqtisadi inkişaf meyillərinin
möhkəmlənməsinə şərait yaratmışdır. Ölkəmiz inkişaf
etdikcə hədəfləri yenilənir və bir zaman xəyal etdiyimiz
məqsədlər hazırda məqsədyönlü sosial-iqtisadi siyasət
nəticəsində uğurla həyata keçirilir. Respublikamız
özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni
mərhələyə qədəm qoymuşdur. Ölkədə bütün resurslardan, o
cümlədən əmək ehtiyatlarından səmərəli istifadəni təmin
etməklə iqtisadi cəhətdən güclü və yüksək sosial
standartlara malik cəmiyyətin qurulması bu mərhələnin
əsas prioritetinə çevrilmişdir.
İlk peşə-ixtisas təhsili ümumi təhsilin tərkib hissəsi
olmaqla yanaşı, ölkənin sosial-iqtisadi inkişafında da
mühüm rol oynayır. Belə ki, əmək bazarını ixtisaslı işçi
qüvvəsi ilə təmin edən bu sahə sağlam vətəndaş
cəmiyyətinin formalaşmasına da təsir edir.
Cəmiyyətimizdə heç də həmişə peşə təhsilinə birmənalı
münasibət bəslənilməyib. Bu da peşə təhsili sahəsinin
inkişaf etməsinə öz mənfi təsirini göstərib və
göstərməkdə davam edir. Belə ki, inkişaf etmiş ölkələrdə
yuxarı sinif şagirdlərinin 40-60%-i öz təhsillərini peşə
təhsili müəssisələrində davam etdirməyə üstünlük
vermələrinə və bununla da gələcək karyeralarını erkən
vaxtlardan qurmağa başlamalarına baxmayaraq, ölkəmizdə
hələ də bəzi vətəndaşlarımız öz övladlarını peşə təhsili
müəssisələrinə göndərməkdə tərəddüd edirlər. Fikrimcə,
peşə təhsili işçilərinin qarşısında duran əsas
məqsədlərdən biri də məhz yaxın illərdə ictimaiyyətdə
peşə təhsili haqqında formalaşmış mənfi münasibətin
aradan qaldırılması ilə əlaqədar olaraq ciddi səy
göstərmələridir.
Bu gün hamımızı düşündürən məsələlərdən biri də peşə
təhsilinin gələcək inkişafının necə olmasıdır. Bir peşə
təhsili müəssisəsinin rəhbəri kimi məni də düşündürən
məsələlərdən biri məhz müəssisəmizin ölkə, region və
dünya kontekstində inkişafını necə təmin etməkdir.
"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf
Konsepsiyasında göstərildiyi kimi, enerji resursları və
digər xammal ixracatçısı kimi tanınan ölkədən yüksək
səviyyəli və rəqabətqabiliyyətli məhsullar istehsal edən
ölkəyə çevrilməyi əsas hədəf kimi götürən respublikamız
bütün sahələrdə olduğu kimi, təhsil sistemini də bu
hədəfə nail olmaq üçün istiqamətləndirir. Belə ki, ilk
növbədə insan resurslarının inkişaf etdirilməsi
zəruridir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təbirincə desək, "qara qızıl"ın insan
kapitalına çevrilməsi üçün təhsil sistemi, o cümlədən,
bu sistemin tərkib hissəsi olan ilk peşə-ixtisas təhsili
də yenidən müasir dövrün tələblərinə uyğun
formalaşmalıdır.
Hörmətli qurultay iştirakçıları!
Peşə təhsili sisteminin müasir dövrün tələblərinə uyğun
olaraq formalaşdırılması zamanı biz ölkə və dünya
iqtisadiyyatında baş verən inkişaf tendensiyalarını
nəzərə almalı, bu tendensiyaları qarşılaya biləcək
sistemin qurulmasına çalışmalıyıq. Bu gün dünya əmək
bazarında iş və işçiyə olan münasibət dəyişməkdədir.
Artıq texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə
işəgötürənlər tərəfindən işçiyə qoyulan tələblərin
dəyişilməsini müşahidə edirik. Belə ki, Avropa Peşə
Təhsili İnkişaf Mərkəzinin məlumatına əsasən, 2010-cu
illə müqayisədə 2020-ci ilə qədər daha yüksək bacarıqlar
tələb edən iş yerlərinin sayı 29%-dən 34%-ə qədər
artacaq, eyni zamanda funksional baxımdan çox mürəkkəb
olmayan iş yerlərinin sayı isə 23%-dən 18%-ə qədər
azalacaqdır. Bu gün işəgötürənlər sadə funksiyaları icra
edə biləcək işçilərdən çox universal bacarıqlara malik
olan işçilərə üstünlük verirlər. Beləliklə, müasir peşə
təhsili sistemi dinləyicilərə yalnız standart peşə
bilikləri və bacarıqları deyil, həmçinin onlarda
kreativlik, tənqidi təfəkkür, çevik idarəetmə və
qərarvermə qabiliyyətlərinin, kollektivdə işləmək və
təşəbbüskarlıq vərdişlərinin formalaşmasına yardım
etməlidir.
Hazırda ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələri üzrə
innovativ və yüksək texnologiyalar üzrə sənaye
müəssisələri, texnoparkların yaradılması, alternativ
enerji mənbələrindən geniş istifadə edilməsi, yaşıl
texnologiya sahələri üzrə layihələr həyata
keçirilməkdədir. Bu həm ölkənin iqtisadiyyatının
şaxələnməsinə yardım edir, həmçinin təhsil sistemi üçün
də yeni hədəflərin müəyyənləşdirilməsinə təsir edir.
Belə ki, artıq peşə təhsili sistemi də illərlə
formalaşmış ənənəvi sahələr üzrə ixtisaslı kadrların
hazırlanması ilə yanaşı, müasir və bəzi hallarda
mürəkkəb sayılan sahələr üzrə kadrların hazırlanmasına
istiqamətlənməlidir. Yenə də Avropa Peşə Təhsili İnkişaf
Mərkəzinin verdiyi məlumata əsasən, 2020-ci ilə qədər
yaşıl iqtisadiyyat sahəsi üzrə yaradılacaq iş yerlərinin
sayı 20 milyona çatacaqdır və biz əgər bu sahədə inkişaf
etmiş ölkələrlə rəqabət aparmaq istəyiriksə, mütləq
surətdə peşə təhsili sistemini də bu tələblər əsasında
formalaşdırmağa çalışmalıyıq.
Bununla yanaşı, zənnimcə, peşə təhsilinin fəlsəfəsində
də müəyyən dəyişikliklərin edilməsi vaxtı çatıbdır. Belə
ki, uzun müddət peşə təhsili yalnız işəgötürənlər üçün
ucuz, ixtisaslı işçi qüvvəsi hazırlayan bir sahə kimi
formalaşıb. Lakin müasir dövrdə biz ixtisaslı işçi
qüvvəsi hazırlamaqla yanaşı, həmçinin gələcəyin
işəgötürənini də hazırlamalıyıq. Yəni çalışmalıyıq ki,
dinləyicilərimizə elə bilik, bacarıq və kompetensiya
aşılaya bilək ki, onlar qısa müddət ərzində öz işlərini
qura və işəgötürən kimi fəaliyyətlərini davam etdirə
bilsinlər.
Hörmətli qurultay iştirakçıları!
Peşə təhsilinin inkişafına işəgötürənlərin iştirakı
olmadan nail olmaq çox çətindir. Belə ki, peşə
təhsilinin inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir
ki, təhsil müəssisələri ilə işəgötürənlər arasında
sosial partnyorluq əlaqələrinin inkişaf etdirilməsi kadr
hazırlığının keyfiyyətinə və nüfuzuna müsbət təsir
göstərir. Fikrimcə, bu gün peşə təhsilinin əsas
problemlərindən biri məhz işəgötürənlərlə səmərəli
əlaqələrin olmamasıdır. İnkişaf etmiş ölkələrin
təcrübəsi göstərir ki, peşə təhsili sisteminin
səmərəliliyinin və nəticəyönümlülüyün təmin edilməsi
üçün işəgötürən təşkilatların bu prosesdə fəal iştirak
etməsi zəruridir.
Fikrimcə, peşə təhsili müəssisələri işəgötürənlərlə
əməkdaşlıq əlaqələrinin gücləndirilməsində
təşəbbüskarlığı öz üzərlərinə götürməklə kadr hazırlığı
prosesinin keyfiyyətinin yüksəlməsinə nail olmalıdırlar.
Bu gün peşə təhsili müəssisələri nəinki işəgötürənlər
tərəfindən kadr hazırlığına dair təkliflər gözləməli,
eyni zamanda özləri aktiv olaraq əmək bazarına müxtəlif
proqramları təklif edərək işəgötürənlər, işsiz və iş
axtaran vətəndaşlar üçün alternativ imkanlar
yaratmalıdır. Bununla yanaşı, müasir tipli peşə təhsili
müəssisələrinin yaradılması və dövrün tələblərinə
müvafiq proqramların inkişaf etdirilməsi vasitəsilə biz
yaxın zamanda işəgötürənlərin diqqətini öz üzərimizə
cəlb edə və peşə təhsilinin inkişafına nail ola
bilərik.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin
genişləndirilməsi və kadr hazırlığı prosesinin
keyfiyyətinin yüksəldilməsi məqsədilə son zamanlar
həyata keçirdiyi "Müasir Azərbaycan peşəkarları"
layihəsinin icrasına başlamışdır. Əslində layihənin adı
bu gün peşə təhsilinin əsas məqsədini xarakterizə edir.
Belə ki, bu gün bizim əsas məqsədimiz əmək bazarının
tələbinə müvafiq olaraq peşəkarların hazırlanmasıdır.
Layihələrin icmalı göstərir ki, peşəkar kadrların
hazırlanmasına sistemli yanaşdıqda kadr hazırlığı
prosesinin səmərəli və keyfiyyətli olmasına nail olmaq
olar. Həyata keçirilən layihələr çərçivəsində Təhsil
Nazirliyinin maddi və metodiki dəstək verməsi ilə
yanaşı, işəgötürənlərin bu prosesdə fəal iştirak etməsi
əmək bazarında, doğrudan da yüksək ixtisaslı kadrlara
olan tələbatı artırır.
Bundan başqa, bu günlərdə Azərbaycan Respublikası Təhsil
Nazirliyi ilə Dövlət Neft Şirkəti və "Azərsu" Açıq
Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili
müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə
ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması,
ayrı-ayrı biznes qurumları və işəgötürənlərlə qurulmuş
işgüzar münasibətlər sübut edir ki, yaxın vaxtlarda
peşə təhsili üzrə təhsilverənlərin və təhsilalanların
bilik və bacarıqlarının artırılması, onların
elmi-texniki yeniliklərə yiyələnməsi istiqamətində birgə
tədbirlərin həyata keçirilməsi və peşə təhsili
sisteminin ictimai statusunun yüksəldilməsi məsələləri
öz həllini tapacaqdır.
Respublikamızın iqtisadiyyatının sürətlə inkişafı
kontekstində ayrı-ayrı sahələr üzrə ixtisaslı və peşəkar
kadrlara tələbat yaranır ki, bu da təbii olaraq
ömürboyu təhsilalma zərurətinin yaranmasına səbəb olur.
Bununla yanaşı, əmək bazarının təhlili göstərir ki,
informasiya və texnologiyanın sürətlə inkişaf etdiyi bir
dövrdə müəyyən müddət əvvəl əldə edilmiş bilik və
bacarıqlar istifadəyə yararsız və yaxud qismən yararlı
olur və ya bu kompetensiyalar fərdin inkişafına səbəb
ola bilmir. Eyni zamanda əmək bazarında aparılan
araşdırma göstərir ki, məşğul əhalinin 1/3 hissəsi
işlədikləri sahə üzrə heç bir peşə təhsili sənədinə və
yaxud həmin sahədə işləyə biləcək müvafiq sənədə sahib
deyillər. Lakin təhsil sənədlərinin olmaması bilik və
bacarıqlarının, kompetensiyalarının olmaması demək
deyil, sadəcə, onların karyeralarının inkişafına maneə
törədir. Belə ki, vətəndaşların təhsil sənədinin olması
onların gələcək karyeralarının inkişafına yardım
edəcəkdir. Belə olduğu təqdirdə vətəndaşların fasiləsiz
peşə təhsili ilə əhatə olunmasına ehtiyac vardır.
Yaşlıların və praktiki bacarıqları olan peşəkarların
qısamüddətli təhsil kurslarına cəlb edilməsi günün
tələbinə çevrilmişdir.
Hörmətli qurultay iştirakçıları, əziz müəllimlər, mən
də ilk öncə öz adımdan sizi və sizin timsalınızda bütün
Azərbaycan müəllimlərini təbrik edirəm. Sizə
fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. |