Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş təhsil islahatı bu gün onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla aparılır. Azərbaycan Respublikası
Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis edilməsi
haqqında" 2007-ci il 4 sentyabr tarixli
Sərəncamı təhsil işçiləri üçün daha geniş
imkanlar açıb.
2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin nəticələrinə görə, İsmayıllı
rayonu bölgələr arasında daha yüksək nəticə
göstərərək 1-ci yerə çıxmışdır. Belə ki, builki
müsabiqələrdə 4 məktəb və 3 müəllim - İsmayıllı
5 nömrəli şəhər, Mican, Cülyan, M.Əzimov adına
Təzəkənd kənd məktəbləri və Lahıc qəsəbə orta
məktəbin müəllimi Rövşən Əliyev, Cülyan kənd
orta məktəbin müəllimi Şərafət Bayramlı,
Qubaxəlilli kənd orta məktəbin müəllimi Əjdər
Mirzəyev qalib gələrək Prezidentin sərəncamı ilə
təsis edilmiş birdəfəlik pul mükafatlarına layiq
görülüblər.
Bu il iyul ayının ortalarında, doğma yurdum
İsmayıllıda məzuniyyətdə olduğum zaman mətbuat
və informasiya vasitələri ilə aldığım bu şad
xəbərdən qürur duydum, sevincimi bölüşmək
məqsədilə İsmayıllı Rayon Təhsil Şöbəsinə üz
tutdum. Dəhlizdə RTŞ-ın metodik kabinetin
direktoru Hümbət müəllimlə üz-üzə gəldik.
Həmişəki kimi gülərüzlə, mehribanlıqla görüşdük.
Gəlişimin məqsədini - sevincimi bölüşmək
istəyimi ona bildirdim. Gülümsədi, nurlu siması
bir az da işıqlandı. Çöhrəsini sevinc qarışıq
bir qayğı bürüdü. Gözlərini məchul bir nöqtəyə
dikib xəyala daldı. Sanki yaşının belə müdrik
çağında, ötüb keçən uzun illərin arxasından
boylanıb uşaqlıq, yeniyetməlik, gənclik illərini
xatırlayır, keçdiyi ömür yolunda qazandıqlarının
haqq-hesabını çəkir, - mən necə yaşamışam? -
deyə öz-özünə hesabat verirdi.
Əsədov Hümbət Simran oğlu 1950-ci il avqustun
8-də İsmayıllı rayonunun Tağlabiyan kəndində
anadan olub. 1965-ci ildə Tağlabiyan kənd 8
illik məktəbini, 1969-cu ildə isə Şamaxı
Pedaqoji Texnikumunu bitirərək İsmayıllı
rayonunun Minkə kənd ibtidai məktəbində rus dili
müəllimi kimi ilk əmək fəaliyyətinə başlayıb.
1972-1974-cü illərdə hərbi xidmətdə olub.
1976-cı ildə M.F.Axundov adına Azərbaycan Dövlət
Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olub.
1981-ci ildə isə həmin institutun qiyabi
şöbəsini bitirib. 1987-ci ildə Tağlabiyan kənd
əsas məktəbinə direktor təyin edilib. 1991-ci
ildə RTŞ-da ixtisası üzrə metodist vəzifəsinə
irəli çəkilib. 1993-cü ildən RTŞ-ın metodik
kabinetinin direktoru vəzifəsində işləyir.
"Azərbaycan Respublikasının qabaqcıl təhsil
işçisi" döş nişanına layiq görülüb. Azərbaycan
müəllimlərinin XII qurultayının nümayəndəsi
olub.
Ömrünün 60, əmək fəaliyyətinin 40 illiyini
yaşayan Hümbət müəllim gümrahlıqla söhbətə
başlayaraq həyatını təhsilə həsr etdiyindən
qürur duyduğunu və bundan sonra da gələcəyimiz
olan gənc nəslin yaxşı təlim-tərbiyə alması üçün
əlindən gələni əsirgəməyəcəyini bildirdi.
Rəhbərlik etdiyi metodkabinetdə görülmüş işləri
təsdiq edən sənədləri stolun üstünə düzüb
məlumat verməyə başladı. Məlum oldu ki,
İsmayıllı təhsilinin inkişafında bu
metodkabinetin də danılmaz dəst-xəti, böyük
əməyi vardır. Belə ki, pedaqoji işçilərin
elmi-pedaqoji və metodiki hazırlığının
yüksəldilməsi metodkabinetin fəaliyyətinin əsas
istiqamətlərindən biri olub. Tədris prosesində
müasir təlim metodlarından istifadə edilməsinə,
yeni informasiyaların tətbiqinə, təhsildə
interaktiv düşüncə tərzinin yaradılmasına,
təhsilin fərdiləşdirilməsi və
diferensiallaşdırılmasına diqqət artırılıb, bu
istiqamətdə ardıcıl və sistemli iş aparılır.
Metodik kabinet rayonun ümumtəhsil məktəblərində
pedaqoji prosesin müəllim-şagird əməkdaşlığına
çevrilməsi, təlim-tərbiyə işlərinin təşkili,
şagirdlərin faktiki biliklərinin aşkar edilməsi,
istedadlı şagirdlərin üzə çıxarılması və onların
qabiliyyətlərinin inkişaf etdirilməsi,
şagirdlərin bilik, bacarıq və vərdişlərinin,
müstəqilliyinin artırılması, təlimin
səmərəliliyinin yüksəldilməsi, təlim-tərbiyə
işlərinin həyatla, istehsalatla
əlaqələndirilməsi, milli və hərbi vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi və digər bu kimi
məsələlərin həllini diqqət mərkəzində saxlayır.
Azərbaycan Respublikası Prezidenti tərəfindən
təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların
(gənclərin) yaradıcılıq potensialının inkişafı
üzrə Proqramı (2006-2010-cu illər)" çərçivəsində
rayonda əməli işlər görülüb və müxtəlif
tədbirlər həyata keçirilir. Məktəblilər arasında
keçirilmiş bilik yarışlarında, müxtəlif baxış və
müsabiqələrdə, fənn olimpiadalarında,
sinifdənxaric, məktəbdənkənar tədbirlərdə xüsusi
istedada malik şagirdlərin üzə çıxarılması və
inkişaf etdirilməsi diqqət mərkəzində
saxlanılır. Elə bunun nəticəsidir ki, rayonun
istedadlı şagirdləri müxtəlif səviyyəli yarış və
müsabiqələrdə müvəffəqiyyətlə iştirak edirlər.
Bir sözlə, rayonda şagirdlərin və müəllimlərin
bilik səviyyələrinin artırılmasında, yeni
nailiyyətlərin qazanılmasında başda Hümbət
müəllim olmaqla metodkabinetin tərifəlayiq əməyi
vardır. Təsadüfi deyil ki, bu yaxınlarda
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
kollegiya iclasında qabaqcıl metodkabinetlər
sırasında İsmayıllı RTŞ-ın metodik kabinetin də
adı çəkilmiş, Hümbət müəllimin əməyi
qiymətləndirilmişdir.
Bəli, təhsilə həsr edilən ömür insana baş
ucalığı gətirir, ona görə ki, o xalqının
maariflənməsinə xidmət edir. Hümbət müəllimin də
yaşının bu müdrik çağında qürur duymağa haqqı
var. Axı o da yaşayaraq arxada qoyduğu 60 illik
ömrünün 40 ilini gələcək nəslin layiqli
tərbiyəsinə həsr edib.
Biz də bu günlərdə keçiriləcək 60 illik yubileyi
münasibətilə Hümbət müəllimi təbrik edir, ona
daha yeni nailiyyətlər arzulayırıq.
Nizami MİRZƏ |