2 fevral - Gənclər Günü münasibətilə Media
Mərkəzində "SOS Uşaq Kəndləri-Azərbaycan"
Assosiasiyası "Gələcək bizimdir" adlı tədbir
keçirmişdir.
Tədbirdə çıxış edən assosiasiyanın milli
direktoru Gülarə Hümbətova bildirmişdir ki, biz
valideyn himayəsindən məhrum olmuş uşaqların
irqindən, milliyyətindən və dinindən asılı
olmayaraq qayğısına qalır, onların isti ailə
mühitində böyümələrini təmin edirik. Bizim əsas
məqsədimiz həmin uşaqları müstəqil həyata
hazırlamaqdır.
Gənclərin hərtərəfli inkişafından, onlara
göstərilən diqqət və qayğıdan danışan natiq
vurğulamışdır ki, burada yaşayan gənclərin işlə
təminatı daim diqqət mərkəzindədir. Bu
istiqamətdə bir çox mühüm layihələr həyata
keçirilir, yaxın vaxtlarda onların yaşayış
şəraitini təmin edəcək "Gənclər evi"nin açılışı
nəzərdə tutulur.
Tədbirdə SOS Uşaq Kəndlərinin "Gənclər evi"ndən,
"Ailələrə dəstək" sosial layihəsindən və 257
nömrəli məktəbdə təhsil alan bir qrup gəncin
"Gələcək bizik" şüarı altında çəkdikləri qısa
videoçarxlardan danışılmışdır.
Mərasimdə gənclər tərəfindən çəkilmiş 4 qısa
videoçarx nümayiş etdirilmiş, bu görüntülərdə
gənclərin sosial problemləri və onların həlli
yolları göstərilmişdir.
Sonda "Gələcək bizik" layihəsində fəal iştirak
edən bir qrup fəal gəncə diplom və Fəxri fərman
təqdim edilmişdir.
AzərTAc |