Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Fevral 2010 - ¹05

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə ayrı-ayrı ölkələrlə təhsil sahəsində əməkdaşlıq əlaqələri barədə fikirlərimi davam etdirmək, eyni zamanda azərbaycanlı gənclərin xaricdə təhsili üzrə ölkə Prezidenti tərəfindən təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirləri diqqətinizə çatdırmaq istərdim.

Müstəqillik dövründə təhsil sahəsində Azərbaycan Respublikasının Fransa ilə əlaqələri 1993-cü ildən başlanmışdır. Bu əməkdaşlıqda birinci istiqamət Azərbaycanda fransız dilinin tədrisinin təkmilləşdirilməsi və genişləndirilməsi ilə bağlı olmuşdur.

Fransanın köməyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetində fransız dili şöbələri açılmış və ilkin mərhələdə bu işin təşkili və tədrisi prosesinin aparılmasına fransalı mütəxəssislər cəlb olunmuşlar.

Hazırda Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə Fransa universitetləri arasında birbaşa əməkdaşlıq əlaqələri yaranmış, Paris Şərq Dilləri İnstitutunda Azərbaycan dili bölməsi yaradılmışdır.

Azərbaycan Dillər Universitetində Fransa səfirliyinin köməyi ilə "Fransız Dil Mənbə Mərkəzi" yaradılmış və hər cür müasir avadanlıqlarla təchiz olunmuşdur. Artıq 1999-cu ildən bu universitetə fransız dili ixtisası üzrə qəbul olunmuş tələbələr Fransanın Strasburq Universiteti və Mark Blok Universiteti ilə bu ali məktəb arasında bağlanmış razılaşma əsasında xüsusi proqramla filyer qruplarında təhsil alırlar. Bu proqram əsasında təhsilini başa vuran məzunların diplomları qeyd olunan universitetlərin verdiyi diplomlara bərabər tutulur.

Fransa ilə təhsil sahəsində əməkdaşlığın başqa bir istiqaməti isə bu ölkənin hökuməti tərəfindən Azərbaycan vətəndaşlarına verilən və Azərbaycandakı səfirlik tərəfindən idarə olunan təqaüd proqramlarıdır. 1993-cü ildən etibarən 100-dən artıq belə təqaüd proqramları həyata keçirilmişdir ki, onların da hamısı diplomdansonrakı pillələr üzrə ən müxtəlif ixtisasları əhatə edirlər. Bu təqaüd proqramlarının məzunları hazırda Azərbaycanın müxtəlif dövlət qurumlarında, Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində, Gömrük Komitəsində, Mədəniyyət və Turizm Nazirliyində uğurla çalışırlar.

Son bir neçə ildə Azərbaycan gənclərinə ayrılan belə təqaüdlərin sayı daha da artırılmışdır. Təkcə 2007-2008-ci dərs ilində səfirliyin keçirdiyi müsabiqə nəticəsində 20-dən artıq azərbaycanlı gənc qeyd olunan təqaüdlər çərçivəsində Fransada təhsil almaq hüququ qazanmışdır. Onların təhsili və yaşayışı ilə bağlı bütün xərclər Fransa hökuməti tərəfindən ödənilir.

2008-ci ildə Təhsil Nazirliyi ilə Fransanın Ali Təhsilin Təşkili Mərkəzi (CNOUS) arasında imzalanmış sazişə əsasən Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin Fransanın ali məktəblərində təhsili imkanları daha da genişlənmişdir. Belə ki, hazırda Fransada 54 nəfər Dövlət Proqramı çərçivəsində təhsil alır.

Almaniya ilə ali təhsil sahəsində əməkdaşlıq əlaqələrinin təməli hələ sovet dövründə Zigen Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyası arasında əməkdaşlıq əlaqələri və "Alman Akademik Mübadilə Xidməti (DAAD)" təşkilatı vasitəsilə qoyulmuşdur. Sonralar Köln Tətbiqi Elmlər İnstitutunun bu istiqamətdə fəaliyyəti xüsusi qeyd edilməlidir. Son illər isə bu əlaqələrin genişləndirilməsi üçün şərait daha da yaxşılaşmış, qarşılıqlı əlaqə və görüşlər daha intensiv xarakter almışdır. 2009-cu ilin aprelində Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri, oktyabrında isə Almaniya ali təhsil işçilərinin çoxsaylı nümayəndə heyətinin Azərbaycana səfəri bunu bir daha təsdiq edir.

2009-cu ilin avqustunda Baden-Vürttenberq Torpağının Baş nazirinin Azərbaycana rəsmi səfəri və ölkə Prezidenti ilə görüşündən sonra Azərbaycan-Almaniya təhsil əlaqələrinin daha da genişləndirilməsi istiqamətində bir sıra addımlar atılmışdır.

25-29 oktyabr 2009-cu il tarixlərində Azərbaycan nümayəndə heyəti Almaniyada rəsmi səfərdə olmuş, səfər çərçivəsində Bonn Universitetində "Azərbaycan iqtisadiyyatında keçid mərhələsi və təhsilin beynəlmiləlləşməsi (Boloniya prosesi)" mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak etmişdir. Qeyd etmək istərdim ki, dünyanın ayrı-ayrı ölkələrində belə beynəlxalq simpoziumların keçirilməsi Azərbaycan həqiqətlərinin, son illərdə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyəti vardır.

Nümayəndə heyətinin Ştutqart Şərabçılıq üzrə Təhsil və Elmi-Tədqiqat Mərkəzinə səfəri nəticəsində qərara gəlinmişdir ki, 2010-2011-ci dərs ilində Azərbaycandan 3 nəfər ali məktəb tələbəsi (Azərbaycan Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetindən) 2 il müddətinə Təhsil və Elmi-Tədqiqat Mərkəzinə təhsil almaq üçün göndərilsin. Bu məqsədlə cari dərs ilində qeyd edilən universitetlərdə ikinci kurs tələbələri arasından əla oxuyan və xarici dilə daha çox meyili olan iki nəfərin seçilib ilin sonunadək intensiv alman dili kursuna cəlb olunması istiqamətində tədbirlər görülür.

Eyni zamanda o da müəyyənləşdirildi ki, Azərbaycan Aqrar Universitetinin mütəxəssisləri qısamüddətli ixtisasartırma üçün bu müəssisəyə ezam edilsinlər. Bununla yanaşı, nəzərdə tutuldu ki, mərkəzin müəllimləri Azərbaycanın müvafiq ali məktəblərində mühazirələr oxusunlar. Danışıqlar zamanı o da qeyd olundu ki, hər iki məsələ ilə bağlı müvafiq müəssisələr arasında anlaşma memorandumu hazırlansın və imzalansın.

Baden-Vürttenberq Torpağının dövlət katibi ilə rəsmi görüşdə təhsilin ayrı-ayrı sahələrində bu Torpaqdan olan konkret tərəfdaşlarla - universitetlər, Elm və Təhsil Nazirliyi, eləcə də tədqiqat müəssisələri ilə birbaşa əlaqələrin qurulması, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və konkret nəticələrin əldə olunması üçün təhsil üzrə mütəxəssislərdən ibarət birgə ekspert qrupunun yaradılması məqsədəuyğun hesab edildi.

Nümayəndə heyətinin Ştutqart Ali Peşə Məktəbinə səfəri nəticəsində qərara alındı ki, Almaniya modeli əsasında Azərbaycanda peşə təlimi mərkəzinin yaradılması üçün birgə layihə işlənsin.

Baden-Vürttenberq Torpağının Eslingen şəhərində İxtisasartırma Təhsili Akademiyasında nümayəndə heyətinin görüşü oldu. Akademiyanın rəhbərliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin ixtisasartırma təhsili ilə məşğul olan 2 nəfər əməkdaşının akademiyaya göndərilməsi və Almaniya təcrübəsinin daha geniş öyrənilməsini təklif etdi.

Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfərinin nəticələrinə əsasən iki ölkə arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aşağıdakı təkliflər irəli sürüldü:

1. Almaniyanın, o cümlədən Baden-Vürttenberq Torpağının nüfuzlu, həmçinin ingilisdilli təhsil proqramları təklif edən ali məktəblərinin adlarının xaricdə təhsil üzrə Dövlət Proqramı üçün təsdiq olunmuş prioritet xarici ali məktəblər sırasına daxil edilməsi.

2. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində tibb, mühəndislik, iqtisadiyyatın müxtəlif sahələri, kənd təsərrüfatı, emal sənayesi, ekologiya kimi istiqamətlər üzrə kadr hazırlığında Almaniya ali məktəblərinin prioritet olaraq müəyyən olunması.

3. Almaniyanın ali məktəblərində təhsil imkanlarından daha səmərəli istifadə etmək üçün Azərbaycanın orta və ali məktəblərində alman dilinin tədrisinin genişləndirilməsi.

4. Azərbaycan ali təhsil sisteminin Avropa məkanına inteqrasiyası və Boloniya prinsiplərinin tətbiqi çərçivəsində Almaniya ali məktəbləri ilə birgə layihələrin həyata keçirilməsi.

5. Almaniya modeli əsasında Azərbaycanda Texniki peşə təhsili mərkəzinin yaradılması.

6. Azərbaycanda pedaqoji kadrların ixtisasının artırılması üzrə yeni modelin tətbiqi istiqamətində Almaniya təcrübəsinin öyrənilməsi.

7. Avropa İttifaqının, eləcə də Almaniya universitetlərinin təhsil və elmi-tədqiqat proqramları çərçivəsində Almaniya ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində tədbirlərin görülməsi.

Azərbaycanın Almaniya ilə təhsil əlaqələrinin böyük hissəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fəaliyyəti ilə bağlıdır. Bu təşkilatın proqramları alman dilinin öyrənilməsi və tələbələr üçün Almaniyada yay məktəblərindən başlamış ali məktəblərin akademik heyəti və elmi-tədqiqat işçilərinin Almaniyada elmi təcrübə və tədqiqat aparmasına qədər çoxprofilli proqramları əhatə edir. DAAD-ın əsas məqsədi Almaniya ilə tərəfdaş ölkələr arasında akademik münasibətlərin inkişaf etdirilməsidir. Hələ ötən əsrin 60-cı illərindən Azərbaycanla tələbə mübadiləsi proqramlarını həyata keçirən DAAD hazırda Dövlət Proqramına əsasən azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsilinin təşkilatçısıdır. DAAD-la tələbə mübadiləsi barədə daha geniş məlumat beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə yazıda veriləcəkdir.

Cənubi Koreya ilə əlaqələr 2007-ci ildə hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərindən sonra daha intensiv xarakter almışdır. Qısa müddət ərzində Azərbaycanla Cənubi Koreya arasında 40-dan çox layihənin, o cümlədən təhsillə əlaqədar layihələrin həyata keçirilməsi sahəsində sənədlər imzalanmış, Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın əsası qoyulmuşdur. 2007-ci ilin iyununda Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti Koreya Respublikası Əmək Nazirliyi nəzdindəki İnsan Ehtiyatlarının İnkişafı Təşkilatının dəvəti ilə həmin ölkədə səfərdə olmuş, peşə təhsili sahəsində əməkdaşlığın konkret istiqamətləri müzakirə olunmuşdur.

Cənubi Koreyaya səfər çərçivəsində nümayəndə heyəti "Daewoo" beynəlxalq şirkətinin prezidenti ilə görüşmüşdür. "Daewoo" şirkəti Azərbaycanda peşə təhsilinin inkişafında maraqlı olduğunu və bu sahəyə sərmayə qoymağa hazır olduğunu bildirmişdir. Görüşdə həmin şirkət tərəfindən təqdim olunmuş Azərbaycanda peşə təhsili üzrə treninq mərkəzinin yaradılması məsələsi müzakirə olunmuşdur.

2007-ci ildə Cənubi Koreyanın "Daewoo" beynəlxalq şirkətinin geniş tərkibdə nümayəndə heyəti ölkəmizə səfər etmiş, şirkətin mütəxəssisləri Azərbaycanda bir sıra texniki peşə təhsili müəssisələrində olmuş, peşə təhsili üzrə treninq mərkəzinin yaradılması imkanlarını öyrənmişlər.

2007-ci ilin avqustunda Təhsil Nazirliyi ilə "Daewoo" şirkəti arasında imzalanmış memoranduma əsasən Bakı şəhərində "Yüksək Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi"nin yaradılması nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi Azərbaycanda peşə təhsili sisteminin müasir standartlar səviyyəsinə çatdırılması və artıq özünü təsdiq etmiş Koreya modelinin üstünlüklərindən istifadə edilməsi, Azərbaycanda yaxın gələcəkdə yaradılacaq və mövcud olan sənaye müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsi probleminin həll edilməsidir.

Birgə layihəni həyata keçirməklə 7 əsas hədəfə çatmaq nəzərdə tutulur:

-Azərbaycan iqtisadiyyatının inkişafına yardım;

-yüksək gəlirli yeni iş yerlərinin açılması;

-ölkə sənayesində baş verən dəyişikliklərə çevik uyğunlaşa bilən kadrların hazırlanması;

-xarici sərmayə üçün ilkin zəmin formalaşdırılması;

-sənayə işçilərinin bilik və bacarığının artırılmasına yönəlmiş texniki təhsil;

-peşə təhsili sahəsində işləyən müəllimlərin bilik və bacarıqlarının artırılması;

-Koreya ilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Koreya son 30-40 il ərzində dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır. Bu inkişafın əsas səbəblərindən biri ölkədə peşə təhsilinə xüsusi önəm verilməsi olmuşdur. 1950-ci ildə adambaşına düşən milli gəlirin 100 ABŞ dolları olduğu kasıb kənd təsərrüfatı ölkəsi olan Cənubi Koreyada təbii resursların və maliyyə imkanlarının olmadığı bir şəraitdə beynəlxalq maliyyə qurumlarının kreditləri əsasında iri şəhərlərdə texniki peşə təhsili mərkəzləri təsis edilmiş, bunların əsasında peşəkar kadrlar yetişdirilərək ölkə sənayesi, həmçinin beynəlxalq əmək bazarının ixtisaslı kadrlarla təmin edilməsi mümkün olmuş, bu da Koreya iqtisadiyyatının inkişafında əsas aparıcı qüvvəyə çevrilmişdir.

Azərbaycanda texniki peşə təhsili sahəsində 3 il ərzində həyata keçiriləcək layihənin dəyəri 32 milyon ABŞ dollarıdır. Onun 22 milyonu Cənubi Koreya hökumətinin krediti, 10 milyonu isə Azərbaycan hökumətinin payıdır. Təlim mərkəzində hər il 7 ixtisas üzrə (elektrik, elektronika, mexanikləşmə, informasiya, kompüter texnologiyası, avtomobillərin təmir olunması, avtomatlaşdırılma, qaynaq etmə və dərinliyi ölçmə) 1050 nəfərin öyrədilməsi nəzərdə tutulur. Müəssisənin tikintisi başa çatanadək mühəndis-pedaqoji heyətin hazırlanması, tədris ediləcək ixtisaslar üzrə peşə standartları, kurikulum, dərsliklər, dərs vəsaitləri hazırlanacaqdır.

2008-ci ildən başlayaraq Cənubi Koreya hökumətinin maliyyə yardımı ilə həmin ölkədə təhsil alan azərbaycanlıların sayı xeyli artmışdır. Hazırda Koreyanın Seul, Busan, Daecon, Daequ, İksan, çoncu və Quanqcu şəhərlərində yerləşən universitetlərdə Azərbaycanın müxtəlif universitet, dövlət və özəl qurumlarını təmsil edən 60-dan çox tələbə təhsil alır. Onlardan 25 nəfəri xaricdə təhsil üzrə Dövlət Proqramı əsasında təhsil alanlardır. Beş il əvvəl bu ölkədə bir nəfər də olsun azərbaycanlı tələbə təhsil almırdı, 2007-ci ildə Koreyada təhsil alan azərbaycanlı tələbələrin sayı cəmi 7 nəfər idisə, indi bu rəqəm dəfələrlə artmışdır. Azərbaycanın ali təhsil müəssisələrində də 6 nəfər cənubi koreyalı tələbə təhsil alır.

2009-cu ilin oktyabrında Cənubi Koreya Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Cənubi Koreyanın ən tanınmış universitetlərinin rəhbərlərinin iştirak etdiyi səfərin əsas məqsədi iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, azərbaycanlı gənclərin Cənubi Koreya universitetlərində təhsilinin təşkili olmuşdur.

Bununla yanaşı, 2008-ci ilin martından etibarən Koreya Xarici Dillər Universitetində fəaliyyət göstərən türk dili fakültəsində Azərbaycan dilinin tədrisinə başlanmışdır. Azərbaycan dilinin tədrisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi dərsliklər və digər materiallar əsasında həyata keçirilir.

Azərbaycanın iki ali məktəbində - Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində Koreya dili tədris olunur. Eyni zamanda həmin universitetlərdə Koreya mərkəzləri də yaradılmışdır.

Malayziya və Sinqapurla Azərbaycan arasında təhsil əlaqələri son illərdə yaradılmışdır. 2008-ci ilin oktyabrında İSESKO və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilmiş İslam ölkələrinin Ali Təhsil və Elmi-Tədqiqat nazirlərinin 4-cü Konfransı zamanı Bakıda səfərdə olan Malayziyanın Ali Təhsil naziri ilə ikitərəfli görüş çərçivəsində təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılmış, Azərbaycan və Malayziya arasında təhsil sahəsində əlaqələr bu görüşdən sonra yeni mərhələyə qədəm qoymuşdur.

2008-ci ilin noyabrında Malayziya Ali Təhsil Nazirliyinin və Bakı Təhsil Məlumat Mərkəzinin təşəbbüsü ilə Bakıda Malayziya təhsil yarmarkası keçirilmişdir. Yarmarkanın məqsədi maraqlı tərəfləri Malayziya universitetlərində təhsil almaq imkanları barədə məlumatlandırmaq idi.

Eyni zamanda Malayziyanın beş ali təhsil müəssisəsi Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na daxil edilmişdir.

Təhsil Nazirliyinin nümayəndə heyəti 2009-cu ilin may - iyun aylarında Malayziya və Sinqapurda rəsmi səfərdə olmuşdur. Səfərin məqsədi bu ölkələrin ali təhsil müəssisələri ilə müzakirələr aparmaq, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində həmin ölkələrin ali məktəbləri ilə əməkdaşlıq perspektivlərini müəyyənləşdirmək olmuşdur.

Nümayəndə heyəti Malayziyanın Ali Təhsil Nazirliyinin müvafiq qurumlarının rəhbərləri ilə yanaşı, bu ölkənin qabaqcıl ali təhsil müəssisələrinin rektorları ilə də müzakirələr aparmışdır. Danışıqların əsas mövzusu Malayziya tərəfindən təqdim olunmuş "Azərbaycan Respublikası hökuməti və Malayziya hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" layihəsinin müzakirəsi və Azərbaycan gənclərinin Malayziya ali təhsil müəssisələrində təhsil almaq imkanları olmuşdur.

Malayziya tərəfindən təqdim olunmuş "Azərbaycan Respublikası hökuməti və Malayziya hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.

Nümayəndə heyəti Kuala-Lumpur Politexnik Kollecində olmuş, Azərbaycanın orta-ixtisas təhsili müəssisələri ilə Malayziya kollecləri arasında birbaşa əlaqələrin yaradılması imkanları nəzərdən keçirilmişdir.

Sinqapura səfər zamanı nümayəndə heyəti bu ölkənin ali təhsil müəssisələrində təhsil alan səkkiz azərbaycanlı tələbə ilə də görüşmüşdür. Görüş zamanı tələbələrimizin Dövlət Proqramı çərçivəsində təhsillərini davam etdirmələri məsələsi ətraflı müzakirə olunmuşdur.

Bütövlükdə bu səfər Azərbaycanla qeyd olunan iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu göstərmişdir. Səfərin nəticəsi olaraq Malayziya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın ali təhsil və elmi-tədqiqatlar, İKT, yüksək texnologiyalar, iqtisadiyyat və elektronika sahələrində azərbaycanlı tələbə və tədqiqatçıların bu ölkələrdə təhsil alması imkanlarının genişləndirilməsi qərara alınmışdır.

2008-ci ilin yanvarında İordaniya Krallığı Təhsil Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında təhsil əlaqələrinin inkişafına müsbət təsir göstərmişdir. İordaniya-Azərbaycan arasında təhsil əlaqələri İKT-nin tətbiqi, "qardaşlaşmış məktəblər", müəllim, tələbə, şagird mübadiləsi, elmi tədqiqatların aparılması, ərəb dilinin tədrisi və digər sahələri əhatə etmişdir.

Eyni zamanda 2009-cu ilin aprelində Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin İordaniya Krallığına səfəri olmuşdur. Səfər çərçivəsində iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa dair Niyyət Protokolu imzalanmışdır. Bununla yanaşı, 2009-cu ilin oktyabrında Əmman şəhərində "Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında 2010-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı" qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, hazırda 19 nəfər iordaniyalı tələbə Azərbaycan universitetlərində təhsil alır.

Göründüyü kimi, Azərbaycanın ayrı-ayrı ölkələrlə təhsil əlaqələri son illərdə hissolunacaq dərəcədə genişlənmişdir və bu tendensiya davam etməkdədir. Beynəlxalq əlaqələr ölkə təhsilinin inkişafında böyük əhəmiyyət kəsb etdiyindən Azərbaycanın təhsil siyasəti və strategiyasında aparıcı yerlərdən birini tutur. Qətiyyətlə deyə bilərik ki, yaxın gələcəkdə təhsil sahəsində əməkdaşlıq əlaqələri yaradacağımız ölkələrin coğrafiyası daha da genişlənəcəkdir.

Əlbəttə, tələbə mübadiləsi və azərbaycanlı gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsili beynəlxalq əlaqələrin əsas istiqamətini təşkil edir. Məhz bu səbəbdən son illərdə dövlət xəttilə ayrı-ayrı ölkələrdə azərbaycanlı gənclərin təhsili sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Lakin ölkəmizin gələcək inkişaf strategiyası baxımından təhsil sisteminin müasir tələblərə cavab verən kadr bazasının gücləndirilməsi, modern idarəetmə və istehsal texnologiyaları əsasında fəaliyyət göstərən sahələrin kadr ehtiyacının ödənilməsi, qeyri-neft sektorunun inkişafının gələcəkdə sürətləndirilməsinin təmin olunması Azərbaycan vətəndaşlarının dünyanın qabaqcıl ali təhsil ocaqlarında təhsil almaları prosesinin daha sistemli və səmərəli aparılmasının təmin edilməsi ilə bağlı xüsusi proqramın həyata keçirilməsi zərurətini meydana çıxarmışdır.

ölkə üçün vacib sahələr üzrə peşəkar kadrların hazırlanması, "qara qızıl"ın insan kapitalına çevrilməsi və Azərbaycanın gələcək inkişafının məhz bu amildən asılı olması ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində idi. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2006-cı il tarixində imzaladığı "Azərbaycan Respublikası gənclərinin xaricdə təhsil almalarına dair Dövlət Proqramı haqqında" sərəncamı əhəmiyyətli addım oldu.

Sərəncama əsasən Təhsil Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə qısa müddət ərzində Dövlət Proqramını hazırladı və Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli sərəncamı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edildi. Proqramın əhəmiyyətli cəhətlərindən biri bu idi ki, əgər Proqram təsdiq olunana qədər Azərbaycan gəncləri dövlət xətti ilə yalnız partnyor ölkələrin bizə təqdim etdiyi universitetlər və ixtisaslar üzrə təhsil alırdılarsa, artıq bu Proqram həm ölkəni, həm ixtisası, həm də ali məktəbi seçmək imkanlarını yaratdı.

Sərəncamla Dövlət Proqramının maliyyələşdirilməsinin Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutuldu, Proqramın icrasına nəzarət isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya həvalə edildi.

Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından müasir tələblərə cavab verən kadrlara ehtiyacın ödənilməsi, Azərbaycanın istedadlı gənclərinin dünyanın nüfuzlu universitetlərində ali təhsil almaları üçün lazımi şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Həmin məqsədlərin reallaşdırılması üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulurdu:

1.Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsili prosesinin normativ-hüquqi bazasının yaradılması.

2.Gənclərin xarici ölkələrin ali məktəblərində təhsili prosesinin maliyyələşdirilməsi mexanizmlərinin yaradılması.

3.İxtisas və təhsil proqramları üzrə ölkənin ehtiyaclarının müəyyənləşdirilməsi.

4.ölkənin ehtiyaclarına uyğun olaraq xarici ölkələrin ali məktəblərinin müəyyənləşdirilməsi.

5.Seçim meyarlarının müəyyənləşdirilməsi.

6.Xaricdə təhsil alan gənclərin təhsilalma keyfiyyətinin monitorinq və qiymətləndirilməsinin aparılması və müvafiq məlumat bazasının yaradılması.

7.Məzunların potensialından səmərəli istifadə edilməsi mexanizminin yaradılması.

Proqramda xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi əsas hədəflər kimi müəyyənləşdirilmişdi.

Dövlət Proqramının icrasından aşağıdakı nəticələr gözlənilir:

-gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsili prosesinin normativ-hüquqi bazasının yaradılması nəticəsində prioritet istiqamətlər üzrə xaricə tələbə göndərilməsi işi təkmilləşəcək;

-xaricdə təhsil almağa göndərilən istedadlı gənclərin seçilməsi mexanizmi təkmilləşəcək;

-Azərbaycan Respublikasında iqtisadi inkişafın və əmək bazarının tələblərinə uyğun ixtisaslar müəyyən ediləcək;

-ortamüddətli perspektivdə ölkənin əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrlarla təmin olunması probleminin həlli istiqamətində ciddi irəliləyiş əldə olunacaq;

-ölkənin elmi və elmi-pedaqoji potensialı güclənəcək, intellektual mülkiyyətinin ixrac potensialı artacaq;

-Azərbaycan Respublikasında beynəlxalq standartlar səviyyəsində mütəxəssislərin hazırlanması üçün pedaqoji kadrlar yetişəcək;

-ölkədən kənarda təhsil alan mütəxəssislərin məlumat-informasiya bazası yaradılacaq;

-Azərbaycan Respublikasında insan kapitalı inkişaf etdiriləcək ki, bu da, öz növbəsində, əmək məhsuldarlığının artması vasitəsilə ölkənin rəqabətqabiliyyətinin yüksəlməsinə və davamlı inkişafının təmin olunmasına səbəb olacaq.

Proqramın icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında 5 sentyabr 2007-ci il tarixli, 2377 nömrəli, "Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı əlavə tədbirlər barədə" 7 aprel 2008-ci il tarixli, 2746 nömrəli sərəncamları imzalandı.

Eyni zamanda Proqramın icrası ilə bağlı normativ-hüquqi bazanın yaradılması istiqamətində əhəmiyyətli addımlar atıldı, aidiyyəti dövlət qurumları ilə birgə Təhsil Nazirliyi tərəfindən aşağıdakı sənədlər hazırlandı və hökumət tərəfindən təsdiq edildi:

1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli, 230 nömrəli qərarında dəyişiklik edilməsi haqqında" Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 222 nömrəli qərarı.

2. "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 128 nömrəli qərarı.

3. "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısının təsdiq edilməsi barədə", "Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 204s nömrəli sərəncamı.

4. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında", "Təhsil Nazirliyi ilə təhsil alan arasında bağlanmış müqavilə formasının təsdiq edilməsi barədə", "Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəlinin təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli, 261 nömrəli qərarı.

5. "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısının təsdiq edilməsi barədə", "Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli, 7s nömrəli sərəncamı.

Qeyd edim ki, bu sənədlərin təsdiq olunması xüsusi əhəmiyyət daşıyırdı. Belə ki, beynəlxalq reytinqlərdə yüksək yerləri tutmuş universitetlər prioritet ali təhsil müəssisələri siyahısına daxil edildi, eyni zamanda Azərbaycan üçün kadr hazırlığı vacib olan sahə, ixtisas və proqramlar, gənclərin seçim meyarları, təhsil haqqının ödənilməsi qaydaları müəyyənləşdirildi.

Dövlət Proqramının həyata keçirilməsi istiqamətində daha bir əhəmiyyətli addım bu sahədə böyük təcrübəsi olan tərəfdaş təşkilatlarla saziş və müqavilələrin imzalanması oldu:

-Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı 16.06.2008-ci il tarixli Saziş;

-Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Fransa Dövlət Ali və Orta təhsilinin Təşkili Mərkəzi (CNOUS) arasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Fransaya göndərilən tələbələrə ayrılan təqaüdlərin inzibati idarəedilməsi barədə 16.07.2007-ci il tarixli Saziş;

-Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə ABŞ-ın Beynəlxalq Təhsil İnstitutu arasında 1 iyul 2009-cu il tarixli inzibati xidmət Müqaviləsi.

Koreya Yüksək Elm və Texnologiya İnstitutu (KAİST) və ACCELS-lə əməkdaşlıq haqqında razılaşma layihəsi hazırda müzakirədədir. Daha iki xarici tərəfdaşla (Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na Britaniya Şurasının dəstəyi; Azərbaycan Respublikası Təhsil Nazirliyi və Kanada Universitetlər və Kolleclər Assosiasiyası arasında Təqaüd Proqramı üzrə Müqavilə) sənədlərin imzalanması üçün dövlətdaxili razılaşdırılma prosedurları başa çatdırılmışdır.

ötən müddət ərzində Proqramın həyata keçirilməsi sahəsində uğurlu nailiyyətlər əldə olunmuşdur. Belə ki, 2007-2008-ci dərs ilində xaricdə təhsilə göndərilən azərbaycanlıların sayı 74 nəfər olmuşdusa, 2008-2009-cu dərs ilində onların sayı 120-yə, 2009-2010-cu dərs ilində isə 303 nəfərə çatdırıldı. Hazırda Dövlət Proqramı əsasında təhsil alanların ümumi sayı 500 nəfərə yaxındır. Proqram çərçivəsində xaricdə təhsil alanların 23 %-i tibb, 20 %-i iqtisadiyyat, 14 %-i isə texniki və mühəndislik ixtisaslarına yiyələnirlər.

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanlardan 44 nəfəri artıq məzun olmuşdur. Sevindirici haldır ki, hazırda həmin məzunlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Mərkəzi Bankda, Vergilər, İqtisadi İnkişaf nazirliklərində, digər dövlət və özəl strukturlarda məsul vəzifələrdə çalışırlar.   

(Ardı var) 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
5 Fevral 2010 - ¹05
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda zona müşavirəsi keçirib
 

Universal "alim"

 
Gürcüstan ombudsmanının aparatında Azərbaycanlı Tələbələr Assosiasiyasının təqdimatı keçirilib
 
Müasir elmin korifeyi
 
Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı
 
Bu il doqquzuncu siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün texnologiya fənni kurikulumu (V-IX siniflər) Təhsil pillələri üzrə təlim nəticələri
 
Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışıb
 
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası gənclərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirir
 
Qırğızıstanda fəaliyyət göstərən Beynəlxalq Atatürk-Alatoo  Universitetində Azərbaycan ədəbiyyatı fakültəsi açılıb
 
Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb
 
"Tələbələrin liderlik imkanlarının artırılması" layihəsi həyata keçirilir
 
Tərcümə xidməti  bölməsi fəaliyyətə başlayıb
 
ADPU-da aspirant, doktorant və dissertantların müşavirəsi keçirilib
 
Peşə təhsilinin inkişafı ilə əlaqədar seminar keçirilib
 
Dünya universitetləri: London Kral Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov