Fevralın 3-də Bakıdakı 1 nömrəli orta məktəbdə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
2009-2010-cu tədris ili üçün ali məktəblərə
qəbul imtahanlarının elmi-statistik təhlilinə
həsr olunmuş müşavirə keçirdi. Müşavirədə
TQDK-nın, Təhsil Nazirliyinin nümayəndələri,
məktəb direktorları və KİV əməkdaşları iştirak
edirdilər.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü
ilə açaraq bildirdi ki, bu gün buraya TQDK və
Təhsil Nazirliyi ekspertləri və məktəb
direktorlarının birgə iştirakı ilə ənənəvi bir
müşavirəyə toplaşmışıq. Deməliyik ki, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası ali və orta
ixtisas məktəblərinə sənəd verən
abituriyentlərin ali və orta ixtisas
məktəblərinə qəbulu ilə əlaqədar respublikanın
bütün bölgələrində belə bir müşavirə keçirib.
Burada sizi maraqlandıran nə varsa, suallarla
müraciət edə bilərsiniz, - deyən təhsil naziri
Misir Mərdanov qeyd etdi ki, ümumi məqsədimiz
Azərbaycanda təhsilin səviyyəsini inkişaf
etdirməkdir.
Sonra söz TQDK-nın sədri Məleykə Abbaszadəyə
verildi. M.Abbaszadə "Azərbaycan Respublikasının
ali və orta ixtisas məktəblərinə tələbə qəbulu:
nəticələr, nailiyyətlər, vəzifələr" mövzusunda
təqdimat etdi. Ali və orta ixtisas
məktəblərinə qəbulun nəticələri haqqında
danışan TQDK-nın sədri bildirdi ki, TQDK ölkə
ictimaiyyətinə hər il ali və orta ixtisas
məktəblərinə ərizə verən abituriyentlər və
onların qəbulu barəsində məlumatlar verir. Keçən
il ilk dəfə respublikanın bütün bölgələrində XI
siniflər üzrə buraxılış imtahanları mərkəzləşmiş
qaydada keçirildi. Bakı şəhərinin orta
ümumtəhsil məktəblərini 2009-cu ildə 25 min 244
məzun bitirdi. Şəhər məktəblərinin məzunlarının
1727 nəfəri 500-dən , o cümlədən 404 nəfəri
600-dən yuxarı bal topladı.Nəticədə respublika
üzrə qabaqcıl məktəblərin sırasına bu il
şəhərin 72 nömrəli məktəb- liseyi, 287 nömrəli
"Zəkalar" liseyi, 160 nömrəli klassik gimnaziya,
texniki-humanitar lisey, 261 nömrəli
məktəb-lisey, 1, 23, 48, 54, 82, 145, 210 və 220
nömrəli orta məktəblər daxil oldu.
Sonra qabiliyyət imtahanları tələb olunan
ixtisaslar haqqında danışan M.Abbaszadə 2009
-cu il məzunlarının paylanma diaqramı barədə
məlumatı müşavirə iştirakçılarının nəzərinə
çatdırdı. O, ali və orta ixtisas məktəblərinə
qəbul üzrə Bakı şəhəri məktəblərinin yaxşı,
respublika üzrə Xaçmaz rayon məktəbləri
məzunlarının isə aşağı nəticə göstərdiklərini
vurğuladı.
Müşavirədə ali məktəblərin reytinq
göstəricilərindən söz açan M.Abbaszadə qəbul
zamanı imtahan fənləri üzrə yüksək nəticə
göstərən təhsil müəssisələrinin adlarını çəkdi
və abituriyentlərin topladıqları ballara görə
Bakı məktəblərinin yaxşı nəticə qazandığını
dedi.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir müavini Məhəmməd Bayramov da çıxış
etdi.Bildirdi ki, 2008-2009-cu tədris ilində ali
və orta ixtisas məktəblərinə qəbul olanların
45%-i Bakı şəhər məktəblərinin payına düşür.
Təsadüfi deyildir ki, Bakı şəhər məktəblərinin
məzunlarının ali məktəblərə qəbul zamanı
topladıqları orta bal 400-dən yuxarı olmuşdur.
İndi respublikanın ən sanballı ali təhsil
müəssisələrindən olan BDU-da, Azərbaycan Dövlət
İqtisad Universitetində, Azərbaycan Dövlət Neft
Akademiyasında və xaricdə oxuyan tələbələrimizin
sayı əvvəlki illərlə müqayisədə xeyli artmışdır.
Daha sonra M.Bayramov ali və orta ixtisas
məktəblərinə qəbul zamanı Sumqayıt məktəblərinin
məzunlarının da yüksək nəticələr göstərdiyini
vurğuladı.O, eyni zamanda qəbul imtahanlarında
bəzi variantlarda verilmiş test suallarının
çətin olduğunu da tədbir iştirakçılarının
nəzərinə çatdırdı.
Sonda TQDK ilə Təhsil Nazirliyinin səmərəli
əməkdaşlığını xüsusi qeyd edən təhsil naziri
Misir Mərdanov bundan sonra da belə tədbirlərin
keçirilməsinin vacibliyini söyləməklə, cari
tədris ilində təhsil işçilərinin qarşısında
duran vəzifələrdən danışdı.
Şakir CƏFƏROV |