Zinyət
müəllimin qayğıkeşliyi haqqında çox eşitmişdim.
1969-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu
bitirdikdən sonra ilk əmək fəaliyyətinə Qax
rayonundakı Qıpçaq kənd orta məktəbində
başlayıb. Atası Nəsib müəllim də uzun müddət
pedaqoji fəaliyyətlə məşğul olub. Elə Zinyət
müəllim də atasının bu şərəfli yolunu davam
etdirir.
Zinyət Məmmədova hazırda dərs dediyi təhsil
ocağında kiçikyaşlı məktəblilərin
təlim-tərbiyəsi ilə məşğul olur. Yaxşı bilir ki,
şagirdlərin təlim-tərbiyəsi müəllimin şəxsi
nüfuzundan, təşəbbüskarlığından çox asılıdır. O,
axtarışı, yeniliyi çox sevir. Elə buna görə də
öz dərslərində interaktiv təlim üsulundan,
cütlər və qruplardan, əyləncəli məsələlərdən,
didaktik oyunlardan böyük həvəslə istifadə edir.
Z.Məmmədova "Gözəl Vətən" və "Can Azərbaycan"
mahnılarını tədris edərkən uşaqlarda Vətənə
sonsuz məhəbbət hissi aşılayır. Azərbaycanın
keçmişi və bu günü, onun əsrarəngiz təbiəti,
təbii sərvətləri, əhalisi, milli ordumuz və
düşmən əlindəki torpaqlarımızın tezliklə
alınacağından böyük inamla söhbət açır.
Məlumdur ki, ibtidai siniflərdə dər
slərin tədrisi prosesində təlimin ən başlıca
vəzifələrindən biri öyrənməyi öyrətməkdir. O,
şagirdlərə müəllimi diqqətlə dinləmək, müstəqil
işləmək, oxuduqlarını başa düşmək, təşəbbüskar
və yaradıcı olmaq vərdişi aşılamağın son dərəcə
vacib olduğunu yaxşı bilir. Mən onun dərslərini
bir neçə dəfə dinləmişəm. Hər dəfə də böyük zövq
almışam. Şagirdlərinin onu necə böyük maraqla
dinlədiyinin də şahidi olmuşam. Bir dəfə də o,
dərsin mövzusuna uyğun olaraq uşaqlara analar
haqqında danışırdı. Onun səsindəki məlahət,
səmimiyyət, baxışlarındakı mehribançılıq
şagirdlərdə anaya - bu müqəddəs varlığa qarşı
sonsuz bir sevgi və məhəbbət oyadırdı.
Bütün bunlarla yanaşı məktəbin həyətində iki
qadının söhbəti heç yadımdan çıxmır. Həmin
valideynlərdən biri o birinə deyir ki, mən
uşağımı məktəbə bir il gecikdirdim ki, Zinyət
müəllimin sinfində oxusun. Bax, mən onda hiss
etdim ki, Zinyət müəllimdə uşaqların qəlbinə
yol tapmaq, onları ələ almaq istedadı var. Öz
dərslərini maraqlı qurmaq, hər bir şagirdə fərdi
yanaşmaq məharəti, qayğıkeşliyi, səmimiliyi və
tələbkarlığı onu hamıya bax, beləcə sevdirir.
Zinyət Məmmədovanın vaxtilə dərs dediyi
şagirdlərinin arasında müxtəlif peşə, sənət
sahibləri az deyil. Onlar tez-tez bu qayğıkeş
müəllimləri ilə görüşürlər. Zinyət müəllim də
onların həyatda qazandıqları uğurlara çox
sevinir.
Biz də bu qayğıkeş, səmimi insan olan Zinyət
müəllimə bütün işlərində uğurlar diləyir,
həyatda isə ən şirin nemət olan cansağlığı
arzulayırıq.
Elvira LƏBİBOVA |