XXI
əsr Azərbaycan ədəbiyyatşünaslığında öz
dəst-xəti ilə tanınan filologiya elmlər
doktoru, ADPU-nun professoru Təyyar Salamoğlunun
yeni çapdan çıxmış "Tarixi və çağdaş ədəbi
prosesə dair araşdırmalar" əsəri 3 bölmədən
ibarətdir. Birinci bölmədə müasir Azərbaycan
ədəbiyyatında xüsusi mövqeyi olan
yazıçılarımızdan M.Cəlalın, İ.Şıxlının,
İ.Hüseynovun roman yaradıcılığına aid yeni
araşdırmalar yer almışdır. Müəllif M.Cəlalın və
İ.Şıxlının əsərlərinin elmi təhlilini verir,
onların milli və bəşəri məzmununun vəhdəti,
estetik mükəmməlliklə şərtlənən müasirliyini üzə
çıxarır.
İkinci bölmədə Azərbaycan ədəbi-tənqidinin
tarixinə dair məqalələr toplanmışdır. Bu
məqalələrdə M.F.Axundov, F.Köçərli, Ə.Hüseynzadə
və XX əsr romantik sənətkarlarının ədəbi-tənqid
sahəsindəki fəaliyyətləri polemik mövqedən
araşdırılır və ümumiləşdirilir.
Üçüncü bölmədə isə müasir ədəbi prosesə dair
son illərdə qələmə alınan və müəllifin əvvəlki
kitablarında yer almayan məqalələri verilmişdir.
Bu il 50 yaşını yenicə qeyd edən Təyyar
müəllimə elmi-pedaqoji fəaliyyətində və
yaradıcılığında uğurlar arzulayırıq.
Şakir CƏFƏROV,
ADPU-nun doktorantı |