Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin çıxışı

 

Hörmətli qurultay iştirakçıları, dəyərli qonaqlar, əziz müəllimlər!

Sizi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının kollektivi adından və şəxsən öz adımdan salamlayıram. Bu gün sizin qarşınızda çıxış etməkdən, sizin fikirlərinizi dinləməkdən böyük sevinc və şərəf hissi duyaraq, sizə gənc nəslin tərbiyəsi və təhsilinə həsr etdiyiniz nəcib və fədakar işinizdə yeni-yeni uğurlar arzulayıram.

Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: "Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi, təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır". Bu fikirlərdə həm müasir mərhələdə təhsil sahəsində görülən işlər, həm də perspektiv vəzifələrimiz aydın şəkildə göstərilib.

Hazırda, XXI əsrin öz tələblərini irəli sürdüyü dövrdə yeni texnologiyaların cəmiyyətin bütün sahələrini, eləcə də gündəlik həyatımızı dəyişdiyinin şahidi oluruq. Hər bir mütərəqqi cəmiyyətin əsasında biliklərin, qeyri-maddi dəyərlərin istehsalı və biliklərin mübadiləsi durur. Bununla əlaqədar, YUNESKO XXI əsr təhsilinə həsr olunmuş Beynəlxalq Komissiya yaratmışdır. Bu komissiya müasir dövrün problemlərinin həlli yolu kimi məhz ömürboyu (fasiləsiz) təhsili görür.

Beynəlxalq elmi dairələr isə XXI əsrdə öyrənilməsi vacib olan aşağıdakı bacarıqları ön plana gətirirlər:

* Mürəkkəb problemlərə adekvat cavab vermə

* Effektiv ünsiyyət qura bilmə

* Məlumatı dinamik idarəetmə

* Komandada işləmə və problemlərin həllini tapma

* Texnologiyalardan effektiv istifadə etmə

* Davamlı olaraq yeni bilik yaratma

Oktyabr ayında möhtərəm Prezident cənab İlham Əliyevin Sərəncamı ilə çox mühüm bir sənəd - "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edildi. Sənəddə təhsilin inkişafı üzrə müəyyən edilmiş 5 əsas istiqamət beynəlxalq aləmdə qəbul edilmiş yuxarıda qeyd etdiyim əsas pinsiplərlə tam uyğunluq təşkil edir. Şübhəsiz ki, Strategiyada ölkəmizin reallıqları və xüsusiyyətləri də nəzərə alınmışdır. Strategiya ölkəmizdə biliklərə əsaslanan cəmiyyətin qurulması üçün çox ciddi siyasi sənəddir. 

Biliklərə əsaslanan cəmiyyətdə əsas istehsal qüvvəsi müəllimlərdir. Ona görə də müəllimlərin qarşısında çox önəmli məqsəd və tələblər qoyan Strategiya, ilk növbədə, məhz pedaqoji ictimaiyyət tərəfindən öyrənilməli və dərk edilməlidir. Sabah gələcək nəsildən gözlədiyimiz nəticələri, bilik və bacarıqları, kompetensiyaları bu gün cəmiyyətimiz müəllimin qarşısında tələb kimi qoyur. Müəllim daim zamanın nəbzini tutmaq üçün öz üzərində ömürboyu çalışmalıdır.  Fikrimcə, müəllim olmaq üçün insanın, ilk növbədə, zamanın çağırışlarına cavab verən bilikləri, qəlbən peşəsinə bağlılığı və ali vətəndaş mövqeyi olmalıdır.

Məlum olduğu kimi, biliyin qiymətləndirilməsi təhsil prosesinin ayrılmaz bir hissəsidir. Təhsil sahəsində yeniliklər baş verdikcə, qiymətləndirmə özü də xeyli dəyişikliyə məruz qalır. Bu dəyişiklik, ilk növbədə, qiymətləndirmənin məzmun və ya məqsədini ayrı-ayrı bilik və bacarıqlardan bütöv səriştə və qabiliyyətlərə - kompetensiyalara doğru yönəltmişdir. XXI əsrin bacarıqlarını qiymətləndirmək daha çətindir, ancaq eyni zamanda, zəruridir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qiymətləndirmə sahəsində 20 illik təcrübəyə malik olan qurum kimi bu sahədə dünyada gedən yenilikləri izləyir, onları Azərbaycanda tətbiq etmək imkanlarını öyrənir, bu istiqamətdə müxtəlif elmi-pedaqoji araşdırmalar aparır. Bu işdə yüzlərlə orta və ali məktəb müəllimi, Milli Elmlər Akademiyasının əməkdaşları ekspert qismində yaxından iştirak edirlər. Məsələnin vacibliyini nəzərə alaraq, hesab edirik ki, müasir qiymətləndirmə nəzəriyyəsi üzrə dərslər pedaqoji kadrları hazırlayan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tədris proqramlarına daxil edilməlidir.  

Digər təklifimiz Strategiyanın həyata keçirilməsi üzrə proqramların, "yol xəritəsi"nin tərtib edilməsi zamanı regionlar üzrə fərdi yanaşmanın tətbiq edilməsi ilə bağlıdır. Strategiyada hər bir təhsilalana fərdi yanaşma prinsipi əks olunmuşdur. Buna nail olmaq üçün ardıcıl olaraq əvvəl ölkə daxilində mərkəzdən hər bir regiona, sonra hər region daxilində hər məktəbə, sinfə və nəhayət, şagirdə fərdi yanaşma prinsipi tətbiq edilməlidir. Bunun həyata keçirilməsi üçün TQDK-nın məlumat bazalarında 20 il ərzində hər bir regiona, məktəbə dair toplanılmış ölçmə materiallarının istifadə olunması vacibdir. Belə ki, hər bir regionun əldə edəcəyi nəticə ölkə üzrə orta statistik göstəricilərlə yanaşı, onun özünün başlanğıc göstəriciləri ilə müqayisə olunmalı, beləliklə də inkişaf dinamikası müşahidə edilməlidir. Pedaqoji kollektivin fəaliyyətinə qiymət vermək üçün onun işlədiyi şagird auditoriyası nəzərə alınmalıdır və s. Bu yanaşma "Mənim məktəbim" portalında artıq tətbiq edilmişdir. Bildiyiniz kimi, "Mənim məktəbim" portalı məktəb məzunlarının 1994-cü ildən başlayaraq qəbul və son iki il üzrə buraxılış  imtahanlarında göstərdikləri nəticələrin tarixini əks etdirən portaldır. Buradakı məlumatlar məktəbin fəaliyyətinin qiymətləndirilməsinin tərkib hissəsi kimi qəbul edilə bilər. 

Təbii ki, Strategiyanın həyata keçirilməsi istiqamətində çox böyük işlər görülməlidir. Mən inanıram ki, Strategiyada əks olunmuş hədəflərin gerçəklənməsi yolunda bütün cəmiyyətimizin qüvvələri səfərbər olunacaq və biz ömürboyu təhsil almaq imkanından istifadə edərək əsl biliklərə yiyələnən, öz şəxsi taleyi ilə yanaşı, xalqının, ölkəsinin taleyi üçün məsuliyyət daşıyan gənc nəsil yetişdirəcəyik.

Diqqətinizə görə minnətdaram.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov