Yanvarın 30-da Gürcüstan ombudsmanının ofisində
Azərbaycanlı Tələbələr Assosiasiyasının təqdimat
mərasimi keçirilmişdir.
Assosiasiyada Gürcüstanın ali məktəblərində
təhsil alan 30-dək azərbaycanlı tələbə
birləşmişdir. Məqsəd bu ölkənin ali
məktəblərində təhsil alan 400-dək azərbaycanlı
tələbənin gürcü həmyaşıdları ilə ünsiyyət
qurmasına kömək etmək, onların cəmiyyətə
inteqrasiyası, ölkənin siyasi, iqtisadi, mədəni
həyatında fəal iştirakının təmin olunması və
hüquqlarının qorunmasıdır.
Tədbirdə çıxış edən Tbilisi şəhərinin meri Qiqi
Uqulava əmin olduğunu bildirmişdir ki,
azərbaycanlı tələbələr təşkilatlanaraq qarşıda
duran vəzifələrin öhdəsindən layiqincə
gələcəklər. O, meriyanın onlara dəstək
verəcəyini də söyləmişdir.
İ.Cavaxişvili adına Tbilisi Dövlət
Universitetinin rektoru Georgi Xubua başçılıq
etdiyi ali məktəbdə daha çox azərbaycanlı
tələbənin təhsil almasını, onların ölkə
həyatının bütün sahələrində fəal iştirakını
arzulamışdır.
Təhsil və elm nazirinin müavini Nodar Surquladze
hökumətin milli azlıqların nümayəndələrinin ali
təhsil alması istiqamətində həyata keçirdiyi
tədbirləri diqqətə çatdırmışdır.
Azərbaycanın Tbilisidəki səfirliyinin məsul
əməkdaşı Şövqi Mehdizadə, Gürcüstan
Parlamentinin komitə sədri Georgi Arsenişvili,
ombudsman Georgi Tuquşi və başqaları
assosiasiyaya uğur diləmiş, bu qurumun
azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasına
layiqincə xidmət göstərəcəyinə əmin olduqlarını
bildirmişlər.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.
|