Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Fevral 2010 - ¹05

 

Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu bu ilin yanvarından başlayaraq ayda bir dəfə ölkənin təhsil sistemində aparılan islahatlara həsr olunmuş respublika seminarı keçirməyi nəzərdə tutub. Seminarlarda məqsəd islahat çərçivəsində ümumi təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə, xüsusən də institutun Kurikulum Mərkəzində fənn kurikulumlarının hazırlanması və tətbiqi ilə bağlı görülən işlərdə təhsil işçilərinin daha geniş dairəsinin iştirakını təmin etmək, onların rəy və mülahizələrini, arzu və istəklərini öyrənmək, aparılan müzakirə və diskussiyalarda irəli sürülmüş faydalı təkliflər əsasında fəaliyyətləri daha da təkmilləşdirməkdir.  

Yanvarın 29-da institutda həmin silsilədən ilk seminar keçirildi. "Yeni fənn kurikulumlarının tətbiqi: problemlər, vəzifələr" mövzusuna həsr olunmuş seminarda kurikulum və qiymətləndirmə üzrə milli məsləhətçilər, dərslik müəllifləri, Bakıdan və bölgələrdən ibtidai sinif müəllimləri iştirak edirdilər.

Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov seminarı açaraq iştirakçıları salamladı, dəvət olunanlara seminarın məqsəd və məramı, iş qaydası haqqında məlumat verdi.

A.Mehrabov bildirdi ki, hazırda rəhbərlik etdiyi institutun Kurikulum Mərkəzində, onun ayrı-ayrı struktur bölmələrində yeni fənn kurikulumlarının hazırlanması və tətbiqi ilə bağlı geniş iş aparılır. Bu işə paytaxtda və bölgələrdə fəaliyyət göstərən müxtəlif institut və universitetlərin əməkdaşları, ümumtəhsil məktəblərinin fəal müəllimləri cəlb olunur. çoxlu sayda təhsil işçisi mərkəzlə sıx əlaqə saxlayaraq burada keçirilən tədbirlərdə iştirak edir, arzu və təkliflərini bildirirlər. Belə müzakirələri daha səmərəli etmək üçün institutda ayda bir dəfə silsilə seminarlar keçirilməsi planlaşdırılıb. Hər ayın sonuncu günlərinin birində  təşkil olunması nəzərdə tutulan həmin seminarların dəqiq vaxtı və mövzusu barədə mətbuat vasitəsi ilə təhsil işçilərinə məlumat veriləcəkdir.

Direktor giriş sözündə son illər ölkəmizdə kurikulum islahatı adı altında ümumi təhsilin məzmununun yeniləşdirilməsi, nəticəyönümlü, şəxsiyyətyönümlü yeni təhsil modelinin yaradılması istiqamətində görülmüş işlər haqqında qısa məlumat verərək qeyd etdi ki, 2003-2013-cü illəri əhatə etməklə iki mərhələdə reallaşdırılması nəzərdə tutulan İkinci Kredit Layihəsinin ilk mərhələsi çərçivəsində ölkəmizdə kurikulum islahatına başlanıb və qısa zaman ərzində təlimin məzmununu, strategiyalarını, qiymətləndirmə mexanizmlərini və s. özündə ehtiva edən Milli Kurikulum hazırlanaraq 2006-cı ildə təsdiq olunub. Həmin konseptual sənəd əsasında I-IV siniflər üçün hazırlanmış və təsdiq olunmuş fənn kurikulumları artıq ikinci ildir ki, tətbiq olunur.

A.Mehrabov çıxışında böyük zəhmət hesabına, yüzlərlə təhsil işçisinin birgə səyi ilə hasilə gəlmiş və hazırda uğurla tətbiq olunan kurikulumlar, onlar əsasında yazılmış dərslik komplektlərinə qarşı son dövrlər bəzi mətbuat orqanlarında aparılan qərəzli kampaniyaya, bu işlə bilavasitə məşğul olmamış, hətta kurikulumun mahiyyəti barədə kifayət qədər məlumatı olmayan üzdəniraq mütəxəssislərin bu istiqamətdəki yazılarına da münasibət bildirərək bunları görülmüş böyük işə kölgə salmaq, qara yaxmaq, ictimaiyyəti çaşdırmaq cəhdi kimi qiymətləndirdi. Həmin yazıların müəlliflərinin kurikulumları tənqid edərkən heç bir tutarlı əsas gətirmədiklərini, elmi əsaslara söykənmədiklərini söylədi. Diqqətə çatdırdı ki, dünyanın bir sıra aparıcı ölkələrinin bu sahədəki təcrübələri öyrənilməklə hazırlanmış Milli Kurikulum sənədi, fənn kurikulumları ölkəmizə xas milli təhsil modeli olmaqla dünyanın ən aparıcı ölkələrinin müvafiq sənədləri ilə eyni səviyyədə durur. Təsadüfi deyil ki, bizim hazırladığımız kurikulumları ABŞ, Avstraliya, Hollandiya kimi xarici ölkələrdəki bu işlə məşğul olan qurumlar, mütəxəssislər də yüksək qiymətləndirmiş, onların Avropa ölkələrinin kurikulumları səviyyəsinə uyğun sənədlər olduğunu bildirmişlər.

A.Mehrabov kurikulum islahatında xeyli insanın əməyi olduğunu, yaradılmış 23 işçi qrupunda 400 nəfərdən çox insanın çalışdığını, həmin işçi qruplarına ölkənin ən tanınmış alimləri və təhsil işçilərinin rəhbərlik etdiyini, hazırlanmış kurikulumların layihələrinin pedaqoji mətbuat orqanlarında dərc edilərək müzakirəsinin aparıldığını, müzakirələrin gedişində xeyli təkliflər alınaraq ümumiləşdirildiyini diqqətə çatdırdı.

A.Mehrabov təhsil sahəsindəki bütün çatışmazlıqlarda Təhsil Nazirliyinin günahlandırılmasının da düzgün olmadığını, təhsillə, onun problemləri ilə məşğul olan digər qurumları, o cümlədən də Dərslikləri Qiymətləndirmə Şurasının işinə, fəaliyyətinə görə bilavasitə Təhsil Nazirliyini və naziri günahlandırmağın heç bir məntiqə sığmadığını bildirdi. Görülmüş bütün müsbət işlərin üzərindən xətt çəkməyə cəhd edənləri vətənpərvərlik hissindən uzaq, ancaq öz ambisiyalarını yeritmək istəyən adamlar kimi qiymətləndirdi.

Daha sonra o bildirdi ki, Əlövsət Osmanlı dəfələrlə yazdığı məqalələrdə kurikulum islahatının iflasa uğradığını, məzmun standartlarının mahiyyətinin açılmadığını qeyd edir. Əgər bu belə idisə o, müsabiqəyə təqdim etdiyi "Riyaziyyat-1", "Həyat bilgisi-1", "Ana dili-1" dərslik komplektlərini hansı normativ sənədlərin tələblərinə uyğun hazırlamışdır? Və hansı məntiqlə 2008-ci ildə "Pedaqogika" nəşriyyatı tərəfindən müsabiqəyə təqdim olunmuş həmin dərsliklərin titul səhifəsində "Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulumu əsasında hazırlanmışdır" ifadəsini yazmışdır?

Natiq kurikulumların nəticəyönümlü xarakteri barədə danışdı, oradakı məzmun standartlarının nəticələrdən (dəyərlərdən) ibarət olduğunu bildirdi. Qeyd etdi ki, əgər nəticələrin əldə olunması üçün lazım olan vasitələr sistemi, yəni deklorativ biliklər və digər materiallar kurikulumlara daxil edilərsə, o zaman bu sənədin nəticəyönümlü xarakteri dəyişər və əvvəlki tədris proqramları kimi təlim materiallarını təsvir edən bir sənədə çevrilər. 

Yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı araşdırmalar aparılıb 

A.Mehrabov çıxışının sonunda son illər kurikulum islahatı yönündə görülmüş işlər, aparılmış araşdırmalar, aşkar edilmiş problemlər və qarşıda duran vəzifələrlə bağlı təqdimat hazırlandığını diqqətə çatdırıb, həmin təqdimatla seminar iştirakçılarını tanış etmək üçün sözü Kurikulum Mərkəzinin ibtidai təhsilin kurikulumu şöbəsinin müdiri, pedaqoji elmlər namizədi Bibixanım İbadovaya verdi.

"Yeni fənn kurikulumlarının tətbiqi: problemlər, vəzifələr" mövzusunda təqdimatına kurikulumların tətbiqi ilə bağlı görülmüş işlərin hazırlıq və tətbiq mərhələlərindən ibarət olduğunu deməklə başlayan B.İbadova öncə hazırlıq mərhələsində həyata keçirilmiş tədbirlər barədə məlumat verdi. Qeyd etdi ki, bu mərhələdə respublikada pedaqoji innovasiyaların öyrənilib ümumiləşdirilməsi, pedaqoji kadrların hazırlanması, yeni kurikulumların və dərsliklərin nəşr olunması, beynəlxalq təcrübənin öyrənilməsi, maarifləndirici tədbirlərin keçirilməsi, elmi-pedaqoji və metodik ədəbiyyatın hazırlanıb çap olunması, "Kurikulum" jurnalının nəşr olunması həyata keçirilmişdir.

Həmin istiqamətlərin hər birindən ayrıca söz açan təqdimatçı yeni fənn kurikulumunun tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı tədqiqatların aparıldığını, monitorinqlərin keçirildiyini, pedaqoji mətbuatda dərc edilmiş yazıların öyrənildiyini seminar iştirakçılarının diqqətinə çatdırdı.

Pedaqoji kadr hazırlığına toxunan B.İbadova yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı pedaqoji kadr hazırlığının 2007-2008-ci illərdə 4 mərhələ üzrə aparıldığını, I mərhələdə 182, II mərhələdə 400, III mərhələdə 6849, IV mərhələdə 8222 nəfərin kurslardan keçdiyini, 2009-cu ildə isə yeni fənn kurikulumu üzrə birinci siniflərdə dərs deyəcək 8908 müəllimin öyrədici kurslara cəlb olunduğu, 48 müəllimin təlimçi kimi hazırlandığını bildirdi. Qeyd etdi ki, müəllimlərə praktik kömək göstərilməsi məqsədi ilə kurikulum portalı yaradılmış, Kurikulum Mərkəzində məsləhət günləri müəyyən olunmuşdur.

Sonra o, yeni fənn kurikulumların tətbiqi prosesində əldə olunmuş nailiyyətləri diqqətə çatdırdı. Qeyd olundu ki, bu prosesdə müəllimlərdə tədqiqatçılıq bacarığı formalaşır; yaradıcılıq və peşəkarlıq qabiliyyəti inkişaf edir; fəallığı artır; kommunikativ bacarıqları inkişaf edir.

Yeni məzmuna uyğun pedaqoji texnologiyaların tətbiqi şagirdlərin də təlim marağını yüksəldir, axtarışa sövq olunmasını təmin edir, onların tədqiqatçılıq meyilini gücləndirir, problemləri müstəqil həll etməsinə imkan yaradır, onlarda özünəinam hissini formalaşdırır, mühakimə yürütmə, fərqləndirmə və müqayisələr aparmaq bacarıqlarını inkişaf etdirir və s. Yeni kurikulumların tətbiqi nəticəsində habelə müəllim-valideyn əlaqələri güclənir. Valideyn maraqlı tərəf kimi təhsildəki yeniliklərlə bağlı təlim prosesində daha yaxından iştirak edir.

B.İbadova təqdimatında aparılan araşdırmaların bir sıra problemləri də aşkara çıxartdığını bildirdi və bunlara misal olaraq şagirdlərin məktəbə hazırlanması və bununla əlaqədar I siniflərdə təlim prosesində çətinliklər yarandığını, məktəb rəhbərlərinin kurikulum islahatı ilə bağlı məlumatının az olmasını, tövsiyə olunmuş illik və cari planlaşdırmaları, eləcə də müəllim vəsaitində verilmiş nümunələrə ehkam kimi yanaşmasını, təlim prosesinin təşkilində, standartlar qrupunun, təlimin forma və üsullarının məqsədəuyğun seçilməsində, təlim məqsədlərinin, təlim tapşırıqlarının müəyyənləşdirilməsində müəllimlərin peşəkarlığının lazımi səviyyədə olmaması, ingilis dili və informatika fənləri istisna edilməklə, qalan fənlərin bir neçə müəllim arasında bölüşdürülməsini qeyd etdi. O, habelə məktəbdaxili qiymətləndirmə qaydalarının sistemli şəkildə tətbiq olunmamasını, ana dili, riyaziyyat və həyat bilgisi fənlərinə diqqətin daha çox yönəldilməsini, digər fənlərə "ikinci dərəcəli" fənn kimi münasibət bəslənməsini də aşkara çıxarılmış problemlər kimi qeyd etdi.

Təqdimatda problemlərin həlli üçün nəzərə alınması, zəruri olan bir sıra məsələlərə də diqqət yetirildi. Bu baxımdan I sinfə qəbul olunacaq şagirdlərin məktəbəqədər müəssisələrdə və ya məktəblərdə hazırlanması, məktəb rəhbərləri, metodistlər və digər təhsil işçiləri üçün xüsusi təlimatlandırıcı kursların, müəllimlərin peşəkarlığının yüksəldilməsi məqsədi ilə müxtəlif təlim kursları və seminarların təşkil olunması, qiymətləndirmənin təşkili, aparılması və vasitələri ilə bağlı metodik tövsiyələrin hazırlanması, valideynlərlə müntəzəm maarifləndirmə işlərinin aparılması, əlavə resursların çap olunması, yeni şəraitə uyğun "Məktəb kurikulumu"nun hazırlanması və s. qarşıda duran zəruri vəzifələr kimi qeyd edildi.Sonra mövzu ətrafında geniş müzakirə aparıldı. 

Düzgün planlaşdırma uğur üçün əsas şərtlərdəndir 

İlk söz alan Bakı şəhərindəki 5 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Fatimə Xəzri - Mirzəyeva dərsin düzgün planlaşdırılmasını yeni kurikulumlarla təlimdə uğur qazanmağın əsas şərtlərdən biri olduğunu söyləyib öz təcrübəsində bu məsələyə xüsusi diqqət yetirdiyini, dərslərin elektron versiyasını hazırladıqlarını diqqətə çatdırdı. Yeni fənn kurikulumlarının üstünlüklərindən danışan F.Xəzri-Mirzəyeva  onlarda məzmun standartlarının dolğun şəkildə müəyyənləşdirildiyini, fənlərarası əlaqə yaratmaq üçün geniş imkanlar açıldığını qeyd etdi. Bununla yanaşı o, yeni kurikulumların təlim prosesində müəyyən çətinliklərlə qarşılaşdıqlarını, məktəblərində yalnız bir kompüter kabineti olduğundan dərslərin hamısını həmin sinifdə keçə bilmədiyini, surətçıxaran avadanlıq olmadığından hazırlanmış təlim tapşırıqlarının şagirdlərin sayına uyğun surətinin çıxarılmasında problemlə üzləşdiyini söylədi.

Zaqatala şəhər humanitar fənlər gimnaziyasının ibtidai sinif müəllimi Məhsəti Qazıyeva çıxışında yeni kurikulumların tətbiqi ilə bağlı keçirilmiş təlim kurslarında iştirak edərək yeniliyin mahiyyətini öyrəndiyini, təlimçi statusu almış müəllimlərin dərslərində iştirak etdiyini, həmkarları ilə daim fikir və təcrübə mübadiləsi apardığını və bütün bunların ona yeni kurikulumlarla təlimdə böyük kömək göstərdiyini bildirdi. Ana dili, riyaziyyat kurikulumlarını, hər iki fənn üzrə hazırlanmış dərslikləri yüksək qiymətləndirən, iş prosesində bunlarla bağlı heç bir çətinlik çəkmədiyini deyən M.Qazıyeva əksinə, musiqi və texnologiya dərslərində müəyyən problemlərlə qarşılaşdığını, həmin fənlərin kurikulumlarında standartların bir qədər çətin olduğunu bildirdi, Azərbaycan dilindən müəllim üçün vəsaitə summativ qiymətləndirmə üçün tapşırıqlar salınmasını arzu etdi.

Bakı şəhərindəki 5 nömrəli orta məktəbin ibtidai siniflər üzrə metodbirləşməsinin sədri Günel Musəvi də yeni fənn kurikulumlarının səviyyəsindən razı qaldığını söyləyib, onların müəllimə geniş yaradıcılıq imkanları verməsini müsbət hal kimi qiymətləndirdi. O da üzləşdikləri ən ciddi problemlərdən birinin məktəblərində kompüter sinfinin çatışmaması ilə bağlı olduğunu, 15 sinif üçün cəmi 1 kompüter sinfinin azlıq təşkil etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, müvafiq texniki avadanlığın olmaması üzündən müəllimlər summativ, formativ qiymətləndirmə üçün test tapşırıqlarını əllə yazmalı olurlar ki, bu da xeyli vaxt itkisinə səbəb olur. G.Musəvi uşaqların bağçalarda yeni kurikulumlara uyğun hazırlanmasını təklif etdi.

Daha sonra söz alan Bakıdakı 164 nömrəli məktəbin müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Afət Allahverdiyeva I sinifdə dərs dediyini, bu sinif üçün hazırlanmış kurikulumların şagirdlərin şəxsiyyət kimi formalaşmasına imkan verdiyini, onlara sərbəstfikirlilik aşıladığını söylədi. O, çıxışında valideynlərlə işə diqqəti gücləndirməyin, yeni kurikulumlarla bağlı onlar arasında sistemli maarifləndirmə işləri aparılmasının vacibliyini diqqətə çatdırdı.

Bakıdakı 124 nömrəli məktəbin ibtidai sinif müəllimi çimnaz Əliyeva təlimçi müəllim kimi tez-tez həmkarları ilə ünsiyyətdə olduğunu, onlar arasında yeni kurikulumların mahiyyəti barədə dəqiq və geniş təsəvvürlərə malik olmayanlarla da rastlaşdığını, bu baxımdan müəllimlərin bir çoxunun öyrənməyə ehtiyacları olduğunu, bu ehtiyacı ödəmək üçün əlavə öyrədici kurslar təşkil etməyin zəruriliyini qeyd etdi. Bildirdi ki, bu məqsədlə məktəblərində kurikulum mərkəzi yaradılıb. Onun yaradılmasında TPİ-nin Kurikulum Mərkəzi onlara kömək edib. O dedi: - Bəzi müəllimlərdə inamsızlıq olur. Etdiklərinə inanmır, özlərini yoxlamaq istəyirlər. Bu məqsədlə həm I, həm də II siniflərdə qiymətləndirmə üçün səviyyələr üzrə testlərin hazırlanması, müvafiq siniflər üzrə test bankının yaradılması yaxşı olar. ç.Əliyeva musiqi fənni üzrə mövcud dərslik komplekti ilə yanaşı, mahnıların tam melodiyasının yazıldığı disklərin də olmasını vacib saydı. O, habelə qeyd etdi ki, texnologiya dərsi üçün vaxt azdır, dərsin nəzərdə tutulan bütün hissələrini ayrılmış vaxt çərçivəsində yerinə yetirmək mümkün olmur. 

Bəzi fənlər üzrə resurslar azlıq edir 

Seminarda söz alan Şuşa 3 nömrəli məktəbin müəllimi Elmira Bağırova da ibtidai siniflər üçün fənn kurikulumlarının gözəl tərtib olunduğunu, xüsusən dərsliklərdə verilmiş testlərin uşaqlarda idrak fəallığı yaratdığını, həmin testlərə əsasən onların məntiqi fikir yürütmə bacarığına yiyələndiyini dedi. Lakin E.Bağırovaya görə, riyaziyyat fənninə ayrılmış 4 saat azdır. Dərslikdə tapşırıqlar çox olduğundan müəllim onların hamısını çatdırıb həll etdirə bilmir. Ona görə də bəzi müəllimlər başqa fənlərə, xüsusən də musiqi, texnologiya fənlərinə ayrılmış vaxtı da riyaziyyata həsr edirlər.

Bakı şəhərindəki 23 nömrəli orta məktəbdə II sinifdə dərs aparan Solmaz Abdullayeva seminar iştirakçılarının diqqətinə çatdırdı ki, yeni kurikulumlar təhsildə böyük canlanma yaradıb. Hazırlanmış dərslik komplektləri yüksək səviyyədə olub kurikulumların tələblərinə tam cavab verir. Dərsliklər həm şagird, həm də müəllim üçün stimullaşdırıcı mənbədir. Onlar müəllimin yaradıcı axtarışlarına geniş meydan açır, buna görə də yaxşı müəllimlər onlarla işləməkdə heç bir çətinlik çəkmirlər. S.Abdullayeva qeyd etdi ki, məktəblərində elektron dərslər hazırlanır, dərslərdə kompüterlərdən geniş istifadə olunur. İnformatikadan disklər müəllimlərin işini asanlaşdırır. Lakin o da bəzi fənlər üzrə mövcud  resursların azlıq təşkil etdiyini bildirdi və müəllimlərə daha çox resurslar verilməsini arzu etdi.

Bakıdakı 287 nömrəli "Zəkalar" liseyinin müəllimi Maral Məmmədova işlədiyi müddətdə həmişə şagirdləri necə fəallaşdırmaq sualına cavab axtardığını, ənənəvi dərslərdə buna o qədər də imkan olmadığını, yalnız yeni dərsliklərdə sualına cavab tapdığını bildirdi. Qeyd etdi ki, yeni dərsliklərdə fənlərarası əlaqə yaxşı qoyulub. Bu dərsliklərlə işləyərkən məqsədə daha asan nail olunur. Dərsliklər şagirdləri, valideynləri də çox maraqlandırır.

Şüvəlan qəsəbəsindəki 156 nömrəli məktəbin ibtidai sinif müəllimi Sevil Haşımova Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş məktəblərində təlimin dövrün tələblərinə uyğun təşkili üçün nümunəvi şəraitin olduğunu, tədris ocağının hər cür avadanlıqla təchiz edildiyini, məhz bütün bunların da nəticəsində yeni kurikulumların tətbiqində çətinliklərinin olmadığını bildirdi. Onun fikrincə, yeni fənn kurikulumları və onlara əsasən tərtib olunmuş dərslik komplektləri yaxşı hazırlıqlı müəllimlər üçün heç bir çətinlik yaratmır. Sadəcə olaraq müəllimdən öz işinə yaradıcı yanaşma tələb olunur.

Seminarda iştirak edən dərslik müəllifləri də müzakirəyə qoşulub öz fikirlərini bildirdilər, bəzi məsələlərə aydınlıq gətirdilər. 

Riyaziyyat təliminin fəlsəfəsinə yeni baxış 

İbtidai məktəbin I və II sinifləri üçün riyaziyyat dərsliklərinin həmmüəllifi Nayma Qəhrəmanova çıxış edərək bildirdi ki, hələ dərsliklər üzərində işləyərkən dünya təcrübəsini nəzərə alıb mükəmməl müasir dərslik yaratmağa çalışsa da, həm müəllimlər, həm ictimaiyyət, həm də ənənəvi dərsliklərin müəllifləri tərəfindən təzyiqlərə və tənqidlərə məruz qalacağını gözləyirmiş. Riyaziyyat dərsliyinin nə üçün daha çox tənqid olunmasının səbəblərinə toxunan N.Qəhrəmanova müəllimlərin iradlarının dərslikdə materialların çoxluğu ilə bağlı olduğunu və onlarla görüşlərində bunların səbəbini izah etdiyini söylədi. Dərslik müəllifi qeyd etdi ki, riyaziyyat yoxlama fənni deyil. Bu gün kurikulumun irəli sürdüyü və önə çəkdiyi şəxsiyyətdə idrakı, sosial və praktik bacarıqlar, psixoloji öhdəliklər formalaşdırmaq məqsədi var və riyaziyyat fənni də bu məqsədin əldə olunmasına xidmət etməlidir. Bu isə müəllimlərin ənənəvilikdən daha çox çalışmasını tələb edir. O dedi ki, Kurikulum sənədi qarşıya qoyulmuş bu məqsədin yerinə yetirilməsi üçün yollar da göstərir. Göstərir ki, əgər sən bir riyaziyyatçı, bir şəxsiyyət yetişdirmək istəyirsənsə, verilmiş məzmun standartlarını, məzmun xətlərini müəyyən fəaliyyət standartları ilə kəsişdirərək yerinə yetirməlisən və bu xəritə sənin fəaliyyətində görünməlidir. Bu fəaliyyət standartları şəxsiyyətin problemi həlletmə, mühakimə yürütmə, təqdimetmə və s. qabiliyyətləridir. Əgər bu fəaliyyət xətləri ilə məzmun xətlərini kəsişdirə biliriksə, deməli, biz şəxsiyyətin formalaşmasına yönəldilən müəyyən fəaliyyətləri yerinə yetirə bilərik.

N.Qəhrəmanovanın fikrincə, Kurikulum Mərkəzi məzmun standartlarının necə həyata keçirilməsi barədə resept verə bilməz. çünki Kurikulum Mərkəzi kurikulumun fəaliyyət standartları və məzmun xətlərinin həyata keçirilməsini və şəxsiyyətin bu parametrlər üzrə yetişdirilməsini təyin edir, onların yerinə yetirilməsi isə müəllimin öhdəsinə düşür.

N.Qəhrəmanovaya görə, başqa bir mühüm amil bütün bu məsələləri izah edən, aydınlaşdıran əsərlərin yazılmasıdır ki, bu da müəlliflərin üzərinə düşür. O, bu istiqamətdə dünya təcrübəsini mükəmməl öyrənməklə müvafiq iş apardığını vurğuladı.

N.Qəhrəmanova dedi: Mən Kanadanın, Avropanın bir çox ölkələrinin, ABŞ-ın bəzi ştatlarının kurikulumlarını öyrənib bizim Milli Kurikulumla müqayisə etmişəm. Deyə bilərəm ki, bizim kurikulum tamamilə inkişaf etmiş ölkələrin tələblərinə cavab verən səviyyədədir. Lakin məsələ ondadır ki, onların daha çox resursları var, məzmun standartları, məzmun xətləri üzrə müəyyən özəllikləri var. Xəritələri mövcuddur. Bunları alimlər, tədqiqatçılar yazırlar.

Müəllifi olduğu riyaziyyat dərslikləri hazırlanarkən necə öyrətmək məsələsinə yeni prizmadan yanaşıldığını deyən N.Qəhrəmanova riyaziyyat fənninin fəlsəfəsinin təməlindən dəyişdiyini bildirdi. Qeyd etdi ki, indiyədək riyaziyyatın fəlsəfəsini ən yaxşı halda "riyaziyyat riyaziyyatçı üçün" təşkil edirdisə, indi o, "riyaziyyat həyat üçün", "riyaziyyat şəxsiyyət üçün"dür. Xarici dərsliklərdən nümunə gətirərək bildirdi ki, orada dərsliklər qabiliyyətlər üzrə, məsələn, problemi həlletmə, mühakimə yürütmə, əlaqələndirmə və müqayisə etmə qabiliyyətləri üzrə bölmələndirilir. Yəni kitabların bölmələri bacarıqlar üzərində formalaşdırılır. 

Dərslikləri ideallaşdırmaq düzgün deyil 

Seminarda iştirak edən "Azadlıq" qəzetinin köşə yazarı, Bakıdakı 73 nömrəli məktəbin müəllimi Nabatəli Qulamoğlu da müzakirəyə qoşularaq dərslik haqqında N.Qəhrəmanovanın səsləndirdiyi fikirləri bölüşdüyünü söylədi.

Kurikulumdan söz açan N.Qulamoğlu bildirdi ki, dünya praktikasında kurikulum yazılmasının iki prinsipi var. Bir prinsipə görə, standartlar yuxarıda hazırlanır. Sonra aşağılara verilir. Onun üzərində işlənilir, təcrübədən keçirilir və qiymətləndirmə gedir. İkinci prinsipinə görə isə əksinə, standartlar aşağıdan yuxarıya ötürülür. Yəni valideynlər axtarışlara qoşularaq uşaqlarında görmək istədikləri qabiliyyətləri müəyyənləşdirir. Onlar ümumiləşdirilib eksperimentdən keçdikdən sonra tətbiq olunur, yəni nəticə alındıqdan sonra standartları yazmağa başlayırlar. Onun fikrincə, I prinsip mərkəzləşdirilmiş, ikinci isə demokratik dövlətlər üçün xasdır.

Daha sonra dərsliklər barədə fikirləri bildirən N.Qulamoğlu onları ideallaşdırmağın əleyhinə çıxaraq dərsliklərin Quran ayəsi kimi dəyişməz olmadığını, onlarda dəyişikliklər aparmağın mümkün və lazımlığını, hər bir görülən işdə nöqsan olduğu kimi, dərsliklərdə də müəyyən qüsurlara yol verildiyini və bu qüsurları aradan qaldırmağın vacibliyini diqqətə çatdırdı. Sonra o, riyaziyyat dərsliklərini gözdən keçirdiyini, burada bir sıra qüsurlara yol verildiyini qeyd edib fikrini təsdiq üçün bir neçə misal çəkdi, bu baxımdan dərsliklərin ciddi süzgəcdən keçirilməsini zəruri saydı. Hazırda ilkin müəllim hazırlığının onu qane etmədiyini deyən yazar ali məktəblərin pedaqoji fakültələrinə 250 balla qəbul olunanların müəllimin hazırlığından xəbər verdiyini söylədi, hələ bir neçə il öncə Azərbaycanda təhsil bazarının yaradılması ideyasını ortaya qoyduğunu xatırlatdı.

Təhsil Nazirliyi Elmi-Metodik Şurası Fizika bölməsinin sədri, professor Mirzəli Murquzov seminarın işini yüksək qiymətləndirib aparılan müzakirələrin faydalı olduğunu, belə söhbətlərə ehtiyac duyulduğunu söylədi. Bildirdi ki, toxunulan problemlər ötən əsrin sonlarından təkcə Azərbaycana deyil, bütün dünyaya aiddir. Buna səbəb təhsilin sürətlə inkişaf edən elmdən geri qalması, təhsildə böhranın yaranmasıdır. Alimin fikrincə, təhsilin fəlsəfəsi yaradılmalıdır. Təhsildə yaranmış böhranın aradan qaldırılması ilə bağlı ötən əsrin sonlarından artıq dünyanın inkişaf etmiş ölkələrində sistemli iş aparıldığını bildirən M.Murquzov Azərbaycan təfəkkürünün də həmin ölkələrdən geri qalmadığını, bizdə də bu istiqamətdə çox iş görüldüyünü diqqətə çatdırdı. ölkəmizdə elmin sürətlə inkişaf etdiyini, gözəl gənclərin yetişdiyini deyən alim fikrini sübut üçün son 10 ildə 76 azərbaycanlı balasının beynəlxalq olimpiadalarda medallar aldığı, medallardan 26-nın təkcə fizika sahəsində əldə olunduğunu diqqətə çatdırdı, nailiyyətlərimizi layiqincə qiymətləndirib təbliğ etmək lazım gəldiyini vurğuladı.

Müəllimlər yeni dərsliklərdən razılıq edirlər 

Təhsil Nazirliyinin şöbə müdiri, informatika dərsliklərinin müəllifi İsmayıl Sadıqov söhbətə qoşularaq müzakirələr zamanı səsləndirilmiş təhsilin, mətbuatın cəmiyyətin səviyyəsinə uyğunluğu barədəki fikrə münasibət bildirdi. Qeyd etdi ki, əslində mətbuat cəmiyyətin səviyyəsindən yüksəkdə durmalı, sağlam mövqe tutmalı və ictimai fikri öz ardınca apara bilməlidir. Bu baxımdan yeni kurikulumlar əsasında hazırlanmış dərsliklərin cəmiyyətin səviyyəsindən yüksəkdə durduğunu, dövrün dərsliklər qarşısındakı qoyduğu tələblərə tam cavab verdiyini söylədi. İ.Sadıqov ötən il müəllimlərin dərsliklərlə bağlı müəyyən şikayətləri olsa da, bu il şikayət doğuran halların artıq aradan qaldırıldığını, müəllimlərin yeni dərsliklərdən razılıq etdiklərini, birinci sinif şagirdləri dərslikdə verilmiş materiallara, xüsusən də ötən il haqsız tənqid olunan ədəd oxu anlayışını çox yaxşı dərk edib qavradıqlarını diqqətə çatdırdı.

Seminarda çıxış edən Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq  Şahbazlı bəzi mətbuat səhifələrində kurikulum islahatı ilə bağlı görülmüş işlərə, o cümlədən yeni kurikulumlar əsasında yazılmış dərsliklərə qarayaxma hallarının olmasına, onların əsassız tənqid edilməsinə, hətta bu sahədə heç bir anlayışı olmayan adamlar tərəfindən dərsliklərin təftiş edilməsinə baxmayaraq, kurikulumun və dərsliklərin bütövlükdə cəmiyyət tərəfindən müsbət qarşılandığını, ictimaiyyət arasında nüfuz sahibi olan insanların, mütəxəssislərin onları yüksək qiymətləndirdiyini bildirdi.

Kurikulumların tətbiqi üçün müəllimlərin guya hazırlıqsız olması, səriştələrinin çatmaması barədə deyilən və yazılan fikirlərə də öz münasibətini bildirən F.Şahbazlı son 2-3 il ərzində müəllimlərin bu işə hazırlanması istiqamətində çox böyük işlər görüldüyünü, hətta bunu nəzərə alıb bəzi adamların təkidinə baxmaq, qonşu Gürcüstandakı kimi yeni kurikulumların tətbiqinə birdən-birə bir neçə sinifdə deyil, təhsil naziri Misir Mərdanovun göstərişi ilə tədricən keçildiyini, şagird və müəllimlərin bu işə hazır olması üçün kurikulumların tətbiqinə başlanan il 6-7 min, sonrakı ildə isə həmin baza üzərində 10 min ibtidai sinif müəlliminin müvafiq hazırlıq keçdiyini qeyd etdi. Söylədi ki, məhz bu hazırlığın nəticəsidir ki, son iki ildə çox fəal , hətta ilin ən yaxşı müəllimi adına layiq görülən müəllimlər yetişmişdir.

F.Şahbazlı kurikulum hazırlığında son vaxtlar daha çox hallandırılan Türkiyə təcrübəsinə də toxunaraq həmin təcrübə ilə yaxşı tanış olduğunu, ölkəmiz üçün Milli Kurikulum və fənn kurikulumları hazırlanarkən məhz Türkiyənin istifadə etdiyi modeldən bəhrələndiklərini diqqətə çatdırdı. 

Kurikulumu heç kim dəyişməz hesab etmir 

F.Şahbazlı kurikulumların dəyişdirilə bilinib-bilinməməsi məsələsinə də aydınlıq gətirdi. Qeyd etdi ki, kurikulumu heç kim dəyişməz hesab etmir. Heç kim demir ki, kurikulumu təftiş eləməyin, düzəltməyin, səhvlərini aradan qaldırmayın. O səhvləri hamımız görürük. Hər il dərslik hazırlığı ilə bağlı ekspertlərin, fəal müəllimlərin iştirakı ilə iş aparılır. Fevralın 1-dən yeni tədris ili üçün dərsliklərin hazırlanması, redaktəsi, korrektəsi, əlavələr edilməsinə başlanır. Bu məsələlərin üzərində çox böyük ansambl işləyir.

Pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbov çıxışında musiqi dərslərində musiqinin eşidilmədiyini, bəzi müəllimlərin bu fənnə ayrılan saatları riyaziyyat, ana dili dərsləri üçün istifadə etdiklərini diqqətə çatdırıb musiqi fənni üzrə dərslik komplektlərinə əlavə kimi mahnı yazılmış disklərin buraxılmasını zəruri saydı.

Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov seminarda çıxış etdi. Müzakirənin faydalı olduğunu söyləyən Ənvər müəllim belə çıxışlara ehtiyac duyulduğunu və bu cür fikir mübadilələrinin auditoriyalara gətirməli olduğunu bildirdi. Qeyd etdi ki, seminara gələnlərin əksəriyyəti Kurikulum Mərkəzi ilə tanış olan, bilavasitə tədbirlərdə iştirak edən insanlardır. Amma mən arzu edərdim ki, çox adamlar gəlib buradakı rejimlə, iş şəraiti ilə tanış olsun, burada aparılan müzakirələrdə iştirak edib adamların bir-biri ilə necə mübahisə etdiklərini görsünlər.

Kurikulumların hazırlanması ilə bağlı aparılan işlərin xüsusiyyətləri haqqında danışan Ə.Abbasov dedi ki, biz 5 il bundan əvvəlki formada düşünmürük. Burada hər an hər kəs öz qarşısına bir sual qoyur ki, filan məsələni biz necə həll etməliyik. İşçi qruplarında müzakirələr formalaşa-formalaşa gedir. Bütün məsələlər kollegial qərarların nəticəsi kimi ortaya çıxır.

Kurikulum hazırlığının prinsiplərinə toxunan natiq dedi ki, doğrudan da, bütün dünyada təklifyönümlü kurikulumlar var ki, standartlar yuxarıdan təklif olunur, tələbyönümlü kurikulumlar vardır ki, təkliflər cəmiyyətin özünün ehtiyaclarından, tələbatından gəlir. ümumiyyətlə, demokratik cəmiyyətin xarakteri budur ki, standartlar cəmiyyətin ehtiyacına uyğun olsun. Bəs bunu necə etmək olar? Əvvəllər proqram bir nəfər tərəfindən yazılır, təsdiq olunur və uzun müddət dəyişmədən tətbiq edilirdi. çünki bu, inzibati sistemin xüsusiyyəti idi. Amma bu gün belə deyil. Bu gün yazılan hər hansı bir standartın bir konkret müəllifi yoxdur. Burada qruplar işləyir, onlar işləməzdən əvvəl sosioloji araşdırmalar aparılır, mövcud durum, ehtiyaclar, tələbatlar öyrənilir, sonra həmin ehtiyaclar müzakirə olunaraq standartlara çevrilir. 2006-cı ildə təsdiq olunmuş 35-40 səhifəlik standartların üzərində 1 ildən çox müddətdə iş gedib. Yüzlərlə müəllim aparılan müzakirələrdə iştirak edib, çox əzab-əziyyətdən sonra o müddəalar formalaşdırılıb. Ə.Abbasov bildirdi ki, kurikulumlarla bağlı kimin necə təklif söyləməsindən asılı olmayaraq onların hamısı, hətta ən tanınmış alimlərin, o cümlədən də bizim özümüzün irəli sürdüyümüz təkliflər işçi qruplarında ciddi müzakirə olunur. Heç kimin subyektiv fikri əsas ola bilməz. Bunu hamı bilməlidir. Bütün təkliflər cəmiyyətə faydalılıq nöqteyi-nəzərindən gözdən keçirilir.

Ə.Abbasov çıxışında kurikulumlarla, dərsliklərlə bağlı deyilən iradları, hətta öz ünvanına səslənən tənqidləri əsası olmayan, qeyri-elmi, qeyri-ciddi fikirlər hesab etdiyini söylədi. Qeyd etdi ki, elmi fikirlər, polemika ciddi elmi müddəalara, nəzəriyyələrə söykənməlidir, dünya alimlərinin fikrinə istinad edilməli və elmi üslubda deyilməlidir. Yoxsa ironik, kinayəli tərzlə deyilən gileylər alimin üslubu deyil. O, çıxışının sonunda dərsliklər, kurikulum haqqında söz deyənləri məhz belə elmi polemikaya dəvət etdi.

Təhsil Problemləri İnstitutunun direktoru A.Mehrabov seminarda müzakirələrin canlı keçdiyini, faydalı olduğunu, belə seminarların gələcəkdə bölgələrdə də keçirilməsinin nəzərdə tutulduğunu söylədi və seminarın növbəti məşğələsinin fevral ayının 24-də keçiriləcəyini elan etdi.

Yekunda seminar iştirakçıları kurikulum islahatı ilə bağlı heç bir elmi əsasa və məntiqə söykənməyən "silsilə yazıların" çap olunmasını təhsil sistemimizdə ardıcıl həyata keçirilən təhsil islahatlarına qara yaxanlara münbit şəraitin yaradılması kimi qiymətləndirərək, onun dayandırılması barədə "Azadlıq" qəzetinin redaksiyasına müraciət qəbul etdilər. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
5 Fevral 2010 - ¹05
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda zona müşavirəsi keçirib
 

Universal "alim"

 
Gürcüstan ombudsmanının aparatında Azərbaycanlı Tələbələr Assosiasiyasının təqdimatı keçirilib
 
Müasir elmin korifeyi
 
Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı
 
Bu il doqquzuncu siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün texnologiya fənni kurikulumu (V-IX siniflər) Təhsil pillələri üzrə təlim nəticələri
 
Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışıb
 
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası gənclərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirir
 
Qırğızıstanda fəaliyyət göstərən Beynəlxalq Atatürk-Alatoo  Universitetində Azərbaycan ədəbiyyatı fakültəsi açılıb
 
Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb
 
"Tələbələrin liderlik imkanlarının artırılması" layihəsi həyata keçirilir
 
Tərcümə xidməti  bölməsi fəaliyyətə başlayıb
 
ADPU-da aspirant, doktorant və dissertantların müşavirəsi keçirilib
 
Peşə təhsilinin inkişafı ilə əlaqədar seminar keçirilib
 
Dünya universitetləri: London Kral Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov