Ələkbərli Erkin Azər oğlu 1992-ci il iyulun
21-də Bakı şəhərində dünyaya göz açıb. Hələ
körpəlikdən ziyalı ailəsində tərbiyə aldığı üçün
incəsənətə meyilli olub. Belə ki, AzTV-də
rejissor işləyən atası Azər və Azərbaycan
Memarlıq və İnşaat Universitetində dərs deyən
anası Lalə xanım övladlarının tərbiyəsi ilə
ciddi məşğul olsalar da, peşə seçimində ona tam
sərbəstlik veriblər.
1999-cu ildə Bakının Nəsimi rayonunda fəaliyyət
göstərən 41 nömrəli orta məktəbin 1-ci sinfinə
gedən Erkin dərslərini yaxşı oxumaqla yanaşı,
bir müddət rəsm kursunda məşğul olur. Bir ildən
sonra həmin kursa getmir. 15 yaşı olandan sonra
boş vaxtlarında müxtəlif mövzularda rəsmlər
çəkir. Lakin heç bir müsabiqədə iştirak etməyə
səy göstərmir.
2008-ci ilin dekabrında İnternet vasitəsilə
verilən elanda 2009-cu il aprelin 14-20-si
tarixində Moskva Rəssamlar Evində yeniyetmələrin
bədii-təsviri incəsənət mövzusunda Avropa
birinciliyi müsabiqəsinin keçiriləcəyini
öyrənir. Müsabiqədə iştirak etmək üçün çəkdiyi
bir rəsm əsərini qeyd edilən ünvana göndərir.
İyunun 2-də İnternet vasitəsilə müsabiqədə II
yer tutduğunu öyrənib sevinir. Sentyabrda isə
rəsmi olaraq Erkinə müsabiqənin iştirakçısı və
qalibi olduğu üçün diplomlar göndərilir.
Müsabiqədə iştirak edən Avropa ölkələrinin
münsifləri ilə yanaşı, Yaponiya və ABŞ
dövlətlərini təmsil edən münsiflər də Erkinin
rəsm işinə yüksək qiymət vermiş, dünya
incəsənətində qəbul edilən sənət əsəri kimi
qiymətləndirmişlər.
Sevincinə şərik olmaq üçün Erkin Ələkbərlini
redaksiyamıza dəvət etdik. O, uğurundan söz
açaraq dedi:
- Boş vaxtlarımda rəsm əsərləri çəkir,
lakin
müsabiqələrdə iştirak etməyə özümü hazır
bilmirdim. Rəsmləri kubizm, realizm və
intuisializm sistemində çəkirəm. Moskvaya -
müsabiqəyə göndərdiyim rəsm əsərimi kubizim
sistemində işləmiş və adını "Kubda musiqi"
qoymuşam. Bu rəsmdə Qobustan qayalarının fonunda
Azərbaycan muğamını ifa edən üçlüyü, tar, kaman
və qavalı əks etmişəm. Bu əsərlə milli
incəsənətimizi və xüsusilə muğamın inkişaf
etdirildiyini təsvir etməyə çalışmışam.
Xoşbəxtəm ki, müsabiqəyə göndərdiyim təkcə bu
bir əsərim münsiflər heyəti tərəfindən
bəyənilərək II yerə layiq görülüb.
Tahir Salahovun, Səttar Bəhlulzadənin, ömər
Eldarovun və Tokay Məmmədovun sənətinə
vurulmuşam. Onların çəkdikləri rəsm əsərlərinə
və yonaraq hazırladıqları heykəllərə tamaşa
etməkdən doymuram. Respublikamızda incəsənətə
verilən qiymət, yeniyetmələr və gənclər üçün
yaradılan şərait məndə inam yaradır ki,
gələcəkdə həmin dünya şöhrətli sənətkarların
işini davam etdirə biləcək, xalqıma, vətənimə
layiqli övlad kimi yetişəcəyəm. Əldə etdiyim bu
nailiyyətə görə valideynlərimə və müəllimlərimə
minnətdaram.
Erkin hazırda bir neçə il bundan qabaq "Elitar"
gimnaziyası statusunu almış doğma məktəbinin XI
sinfində oxuyur. Orta məktəbi başa vurduqdan
sonra təhsilini Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında davam etdirməyi qarşıya məqsəd
qoyub. |