M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU)
Bakı filialının rektoru, professor Nərgiz
Paşayeva avqustun 3-də bu nüfuzlu ali məktəbə
qəbul olunan tələbələr və onların valideynləri
ilə görüşmüşdür.
Görüşdə
imtahan komissiyasının üzvləri, MDU-nun tanınmış
alim və professorları da iştirak etmişlər.
Tədbirdə çıxış edən rektor Nərgiz Paşayeva
tələbələri təbrik edərək, bu günün onların
həyatında ən əlamətdar hadisələrdən biri
olduğunu vurğulamışdır. Rektor demişdir ki,
artıq üçüncü ildir ki, MDU-nun Bakı filialına
qəbul imtahanları keçirilir. Qəbul olunanların
hamısının yüksək bilik, bacarıq və əzmkarlıq
nümayiş etdirdiyini diqqətə çatdıran N.Paşayeva
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin tələbəsi adını daşımağın şərəfli
və məsuliyyətli olduğunu söyləmişdir.
Qeyd olunmuşdur ki, dünya şöhrətli MDU-nun Bakı
filialında fəaliyyət göstərən tətbiqi riyaziyyat,
kimya, filologiya və psixologiya fakültələrinə
200-dən çox abituriyent ərizə ilə müraciət etmiş,
onların 92-si bu nüfuzlu ali təhsil ocağının
tələbəsi adına layiq görülmüşdür.
Zala toplaşanlar tələbələri hərarətlə
alqışlamışlar.
N.Paşayeva tələbələrə M.V.Lomonosov adına MDU-nun
peşəkar müəllimlərinin dərs deyəcəyini, Bakı
filialında təhsilin universitetin statusu
səviyyəsində olacağını diqqətə çatdırmışdır.
Tələbə adını qazanan gənclərin elm sahəsində
çətin və şərəfli yola qədəm qoyduğunu deyən
rektor N.Paşayeva qəbul imtahanlarını keçirən
komissiyanın işinin təşkilində MDU-nun rektoru
Viktor Sadovniçiyə və imtahanları qəbul edən
Moskva komissiyasının üzvlərinə minnətdarlığını
bildirmiş, valideynləri təbrik etmişdir.
Sonra imtahan komissiyasının üzvləri, MDU-nun
professor- müəllim heyəti tələbələri təbrik
etmiş, onlara təhsildə uğurlar arzulamışlar.
Mərasimdə Bakı filialının direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
Vitali Fedorçuk, fizika-riyaziyyat elmləri
doktoru, professor Yuri Sadovniçi, psixologiya
elmləri namizədi Andrey Kiselnikov, qəbul
komissiyasının məsul katibi, kimya elmləri
doktoru Sergey Karlov, filologiya elmləri
doktoru Aleksandra Anisimova çıxış etmişlər.
Qeyd olunmuşdur ki, MDU-nun diplomu hər bir
tələbə üçün şərəfdir. Universitet tələbələrinin
qarşısında duran başlıca vəzifə isə biliklərə
mükəmməl yiyələnmək, gələcəyin layiqli
mütəxəssisləri olmaqdır. MDU-nun Bakı filialına
müsabiqənin asan keçmədiyini deyən natiqlər
abituriyentlərin Moskvadan gələn professor-müəllim
heyəti qarşısında biliklərini yüksək səviyyədə
nümayiş etdirdiklərini və sınaqdan uğurla
çıxdıqlarını söyləmişlər. Bu gün MDU-nun Bakı
filialında fəaliyyət göstərən fakültələrin
cəmiyyətimiz üçün aktual olan sahələrdə
ixtisaslı kadrların yetişməsi işində əhəmiyyəti
vurğulanmışdır.
MDU-nun Bakı filialında bu il ən böyük müsabiqə
tətbiqi riyaziyyat fakültəsində olmuşdur.
Natiqlər hər il universitetə orta məktəblərin
Azərbaycan bölməsindən qəbul olunan
abituriyentlərin sayının artmasından
məmnunluqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, bu gün dünyada 60 mindən çox
universitet vardır. M.V.Lomonosov adına MDU
dünyanın ən yaxşı 100 universiteti sırasına
daxildir.
Tələbələrə tövsiyələrini verən natiqlər onları
MDU-nun Bakı filialında yaradılan geniş
imkanlardan maksimum səmərəli istifadə etməyə
çağırmışlar. Onlar tələbələrin yüksək biliklərə
yiyələnmələrində rektor Nərgiz Paşayevanın
səylərini yüksək qiymətləndirmişlər.
AzərTAc |