| 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								Hörmətli oxucular, bu məqalədən başlayaraq 
								Azərbaycanda təhsil sahəsində beynəlxalq 
								əlaqələr, onun təşəkkülü, əməkdaşlıq etdiyimiz 
								ölkələr və təşkilatlar, təhsil sahəsində həyata 
								keçirilən beynəlxalq proqram və layihələr, 
								azərbaycanlı gənclərin xaricdə və əcnəbi 
								tələbələrin ölkəmizdə təhsili, beynəlxalq 
								əməkdaşlığın digər aspektləri barədə fikirlərimi 
								sizinlə bölüşməyə çalışacağam. Beynəlxalq 
								əlaqələr mövzusuna həsr olunmuş birinci məqalədə 
								daha çox müstəqilliyədək olan dövrdə 
								Azərbaycanın təhsil əlaqələri, ölkəmizin ali və 
								orta ixtisas təhsili müəssisələrində əcnəbilərin 
								təhsili və respublikadan kənarda 
								azərbaycanlıların təhsili məsələlərinə diqqət 
								yetiriləcək.  
								
								Qeyd edim ki, Azərbaycanda təhsil sahəsində 
								beynəlxalq əlaqələr ölkəmizin milli maraqlarına 
								və mənafeyinə müvafiq olaraq qurulmuşdur. 
								Beynəlxalq əməkdaşlıq əsasən aşağıdakı 
								istiqamətləri əhatə edir: 
								
								-ölkələrarası müqavilələrə əsasən təhsillə bağlı 
								birgə tədbirlərin həyata keçirilməsi; 
								
								-təhsil sahəsində beynəlxalq proqram və 
								layihələrin reallaşdırılması prosesində 
								beynəlxalq təşkilatlarla əməkdaşlıq; 
								
								-təhsil müəssisələri arasında birbaşa əlaqələr, 
								şagird, tələbə mübadiləsi, müəllimlərin 
								ixtisasının artırılması, stajkeçməsi; 
								
								-müxtəlif təhsil mübadilə proqramlarını həyata 
								keçirən təşkilat və digər donor qurumların 
								təqaüdləri hesabına xaricdə təhsil; 
								
								-dövlət xətti ilə, yəni təhsil sahəsində 
								əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar 
								əsasında Azərbaycan vətəndaşları üçün ayrılan 
								təqaüdlər hesabına həyata keçirilən xaricdə 
								təhsil; 
								
								-təsdiq olunmuş Dövlət Proqramına əsasən 
								azərbaycanlı tələbələrin xaricdə təhsili; 
								
								-əcnəbi tələbələrin Azərbaycanın ali 
								məktəblərində təhsili.  
								
								İlk növbədə onu qeyd etmək istərdim ki, təhsil 
								sahəsində səmərəli beynəlxalq əlaqələrin 
								qurulması prinsipial əhəmiyyət daşıyır. Belə ki:
								 
								
								-bu əlaqələr digər ölkələrlə təcrübə 
								mübadiləsinə və ümumilikdə ölkədə təhsilin 
								inkişafına zəmin yaradır; 
								
								-dünya təcrübəsində istifadə olunan yeni 
								texnologiyaların, təlim strategiyalarının, 
								innovasiyaların tətbiqinə şərait yaradır; 
								
								-beynəlxalq  proqram və layihələrin Azərbaycanda 
								reallaşdırılmasına, eləcə də təhsil sektoruna 
								investisiya cəlbinə imkan verir; 
								
								-insan potensialının inkişafına, kadrların 
								davamlı təkmilləşdirilməsinə, beynəlxalq təlim 
								təcrübələrinin tətbiqinə geniş imkanlar açır; 
								
								-tələbə, müəllim mübadiləsinə şərait yaradır; 
								
								-ölkədə təhsilin keyfiyyət səviyyəsinin digər 
								inkişaf etmiş ölkələrlə müqayisəsinə imkan 
								verir; 
								
								-Azərbaycan təhsilinin beynəlxalq təhsil 
								məkanına uğurlu inteqrasiyasına, 
								rəqabətqabiliyyətli təhsil sisteminin 
								formalaşmasına gətirib çıxarır; 
								
								-beynəlxalq aləmdə ölkənin daha yaxşı 
								tanınmasına və müsbət imicinin formalaşmasına 
								kömək edir.  
								
								Göründüyü kimi, beynəlxalq əlaqələr inkişaf və 
								rəqabət üçün əlverişli imkanlar yaratmaqla 
								yanaşı, son nəticədə təhsilin keyfiyyət 
								səviyyəsinin yüksəldilməsi vasitəsilə ölkənin 
								tərəqqisinə gətirib çıxarır. Bu mənada ölkəmizin 
								müxtəlif inkişaf mərhələlərində təhsil sahəsində 
								beynəlxalq əlaqələrə yanaşma da müxtəlif 
								olmuşdur. 
								
								Müasir dövrümüzdə beynəlxalq əlaqələrin vacib 
								istiqamətlərindən biri ali məktəblərə əcnəbi 
								tələbələrin cəlbidir. Təsadüfi deyildir ki, 
								universitetlərin reytinqi müəyyənləşdirilərkən 
								əsas göstəricilərdən biri orada təhsil alan 
								əcnəbi tələbələrin sayıdır. Əcnəbi tələbələr 
								əlavə maliyyə mənbəyi olmaqla yanaşı, 
								universitetlərdə mədəniyyətlərin rəngarəngliyi 
								ilə fərqlənən intellektual mühitin yaranmasına 
								kömək edir, bu isə bütün dünyada inkişaf, 
								yaradıcı və yenilikçi fəaliyyətin əsasını təşkil 
								edir. Eyni zamanda bu prosesdə ölkələr arasında 
								əlaqələr, o cümlədən təhsil əlaqələri 
								formalaşır. Təhlil göstərir ki, dünyanın ən 
								yaxşı universitetlərinin reytinq cədvəlində ön 
								yerləri tutan ali təhsil müəssisələrində 
								tələbələrin böyük əksəriyyətini məhz əcnəbi 
								tələbələr təşkil edir. 
								
								Qeyd etmək lazımdır ki, Azərbaycanda təhsil 
								sahəsində beynəlxalq əlaqələr, tələbə və müəllim 
								mübadiləsi Sovetlər Birliyi dövründə təşəkkül 
								tapsa da, bu əlaqələrin tarixi XVIII-XIX əsrlərə 
								təsadüf edir. Belə ki, həmin dövrdə xeyli sayda 
								azərbaycanlılar öz təşəbbüsləri ilə Avropanın, 
								Rusiya və digər ölkələrin aparıcı ali təhsil 
								müəssisələrində təhsil almışdılar. Xüsusi 
								vurğulamaq lazımdır ki, həmin dövrdə xaricdə 
								təhsil almış mütəxəssislər sonradan Azərbaycanda 
								ali təhsilin təşəkkülündə misilsiz xidmətlər 
								göstərmişlər.  
								
								XIX əsrin ikinci yarısında və XX əsrin 
								əvvəllərində Azərbaycanda elmin, mədəniyyətin və 
								məktəb təhsilinin inkişafında böyük xidmətləri 
								olan Həsən bəy Zərdabi 1865-ci ildə Moskva 
								Universitetinin fizika-riyaziyyat şöbəsinin 
								təbiət şöbəsini əla qiymətlərlə bitirmişdi və 
								ona universitetin Elmi Şurası tərəfindən 
								əxlaqına və təhsildə uğurlarına görə namizədlik 
								dərəcəsi verilmişdi.  
								
								Əlifba islahatı sahəsində böyük xidməti olan 
								Məhəmməd ağa Şahtaxtlı 1879-1880-ci illərdə 
								Almaniyada Şərq tarixinə dair tədqiqatlara 
								başlamış, 1898-1902-ci illərdə Parisdə Fransa 
								kollecində və Ali təcrübə təhsil məktəbində Şərq 
								dillərindən dərs demiş, Sorbonna Universitetində 
								fonetika sahəsində tədqiqat aparmışdır. 
								 
								
								XIX əsrin böyük alimi Mirzə Məhəmməd Əli Hacı 
								Qasım oğlu Kazım bəy (Mirzə Kazımbəy) 40 ildən 
								çox müddətdə Kazan və Sankt-Peterburq 
								universitetlərində professor olaraq dərs demiş, 
								əsərləri London və Parisdə çap olunmuşdur. XIX 
								əsrdə Rusiyada şərqşünaslıq elminin inkişafında 
								ciddi rol oynamış Əbu Turab Vəzirov, Mirzə 
								Məhəmməd Şəfi, Sadıx bəy Cəfərov, Mirzə Abdulla 
								Vəzirov, Mirzə Həsən Tahirov, Məhəmməd Əliyev, 
								Mirzə Abdulla Qafarov, Mirzə Cəfər Rizayev, 
								Ruhulla Əli Axundov, Mirzə Cəfər Topçubaşov 
								(London Kral Asiya Cəmiyyətinin üzvü) Rusiyada 
								müəllim və tərcüməçi kimi fəaliyyət 
								göstərmişlər. 
								
								1880-1890-cı illərdə Strasburq Universitetində 
								təhsil almış kimya doktoru Mövsüm bəy Xanlarov 
								Bakıda üzvi kimya üzrə tədqiqatlara başlamışdı. 
								1879-cu ildə onun təşəbbüsü ilə qabaqcıl rus və 
								azərbaycanlı alimləri birləşdirən Rus Texniki 
								Cəmiyyəti Bakı Şöbəsinin yaradılması 
								Azərbaycanda kimya və kimya sənayesinin 
								inkişafına böyük təkan vermişdi.  
								
								Təsadüfi deyildir ki, təhsil tariximizdə 
								sistemli şəkildə beynəlxalq əlaqələrin təməli də 
								məhz azərbaycanlıların xaricdə təhsili 
								vasitəsilə qoyulmuş, Azərbaycan Xalq 
								Cümhuriyyəti dövründə ilk dəfə olaraq 
								azərbaycanlıların dövlət hesabına xaricdə təhsil 
								almağa göndərilməsi təcrübəsindən istifadə 
								olunmuşdur.  
								
								Belə ki, 1919-cu ildə Azərbaycan Xalq 
								Cümhuriyyəti Parlamenti tərəfindən 100 nəfər 
								azərbaycanlı gəncin xaricə ali təhsil almağa 
								göndərilməsi ilə bağlı qərar qəbul edilmiş, 
								onlar üçün yol xərci və təqaüdlər 
								müəyyənləşdirilmişdi. Göndərilən tələbələrin 
								49-u Almaniya, 27-si Fransa, 4-ü İtaliya, 1-i 
								İngiltərə, 6-sı Türkiyə və digər ölkələrin ali 
								məktəblərinə yola salınmışdı. Rusiyada Vətəndaş 
								müharibəsi başladığına görə 13 nəfəri həmin 
								ölkəyə göndərmək mümkün olmamışdı. Parlament 
								komissiyası tərəfindən 31 nəfər də əlavə olaraq 
								seçilmişdi ki, onların da böyük əksəriyyəti öz 
								hesabına, yaxud xeyriyyəçilərin maliyyə dəstəyi 
								ilə Qərbi Avropa ölkələrinin ali məktəblərinə 
								göndərilmişdi. Lakin Azərbaycan Demokratik 
								Cümhuriyyəti süquta uğramış, xalqımız xaricdə 
								təhsil almağa göndərilən bu soydaşlarımızdan 
								yetərincə bəhrələnə bilməmişdir. Belə ki, 
								bolşeviklər hakimiyyəti ələ aldıqdan sonrakı ilk 
								illərdə xaricə göndərilən azərbaycanlı gənclərin 
								təhsili barədə Xalq Komissarları Sovetinin sədri 
								Nəriman Nərimanov tərəfindən "Xaricə oxumağa 
								göndərilən azərbaycanlı tələbələrə yardımın 
								davam etdirilməsi haqqında" xüsusi dekret 
								imzalanmış, ilk vaxtlar onların ali təhsili başa 
								vurmalarına şərait yaradılsa da, bu iş sonadək 
								başa çatdırılmamışdı. Bu səbəbdən də onların 
								bəziləri getdikləri ölkələrdə başqa sahələrdə 
								işləməyə başlamış, bəziləri isə öz təhsillərini 
								yarımçıq qoyub vətənə qayıtmışlar. Sonradan 
								onların əksəriyyəti repressiya qurbanı olmuşdur. 
								
								Keçmiş Sovetlər Birliyi dövründə Azərbaycanın 
								xarici ölkələrlə birbaşa təhsil əlaqələri 
								yaratması imkanları məhdud idi. Bir qayda olaraq 
								həmin dövrdə əlaqələr İttifaq respublikaları 
								arasında yaradılırdı. ümumi orta təhsil 
								sahəsində belə əlaqələr daha çox qardaşlaşmış 
								məktəblər, ümumittifaq səviyyəli bilik və idman 
								yarışları, müsabiqələr vasitəsilə təşkil 
								edilirdi. Eyni zamanda şagirdlərin və 
								müəllimlərin İttifaq respublikalarına səfərləri 
								və təcrübə mübadiləsi formalarından da istifadə 
								edilirdi. Belə əlaqələr daha çox ali və orta 
								ixtisas təhsili sahəsini əhatə edirdi. 
								 
								
								Azərbaycanın ali təhsil müəssisələrinin 
								beynəlxalq əlaqələrinin tarixi ötən əsrin 
								əvvəllərinə təsadüf edir. Belə ki, həmin illərdə 
								yaranmış ali təhsil müəssisələri xaricdə təhsil 
								almış azərbaycanlı mütəxəssisləri dəvət etməklə 
								müəllim heyətinin tərkibini keyfiyyətcə 
								yüksəltmişdilər. Eyni zamanda yarandıqları ilk 
								vaxtlardan ali təhsil müəssisələrimiz həm qonşu 
								respublikalar, həm də Asiya, Afrika və ərəb 
								ölkələri üçün kadr hazırlığını həyata 
								keçirmişlər.  
								
								1921-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı 
								sovet Rusiyasının Xalq Maarif Komissarlığına 
								müraciət edərək respublikamızda ali təhsilin 
								təşkilinə kömək göstərilməsini xahiş etmişdi. 
								Müraciətə əsasən Azərbaycanın ali məktəblərinə 
								və elmi-tədqiqat müəssisələrinə daimi işləmək 
								üçün Rusiyadan görkəmli alimlər A.A.Qrossheym, 
								V.İ.Razumovski, S.N.Davidenkov, A.D.Qulyayev, 
								L.Q.Qurviç, A.N.Derjavin, K.A.Krassuski. 
								P.Y.Rostovyev. B.İ.Tixomirov, Q.İ.Pisarevski, 
								P.K.Juze, İ.İ.Şirokoqorov, V.P.Tomaşevski, 
								V.V.Bartold, İ.İ.Meşşaninov, N.Y.Marr və 
								başqaları göndərilmişdi, onlar ali təhsil 
								müəssisələrinə tədris-təşkilati işlərdə böyük 
								yardım göstərdilər. Azərbaycanlı alimlərlə 
								yanaşı, həmin alimlərin, eləcə də İstanbul 
								Universitetindən dəvət olunmuş Mehmet Fuad 
								Köprülüzadənin Azərbaycan Dövlət Universitetinin 
								elm və təhsil ocağı kimi inkişafında əvəzsiz 
								xidmətləri olmuşdu.  
								
								20-ci illərin ortalarından azərbaycanlı 
								gənclərin ali təhsil almaq üçün Moskva, 
								Leninqrad (Sankt-Peterburq) və Rusiyanın digər 
								iri şəhərlərində yerləşən ali məktəblərə 
								göndərilməsinə başlanmışdı. Təkcə 1925-26-cı 
								tədris ilində Rusiyanın ali məktəblərində 120 
								azərbaycanlı gənc təhsil alırdı. 
								
								1928-ci ildən RSFSR-in ali məktəblərində 
								Azərbaycan üçün kadr hazırlanması sistemli 
								xarakter almışdı. Əgər 1929-30-cu tədris ilində 
								Rusiyada və SSRİ-nin digər respublikalarının ali 
								məktəblərində 249 tələbə təhsil alırdısa, 
								1930-31-ci tədris ilində onların sayı 492-yə 
								çatmışdı. 1950-ci ildə təkcə Moskva və 
								Leninqradın (Sankt-Peterburq) ali məktəblərində 
								800-dən artıq azərbaycanlı təhsil alırdı. 
								
								1956-cı ildən əcnəbi tələbələrin Azərbaycanın 
								ali məktəblərinə qəbuluna başlanmışdı. Həmin 
								ildə Almaniya və Bolqarıstandan Azərbaycana 40 
								tələbə göndərilmişdi və onlar ali 
								məktəblərimizdə təhsil alırdılar.  
								
								Beynəlxalq əlaqələrdən danışarkən 60-cı illərdən 
								Azərbaycanda təqaüd proqramlarını həyata 
								keçirməyə başlamış Alman Akademik Mübadilə 
								Xidmətinin (DAAD) fəaliyyətini xüsusi qeyd etmək 
								lazımdır. Belə ki, DAAD təhsil tariximizdə 
								azərbaycanlıların Almaniya universitetlərində 
								təhsilini təşkil edən ilk beynəlxalq təşkilat 
								olmuş və bu günədək uğurlu əməkdaşlığını davam 
								etdirməkdədir.  
								
								Azərbaycanın görkəmli maarif və ictimai xadimi, 
								akademik Mehdi Mehdizadə təhsil sahəsində 
								beynəlxalq əlaqələrin inkişafında böyük 
								xidmətlər göstərmişdir. 1961-1964-cü illərdə 
								YUNESKO-nun təhsil üzrə komitələrindən birinin 
								üzvü olmuş, Polşa, Hollandiya, Fransa və bir 
								neçə Afrika ölkəsində pedaqoji elmin 
								nailiyyətləri barədə məruzələrlə çıxış etmişdir. 
								1961-ci ilin mayında Parisdə YUNESKO-nun 
								iqamətgahında keçirilən simpoziumda çıxış 
								etmişdir. Eyni zamanda M.Mehdizadə SSRİ Pedaqoji 
								Elmlər Akademiyasının həqiqi üzvü olmuş, 
								akademiyanın müxtəlif komissiyalarına rəhbərlik 
								etmişdir.  
								
								1970-1980-ci illərdə Azərbaycanda ali təhsilin 
								inkişafı, o cümlədən ölkədən kənarda kadr 
								hazırlığı ümummilli lider Heydər Əliyevin 
								fəaliyyəti ilə bilavasitə bağlıdır. Həmin dövrdə 
								ölkədən kənarda sistemli şəkildə kadr 
								hazırlığına başlanmışdır. Məhz Heydər Əliyev 
								1970-80-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq 
								böyük şəhərinin 170-dən çox ən məşhur ali 
								məktəbində respublikamızın xalq təsərrüfatı, 
								elm, təhsil və mədəniyyətinin 80-dən artıq 
								sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 
								250-dən çox ixtisas üzrə 15 mindən artıq 
								azərbaycanlı gəncin ali təhsil almasına, 
								yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına 
								imkan və şərait yaratmışdı. 
								
								Hörmətli oxucular! O illərdə görülən işlərin 
								millətin mənəvi təkamülündəki rolunu, 
								dövlətçilik baxımından miqyasını, mahiyyətini və 
								perspektivlərini dərk etmək üçün bəzi statistik 
								məlumatları yada salmaq yerinə düşərdi. 
								
								1969-70-ci tədris ilində respublikadan kənara 60 
								nəfərlik plana qarşı cəmi 47 nəfər təhsil almağa 
								göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 
								dəfədən çox artaraq 700 nəfərə çatmış, 1978-ci 
								ildən bu proses daha intensiv xarakter almış, 
								respublikadan kənara hər il 800-900 tələbə 
								göndərilməsinə nail olunmuşdu.  
								
								1969-70-ci tədris ilində ölkədən kənarda təhsil 
								alanların 40 faizi azərbaycanlı idisə, 
								1970-80-ci illərdə bu rəqəm 97,6 faizə 
								yüksəlmişdi.  
								
								70-ci illərin sonundan başlayaraq hər il 800-900 
								nəfər, 80-ci illərin əvvəllərindən isə hər il 
								1000-1400 nəfərədək gənc Azərbaycandan kənara 
								təhsil almağa göndərilirdi. Ulu öndərimiz Heydər 
								Əliyevin əsasını qoyduğu bu ənənəyə əsasən həmin 
								illərdə Azərbaycan üçün ümumilikdə 15 mindən 
								artıq mütəxəssis hazırlanmışdı. 
								
								O illəri çox yaxşı xatırlayıram. Azərbaycanlı 
								gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində 
								təhsil almasına çox ciddi və məsuliyyətlə 
								yanaşılırdı. Hər il dərs ilinin başlanmasına bir 
								neçə gün qalmış  indiki Heydər Əliyev Sarayında 
								onların yolasalma mərasimi keçirilirdi. Bu 
								tədbirdə o dövrdə ölkəyə rəhbərlik edənlərin 
								hamısı, o cümlədən Heydər Əliyev şəxsən iştirak 
								edirdi. Hər il ali məktəblərə qəbul ərəfəsində 
								xaricdə təhsil üzrə qəbul planı təsdiq olunurdu 
								və ali məktəblərin rektorları bu planın yerinə 
								yetirilməsi üçün məsuliyyət daşıyırdılar. Təhsil 
								almağa gedənlərin xüsusi istedada malik olması 
								və onlar arasında azərbaycanlıların çoxluq 
								təşkil etməsi daim diqqət mərkəzində 
								saxlanılırdı. Bu hadisələri ona görə dəqiqliklə 
								xatırlayıram ki, 1984-1985-ci illərdə Azərbaycan 
								Dövlət Universitetində xaricdə təhsillə bağlı 
								məsələlərə mən rəhbərlik edirdim və bu iş üçün 
								məsuliyyət daşıyırdım. 
								
								Sovetlər Birliyi dövründə ölkəmizin ali təhsil 
								müəssisələrində xarici ölkələrdən olan 
								tələbələrin təhsili sahəsində də müsbət təcrübə 
								toplanmışdı. 1970-1980-ci illərdə Azərbaycanın 
								ali məktəblərində təhsil alan əcnəbi tələbələrin 
								sayı artmış, onların əhatə etdiyi ixtisasların 
								coğrafiyası genişlənmişdi. Əgər 1961-1970-ci 
								illərdə respublikanın ali məktəblərində 300, 
								1971-ci ildə 43 ölkədən 943 əcnəbi tələbə 
								oxuyurdusa, 1979-cu ildə bu tələbələrin sayı 70 
								ölkədən olmaqla 1915 nəfərə çatmışdı. 
								 
								
								Düşünürəm ki, ali məktəblərimizdə təhsil alan 
								əcnəbi tələbələrin sayının artmasında 1962-ci 
								ildə Azərbaycan Ali və Orta İxtisas Təhsili 
								Nazirliyində xarici əlaqələr şöbəsinin 
								yaradılmasının, 1971-ci ildə əcnəbi tələbələrlə 
								iş üzrə katibliyin təsis edilməsinin də rolu 
								olmuşdu.  
								
								Həmin dövrdə Azərbaycanın ayrı-ayrı ali 
								məktəbləri ilə keçmiş İttifaqın ali məktəbləri 
								arasında tələbə mübadiləsi, professor-müəllim 
								heyətinin ixtisasının artırılması, elmi-pedaqoji 
								kadr hazırlığı sahəsində əhəmiyyətli əməkdaşlıq 
								əlaqələri də yaradılmışdı.  
								
								Azərbaycan Dövlət Universitetinin qiyabi 
								şöbəsində 1943-cü ildə 230 qiyabiçi təhsil 
								alırdı ki, onların arasında Gürcüstan, 
								Ermənistan, özbəkistan, Türkmənistan və digər 
								sovet respublikalarının nümayəndələri də var 
								idi. 1986-87-ci tədris ilində universitetdə 
								dünyanın 61 ölkəsindən 500 əcnəbi tələbə təhsil 
								alırdı. Onu da yaxşı xatırlayıram, biz 
								universitetdə təhsil alarkən burada çin, Vyetnam 
								və ərəb ölkələrindən çoxsaylı tələbə və 
								aspirantlar təhsil alırdılar. 
								
								1970-1990-cı illərdə universitetin 40-dan artıq 
								müəllimi Asiya və Afrika ölkələrinə pedaqoji işə 
								göndərilmişdi. 30 nəfər müəllim və elmi işçi isə 
								inkişaf etmiş Avropa ölkələrində, ABŞ-da və 
								Yaponiyada uzunmüddətli elmi ezamiyyədə 
								olmuşdular. 
								
								Azərbaycan Neft və Kimya İnstitutunda xarici 
								ölkələr üçün mütəxəssis hazırlığına başlanması 
								ilə əlaqədar əcnəbi tələbələrə rus dilini 
								öyrətmək məqsədi ilə 1961-62-ci tədris ilində 
								regionda ilk hazırlıq fakültəsi və ümumi 
								institut fakültəsi yaradılmışdı. Sonradan bu 
								fakültə əcnəbi tələbələrlə iş üzrə dekanlıq 
								adlandırıldı. Fakültənin yarandığı ilk illərdə 
								institutda 300-350 xarici vətəndaş təhsil 
								alırdısa, onların sayı ilbəil artaraq 1980-ci 
								ildə 1200 nəfərə çatmışdı ki, onlardan 600 
								nəfərdən çoxu əsas ixtisas fakültələrində təhsil 
								alırdılar. Bu illər ərzində hazırlıq fakültəsini 
								Asiya, Afrika və Latın Amerikası ölkələri 
								olmaqla, dünyanın 83 ölkəsindən 5500 nəfər 
								bitirmişdi. İnstitutu bitirən xarici ölkə 
								vətəndaşlarından bir çoxu öz ölkələrinin dövlət 
								və elm xadimləri kimi yetişmişlər. Onlardan 
								Anqolanın prezidenti Joze Eduardo Duş Santuş, 
								Almaniya Demokratik Respublikasının (ADR) 
								Mərkəzi Geologiya İnstitutunun direktoru Tselt 
								Frank, Vyetnam Sosialist Respublikasının Nanoy 
								şəhərindəki Geologiya İnstitutunun idarə rəisi 
								Nquen Zaonu, Əlcəzairin Bumerdes şəhərindəki 
								Milli İnstitutun dekanı Benyəhya Abdullahı, 
								Yəmənin Geologiya Nazirliyində idarə rəisi 
								İsmayıl Əhməd Musanı və başqalarını misal 
								göstərmək olar. 
								
								Neft və Kimya İnstitutunda xarici ölkələrdən 
								kadr hazırlanması ilə yanaşı, bu ali məktəb 
								tərəfindən 1983-cü ildə 249, 1984-cü ildə 269, 
								1985-ci ildə 259 nəfər SSRİ-nin müxtəlif ali 
								təhsil müəssisələrinə təhsil almağa 
								göndərilmişdi.  
								
								Bu illərdə institutun 178 nəfər əməkdaşı elmi 
								stajirovkalarda, konqreslərdə, konfranslarda və 
								simpoziumlarda iştirak etmək üçün ABŞ, 
								İngiltərə, Fransa, Almaniya Federativ 
								Respublikası, İtaliya, Hollandiya, Finlandiya, 
								Yaponiya, Kanada, Polşa, Macarıstan, 
								çexoslovakiya və Tunisə ezam olunmuşdular. 
								
								1970-ci ildə institutdan 108 nəfər əməkdaşı 
								Əlcəzair, Tunis, Həbəşistan, Tanzaniya, 
								Nigeriya, Mali, Qvineya, Əfqanıstan, Pakistan, 
								Hindistan, Livan, Kuba, Şri-Lanka, Monqolustan 
								və Yuqoslaviyaya pedaqoji işə göndərilmişdi. 
								İnstitut Əlcəzair Neft, Qaz və Kimya 
								İnstitutuna, Kabul Politexnik İnstitutuna 
								(Əfqanıstan) hamilik etmiş, 70 nəfərədək alim bu 
								ölkələrdə milli kadrların yetişdirilməsində 
								yaxından iştirak etmişdir.  
								
								1966-cı ildən institut ADR-in Frayberq Dağ 
								Akademiyası ilə əməkdaşlığa başlamış və bu 
								əməkdaşlıq uzun müddət müvəffəqiyyətlə davam 
								etmişdir. Həmin illərdə Zigen Universiteti ilə 
								başlanmış əməkdaşlıq əlaqələri indiyədək davam 
								etməkdədir.  
								
								Neft və Kimya İnstitutu təcrübə mübadiləsi 
								aparmaq, ixtisasartırma və mühazirə oxumaq üçün 
								ABŞ, İngiltərə, ADR, Polşa, Rumıniya, Hindistan 
								və digər ölkələrdən 90-a yaxın mütəxəssis qəbul 
								etmişdi. İnstitut tələbələrinin istehsalat 
								təcrübəsi ADR, Macarıstan və Polşada 
								keçirilirdi. 
								
								Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul zamanı 
								tələbə yerlərinin bir hissəsi Gürcüstan, 
								Ermənistan, Türkmənistan, özbəkistan 
								respublikalarından və Dağıstan MSSR-dən 
								göndərilən azərbaycanlılar üçün ayrılırdı. 
								Beləliklə, Azərbaycan Tibb İnstitutu digər 
								respublikalar üçün də həkimlər hazırlayırdı.
								 
								
								1958-ci ildə Türkmənistan, Tacikistan və 
								Ermənistan respublikalarının tibb kadrlarına 
								ehtiyacının ödənilməsinə kömək etmək məqsədilə 
								pediatriya, sanitariya-gigiyena, stomatologiya 
								və əczaçılıq fakültələrinə həmin respublikaların 
								sakinləri üçün plandan əlavə tələbələr qəbul 
								edilmişdi.  
								
								1960-1969-cu illərdə Azərbaycan Tibb 
								İnstitutunda ümumilikdə 149 nəfər 
								Türkmənistandan, 20 nəfər Tacikistandan, 9 nəfər 
								Yəməndən, 2 nəfər İraqdan təhsil alırdı. 
								1975-1990-cı illərdə Türkmənistandan olan 
								tələbələrin sayı 130-a çatmışdı. İranlı 
								tələbələrin sayı isə 10 nəfər idi. 1990-cı ildə 
								institutda 7533 tələbə təhsil alırdı ki, 
								onlardan da 206 nəfəri əcnəbi tələbələr idi. 
								1981-1990-cı illərdə Azərbaycan Tibb İnstitutunu 
								bitirənlər arasında 78 nəfər başqa 
								respublikalardan olmuşdu. 
								
								İnstitut tibbi kadrların hazırlanması prosesində 
								xarici təcrübədən də yararlanırdı. Belə ki, 
								1959-cu ildə 15 nəfər, 1960-cı ildə 14 nəfər 
								əməkdaş SSRİ Tibb Elmləri Akademiyasının 
								doktoranturasına göndərilmişdi. 
								
								Azərbaycan Politexnik İnstitutunda xarici 
								ölkələr üçün mütəxəssislərin hazırlanmasının 
								tarixi 1969-cu ildən başlanmışdır. İnstitutda 
								Türkiyə, Pakistan, İran, Əfqanıstan, Misir, 
								Vyetnam, Hindistan, Kuba, Koreya, Suriya, çili, 
								Ekvador, Bolqarıstan, Həbəşistan, Banqladeş, 
								Zambiya, Sudan, Kampuçiya, Monqolustan, Somali, 
								Cənubi Afrika Respublikası və digər dövlətlərdən 
								olan tələbələr təhsil almışlar. 1991-ci ilə 
								qədər burada 20 xarici ölkə üçün 1350 nəfər 
								mühəndis hazırlanmışdır.  
								
								Eyni zamanda 80-ci illərdə institutdan SSRİ-nin 
								qabaqcıl ali təhsil müəssisələrinə tələbələr 
								göndərilirdi. Belə ki, 1983-cü ildə 237, 1984-cü 
								ildə 232, 1985-ci ildə 237 nəfər tələbə SSRİ-nin 
								müxtəlif ali təhsil müəssisələrinə 
								göndərilmişdi.  
								
								1960 -1970-ci illərdə aspirantura xətti ilə 
								institutun onlarca gənc müəllimi SSRİ-nin 
								Moskva, Leninqrad (Sankt-Peterburq) və başqa 
								şəhərlərinə göndərilmişdi. Onlar tanınmış rus 
								alimlərinin rəhbərliyi ilə hazırlıq keçdikdən 
								sonra elmi və pedaqoji fəaliyyətlərini davam 
								etdirmək üçün yenidən instituta qayıtmışdılar.
								 
								
								Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda 
								1982-ci ildə fəaliyyətə başlayan xarici 
								vətəndaşlar üçün hazırlıq şöbəsi yalnız 
								Azərbaycanın deyil, eləcə də başqa 
								respublikaların ali məktəblərində oxumaq üçün 
								tələbə hazırlayırdı. Burada 1991-ci ildə 
								dünyanın 30 ölkəsindən 244 nəfər əcnəbi tələbə 
								təhsil alırdı.  
								
								1986 - 1991-ci illərdə tələbələr yalnız 
								respublika daxilində deyil, eyni zamanda Moskva, 
								Leninqrad (Sankt-Peterburq), Kiyev, Minsk və 
								başqa şəhərlərin böyük tikinti təşkilatlarında 
								təcrübə keçirdilər.  
								
								İnstitutun 1978-ci ildə yaradılmış aspirantura 
								şöbəsində Suriya, İraq, Misir, Rusiya, 
								Gürcüstan, İordaniya və digər ölkələrdən gənc 
								alimlər hazırlanırdı. Həmin dövrdə institutun 
								çoxsaylı nümayəndələri Sovetlər Birliyinin ən 
								nüfuzlu elm və təhsil ocaqlarında namizədlik və 
								doktorluq dissertasiyaları müdafiə etmiş və 
								alimlik dərəcələri almışdılar. Bununla yanaşı, 
								bir sıra gənc alimlər Polşa, Almaniya, 
								Macarıstan, Böyük Britaniya, Yaponiya, Amerika 
								Birləşmiş Ştatları və digər xarici ölkələrdə 
								ixtisaslarını artırmışdılar.  
								
								Azərbaycan Dövlət Pedaqoji İnstitutunda 
								1924-25-ci tədris ilində 12 nəfər Dağıstandan, 9 
								nəfər özbəkistandan, 5 nəfər Türkmənistandan, 8 
								nəfər Krımdan, 3 nəfər Ermənistandan, 1 nəfər 
								isə Gürcüstandan tələbə təhsil alırdı. 
								 
								
								Fəaliyyətə başladığı ilk illərdə institutun 
								müəllimləri arasında xaricdə təhsil almış 
								mütəxəssislər də var idi. Belə ki, Almaniyanın 
								Darmştadt Texniki Məktəbini bitirmiş Sadıq 
								Hüseynov, Fransa Rəssamlıq Akademiyasının məzunu 
								Kelxis (rəsm), Paris Universitetini bitirmiş 
								Mirzə Möhsün İbrahimov (fars dili), Tiflis 
								Müəllimlər İnstitutunun məzunu Həbib bəy 
								Mahmudbəyov (direktor müavini), Sankt-Peterburq 
								Universitetinin məzunu Məmməd Əfəndiyev 
								(fizika-riyaziyyat), Odessa Universitetinin 
								məzunları Həmid Şahtaxtinski (psixologiya və 
								ilahiyyat), Mirəsədulla Mirqasımov (anatomiya), 
								Kiyev Universitetinin məzunları Davud Şərifov 
								(antropologiya), Cəlil Məmmədzadə (anatomiya), 
								Kazan Universitetinin məzunları Fətulla Əlizadə 
								(anatomiya), Rəhim bəy Məlikov (fizika), 
								Peterburq Ali Qadınlar Kursunun məzunu Səlimə 
								xanım Osmanzadə (botanika, Azərbaycanın ilk 
								qadın elmlər namizədi, dosent, əməkdar müəllim), 
								Tiflis Aleksandrovski Müəllimlər İnstitutunun 
								məzunu Abdulla Azadbəyli (psixologiya və məntiq) 
								və digərlərinin ali məktəbin təşəkkülündə böyük 
								xidmətləri olmuşdu.  
								
								Azərbaycan Dövlət Konservatoriyasında digər 
								respublikaların nümayəndələri - RSFSR, 
								Gürcüstan, Ukrayna, Orta Asiya 
								respublikalarından, habelə Bolqarıstan, 
								Albaniya, Monqolustan və Suriyadan olan 
								tələbələr də təhsil alırdılar. 50-ci illərdə 
								həmin ali təhsil müəssisələrinin müəllimlərinin 
								bir qrupu təhsillərini davam etdirmək üçün 
								Moskva və Leninqrad (indiki Sankt-Peterburq) 
								konservatoriyalarının aspiranturalarına 
								göndərilmişdilər.  
								
								Bunlarla yanaşı, Azərbaycan Pedaqoji Xarici 
								Dillər İnstitutu, Azərbaycan Dövlət İncəsənət 
								İnstitutu, Gəncə Dövlət Pedaqoji İnstitutunda da 
								keçmiş İttifaq respublikaları üçün mütəxəssislər 
								hazırlanır, müəllimlər SSRİ-nin müxtəlif ali 
								məktəblərində ixtisasartırma və təkmilləşdirmə 
								kurslarına göndərilirdilər.  
								
								Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda 
								fəaliyyət göstərən texnikumlarda digər sovet 
								respublikaları üçün, əsasən, pedaqoji və kənd 
								təsərrüfatı sahələri üzrə kadr hazırlanırdı. 
								1922-23-cü tədris ilində Azərbaycan Müəllimlər 
								Seminariyasında Türkmənistan, Gürcüstan, 
								Dağıstan və Tatarıstandan ümumilikdə 30 nəfər 
								təhsil almışdı.  
								
								Bu təcrübə sonrakı illərdə də davam etdirilmiş, 
								1925-26-cı tədris ilində Zaqatala, Gəncə və Quba 
								Kənd Təsərrüfatı texnikumlarında özbəkistan, 
								Türkmənistan və Dağıstan üçün 9 yer ayrılmışdı. 
								Həmin tədris ilində pedaqoji texnikumlarımızda 
								Orta Asiya, Gürcüstan, Ermənistan, Dağıstan MSSR 
								və Qaraçay çərkəz Muxtar Vilayəti üçün 
								ümumilikdə 27 yer müəyyənləşdirilmişdi. 
								1927-28-ci tədris ilində özbəkistan üçün 10 yer 
								ayrılmışdı. 
								
								29 mart 1930-cu ildə Azərbaycan Xalq Maarifi 
								Komissarlığının kollegiyasının qərarı ilə 
								Azərbaycanın orta ixtisas təhsili 
								müəssisələrində digər respublika və vilayətlər 
								üçün 330 yer ayrılmışdı. Qərara uyğun olaraq 
								Dağıstana 172, Türkmənistana 72, özbəkistana 36, 
								Tacikistana 33, Krım vilayətinə 17 yer 
								ayrılmışdı. 1935-36-cı tədris ilində 
								Azərbaycanın orta ixtisas təhsili 
								müəssisələrində müttəfiq respublikaların 32 
								nümayəndəsi təhsil alırdı. 
								
								Eyni zamanda həmin illərdə azərbaycanlılar da 
								digər respublikaların orta ixtisas təhsili 
								müəssisələrində (Moskva Dövlət Kino Texnikumu, 
								Moskva Sirk Texnikumu, Leninqrad 
								(Sankt-Peterburq) Xoreoqrafiya Texnikumu və 
								sair) təhsil alırdılar.  
								
								Bunlarla yanaşı, əlamətdar hal idi ki, 60-80-ci 
								illərdə Azərbaycanın orta ixtisas təhsili 
								müəssisələrində xarici ölkələr üçün 
								mütəxəssislər də hazırlanırdı. 60-cı illərdə 
								respublikanın bəzi texnikumları Asiya, Afrika və 
								Latın Amerikasının bir sıra dövlətləri üçün kadr 
								hazırlığına başladı. 1964-cü ildə Bakı 
								Energetika və Neft texnikumlarına Yəmən, 
								İndoneziya, Əfqanıstan və Kubadan olan ilk 
								əcnəbi tələbələr dəstəsi gəldi. Onlar əsasən 
								elektrik maşınqayırma, neft və qazın 
								texnologiyası, metal emalı dəzgahlarının təmiri 
								və quraşdırılması və sair ixtisaslara 
								yiyələnirdilər. Texnikumlarda 1966-cı ildə 19, 
								1968-ci ildə 45, 1970-ci ildə 31, 1972-ci ildə 
								60, 1980-ci ildə 176, 1985-86-cı tədris ilində 
								248 əcnəbi tələbə təhsil almışdı. 1985-86-cı 
								tədris ilində təkcə Bakı Neft Texnikumunda 
								əcnəbilərin sayı 90, Bakı Maşınqayırma 
								Texnikumunda 92 nəfər olmuşdu. 20 il ərzində 
								(1966-1985-ci illər) respublikanın orta ixtisas 
								təhsili müəssisələrində dünyanın 36 ölkəsi üçün 
								450-dən çox ixtisaslı mütəxəssis hazırlanmışdı. 
								
								1971-1985-ci illərdə Azərbaycanda xarici ölkələr 
								üçün kadr hazırlanmaqla yanaşı, texnikum 
								məzunlarının bir hissəsi işləmək üçün keçmiş 
								İttifaqın ayrı-ayrı respublikalarına 
								göndərilirdi. Belə ki, həmin illərdə Kirovabad 
								(Gəncə) Məktəbəqədər Pedaqoji Texnikumunun 10 
								məzunu Qazaxıstanın Şevçenko şəhərinə, Sumqayıt 
								və Mingəçevir Politexnik texnikumlarının 
								məzunlarından bir qrupu Saratov, Ryazan 
								şəhərlərinə işləməyə göndərilmişdi. 1971-ci ildə 
								Kirovabad (Gəncə) İnşaat Texnikumunun 
								məzunlarından 68-i SSRİ Müdafiə Nazirliyinin, 
								10-u RSFSR Meliorasiya və Su Təsərrüfatı 
								Nazirliyinin, 8-i İttifaqın digər nazirlik və 
								idarələrinin sərəncamına, 5-i Qazaxıstana 
								göndərilmişdi. Bakı Mədəni-Maarif, Əzim Əzimzadə 
								adına Dövlət Rəssamlıq texnikumlarının məzunları 
								işləmək üçün Gürcüstan, Ermənistan, Türkmənistan 
								və Dağıstana göndəriş almışdılar.  
								
								Əgər 1964-cü ildə texnikumların 2369 məzunundan 
								32 nəfəri Azərbaycandan kənarda işləmək üçün 
								göndəriş almışdısa, 1979-cu ildə 7833 məzundan 
								429-u keçmiş İttifaqın müxtəlif şəhərlərinə 
								işləməyə göndərilmişdi. 1980-ci ildə 
								respublikadan kənarda işləməyə göndərilən gənc 
								mütəxəssislərin sayı daha da artdı. Bakı Neft 
								Texnikumunun 159, Bakı Energetika Texnikumunun 
								129, Zaqatala Politexnik Texnikumunun 76 məzunu 
								keçmiş Sovetlər Birliyinin müxtəlif şəhərlərinə 
								göndəriş almışdı. 
								
								Əlbəttə, bir məqalə çərçivəsində 70 illik bir 
								dövrün təhsil əlaqələrini əhatəli şəkildə şərh 
								etmək çətindir. Lakin təhlil göstərir ki, həmin 
								dövrdə müttəfiq respublikalar və digər ölkələrlə 
								yaradılmış təhsil əlaqələri müstəqillik dövründə 
								beynəlxalq əlaqələrin qurulmasında etibarlı 
								təcrübə rolunu oynadı. Təsadüfi deyildi ki, ulu 
								öndər Heydər Əliyev bu əlaqələrə müstəsna 
								əhəmiyyət verirdi.  
								
								Yaxşı yadımdadır, 1998-ci ildə ölkənin təhsil 
								naziri vəzifəsinə təyin olunduqdan sonra o zaman 
								ali və orta ixtisas təhsili naziri vəzifəsində 
								çalışmış Qurban Əliyevlə görüşdüm. O qeyd etdi 
								ki, hər il avqust ayının ikinci yarısında Heydər 
								Əliyev məni Moskvaya, SSRİ Ali və Orta İxtisas 
								Təhsili Nazirliyinə göndərirdi və deyirdi ki, 
								SSRİ ali və orta ixtisas təhsili naziri 
								Yelyutinlə danışmışam, başqa respublikalardan 
								boş qalan yerləri bizə verəcək, yerlərin sayını 
								mümkün qədər artırmaq lazımdır. Bu vəziyyət mənə 
								yaxşı tanış idi. çünki mən özüm də bu diqqəti, 
								qayğını şəxsən hiss etmişəm. 1998-ci il martın 
								25-də məni ölkənin təhsil naziri vəzifəsinə 
								təyin edərkən ümummilli lider Heydər Əliyev 
								təhsilin bütün problemləri ilə yanaşı, xaricdə 
								təhsil məsələləri ilə də maraqlanmışdı. 
								
								Həmin görüşdə Heydər Əliyev 1970-1980-ci illərdə 
								Azərbaycandan kənarda onun bilavasitə 
								təşkilatçılığı ilə təhsil alanlar barədə geniş 
								məlumatın hazırlanması və yeni dərs ili 
								ərəfəsində onlarla görüşün təşkil edilməsi 
								tapşırığını vermişdi. 31 avqust 1998-ci ildə 
								Heydər Əliyevin iştirakı ilə indiki Heydər 
								Əliyev Sarayında 1970-1980-ci illərdə 
								Azərbaycandan kənarda ali təhsil almış 
								mütəxəssislərlə görüş keçirildi. Bu tarixi 
								görüşdə Heydər Əliyev geniş çıxış edərək bir 
								sıra əhəmiyyətli məqamlara toxundu: "Nə üçün 
								bununla çox ciddi məşğul olduq və nə üçün onunla 
								bilavasitə Azərbaycanın birinci rəhbəri məşğul 
								olurdu? Birincisi, ona görə ki, bizə bir çox 
								ixtisaslar üzrə mütəxəssislər lazım idi, onlar 
								Azərbaycanın ali məktəblərində hazırlana 
								bilmirdi. İkincisi, şəxsən mən bu təşəbbüsü 
								göstərərkən Azərbaycan gənclərini öz 
								çərçivəsindən çıxıb dünyaya daha geniş baxış 
								etmək yoluna salmaq istəyirdim. ... O vaxt mən 
								inanırdım: vaxt gələcək ki, bu kadrlar 
								Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, 
								nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu 
								kadrlar Azərbaycanın müstəqilliyini təmin 
								edəcəklər".  
								
								
								(Ardı var) 
								
								
								Misir MƏRDANOV, Azərbaycan Respublikasının
 təhsil naziri, fizika-riyaziyyat
 elmləri doktoru, professor
 |