|
Yerləşir: |
ABŞ, Miçiqan ştatı, Enn Arbor şəhəri |
|
|
Yaranma tarixi: |
1817-ci il |
Tipi: |
Dövlət |
İllik gəlirləri: |
4,1 milyard ABŞ dolları |
İanə fondu: |
7,57 milyard ABŞ dolları |
İşçi heyəti: |
6238 (akademik heyət), 38000 (inzibati
heyət) |
Tələbələrin sayı: |
56000 nəfər |
Rəsmi saytı: |
www.umich.edu |
Miçiqan Universiteti (University of Michiqan)
Amerikanın ən nüfuzlu və tanınmış dövlət ali
məktəblərindən biridir. Universitet ABŞ-ın
Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Miçiqan
Universiteti 100 ən yaxşı ali məktəb arasında
19-cu yerdə sıralanıb. Bu ali təhsil müəssisəsi
Amerika Universitetləri Assosiasiyasının ilk
üzvlərindən biridir.
Tarixi
Miçiqan Universiteti 1817-ci ildə Detroyt
şəhərində Miçiqan ştatının qubernatoru və
hakimləri tərəfindən yaradılıb. Universitetin
banilərindən olmuş Con Monteyt təhsil ocağının
ilk prezidenti kimi tarixə düşüb. 1837-ci ildə
Miçiqan ştatının I qubernatoru Stivens Mason
universitetin Enn Arbor şəhərinə köçürülməsinə
nail olur. Burada universitetə 40 akrlıq (16
hektar) ərazi ayrılır. Enn Arbor şəhərində
fəaliyyətə başlayan universitetdə ilk dərslər
1841-ci ildə keçirilir və burada çalışan iki
professor yeddi tələbəyə dərs keçir. 1845-ci
ildə Miçiqan Universitetini 11 məzun bitirir.
1871-1909-cu illərdə universitetə rəhbərlik
etmiş Ceyms Encl xüsusi səy göstərərək
stomatologiya, memarlıq, mühəndislik, idarəetmə
və tibb fakültələrini yaradır. Miçiqan
Universiteti seminar məşğələsini tətbiq etmiş
ilk Amerika universitetidir.
1900-1920-ci illərdə universitetin kampusunda
stomatologiya və əczaçılıq, kimya, təbiət
elmləri üçün binalar, Hill auditoriyası, böyük
hospital və kitabxana kompleksləri, iki
yataqxana tikilir.
İkinci Dünya müharibəsi zamanı Miçiqan
Universitetində torpeda gəmiləri hazırlanır,
hərbi dəniz qüvvələri, hava və quruda müdafiə,
radiolokasiya qurğuları yaradılır. 1950-ci ildə
burada təhsil alan tələbələrin sayı 21000 nəfərə
çatır. 1959-cu ildə "Ford Motor" kampaniyası
Miçiqan ştatının cənub-şərq hissəsində müvafiq
tələbatı nəzərə alaraq ali təhsil müəssisəsinə
196 akrlıq ərazi bağışlayır. Həmin ərazidə
universitetin Derborn kampusu salınır. Soyuq
müharibə və kosmik rəqabət dövründə strateji
tədqiqatlar məqsədilə Miçiqan Universiteti əsas
dövlət subsidiyası alan tədqiqat mərkəzinə
çevrilir və nüvə enerjisinin istifadəsində
dövlətə köməklik göstərir.
14 oktyabr 1960-cı ildə ABŞ prezidentliyinə
namizəd Con Kennedi "Miçiqan İttifaqı" adlı
tələbə klubunun binasında hazırda Sülh Korpusu
(ABŞ-da müstəqil federal agentlik) adlanan
konsepsiyanı irəli sürür. 1965-ci ildə Miçiqan
Universitetinin 3000 tələbə və müəllimi ABŞ-ın
Cənub-Şərqi Asiyadakı siyasətinə qarşı aksiya
keçirir. Universitetə ilk qız tələbələr 1871-ci
ildə qəbul olunur. 1980-ci illərdə universitetdə
ictimai və dəqiq elmlər üzrə tədqiqatların
aparılması üçün yardımın məbləği artırılır.
1980-1990-cı illərdə Miçiqan Universitetində
xəstəxana kompleksi, inzibati binalar tikilir,
kompüter və informasiya texnologiyaları sürətlə
inkişaf edir.
2000-ci ilin əvvəllərində universitetə dövlət
tərəfindən edilən yardımların məbləği xeyli
aşağı düşür, bu da universitet administrasiyası
və həmkarlar ittifaqları arasında qarşıdurmaya
gətirib çıxarır. 2009-cu ildə universitet daha
30 böyük bina, kosmik laboratoriya istifadəyə
verir. Hazırda universitetdə 2,5 milyard dollar
dəyərində olan tikinti layihəsi həyata
keçirilir.
Miçiqan Universitetinin elmi nailiyyətləri
Miçiqan Universiteti kompüter şəbəkəsi (Merit
Network) yaradan ilk elmi-tədqiqat
mərkəzlərindən biridir. Universitetin məzunu
olmuş Klod Şenon riyaziyyatda mövcud olan
informasiya nəzəriyyəsinə önəmli yeniliklər
gətirib, Conas Solk poliomielit xəstəliyinə
qarşı vaksin kəşf edib. Miçiqan ştatının Nortern
Louer yarımadasında yerləşən Bioloji stansiya
ABŞ-dakı 47 biosfer qoruqlarından biridir.
Universitet optika, virtual yaddaş modeli,
simsiz kompleksli mikrosistem və sosial elmlər
sahəsində böyük uğurlar əldə edib. Miçiqan
Universitetində müharibə, silahlı qüvvələr
sahəsi xüsusi öyrənilir və bu məqsədlə yeni-yeni
qurğular yaradılır. Ali təhsil müəssisəsinin
nəzdində Qrup dinamikası, Siyasi tədqiqatlar,
Əhalinin məskunlaşması tədqiqatları mərkəzləri,
Siyasi və sosial tədqiqatlar konsorsiumu
fəaliyyət göstərir.
2006-cı ildə Miçiqan Universiteti Miçiqan Ştat
Universiteti və Veyn Ştat Universiteti ilə birgə
tədqiqatlar koridoru yaradıb. Nəticədə bu
universitetlər və Miçiqan ABŞ-ın yüksək sürətli
kompüter şəbəkə infrastrukturu olan LambdaRaillə
elektron şəbəkə yaradılıb. Miçiqan
Universiteti, Miçiqan Ştat Universiteti və Veyn
Ştat Universiteti ilə Moskva Dövlət Universiteti
arasında saniyədə 10 milyard bit verilənlərin
ötürülməsi həyata keçirilir, bu da adi
İnternetdən 1000-10000 dəfə sürətlidir.
Büdcə xərcləri və təhsil haqqı
ötən il Miçiqan Universitetinin illik gəlirləri
4 milyard 104 milyon 608 min ABŞ dolları təşkil
edib. Universitetin büdcəsi əsasən qrantlar,
donorların ödəniş və yardımları sayəsində
formalaşır. ötən il tələbə və müdavimlərin
təhsil haqlarından gələn gəlirlər 791 milyon 221
min, Federal Hökumət tərəfindən verilmiş
qrantlar 712 milyon 963 min, Yerli Ştatın
verdiyi qrantlar 9 milyon 649 min ABŞ dolları
təşkil edib. İanə (yardım) fondu isə 7 milyard
570 milyona çatıb. Universitetin ianə fondu
ABŞ-ın yeddinci, ABŞ dövlət universitetləri
arasında isə üçüncü ən böyük fondudur. Lakin son
zamanlar universitetin xərcləri də az olmayıb.
2008-2009-cu tədris ilində Miçiqan
Universitetində illik təhsil haqqı, orta
hesabla, Miçiqan ştatının sakinləri üçün 11037,
başqa yerlərdən gələnlər üçün 33069 ABŞ dolları
təşkil edib. ümumiyyətlə, bu məktəbdə tələbələrə
bir cox güzəştlər olunur - maliyyə yardımları,
qrantlar, iş yerləri, kreditlər və s.
Universitet bu gün
Miçiqan Universiteti üç tələbə şəhərciyindən
ibarətdir: Enn Arbor, Derborn və Flint.
Universitetin bu ərazilərdə 524-dən çox inzibati
binası var. Enn Arbor şəhərində Miçiqan
Universitetinin 4 kampusu yerləşir - Şimali,
Mərkəzi, Tibbi və Cənubi kampuslar. Plimut Yolu
adlanan ərazidə universitetin Tibb şəhərciyi
salınıb. Burada tibbi məktəblər, ambulator qayğı
və diaqnostika mərkəzləri, bir neçə cərrahiyyə
binaları və s. mövcuddur. Universitet ilk dəfə
1837-ci ildə Mərkəzi kampusda yerləşib. Kampusun
binaları çox qədimdir və qotik, klassik üslubda
inşa edilib. Şimali kampus 1952-ci ildə
istifadəyə verilib. Burada müasir üslubda
tikilmiş binalar, universitetin ən böyük
yataqxanası olan Bursli Holl və çoxlu sayda
kompüter laboratoriyaları, videostudiyaları, 3D
virtual otaqları özündə birləşdirən Duderstadt
mərkəzi yerləşir.
Miçiqan Universiteti yataqxana sisteminin
böyüklüyünə görə ABŞ-da altıncı yerdə durur.
Yataqxanalar üç ərazidə cəmlənib - Mərkəzi
(Betsi, Kembric, Şərqi, Qərbi, Cənubi, Şimali
Dördbucaq, Fletçer, Helen Nyuberi, Marta Kuk
rezidensiyaları) Şimali (Beyts I və II, Bursli,
Nortvud yataqxanaları) kampuslar və Hill Ərazisi
(Kouzens, Alisa Loyd, Meri Markli,
Moşer-İordaniya, Stokvell və Oksford
yataqxanaları). Universitetin yataqxana
sisteminə, eyni zamanda Henderson Haus,
Hüquqşünaslar Klubu da daxildir. Elmi mərkəzlər
Miçiqan Universitetinin yataqxanalarında da
mövcuddur. Moşer-İordaniya Holl rezidensiyasında
elmi-tədqiqat cəmiyyəti, Rezidensiya Kollecində
ədəbiyyat, elm və incəsənət, şərqşünaslıq
bölmələri fəaliyyət göstərir. 2006-cı ildə
universitet Mərkəzi kampusun şimal hissəsində
yeni yataqxana kompleksinin tikintisinə başlayır
və hazırda bu iş davam etdirilir.
Miçiqan Universitetinin nəzdində Memarlıq və
şəhərsalma (1906), İncəsənət və Dizayn (1974),
Ross biznes (1924), Təhsil (1921), Mühəndislik
(1854), Rekhem ali (1912), İnformasiya (1969),
Kineziologiya (1984), Hüquq (1859), Ədəbiyyat,
elm və mədəniyyət (1841), Musiqi, teatr və rəqs
(1880), Tibb (1850), Tibb bacısı (1893), Səhiyyə
(1941), Stomatologiya (1875), Əczaçılıq (1876),
Təbii resurslar və ətraf mühitin mühafizəsi
(1927), İctimai siyasət (1914), Sosial fəaliyyət
(1951) məktəbləri vardır. ümumilikdə,
universitetdə 3000 fakültə mövcuddur. Miçiqan
Universitetinin Tibbi kampusunda məktəblərdən
başqa üç xəstəxana, onlarla ambulator
poliklinika, tibbi yardım və tədqiqat mərkəzləri
yerləşir.
Miçiqan Universitetinin kitabxana sisteminə 8
milyondan çox kitab daxildir. Bu rəqəm hər il
177000 artır. Universitetdə 19 kitabxana vardır.
Kitabxanalar, həmçinin təhsil müəssisəsi kimi
fəaliyyət göstərərək tələbə, müəllim və
tədqiqatçılara kurslar, proqramlar təklif edir.
"JSTOR" adlanan verilənlər bazasında 75000
rəqəmsal səhifə yerləşdirilib. Universitet bu
yaxınlarda kitablarını şəbəkəyə qoşmaq üçün
"Google" axtarış sistemi ilə birgə razılaşma
imzalayıb. 31 avqust 2006-cı ildə universitet,
ilk mərhələ kimi, kitabların bir hissəsini artıq
bu şəbəkədə yayımlayıb. Miçiqan Universitetinin
nəşriyyatı və mətbuatı bu təhsil müəssisəsinin
kitabxana sisteminin bir hissəsini təşkil edir.
Miçiqan Universitetinin muzeyləri Enn Arbor
şəhərciyində cəmlənib. Mərkəzi kampusda Təbii
tarix (eləcə də Paleontologiya), Kelsi
arxeologiya və Təsviri incəsənət muzeyləri,
Şimali kampusda isə Uorren Robbins və Slasser
qalereyaları yerləşir. Təbii tarix muzeyinin
Rutven binasında geologiya, paleontologiya,
antropologiya sahəsinə, hindu mədəniyyətinə aid
eksponatlar saxlanılır. Eləcə də burada
quşların, həşəratların, suda-quruda yaşayan,
sürünən canlıların əksər nümunələri, Miçiqanda
tapılmış dinozavr qalıqları saxlanılan Zoologiya
muzeyi mövcuddur.
2002-ci ildən Miçiqan Universitetinə ixtisasca
həkim olan Meri Syu Koulman rəhbərlik edir. O,
universitetin sayca 13-cü prezidentidir.
M.S.Koulmanın ofisi Enn Arbor şəhərciyində qədim
binada yerləşir. ümumilikdə, universitetdə
6200-dən çox akademik heyət, 38000 inzibati işçi
çalışır. Onların əksəriyyəti ABŞ Milli
Akademiyasının üzvləri, Nobel, Pulitser
mükafatları laureatlarıdır. Hazırda Miçiqan
Universitetində 56000 tələbə təhsil alır.
Onların 65%-i ədəbiyyat, elm və mədəniyyət,
20%-i Mühəndislik məktəblərində təhsil alır.
Magistrların əksəriyyəti Biznes, doktorantların
çoxu isə Ədəbiyyat, elm və mədəniyyət
məktəblərində təhsil alır.
Miçiqan Universiteti dünyanın ən nüfuzlu
elmi-tədqiqat mərkəzlərindən biridir. Bundan
irəli gələrək, gələcəkdə mükəmməl təhsil verən
bu elm ocağında azərbaycanlı gənclərin də təmsil
olunmağını arzu edirik.
Miçiqan Universitetinin məşhur məzunları
|
Cerald Ford |
ABŞ-ın 38-ci prezidenti |
|
|
Henri Ho |
Tayvanın maliyyə naziri |
|
|
Marvan Qassem |
İordaniyanın xarici işlər naziri |
|
|
Xalid Toukan |
İordaniyanın təhsil naziri |
|
|
Kamal Əhməd Qənzouri |
Misirin sabiq baş naziri |
|
|
Lamberto Dini |
İtaliyanın sabiq baş naziri |
|
|
Culio Frenk |
Meksikanın səhiyyə naziri |
|
|
Raul Vallenberq |
məşhur İsveçrə diplomatı (II Dünya
müharibəsi dövründə minlərlə yəhudini
xilas edib) |
|
|
Lerri Peyc |
"Google" axtarış sisteminin yaradıcısı |
|
|
Mozes Homberq |
Amerika alimi, "radikallar kimyasının
atası" |
|
|
Stenli Koen |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Marşall Nirenberq |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Tomas Ueller |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Devid Pulitzer |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Tinq |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Cerom Karl |
fizika və kimya üzrə Nobel mükafatı
laureatı |
|
|
Riçard Smolli |
kimya üzrə Nobel mükafatı laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |