|
Yerləşir: |
Böyük Britaniya, İngiltərə, London
şəhəri |
|
|
Yaranma tarixi: |
1829-cu il |
Tipi: |
Dövlət |
İllik gəlirləri: |
485 milyon 622 min funt-sterlinq |
İllik xərcləri: |
484 milyon 883 min funt-sterlinq |
İanə (yardım) fondu: |
11 milyon 783 min funt-sterlinq |
İşçi heyəti: |
5700 nəfər |
Tələbələrin sayı: |
9700 nəfər |
Rəsmi saytı: |
www.kcl.ac.uk. |
London Kral Kolleci (KingTs College London)
Böyük Britaniyanın paytaxtı London şəhərində
yerləşir. Kollec ölkənin tədqiqat
universitetlərini birləşdirən "Russell Qrupu"na
daxildir. Böyük Britaniyanın "Times Higher
Education Supplement - QS World Universities
Rankings" jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, London
Kral Kolleci 100 ən yaxşı ali məktəb arasında
Böyük Britaniyada 6-cı, Avropada 7-ci, dünyada
isə 23-cü yerdə sıralanıb. Bu kollec Avropada
səhiyyə üzrə mütəxəssis hazırlayan bir nömrəli
elm mərkəzidir. Kollecin tələbələri təhsil
ocağının əlaqələr qurduğu dünya
universitetlərində bir il təhsil almaq hüququna
malikdirlər. Bu zaman həmin tələbəyə təhsil
aldığı ölkənin təhsil sistemi, mədəniyyəti ilə
tanış olmaq və ondan yararlanmaq imkanı
yaradılır.
Tarixi
London Kral Kolleci 1829-cu ildə kral IV Georq
və hersoq Vellinqton tərəfindən London
Universitetinin nəzdində Anqlikan kilsəsinin
ənənələrinə uyğun olaraq yaradılıb. Həmin dövrdə
Oksford və Kembric universitetlərində yalnız
varlı ingilislərin oğulları təhsil alırdı. Məhz
bu zərurətdən yaradılan kollecin əsas məqsədi
dünyəvi ali təhsil müəssisəsi kimi fəaliyyət
göstərmək olur. Lakin bir çoxları kollecin
yaradılmasına etiraz edir. Buna baxmayaraq, 21
iyun 1828-ci ildə Vellinqtonun birinci hersoqu
Artur Uelsli Kral Kollecinin yaradılması üçün
hazırlığa başlayır. Bu işdə onu anqlikan
kollecləri və Roma Katolik Yardım Cəmiyyəti
dəstəkləyir, lakin Vinçilsi qraflığının 10-cu
qrafı Corc Finç Hatton buna qarşı çıxır.
Nəticədə, 21 mart 1829-cu ildə Artur Uelsli ilə
Corc Finç Hatton arasında duel baş verir, hər
iki şəxs eyni vaxtda atəş açaraq yüngül
yaralanır. Bu hadisədən sonra hər il 21 mart
London Kral Kollecində "Günün dueli" adı altında
müxtəlif tədbirlərlə qeyd olunur.
London Kral Kolleci London Universitetinin
nəzdində yaradılan ən böyük kollecdir. Əsas
məramı orta təbəqənin insanlarını
maarifləndirməkdən ibarət olan London Kral
Kollecində 1831-ci ildə, ilkin olaraq, kimya,
ingilis ədəbiyyatı və ticarət elmləri öyrədilir.
Bu dövrdə istər London Universiteti, istərsə də
Kral Kolleci tələbələrinə elmi dərəcələr vermir.
London Universitetinin Sədrlər Şurasının rəhbəri
baron Henri Brum kollecin inkişafı üçün bir sıra
təkliflər irəli sürür və nəticədə o, birbaşa
olaraq London Kral Kollecinin kansleri seçilir.
XIX əsrin ortalarında artıq kollecdə qızlar,
aşağı təbəqənin nümayəndələri təhsil almağa
başlayır, eyni zamanda burada axşam dərsləri
keçirilir. Xüsusilə, həmin dövrdə kollecin
əməkdaşları Rozalinda Franklin və Maurisi
Uilkinsin tədqiqatları mühüm yer tutur. Bu
tədqiqatlar sonradan kollecin alimləri Ceyms
Uotson və Frensis Kriki DNK-nın strukturunun
kəşfinə sövq edir.
London Kral Kolleci ilk olaraq xüsusi kurs (Associateship)
tətbiq edib. Kurs tələbə və əməkdaşlar üçün
nəzərdə tutulur, etika, ilahiyyat elmlərini
əhatə edir. Kollecə bir sıra təhsil müəssisələri,
o cümlədən, Kraliça Yelizaveta, 1985-ci ildə
çelsi Elm və Texnika kollecləri, Psixiatriya
İnstitutu, Qay Tibb və Stomatologiya Məktəbi,
Sent Tomas Xəstəxanası, Flyorens Naytingeyl Tibb
Bacısı və Mamalıq Məktəbi birləşdirilib. 2003-cü
ildə kollec müstəqil dərəcə vermək hüququ
qazanır.
Büdcə xərcləri və təhsil haqqı
2008-2009-cu tədris ilində London Kral
Kollecinin illik gəliri 485622000 funt-sterlinq
təşkil edib. Bu gəlirin yalnız 100480000
tələbələrin təhsil haqqı, 134955000 tədqiqat
qrantları, 88197000 müxtəlif gəlirlər,
11783000-i isə ianə və yardımlar hesabına əldə
olunub.
2006-2007-ci illərdə London Kral Kolleci
tədqiqatlara 248 milyon funt-sterlinq xərcləyib,
tədqiqatlardan gələn gəlir isə 360 milyon funt
təşkil edib. Kollec müxtəlif sənaye ve biznes
sahəsinə göstərdiyi xidmətlərə görə 20 milyon
funt əldə edib. Son on il ərzində kollecdə
təmir və bərpa işlərinin aparılmasına 550
milyon funt vəsait xərclənib.
2009-2010-cu tədris ilində London Kral
Kollecində təhsil haqqı yerli tələbələr üçün
təxminən 3000, əcnəbi tələbələr üçün isə 13000
funt təşkil edib. Məlumat üçün bildiririk ki,
əcnəbi tələbələrin daha çox təhsil haqqı
ödəməsinin səbəbi onların Böyük Britaniyada bir
çox vergi və sığorta xərclərindən (məsələn,
bələdiyyə vergisi və s.) azad olmaları, polis və
NHS - National Health Service (Milli Səhiyyə
Xidməti) xidmətlərindən pulsuz istifadə
etmələridir.
London Kral Kollecində tələbələr üçün müxtəlif
təqaüdlər mövcuddur. Tədris ili başlamazdan öncə
bu barədə tələbələrə məlumat göndərilir və
təqaüdə ehtiyacı olan tələbələr həmin imkandan
istifadə edə bilirlər. Hər bir departament və
məktəbin öz təqaüdləri var. Əlavə təqaüdlər
"British Council" və kollecin tanınmış məzunları
tərəfindən təklif olunur.
Qəbul qaydaları
Böyük Britaniyada universitetlərə sənəd verilmə
prosesi UCAS (Universities & Colleges
Admissions Service - Universitet və Kolleclərə
Qəbul Xidməti) vasitəsi ilə onlayn şəkildə
keçirilir. Burada hər bir potensial abituriyent
üçün səhifə açılır, abituriyent özu haqqında
bütün məlumatları həmin səhifədə yerləşdirir.
Universitetlər, əsasən, abituriyentdən şəxsi
bildiriş (Personal Statement) tələb edir.
Abituriyent özu haqqında təxminən 500 sözdən
ibarət olan inşa yazmalı, nə üçün məhz həmin
fakültəni seçdiyini, müvafiq sahə üzrə nə kimi
akademik ve qeyri-akademik işlər gördüyü
haqqında məlumat verməlidir. Eyni zamanda
müəllimlərin şagird və ya tələbələri haqqında
yazdıqları fikirlər - tövsiyə məktubu tələb
olunur. Qeyd edək ki, şagirdin və ya tələbənin
müəllimin yazdığı fikirlərdən xəbəri olmur.
Tələbə eyni vaxtda 5 universitetə sənəd verə
bilər.
London Kral Kollecində abituriyentlərə qoyulan
tələblər Böyük Britaniyanın digər
universitetləri ilə müqayisədə daha yüksək olur.
Universitet bu gün
London Kral Kollecinin kampusları Londonun
mərkəzində, Temza çayının sahilində yerləşir.
Kollecin Strand, Vaterloo, Qay, Müqəddəs Tomas,
Danimarka Hill adlanan beş kampusu mövcuddur.
Kollecin əsas kampusu Strand şəhərciyidir. Bu
kampus 1831-ci ildə memar Robert Smirke
tərəfindən inşa edilib. Məktəblərin əksəriyyəti
bu kampusda yerləşir. Qay kampusunda yerləşən
binalardan ən qədimi varlı tacir Tomas Qayın
himayədarlığı ilə 1726-cı ildə tikilmiş Qay
hospitalıdır. Bu ad kampusa məhz həmin şəxsin
şərəfinə verilib. Vaterloo kampusu Londonun
Lambet rayonunda Vaterloo metrosunun
yaxınlığında yerləşir. Ərazi 1980-ci ildə
istifadəyə verilib. London Beynəlxalq Şiller
İnstitutu bu şəhərcikdədir. Müqəddəs Tomas
kampusu Lambet rayonunda Vestminister metrosunun
yaxınlığındadır və burada Tibb Məktəbi
binalarının yarısı, Stomatologiya İnstitutu,
Florens Naytingeyl muzeyi yerləşir. Danimarka
Hill kampusu Danimarka Hill metrosunun
yaxınlığındadır. Burada kollecin ən böyük
yataqxanası olan Kral Kollec binası (KingTs
College Holl), Ueston Təhsil Mərkəzi yerləşir.
London Kral Kolleci başqa universitetlər kimi,
tələbələrini yataqxanalarla təmin edir.
Yataqxanalarda qalmaq şərtləri çox sadədir.
Tədris ili başlamazdan öncə tələbənin qalacağı
yataqxana haqqında ona məlumat göndərilir.
Tələbə oxuduğu kampusa yaxın, öz maliyyə
durumuna uyğun yataqxana seçir, ödənişi tədris
ilinin başlanğıcında və ya yarım ildən bir
ödəyir. London Kral Kollecinin altı yataqxanası
var: Müqəddəs Tomas kampusunda yerləşən Brayan
Kremer Evi və Prixod Keşişinin Evi, Hamsted
Rezidensiyası, Qay kampusunda Vulfson Evi və
Böyük Dover Strit Mənzilləri, Vaterloo
kampusunda Stamford Strit Mənzilləri, Danimarka
Hill kampusunda Kral Kolleci yataqxanası. Burada
yerli və əcnəbi tələbələr üçün bir çox xidmət və
imtiyazlar mövcuddur.
Bu təhsil müəssisəsində London Kral Kolleci
Tələbə İttifaqı fəaliyyət göstərir. Bu ittifaq
Londonun ən qədim tələbə təşkilatıdır. İttifaq
gənclərin istifadəsinə 50-dən çox idman klubu,
bir neçə restoran, mağaza, əyləncə klubları
verib. Qeyd edilən xidmətlərdən istifadə
tələbələrə qat-qat ucuz başa gəlir. Londonun
dünyanın ən bahalı şəhərlərindən biri olduğunu
nəzərə alsaq, Kral Kolleci Tələbə İttifaqının
xidmətlərindən istifadə etməyin tələbələr üçün
səmərəliliyi məlum olur.
London Kral Kollecinin nəzdində bakalavrlara
200, magistrant və doktorantlara isə 230-a yaxın
müxtəlif proqramlar təklif edən doqquz məktəb
fəaliyyət göstərir. Bunlar İncəsənət və
Humanitar, Biotibbi və Səhiyyə, Tibb,
Stomatologiya, Psixiatriya, Hüquq, Qulluq və
Mamalıq Elmi, Fizika Elmləri və Mühəndislik,
Sosial Elmlər və İctimai Siyasət məktəbləridir.
Kollecdə tədqiqatçılar və doktorantlar üçün bir
Ali Məktəb də vardır. London Kral Kollecində
ingilis dili və ədəbiyyatı, Avropa dilləri,
müasir dillər, Vizantiya və müasir yunan dili,
bimolekulyar tədqiqatlar, hərbi elmlər,
gerontologiya, paleoqrafiya, immunologiya,
kliniki tədqiqatlar, çənə-sifət tibbi, ətraf
mühitin mühafizəsi, zoologiya, kino, beynəlxalq
siyasət, elektronika və s. çoxlu sayda
fakültələr var.
London Kral Kollecinin kitabxana sisteminə
kollecin beş kampusunda yerləşən kitabxanalar
daxildir. Kollecin Londonun Bromli rayonunda
Betlem Kral Hospitalı kitabxanası mövcuddur.
Kitabxana sisteminə, ümumilikdə, bir milyondan
çox kitab, elmi jurnal və elektron resurs
daxildir. Kollecin əsas kitabxanası Maughandır.
Ceyms Pennethorn tərəfindən qotik üslubda
tikilmiş kitabxana binasında hüquq, humanitar,
fiziki, sosial, siyasi, mühəndislik və s.
elmlərə aid kitablar var, eləcə də burada xüsusi
və nadir kitablar kolleksiyası, səkkizguşəli oxu
zalı mövcuddur. Kollecin 150 000 kitab, əlyazma,
xəritə, slayd, audioyazı və digər materiallar
yerləşən Foyl xüsusi kolleksiyalar kitabxanası
da vardır. Toni Arnold adlı kitabxanada hüquq
elminə aid 3000 kitab və 140 adda jurnal var. Bu
kitabxana 2001-ci ildən London Kral Kollecinin
hüquq bölməsinin bir hissəsinə çevrilib.
Vaterloo kampusunda yerləşən Franklin-Uilkins
İnformasiya Xidməti Mərkəzində tibb, biologiya,
biokimya, mamalıq, səhiyyə, əczaçılıq, ekologiya,
xəstələrə qulluq və s. elmlərə aid kitablar
saxlanılır. Qay kampusundakı Yeni Hant Evi
İnformasiya Xidməti Mərkəzində biotibb elminin
bütün sahələrinə, tibb, stomatologiya,
fizioterapiyaya aid materiallar var. Ueston
Təhsil, Müqəddəs Tomas İnformasiya mərkəzlərində
qastroenterelogiya, ciyər xəstəlikləri, diabet,
ginekologiya, tibbin tarixinə aid kitablar
mövcuddur. Psixiatriya İnstitutu kitabxanasında
3000 jurnal, 3500 elektron jurnal və 38000 kitab
var.
London Kral Kollecinin əməkdaşlarının sayı 5700
nəfərdir. 2004-cü ildən başlayaraq kollecə
professor Riçard Hyuces Treynor rəhbərlik edir.
R.Treynor kollecin əsas elmi və inzibati
şəxsidir. O, 1948-ci ildə ABŞ-da anadan olub,
Braun Universitetinin bakalavr, Prinston və
Oksford universitetlərinin isə magistr və
doktorant pillələrində təhsil alıb.
Hazırda London Kral Kollecində 19700 tələbə
təhsil alır. Onların 6200-nü magistrant və
doktorantlar, 50%-ni isə əcnəbi tələbələr təşkil
edir. Kollecdə bakalavr və magistrantlar daxil
olmaqla, dövlət və qeyri-dövlət xətti ilə 10-dan
çox azərbaycanlı tələbə təhsil alır.
2009-2010-cu tədris ilində "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində London Kral
Kollecində iki azərbaycanlı gənc - Aytac Simran
qızı Həsənova magistratura pilləsinin
hüquqşünaslıq fakültəsində, Elçin İsmayıl oğlu
Bağırov isə magistratura pilləsinin beynəlxalq
idarəetmə fakültəsində təhsil alır. 2009-cu ildə
bu proqram çərçivəsində magistratura pilləsini
Aynurə Rəşid qızı Ələkbərova ingilis dilinin
tədrisi, Elnur Aydın oğlu Əliyev isə
hüquqşünaslıq ixtisasları üzrə bitiriblər.
Daha bir həmyerlimiz Pərvin Məmmədov isə hazırda
London Kral Kollecinin biznes-menecment
fakültəsinin birinci kursunda öz hesabına təhsil
alır.
üzümüzü dünyanın müxtəlif ali təhsil
müəssisələrində təhsil alan azərbaycanlı
tələbələrə tutaraq "Azərbaycan müəllimi"
qəzetinin hər nömrəsində "Dünya universitetləri"
rubrikası adı altında dərc olunan yazılarla
qəzetin www.az-muallimi.com saytı vasitəsilə
tanış olmağa və təhsil aldıqları nüfuzlu dünya
universitetləri barədə məlumatları tehsil.kiv.@gmail.com
email ünvanına göndərməyə çağırırıq.
London Kral Kollecinin məşhur məzunları
|
Qodfry Binaysa |
Uqandanın 5-ci prezidenti |
|
|
Qlafkos Klerides |
Kiprin 4-cü prezidenti |
|
|
Tassos Papadopoulos |
Kiprin 5-ci prezidenti |
|
|
Marouf əl-Bahit |
İordaniyanın Baş naziri |
|
|
Əbd ər-Rəhman əl-Bəzzaz |
İraqın 51-ci Baş naziri |
|
|
Ser Linden Pindlinq |
Baham adalarının 2-ci Baş naziri |
|
|
Obed Asamoah |
Hananın xarici işlər naziri |
|
|
Məhəmməd Zafrulla Xan |
Pakistanın xarici işlər naziri |
|
|
Ceyms Nyamveya |
Keniyanın xarici işlər naziri |
|
|
Reys Yatim |
Malayziyanın xarici işlər naziri |
|
|
Nikolay Mladenov |
Bolqarıstanın müdafiə naziri |
|
|
Sir Ernest Klark |
Tasmaniyanın qubernatoru |
|
|
Desmond Tutu |
Keyptaunun arxiyepiskopu, sülh üzrə
Nobel mükafatı laureatı |
|
|
Ceyms Blek |
fiziologiya və tibb üzrə Nobel mükafatı
laureatı |
|
|
Mauris Uilkins |
fiziologiya və tibb üzrə Nobel mükafatı
laureatı |
|
|
Maks Teyler |
fiziologiya və tibb üzrə Nobel mükafatı
laureatı |
|
|
Çarlz
Şerinqton |
fiziologiya və tibb üzrə Nobel mükafatı
laureatı |
|
|
Friderik Hopkins |
fiziologiya və tibb üzrə Nobel mükafatı
laureatı |
|
|
Edvard Eppliton |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Ouen Riçardson |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Çarlz
Barkla |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Tomas Hardi |
dahi ingilis yazıçısı |
|
|
Uilyam Somerset Moem |
dahi ingilis yazıçısı |
|
|
Virciniya Vulf |
dahi ingilis yazıçısı |
|
|
Con Röskin |
dahi ingilis yazıçısı |
|
|
Ser Uiliyam Gilbert |
dahi ingilis yazıçısı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |