(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə təhsilin
idarəolunması, bu sahədə mövcud problemlər və
onların həlli yolları barədə mülahizələrimi
diqqətinizə təqdim etmək istəyirəm.
Məlumdur ki, müasir dövrdə menecment, başqa
sözlə, fəaliyyətin təşkili və idarə olunması
müstəsna əhəmiyyət kəsb edən amillərdən biridir.
Səmərəli idarəetmə isə planlaşdırma, təşkil
etmə, rəhbərlik və nəzarət funksiyalarının necə
yerinə yetirilməsindən daha çox asılıdır.
Qeyd edim ki, son illərdə ölkəmizdə təhsilin
idarəolunması sahəsində bir sıra əhəmiyyətli
addımlar atılmış, nazirliyin mərkəzi aparatının
idarəetmə potensialı xeyli gücləndirilmişdir.
Bununla əlaqədar dünyanın 50-dək ölkəsində
təhsilin idarəolunması təcrübəsi öyrənilmiş,
beynəlxalq məsləhətçilərin iştirakı ilə geniş
təhlil olunmuş, müvafiq struktur dəyişiklikləri
ilə bağlı tədbirlər planı hazırlanmışdır. Son 5
ildə nazirliyin mərkəzi aparatının strukturunda
əhəmiyyətli dəyişikliklər edilmiş, bir sıra yeni
şöbələr və sektorlar yaradılmışdır. Nəticədə
1999-cu ildən başlayaraq Dünya Bankının yaxından
dəstəyi ilə həyata keçirilən layihələr
çərçivəsində Strateji təhlil və planlaşdırma,
Monitorinq və qiymətləndirmə, Təhsilin
idarəolunmasının məlumat sistemləri,
Akkreditasiya şöbələri, Təhsil sənədlərinin
tanınması, Məktəbəqədər təhsil, Əlavə təhsil
sektorları yaradılmışdır. Bu yeni strukturların
yaradılması müvafiq sahələrdə təhsil siyasəti və
strategiyasının daha məqsədyönlü hazırlanması və
çevik həyata keçirilməsinə zəmin yaratmışdır.
Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsi təhsil siyasəti və
strategiyasını müəyyənləşdirir, prioritetləri
nəzərə almaqla inkişaf proqramları hazırlayır,
təhsil sistemi ilə bağlı məlumatları təhlil edir
və müvafiq təkliflər hazırlayır, təhsil
sistemində strateji planlaşdırmanı və
hesabatverməni həyata keçirir, vahid inkişaf
strategiyasının və kadr siyasətinin
formalaşdırılmasında iştirak edir, təhsili
idarəetmə orqanları və təhsil müəssisələri
tərəfindən mövcud qanunvericiliyin yerinə
yetirilməsinə təşkilati-metodik rəhbərliyi
həyata keçirir.
Monitorinq və qiymətləndirmə şöbəsi dəqiq
qiymətləndirmə standartları əsasında hazırlanmış
beynəlxalq (ölkədə təhsilin səviyyəsinin
müxtəlif aspektlərdə ölçülməsi və digər
ölkələrlə müqayisəli təhlilinə imkan verən və
beynəlxalq təşkilatlar tərəfindən aparılan
qiymətləndirmə), milli (təhsildə proqnozlaşdırma
və perspektivləri, təhsil siyasətini
müəyyənləşdirmək üçün təhsilin vəziyyəti
haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi
və müzakirəsi tələb olunan problemləri və
təhsilin inkişafının prioritet istiqamətlərini
təyin etmək məqsədilə 4-5 ildən bir təhsilin bir
pilləsindən digərinə keçid zamanı aparılan
qiymətləndirmə) və məktəbdaxili (diaqnostik,
formativ, summativ) qiymətləndirmə sisteminin
ümumtəhsil məktəblərində həyata keçirilməsi,
müasir qiymətləndirmə metodlarından istifadə
edilərək şagird nailiyyətlərinin obyektiv
qiymətləndirilməsi, qiymətləndirmə nəticələrinin
təhlili, təhsil müəssisələrinin fəaliyyətinin
monitorinqi, təhsilin bütün pillələri və
səviyyələrində keyfiyyətin idarəedilməsi və
digər bu kimi funksiyaları yerinə yetirir.
Təhsilin idarəolunmasının məlumat sistemləri
şöbəsi təhsil sistemində bütün pillələr və
səviyyələr üzrə məlumat bazasını formalaşdırır
və daim yeniləşməsini təmin edir, müvafiq
hesabatlar hazırlayır, təhsil müəssisələrinə
TİMS-lə bağlı təşkilati-pedaqoji və metodik
köməklik göstərilməsini, təhsilin inkişafı
sahəsində proqnozlaşdırmanın aparılmasını, milli
təhsil resurslarının formalaşdırılmasını və
inkişaf etdirilməsini təmin edir.
Akkreditasiya şöbəsi təhsil prosesinin
təşkilinin, təhsil infrastrukturunun və
maddi-texniki bazanın, təhsil proqramlarının,
kadr potensialının, maliyyə resurslarının qəbul
olunmuş dövlət standartlarına uyğunluğunu
müəyyən etmək məqsədilə təhsil müəssisələrini
akkreditə edir və onun statusunun müəyyən
edilməsi üzrə, eləcə də yeni yaradılan təhsil
müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi
ilə bağlı təhlillər aparır və təkliflər
hazırlayır.
Məlumdur ki, idarəetmənin səmərəli təşkili bir
sıra şərtlərdən asılıdır, əsas şərt isə,
əlbəttə, etibarlı məlumatların olmasıdır. Etiraf
etmək lazımdır ki, əvvəllər nazirlik belə
məlumatlara malik deyildi, yaxud da əldə olunan
məlumatlar subyektiv yoxlamalar əsasında
formalaşmış mülahizələrə əsaslanırdı. Hazırda
isə Təhsil Nazirliyində çevik idarəetmə sistemi
yaradılmışdır. Belə ki, idarəetmə üçün zəruri
olan məlumatlar, əsasən, iki mənbədən daxil
olur.
İlk növbədə, təhsilin idarəolunmasının məlumat
sistemləri bazasından. Qeyd etmək lazımdır ki,
müasir İKT avadanlığının köməyi ilə təhsil
tariximizdə ilk dəfə olaraq yaradılmış bu bazada
4500-dən çox ümumtəhsil məktəbi, 1,4 milyon
şagird, 170 min müəllim haqqında ətraflı
məlumatlar toplanmışdır. Bu məlumat bazası
təhlillərin aparılmasına, çevik qərarların qəbul
edilməsinə geniş imkan yaratmışdır. Hazırda
digər təhsil pillələri üzrə məlumatlar da həmin
bazada toplanmaqdadır. Nəzərdə tutulur ki, yaxın
gələcəkdə baza interaktiv olsun və onlayn
rejimdə daim yeniləşdirilə bilsin.
Digər məlumat mənbəyi isə monitorinq və
qiymətləndirmə nəticəsində əldə olunur. Milli və
beynəlxalq qiymətləndirmənin, IX və XI
siniflərdə mərkəzləşdirilmiş yoxlama və
buraxılış imtahanlarının nəticələri nəinki
şagirdlərin nailiyyətləri, eləcə də fənlərin
tədrisi, təlim strategiyalarının tətbiqi,
müəllimlərin fəaliyyəti, kurikulumun,
dərsliklərin səviyyəsi barədə etibarlı mənbə
rolunu oynamaqla bilavasitə keyfiyyətin idarə
olunmasına zəmin yaradır.
Bunlarla yanaşı, nazirliyin nəzdində Əsaslı
tikinti, Təhsilin informasiyalaşdırılması,
De-institutlaşdırma və uşaq müdafiə sistemi
idarələrinin yaradılması ölkə səviyyəsində
adıçəkilən istiqamətlərdə proqramların daha
səmərəli idarəolunması imkanlarını
genişləndirmişdir.
Təhlil göstərir ki, təxminən 10 il bundan əvvəl
nazirliyin strukturu, fəaliyyətinin təşkili və
təhsil sisteminin idarəolunması ilə bugünkü
idarəetmə sistemi arasında ciddi dəyişikliklər
baş vermişdir. Bu dəyişiklikləri aşağıdakı kimi
ümumiləşdirmək olar:
1.Nazirliyin strukturu əhəmiyyətli dərəcədə
təkmilləşdirilmiş, strateji təhlil və
planlaşdırma, monitorinq və qiymətləndirmə,
məlumat sistemləri, akkreditasiya, əlavə təhsil
kimi vacib sahələrlə bağlı funksional
strukturlar yaradılmışdır. Belə strukturların
yaradılması təhsil sahəsində aparılan
islahatların səmərə və keyfiyyətinə əsaslı təsir
göstərməklə yanaşı, vahid təhsil siyasətinin
işlənməsi və həyata keçirilməsinə öz töhfəsini
vermişdir.
2.Nazirliyin mərkəzi aparatında kadr tərkibinin
keyfiyyətcə yeniləşdirilməsi istiqamətində ciddi
addımlar atılmış, Dövlət Qulluğu Məsələləri
Komissiyası tərəfindən böyük rəqabət şəraitində
keçirilən müsabiqə nəticəsində nazirliyə gənc,
perspektivli və xarici dilləri bilən
mütəxəssislər işə götürülmüşlər.
3.Nazirliyin mərkəzi aparatında çalışan
əməkdaşların 90 faizi ölkədə və xaricdə təşkil
olunan treninqlərdə, seminarlarda, stajkeçmə
tədbirlərində iştirak etmiş, xaricdə
magistratura təhsili almış və öz bacarıqlarını
təkmilləşdirmişdir.
4.Nazirlik tərəfindən strateji təhlillər
əsasında 20-dək dövlət proqramı hazırlanmış,
ölkə Prezidenti və hökumət tərəfindən təsdiq
edilmiş və həyata keçirilməkdədir. Proqramlarla
idarəetmə Təhsil Nazirliyinin fəaliyyətinə
əhəmiyyətli dərəcədə təsir etmiş, yeni
yanaşmaların tətbiqinə şərait yaratmışdır.
Tarixən Təhsil Nazirliyi heç bir proqram
reallaşdırmadığı halda, qısa müddət ərzində
təhlillərin aparılması, proqramların
hazırlanması və həyata keçirilməsi sahəsində
zəngin təcrübə toplanmış, bu təcrübə sonradan
ölkəmizin digər dövlət strukturları,
nazirlikləri üçün nümunə rolunu oynamışdır.
5.Əvvəllər Təhsil Nazirliyinin fəaliyyəti,
əsasən yuxarı təşkilatlardan daxil olan direktiv
sənədlərin icrası, yoxlama xarakterli
tədbirlərin həyata keçirilməsi, vətəndaşların
müraciətlərinə baxılması məsələləri ilə
məhdudlaşırdısa, hazırda bu qurumun fəaliyyəti
daha çox təhsil sektorunun bütün sahələri üzrə
vahid dövlət siyasətinin həyata keçirilməsi,
məqsədli proqramların hazırlanması və
reallaşdırılması, keyfiyyətə nəzarətin müasir
modellərinin tətbiqi, davamlı inkişaf və insan
kapitalının formalaşdırılması və digər bu kimi
əhəmiyyətli məsələlərə yönəlmişdir.
6.Əvvəllər Təhsil Nazirliyi yalnız birbaşa onun
tabeliyində olan müəssisələr üçün nəzərdə
tutulan maliyyəni idarə edirdisə, hazırda bütün
ölkəni əhatə edən irimiqyaslı investisiya
layihələrini, dövlət proqramlarını, əvvəlkindən
yüz dəfələrlə artıq maliyyə vəsaitini idarə edir
ki, bu da nazirlik üçün tamamilə yeni
funksiyalar, təcrübə və məsuliyyət deməkdir.
7.Əvvəlki dövrlərdə nazirliyin fəaliyyətində
əsas yerlərdən birini tutan yoxlamalar əvəzinə,
keyfiyyətə nəzarətin müasir mexanizmi olan
monitorinq sistemi tətbiq edilməyə
başlanmışdır. Monitorinq müasir idarəetmə
sistemində ən mühüm sahələrdən biridir. Təhsil
sahəsində monitorinqin məqsədi təlimin
məzmununun təkmilləşdirilməsi, təhsilalanlara
nəyin və necə, hansı təlim metodlarından
istifadə etməklə öyrədilməsinin
müəyyənləşdirilməsi, dövlət standartlarının
mənimsənilməsi səviyyəsinin aşkara çıxarılması,
nəticələrin qiymətləndirilməsi və onlara
uyğun olaraq müvafiq tədbirlərin həyata
keçirilməsindən ibarətdir.
Monitorinq vasitəsilə təhsil müəssisəsinin
fəaliyyətinin səmərəlilik səviyyəsi aşkar olunur
və qiymətləndirilir. Bu zaman müəssisənin
fəaliyyətinin faktiki nəticələri və onların son
məqsədlərə uyğunluğu təhlil olunur. Ənənəvi
təcrübədə son nəticələrin qarşıya qoyulmuş
məqsədlərə bu və ya digər dərəcədə uyğun
gəlməməsi praktik təhsil işçiləri tərəfindən heç
də həmişə nəzərə alınmır. Həmin səbəbdən də
monitorinqin vəzifəsi məhz fəaliyyət prosesində
yol verilmiş kənaraçıxmaların dərəcəsini,
istiqamətini və səbəbini düzgün
müəyyənləşdirməkdən ibarətdir.
İdarəetmənin hər bir funksiyası monitorinqin
əsas təhlil obyekti kimi çıxış edir, yəni
monitorinq fəaliyyətin məqsədlərinə,
planlaşdırılmasına, təşkilinə və icrasına,
habelə kommunikasiya və korreksiya proseslərinə
sirayət edir. Başqa sözlə, monitorinq
məqsədlərin və planların həyata keçirilməsinin
qiymətləndirilməsi vasitəsidir. Monitorinqin
vəzifələrindən biri də məqsəd və planlaşdırma
arasındakı fərqi azaltmaqdan ibarətdir.
Bu baxımdan, müasir dövrdə aşağıda göstərilən
istiqamətlərdə monitorinqin keçirilməsi xüsusi
əhəmiyyət daşıyır: "təhsil alan - təhsil verən"
sistemində, "təhsil müəssisəsi - müəllim"
sistemində, "təhsili idarəetmə orqanı - təhsil
müəssisəsi" sistemində və sair.
Düşünürəm ki, gələcəkdə monitorinqlərin
aparılmasında tamlıq, relevantlıq, adekvatlıq,
obyektivlik, dəqiqlik, fasiləsizlik, sadəlik,
anlaşıqlılıq, müntəzəmlik prinsiplərinə xüsusi
diqqət yetirilməli, müvafiq şöbənin fəaliyyət
dairəsi genişləndirilməli, kadr potensialı
gücləndirilməlidir.
İnkişaf etmiş ölkələrin təcrübəsində
monitorinqin aşağıdakı növləri mövcuddur: təhsil
məqsədlərinin miqyası üzrə (strateji, taktiki,
operativ); təlimin mərhələləri üzrə (başlanğıc,
yaxud qəbulolunma dövrü üzrə, təhsilalma, yaxud
aralıq dövrü üzrə, çıxış, yaxud yekunlaşma dövrü
üzrə); vaxt şəraiti üzrə (retrospektiv,
xəbərdaredici yaxud qabaqlayıcı, cari yaxud
planauyğun); təkrarlanma şəraiti üzrə
(birdəfəlik, dövri, müntəzəm); müşahidə
obyektinin əhatəliliyi üzrə (lokal, seçmə,
kompleks); təşkilati formalar üzrə (fərdi, qrup,
frontal); obyekt-subyekt münasibətlərinin
forması üzrə (xarici, yaxud sosial, qarşılıqlı
nəzarət, daxili, yaxud özünüqiymətləndirmə);
istifadə edilən vasitələr üzrə
(standartlaşdırılmış, qeyri-standart və s.).
Keyfiyyətin idarə olunması təhsil prosesinin
nəticələrinin mərhələlərlə müşahidə edilməsi
(monitorinqi), bununla da hər bir mərhələdə
qarşıya qoyulmuş vəzifələrin optimal yerinə
yetirilməsi səviyyəsinin aşkarlanması vasitəsilə
həyata keçirilir. Bu baxımdan təhsilin
keyfiyyətinin monitorinqi təhsilin keyfiyyətinin
idarə olunması ilə nəticələnir, çünki hər iki
proses respublika, rayon və təhsil müəssisəsi
səviyyələrində sistemli və müntəzəm şəkildə
müvafiq məlumatların toplanmasını nəzərdə tutur.
Müasir idarəetmə şəraitində keyfiyyət
mədəniyyətinin formalaşdırılması xüsusi
əhəmiyyət kəsb edir. Keyfiyyət mədəniyyəti o
deməkdir ki, təhsilin keyfiyyətinə həlledici
qiymət istehlakçı tərəfindən verilir. Təhsil
sistemində istehlakçı şəxsində ilk növbədə
təhsilalanlar və onların valideynləri,
işəgötürənlər, həmçinin dövlətin özü çıxış edir.
Təcrübə göstərir ki, təhsilin istehsal sahəsi
kimi deyil, xidmət kimi qəbul olunması ona
münasibətdə əsaslı dönüş yaradır və səmərəsini
xeyli artırır. Belə olan halda xidmətin
keyfiyyətinə verilən tələblər həm onu göstərən,
həm də ondan istifadə edən tərəfindən müəyyən
olunur.
Strateji planlaşdırma təhsilin keyfiyyətinin
idarə olunması sistemində ən başlıca tələblərdən
biridir. Xüsusi vurğulamaq istərdim ki,
ölkəmizdə ilk dəfə olaraq strateji planlaşdırma
təhsil sistemində həyata keçirilməyə
başlanmışdır. Beynəlxalq ekspertlərin iştirakı
ilə ilk dəfə olaraq 2004-2006-cı illəri əhatə
edən üçillik strateji plan hazırlanmış və həyata
keçirilmişdir. Sonradan 2007-2009-cu və
2010-2012-ci illəri əhatə edən strateji planlar
hazırlanmışdır. Strateji planlaşdırma ənənəvi
planlaşdırmadan bir sıra üstünlükləri ilə
fərqlənir. Belə ki, ənənəvi planlaşdırma
tədbirləri, onların icra vaxtı və icraya məsul
şəxsləri əhatə edir. Əksər hallarda
müəyyənləşdirilən tədbirlər abstrakt xarakter
daşıyır, onların icra vəziyyətinin yoxlanılması
mümkün olmur, beləliklə, tədbirlər ildən-ilə
planlarda təkrarlanır. Strateji planda isə hər
bir tədbir ötən ilin hesabatlarının və
nəticələrinin təhlili əsasında
müəyyənləşdirilir, hər bir tədbirin icrasını
yoxlamaq üçün dəqiq indikatorlar işlənir,
əvvəlcədən gözlənilən nəticələr dəqiqləşdirilir.
Belə planlaşdırma hesabatverməni və icraya
nəzarəti də xeyli asanlaşdırır. Onu da qeyd edim
ki, hər ildə iki dəfə strateji planın icra
vəziyyəti barədə hesabatlar hazırlanır, plan
təhlil edilir, lazımi korreksiyalar olunur.
Bununla yanaşı, planlaşdırılmış məqsədlərə nail
olma səviyyəsi müntəzəm ölçülür, onların
nəticələrinin qiymətləndirilməsinə diqqət
yetirilir.
Təhsilin keyfiyyətinin planlaşdırılması təhsil
müəssisələrinin fəaliyyətinin ümumi
planlaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Hazırda təhsil müəssisələrinin fəaliyyətinin
perspektiv planlaşdırılmasında əsas nöqsanlar
ondan ibarətdir ki, gələcəkdə əldə olunacaq
nəticələrə verilən tələblər perspektiv
nöqteyi-nəzərindən deyil, bugünkü mövqedən
müəyyənləşdirilir və bu səbəbdən planlarda arzu
olunan nəticələr öz dəqiq əksini tapmır. Həmin
planlarda tədbirlərin uzlaşdırılması və
əlaqələndirilməsinə ciddi əhəmiyyət verilmir,
onlar əlaqəsiz, əsasən müstəqil tədbirlər kimi
nəzərdə tutulur. Bu da onunla bağlıdır ki,
mövcud təhsil müəssisəsinin başlıca məqsədi uzun
müddətdən bəri yuxarıdan dəqiq
müəyyənləşdirilmiş qaydalara uyğun fəaliyyət
göstərmək və həmin sahədə funksiyalarını sabit
şəkildə həyata keçirməkdir. Müasir təhsilin
innovasiya mühitində idarə olunmasında ən vacib
məsələ təhsil müəssisəsinin funksional rejimdən
inkişaf və inkişafetdirici rejimə
keçirilməsidir.
Təhsil müəssisəsinin inkişafı - onun
məqsədlərinin, idarəetmə sisteminin, pedaqoji
prosesin məzmunu, təlim metodları və üsullarının
qanunauyğun, məqsədyönlü, idarəolunan şəkildə,
bir qayda olaraq təkamül yolu ilə pozitiv
dəyişilməsi deməkdir. Nəticə etibarı ilə həmin
dəyişikliklər təhsilalanların təlimində,
tərbiyəsində və inkişafında keyfiyyətcə yeni
nailiyyətlərin əldə olunmasına gətirib çıxarır.
Habelə bu proses əvvəlki keyfiyyət vəziyyətindən
innovasiyaların tətbiqi yolu ilə yeni keyfiyyət
vəziyyətinə keçidi şərtləndirir.
Təhsil sistemində idarəetmə sahəsində fəaliyyət
göstərənlər təhsilin keyfiyyətinin idarə
olunması prosesinin liderləri olmalıdırlar. Belə
ki, təlimatlandırma və nəzərdə tutulan,
planlaşdırılan tədbirlərin mərhələlər üzrə
səmərəli həyata keçirilməsi məhz onlardan
asılıdır. Bu o deməkdir ki, dünən "mənə
tapşırıldığı kimi" sxemi üzrə düşünən rəhbər bu
gün mütərəqqi ideyaların təşəbbüskarına
çevrilməlidir.
Onu da qeyd etmək vacibdir ki, lider dedikdə,
yalnız təhsil orqanının, təhsil müəssisəsinin
rəhbərliyi nəzərdə tutulmur. Keyfiyyətin idarə
olunması sistemi ənənəvi idarəetməni və
iyerarxiyalar funksiyasını kökündən dəyişir. Bu
zaman nəinki idarəedənlərin, eyni zamanda
müəllimlərin rolu xeyli artır və təşəbbüskarlıq,
yaradıcılıq üçün onlara geniş imkanlar açılır.
Müəllimlər qərarların qəbul olunmasında iştirak
edir və bu sahədə böyük məsuliyyət daşıyırlar.
Onlara daha çox fəaliyyət hüquqları və
müstəqillik verilir, habelə innovasiyaları
həyata keçirən yaradıcı qrupların işinə
rəhbərlik etmək üçün buna qabil müəllimlər cəlb
olunurlar.
Düşünürəm ki, təhsil sahəsində fəaliyyət
göstərən liderin əsas funksiyalarına
aşağıdakılar daxil olmalıdır:
-müəssisədə təhsil keyfiyyətinin gözlənilən
ümumi səviyyəsini proqnozlaşdırmaq;
-keyfiyyətin yüksəlməsi prosesinin həyata
keçirilməsinə görə məsuliyyət daşımaq;
-keyfiyyətlə bağlı görülən işlər barədə müntəzəm
məlumat vermək;
-təhsil xidmətlərindən istifadə edənlərin
tələbatlarını nəzərə almaq;
-müəssisə əməkdaşlarının ixtisasının artırılması
prosesinə rəhbərlik etmək;
-innovasiyaların tətbiqinə rəhbərlik etmək;
-təşkilati strukturlar arasında vəzifə
funksiyalarının maksimum dərəcədə dəqiq
bölüşdürülməsini təmin etmək;
-səmərəli fəaliyyət göstərən komanda yaratmaq;
-müşahidə etməyə və proseslərin nəticələrinin
qiymətləndirilməsinə imkan verən daxili
monitorinq mexanizmi yaratmaq və onları inkişaf
etdirmək.
Təqdirəlayiq haldır ki, hazırda bir sıra təhsil
müəssisələri inkişaf planlarının hazırlanmasına
daha çox üstünlük verirlər. İnkişaf planlarında
müəyyən müddət ərzində (3-5 il) təhsil
müəssisəsinin əsas hədəfləri, bu hədəflərə nail
olmanın yolları və gözlənilən nəticələr
müəyyənləşdirilir. Bu təcrübə isə fəaliyyətin
strateji planlaşdırılmasına zəmin yaradır.
Düşünürəm ki, təhsil orqanları və təhsil
müəssisələri səviyyəsində strateji
planlaşdırmanın tətbiqi hazırda qarşıda duran
əsas vəzifələrdəndir.
Təhsil müəssisələrinin innovasiya rejiminə
keçirilməsi, təhsilin keyfiyyətinin idarə
olunması sisteminin tətbiqi müəssisənin
idarəolunmasına yeni yanaşmanı aktuallaşdırır.
Bu gün dərindən dərk olunmalıdır ki, müəllimlər
və təhsil prosesinin digər iştirakçıları daha öz
funksiyalarına şəxsi nöqteyi-nəzərdən
yanaşmamalı ("mən və mənim ixtisasım", "mən və
mənim uşağım", "mən və mənim sinfim" və s.), öz
rollarını birgə məsuliyyət və əməkdaşlıq kimi
("biz və bizim müəssisə") qəbul etməlidirlər.
Müəssisənin idarə olunmasında birgə fəaliyyət,
orada təhsilin təşkili məhz təhsil prosesinin
müxtəlif iştirakçılarını öz tərkibində
birləşdirən vahid "təhsil komandası" şəklində
həyata keçirilməlidir. Təhsil komandası xarici
mühitə, təhsil ictimaiyyətinə (ailə, təhsili
idarəetmə orqanları, icra hakimiyyəti orqanları,
biznes aləmi və s.) açıq olmalıdır. Problemə
belə yanaşmanın bir üstünlüyü də ondadır ki,
təhsil komandasının hər bir üzvü, hər bir şəxs
ümumi işin xeyrinə öz bacardığını sərf edir.
Təhsil müəssisəsinin keyfiyyətli fəaliyyəti,
tədris prosesi səmərəliliyinin məqbul və
qaneedici olması bir sıra vacib amillərdən
asılıdır. Bunlara aşağıdakıları daxil etmək
olar:
-təhsil müəssisəsinin vəzifələrinin dəqiq
müəyyənləşdirilməsi;
-təhsilalanların öz vaxtlarını maksimum dərəcədə
konkret təlim məsələlərinin həllinə sərf etməsi;
-idarəetmənin vahid və əlaqəli şəkildə təşkili;
-müəllimlərin daim təkmilləşdirilməsi;
-onların komanda şəklində işləməsi;
-müəssisə daxilində qayda-qanunun hökm sürməsi;
-valideynlər və ictimaiyyətlə sıx qarşılıqlı
əlaqənin yaradılması və sair.
Beləliklə, təhsil müəssisəsinin keyfiyyətinin
qiymətləndirilməsində bir-biri ilə qarşılıqlı
əlaqədə olan üç amil mühüm rol oynayır: müəllim,
təhsil müəssisəsi, müəssisənin əhatəsi. Eyni
zamanda fəaliyyətin qiymətləndirilməsində bir
sıra meyarlara istinad edilir: təhsilalanların
və məzunların göstəriciləri, təhsil verən -
təhsil alan münasibətləri; təhsil verən/təhsil
alan nisbəti; müəssisənin mövcud maliyyə
mənbələri; ictimai mühit; sosial-iqtisadi
kontekst və sair. Təhsil müəssisəsinin
qiymətləndirilməsi həm daxili qiymətləndirməni
(özünüqiymətləndirmə), həm də xarici
qiymətləndirməni özündə cəmləşdirməlidir.
Ümumtəhsil məktəblərində keyfiyyətin
qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyi
tərəfindən keyfiyyət standartları
hazırlanmışdır. Bu standartlar ölçülə bilən
göstəricilər nəzərə alınmaqla aşağıdakı 5 əsas
fəaliyyət sahəsi üzrə qruplaşdırılmışdır:
I.Məktəbin idarə olunması.
II.Pedaqoji heyətin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi.
III.Təlim-tərbiyə prosesinin təşkili və idarə
olunması.
IV.Şagird şəxsiyyətinin formalaşdırılması.
V.Məktəbin valideynlər və ictimaiyyətlə birgə
fəaliyyəti.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor |