Məlum olduğu kimi, təhsil nazirinin 5 oktyabr
2009-cu il tarixli, 1116 nömrəli əmri ilə cari
dərs ilində respublikanın bütün ümumtəhsil
məktəblərinin buraxılış siniflərində və peşə
liseylərində mərkəzləşdirilmiş qaydada
keçiriləcək yoxlama imtahanlarının vaxtı
müəyyənləşdirilmiş və ictimaiyyətə elan
edilmişdir. Artıq bu bilik sınağına bir aydan
da az vaxt qalır. Yoxlama imtahanlarına
hazırlıq məqsədilə nə kimi tədbirlər həyata
keçirilib? 2009-20/10-cu dərs ilində
mərkəzləşdirilmiş qaydada aparılacaq yoxlama və
buraxılış imtahanlarında hansı yeniliklərin
tətbiqi nəzərdə tutulub? Şagirdlər müvəffəq
qiymət almaq üçün nə etməlidirlər? Bu və bu kimi
digər suallarla Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsinin müdiri Təranə
Hacıyevaya müraciət etdik. Onun dediklərini
oxuculara təqdim edirik.
Bildiyiniz kimi, son dörd ildə ölkənin müxtəlif
bölgələrində, 2008-2009-cu dərs ilində isə
respublikanın bütün ümumtəhsil məktəblərində və
peşə liseylərində orta təhsil kursu üzrə
buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada
aparılmışdır. Bu dərs ilində həmin üsulla
keçirilən buraxılış imtahanlarının əhatə
dairəsinin daha da genişlənməsi - IX siniflərdə
də mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə
tutulmuş, imtahan prosesinin keçirilməsi
qaydaları və mexanizminin təkmilləşdirilməsi
istiqamətində müəyyən tədbirlər görülmüşdür.
Xatırladaq ki, ötən dərs ilində də hər bir
məktəbin IX siniflərində buraxılış imtahanları
məktəbdaxili qaydada Təhsil Nazirliyində
hazırlanmış vahid imtahan materialları əsasında
keçirildi. Lakin bu tədbir hazırlıq xarakteri
daşıyırdı, həmin imtahanlarda cavab kartı tətbiq
edilmədi və şagirdlərin nailiyyətləri məktəblər
tərəfindən qiymətləndirildi.
Yoxlama və buraxılış imtahanları nə vaxt
keçiriləcək?
Təhsil nazirinin müvafiq əmrinə əsasən, bu
tədris ilində respublikanın ümumtəhsil
məktəblərində əsas və orta təhsil kursları üzrə
yoxlama imtahanları 2010-cu ilin 27 fevral - 4
aprel tarixləri arasında, peşə liseylərində
yoxlama imtahanı isə 21 fevral tarixində
keçiriləcək.
Orta təhsil kursu üzrə yoxlama imtahanlarının
respublikanın 4 ayrı-ayrı bölgəsində aşağıdakı
tarixlərdə təşkil edilməsi nəzərdə tutulub:
Bakı və Sumqayıt şəhərləri - 27 fevral;
Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara,
Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul,
İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala,
Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab
rayonları - 13 mart;
Gəncə, Mingəçevir və Naftalan şəhərləri,
Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən,
Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir,
Tərtər, Tovuz və Yevlax rayonları - 27 mart;
Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı,
Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi,
Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan
rayonları - 3 aprel.
Ağdam və Füzuli rayonlarının işğal olunmamış
ərazilərində yerləşən ümumtəhsil məktəblərində
orta təhsil kursu üzrə yoxlama imtahanı martın
27-də, həmin rayonların işğal altında olan
ərazilərində yerləşən və digər məcburi köçkün
rayonlarının ümumtəhsil məktəblərində isə bu
imtahanlar məskunlaşdıqları şəhər və rayonların
ümumtəhsil məktəbləri üçün müvafiq əmrlə
müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
Respublikanın şəhər və rayonlarında əsas təhsil
kursu üzrə yoxlama imtahanları bu tarixlərdə
aparılacaq:
Bakı və Sumqayıt şəhərləri - 28 fevral;
Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara,
Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul,
İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala,
Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab
rayonları - 14 mart;
Gəncə, Mingəçevir və Naftalan şəhərləri,
Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən,
Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir,
Tərtər, Tovuz və Yevlax rayonları - 28 mart;
Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı,
Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi,
Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan
rayonları - 4 aprel.
Ağdam və Füzuli rayonlarının işğal olunmamış
ərazilərində yerləşən ümumtəhsil məktəblərində
əsas təhsil kursu üzrə yoxlama imtahanları
martın 28-də, həmin rayonların işğal altında
olan ərazilərində yerləşən və digər məcburi
köçkün rayonlarının ümumtəhsil məktəblərində isə
bu imtahanlar məskunlaşdıqları şəhər və
rayonların ümumtəhsil məktəbləri üçün müvafiq
əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
ümumtəhsil məktəblərində və peşə liseylərində
buraxılış imtahanları əsas təhsil kursu üzrə
iyun ayında ana dili və riyaziyyat fənlərindən,
orta təhsil kursu üzrə peşə liseylərində aprel,
ümumtəhsil məktəblərində iyun aylarında ana dili
və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi,
fizika, kimya, biologiya, coğrafiya və xarici
dil fənlərindən aparılacaq.
ötən dərs ilində buraxılış imtahanlarından
qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən əsas
və orta təhsil kursunu bitirməyən və eksternat
qaydasında imtahan vermək istəyən şəxslər
aprelin 20-dək bitirdikləri təhsil müəssisəsinə
müraciət etməlidirlər.
Bir mərkəzdə imtahanın gedişinə bir neçə imtahan
rəhbəri nəzarət edəcək
Monitorinq və qiymətləndirmə şöbəsi yoxlama
imtahanının keçirilməsinə, demək olar ki,
hazırdır. Bu günədək artıq imtahanlara
hazırlıqla bağlı zəruri olan bütün tədbirlər
həyata keçirilib, ayrı-ayrı şəhər və rayonlarda
şagirdlər, müəllimlər və valideynlər arasında
təlimati işlər aparılıb, şagird bazası
dəqiqləşdirilib, imtahan mərkəzləri
müəyyənləşdirilib, şagirdlərin adlı siyahısı
yerlərə göndərilib, onların kodu haqqında
məlumat verilib və s.
2009-2010-cu dərs ilində əsas və orta təhsil
kursu üzrə imtahanların keçirilməsi məqsədilə
respublika ərazisində 299 imtahan mərkəzi
yaradılıb. Bu il hər bir imtahan mərkəzinə keçən
ildən fərqli olaraq bir deyil, bir neçə imtahan
rəhbəri təyin olunub. Hər mərkəzdə öz biliyini
400-500 şagird sınayacaq. İmtahanlara ümumi
respublika üzrə 140 minə yaxın doqquzuncu, 97
mindən artıq onbirinci sinif şagirdi cəlb
edilib.
Doqquzuncular ana dili və riyaziyyat fənləri
üzrə hərəsi 25 sual olmaqla, cəmi 50 suala cavab
verməlidirlər. Riyaziyyatdan sualların 18-i
cəbrə, 7-si həndəsəyə aiddir. Orta təhsil kursu
üzrə imtahanlar cəmi 120 sual olmaqla, yuxarıda
adları çəkilən 8 fəndən keçiriləcək.
Yoxlama imtahanının nəticələri keçirildiyi
tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər
üzrə ikinci yarımillik qiymətləri yoxlama
imtahanının nəticələri nəzərə alınmaqla
çıxarılacaq.
Şagirdlərə kömək məqsədilə test külliyyatı
yaradılıb
Bir məsələni xüsusi olaraq diqqətə çatdırmaq
istəyirəm ki, indiyədək şagirdlərin imtahanlara
hazırlaşması üçün testlər ümumtəhsil
məktəblərinə elektron formada çatdırılırdı.
Şöbəmiz buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada keçirilməsinə
başlanandan bu günədək mövcud olan bütün
testləri təkmilləşdirmiş, redaktə etmiş və həm
IX, həm də XI siniflər üçün test külliyyatı
yaratmışdır.
Azərbaycan və rus bölmələrinin doqquzuncu
sinifləri üçün bir kitabdan ibarət olan test
külliyyatına hər iki bölmə üzrə ana dili və
riyaziyyatdan suallar daxil edilib. Orta təhsil
kursu üzrə 8 fənni əhatə edən testlər isə I və
II hissələr olmaqla iki kitabda toplanıb. Rus
bölməsinin onbirinciləri üçün də ayrıca olaraq
iki kitabdan ibarət test külliyyatı hazırlanıb.
Kitablar artıq çap olunur və yaxın günlərdə
məktəblərə çatdırılacaq.
Əsas təhsil kursu üzrə yoxlama imtahanlarına
bütün suallar test külliyyatından salınacaq.
Doqquzuncular bilik sınağında ilk dəfə iştirak
edirlər və onlara tanış olduqları sualların
verilməsi daha məqsədəuyğundur. Yoxlama
imtahanının məqsədlərindən biri də təhsilin
səviyyəsini öyrənməkdir. Buna görə də orta
təhsil kursu üzrə yoxlama imtahanlarına hər
fəndən sualların yalnız 20-30 faizi test
külliyyatından salınacaq. Qalanları isə tamamilə
yeni suallar olacaq. Bu halda şagird öz
qabiliyyətini yoxlayır, öz biliyi haqqında dəqiq
məlumat alır və qarşıdakı həlledici mərhələdə
hansı suallara daha ciddi hazırlaşmağın zəruri
olduğunu öyrənir. Eyni zamanda müəllimlər də,
valideynlər də, Təhsil Nazirliyi də real
vəziyyətdən xəbərdar olur.
Əsas və orta təhsil kursu üzrə buraxılış
imtahanlarında isə sualların hamısı test
külliyyatından salınacaq.
Fənn üzrə elementar biliyi olan şagird müvəffəq
qiymət ala bilər
ümumiyyətlə, əsas və orta təhsil kursu üzrə
yoxlama və buraxılış imtahanlarının
qiymətləndirilməsinə gəlincə, qeyd etmək
lazımdır ki, cari dərs ilində bu məsələdə
yeniliyin tətbiq olunması nəzərdə tutulmur. Hər
hansı bir fənn üzrə ən elementar biliyə malik
olan şagird imtahana salınan testlərin heç
olmasa, 20 faizinə asanlıqla cavab verərək
müvəffəq qiymət ala bilər. Və ya yoxlama
imtahanında "2" aldığı fəndən ciddi hazırlaşaraq
buraxılış imtahanında daha yüksək qiymət alar.
Təbii ki, şagirdin bir fəndən hər iki imtahanda
qeyri-müvəffəq nəticə göstərməsini təsadüf və ya
həyəcanla izah etmək məntiqə uyğun deyil.
Əsas təhsil kursu üzrə buraxılış imtahanında
fənlərin hər hansı birindən "2" alan şagird
ümumtəhsil məktəblərində sinifdən-sinfə keçirmə
qaydalarına əsasən yeni dərs ili başlananadək
mərkəzləşdirilmiş qaydada təkrar payız imtahanı
verir. Bu imtahandan da "2" alan şagird sinifdə
qalır.
Onbirincilər isə "2" aldığı fəndən yalnız gələn
il imtahan verə bilər. Uğur qazanmadığı təqdirdə
həmin məzun növbəti ildə artıq bütün fənlərdən
eksternat qaydada imtahan verməlidir.
Oxucuların diqqətinə çatdırmaq istərdik ki,
mərkəzləşdirilmiş qaydada aparılan imtahanlarla
bağlı görülən işlər barədə İnternetdə mütəmadi
olaraq məlumat verilir. İmtahan səhifəsində
(edu.gov.az) ötən dərs ilində aparılan buraxılış
imtahanlarının nəticələri, istifadə olunan
imtahan materiallarından nümunələr və s.
yerləşdirilib. Həmin səhifədə hələ çapda olan
test külliyyatı haqqında da məlumat veriləcək.
Şagirdlər zəif bildikləri hər hansı fənn üzrə
materialı götürüb qarşıdakı yoxlama imtahanına
hazırlaşa bilərlər.
Hicran ƏKBƏROVA |