|
Yerləşir: |
ABŞ, Pensilvaniya ştatı, Filadelfiya
|
|
|
Yaranma tarixi: |
1740-cı il |
Tipi: |
Özəl |
Prezidenti: |
Emi Qutmann |
İşçi heyəti: |
6314 nəfər |
Tələbələrin sayı: |
19816 nəfər |
Aspirantların sayı: |
9653 nəfər |
Rəsmi saytı: |
www.upenn.edu |
Pensilvaniya Universiteti (University of
Pennsylvania) ABŞ-ın ən qədim
universitetlərindən biridir və Pensilvaniya
ştatında, Filadelfiya şəhərində yerləşir.
Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali
məktəblərini birləşdirən Sarmaşıq Liqasına
daxildir. Ali təhsil ocağı özəl universitet kimi
fəaliyyət göstərir, lakin onu hərdən
Steyt-Kollec şəhərində yerləşən Pensilvaniya
Ştatının Dövlət (Pennsylvania State University),
həmçinin Filadelfiya (Philadelphia University)
universitetlərilə səhv salırlar. Pensilvaniya
Universiteti humanitar və texniki elmlər üzrə
geniş spektrdə elmi-tədqiqat işləri aparır. "The
Times" qəzetinin hər il apardığı dünya
universitetlərinin reytinqinə əsasən, 2009-cu
ildə Pensilvaniya Universiteti 12-ci yerdədir.
Tarixi
Pensilvaniya Universiteti 1740-cı ildə alim,
jurnalist, diplomat Bencamin Franklin tərəfindən
yaradılıb. İlk vaxtlar xeyriyyə məktəbi kimi
fəaliyyət göstərən təhsil müəssisəsi 1755-ci
ildə kollecə çevrilir və B.Franklin Pensilvaniya
kollecinin prezidenti olur. Franklin ictimai
qulluq və ticarət üçün yararlı, klassikaya
əsaslanan təhsil proqramını təbliğ edirdi. O
zamankı siyasi xadimlərin çoxunun adı bu təhsil
ocağı ilə bağlıdır: Kontinental konqresin 24
nümayəndəsi, "Müstəqillik haqqında Deklarasiya"
mətninin altında imzası duran 9 tanınmış sima -
Bencamin Franklin, Corc Klaymer Fitzsimons,
Frensis Hopkinson, Tomas Makkin, Robert Morris,
Uilyam Paca, Corc Ross, Bencamin Raş və Ceyms
Uilson; ABŞ Konstitusiyasının mətnini imzalayan
10 şəxs - Bencamin Franklin, Corc Klaymer
Fitzsimons, Cared İngersoll, Rufus Kinq, Tomas
Mifflin, Qouverner Morris, Robert Morris, Corc
Vaşinqton, Hyu Uilyamson və Ceyms Uilson bu
kollecin məzunları olublar.
1779-cu ildə kollecə universitet statusu verilib.
Pensilvaniya Universiteti ABŞ-da ilk universitet
statusu almış ali məktəbdir. 1765-ci ildə burada
tibb məktəbi (Şimali Amerikada ilk tibb
məktəbi), 1874-cü ildə universitetin ilk baza
xəstəxanası, 1881-ci ildə ilk biznes məktəbi
(dünyada məşhur və prestijli Uorton Biznes
Məktəbi), 1896-cı ildə dünyada ilk psixoloji
yardım klinikası, ilk Amerika tələbə
təşkilatının binası Hyuston Holl, 1946-ci ildə
ABŞ-da ikinci baytarlıq tibb məktəbi açılıb.
1946-cı ildə universitetdə bütöv bir elektron
kompüter - ENİAK, kütləvi elektron hesablama
maşınları istehsal edilib.
Universitet bu gün
Pensilvaniya Universitetinin kampusu
Filadelfiyanın qərbində 269 akr (109 km2)
ərazidə yerləşir. Kampusun planı "Koup and
Stewardson" firması tərəfindən hazırlanıb.
Firmanın memarları kampusun binalarını qotik
üslubda inşa ediblər. Universitetin bütün
məktəbləri, tədqiqat institutları, yataqxanaları
və s. kampusun ərazisində yerləşir. Son zamanlar
burada yeni restoranlar, yüksək səviyyəli
ticarət mərkəzi, kinoteatr inşa edilir. Burada
həmçinin avtonəqliyyat qarajı, Ualnut küçəsində
yerüstü dayanacaq, texniki qulluq məntəqələri
var.
Kampusun ərazisində bakalavr hazırlayan 4 məktəb
- İncəsənət və Elmlər Məktəbi, Mühəndislik və
Tətbiqi Elmlər Məktəbi, Tibb Bacısı Məktəbi,
Uorton Biznes Məktəbi yerləşir. Burada, eyni
zamanda Annenberq Rabitə Məktəbi, İncəsənət və
Elmlər Ali Məktəbi, Təhsil Ali Məktəbi, Hüquq
Məktəbi, Stomatologiya Məktəbi, Dizayn Məktəbi -
keçmiş Təsviri İncəsənət Məktəbi, Mühəndislik və
Tətbiqi Elmlər Məktəbi, Tibb Məktəbi, Tibb
Bacısı Məktəbi, İctimai Siyasət və Təcrübə,
Baytarlıq Məktəbi, Uorton Məktəbi, ümumilikdə
magistr hazırlayan 12 təhsil müəssisəsi
fəaliyyət göstərir.
Pensilvaniya Tibb Məktəbi tibb bacısı, təbabət,
stomatologiya və baytarlıq, biomühəndislik
(Mühəndislik məktəbi) və səhiyyənin
idarəolunması (Uorton Məktəbi) proqramları üzrə
tələbə hazırlayır. Burada tibbi tədqiqatlara
böyük məbləğdə maliyyə sərf olunur.
Universitetin kitabxanası 1750-ci ildə kartoqraf
Lui Evansın təhsil ocağına külli miqdarda kitab
bağışlaması nəticəsində yaranıb. Hazırda burada
məktəblərlə əlaqəli 15 kitabxana (həmçinin
elektron) fəaliyyət göstərir: Annenberq (Rabitə
məktəbində), Bidl (Hüquq peşə məktəbində),
Tibb-biologiya (Tibb Məktəbinin pavilyonunda),
Müasir iudaika (yəhudi dini) mərkəzi, kimya,
stomatologiya, maşınqayırma, təsviri incəsənət,
lippinkot (Uorton Məktəbində), riyaziyyat,
fizika, astronomiya (Devid Rittenhaus
laboratoriyasında), muzey (Arxeologiya və
Antropologiya muzeyində), nadir kitablar və
əlyazmalar, Van Pelt-Ditrix kitabxana mərkəzi,
baytarlıq, lea kitabxanaları. Kitabxana sistemi
ümumilikdə 5,7 milyon cild kitaba malikdir.
Pensilvaniya Universitetinin nəzdində 1887-ci
ildə yaranan Arxeologiya və antropologiya
muzeyi fəaliyyət göstərir. XX əsrin əvvəllərində
ilk olaraq məhz bu muzeyin əməkdaşları Misir,
Mesopatamiya, Afrika, Şərqi Asiya, Cənubi
Amerika ərazilərində arxeoloji və antropoloji
qazıntılar aparıblar. Bunun nəticəsində muzey
böyük miqdarda qədim Misir və Yaxın Şərq
mədəniyyəti kolleksiyalarına, Urun
sərdabələrinə, qədim çin artefaktına aid olan
nadir tapıntılara malikdir. Muzeyin təsviri
incəsənət potensialına rotonda (girdə və ya
yarımgirdə qübbəli kiçik bina) və bağlar, o
cümlədən Misir papirusu aiddir. UPM və MASCA
elmi bölmələri arxeoloji tapıntıların, qədim
əlifbalarla yazılmış mətnlərin interpretasiyası
üçün ən müasir metodlardan istifadə edir.
Kampusun ərazisində Müasir İncəsənət İnstitutu
da fəaliyyət göstərir. İnstitut bütün ilboyu
müxtəlif sərgilər təşkil edir.
Pensilvaniya Universitetində tələbələrin
qalmaları üçün hər şərait yaradılıb. Kampusda
Dyubua, Fişer Hassenfeld, Qriqori, Harnvell,
Harrison, Hill, İngiltərə Kral Məhkəməsi, Riep,
Rodin, Sensom Şərq/Qərb, Stoufer, ərzaq tələbə
yataqxanaları-kollec evləri (rezidensiyalar)
mövcuddur. Vaxtlarını səmərəli keçirmələri üçün
tələbələrin istifadəsinə parklar, restoranlar,
idman, oxu zalları, kinoteatrlar və s. verilib.
Təhsil və tədqiqat proseslərinin bölünməməsi
Pensilvaniya Universitetinin əsas
xüsusiyyətidir. Burada oxuyan tələbələr ikinci
kursdan başlayaraq, laboratoriya və
institutlarda işləyə bilərlər. Bu təhsil
müəssisəsinə dünyanın texniki
universitetlərindən daha çox tələbə qəbul
edilir.
Universitetin nəzdində bakalavrda oxuyan
tələbələrə ali məktəbin elmi həyatında fəal
iştirak etmələri üçün Tələbə Təşkilatı Mərkəzi
fəaliyyət göstərir. Bu mərkəzlə əməkdaşlıq
Pensilvaniya Universitetində magistraturada
oxumaq və təqaüd almaq istəyənlər üçün əlavə
şans yaradır. Universitet rəhbərliyi
abituriyentlərin bilik səviyyəsinə çox ciddi
yanaşır. Ən yüksək müsabiqə incəsənət,
sosiologiya və hüquq fakültələrində qeydə
alınır.
Pensilvaniya Universitetinin məşhur məzunları
|
Uilyam Henri Harison |
ABŞ-ın 9-cu prezidenti |
|
|
Toomas Hendrik İlves |
Estoniyanın prezidenti |
|
|
Kvame Nkruma |
Hananın ilk prezidenti |
|
|
Uilyam Uoker |
Nikaraqua Respublikasının prezidenti
|
|
|
Nnamdi Azikive |
Nigeriyanın 1-ci prezidenti |
|
|
Ernesto Balyadares |
Panamanın sabiq prezidenti |
|
|
Sezar Virata |
Filippinin sabiq baş naziri |
|
|
Uilyam Brennan |
ABŞ Ali məhkəməsinin hakimi |
|
|
Ceyms Uilson |
ABŞ Ali məhkəməsinin sabiq hakimi |
|
|
Oliver Uilyams |
iqtisadçı, Nobel mükafatı laureatı
|
|
|
Corc Smit |
fizik, Nobel mükafatı laureatı |
|
|
Harold zur Hauzen |
həkim-psixoloq, Nobel mükafatı laureatı
|
|
|
Edmund Felps |
iqtisadçı, Nobel mükafatı laureatı
|
|
|
Edvard Preskot |
iqtisadçı, Nobel mükafatı laureatı
|
|
|
İrvin Rouz |
kimyaçı, Nobel mükafatı laureatı |
|
|
Reymond Devis |
fizik, Nobel mükafatı laureatı |
|
|
Alan MakDermid |
kimyaçı, Nobel mükafatı laureatı |
|
|
Alan Higer |
kimyaçı, Nobel mükafatı laureatı |
|
|
Əhməd Zevail |
kimyaçı, Nobel mükafatı laureatı |
|
|
Stenli Prusiner |
həkim-psixoloq, Nobel mükafatı laureatı
|
|
|
Maykl Styuart Braun |
həkim-psixoloq, Nobel mükafatı laureatı
|
|
|
Lourens Kleyn |
iqtisadçı, Nobel mükafatı laureatı |
|
|
Noam Çomski |
linqvist və politoloq |
|
Qəbul
qaydaları
Amerika universitetlərinə qəbul olmaq üçün
abituriyent aşağıdakı sənədləri əldə etməlidir:
- ali məktəbdən verilmiş anketin doldurulması
(application form) və sənədlərin baxılması üçün
məbləğ (application fee);
- hər bir universitetin öz qəbul qaydaları,
formaları var. Bu formaları universitetin
saytından əldə etmək mümkündür. Həmin formaya
mütləq çek əlavə olunur, məbləğ isə təhsil
müəssisəsindən asılıdır;
- transkript (son üç ildə fənlərdən alınan
qiymətlər) - attestat və ya diplomun surəti;
- transkript, adətən, cədvəl formasında olur,
həmçinin attestat və diplom ingilis dilinə
tərcümə olunmalıdır;
- 3 zəmanət məktubu (abituriyentin
müəllimlərindən və ya elmi rəhbərlərindən),
məktub transkript kimi ingilis dilinə tərcümə
edilməli, notariusda təsdiq olunmalıdır;
- 1 və ya 2 səhifədən ibarət olan,
tərcümeyi-halı xatırladan personal statement
(esse). Müvafiq sənəddə aşağıdakı suallara
cavablar vermək lazımdır: "Bu universitetdən mən
nələr gözləyirəm?", "Nə üçün xaricdə oxumaq
istəyirəm?". Həmçinin abituriyent ali məktəbin
onu nə ilə cəlb etdiyini, universitetin məşhur
professorlarının adlarını, tanınmış
laboratoriyalarını qeyd etməlidir;
- imtahanın nəticələri - məktəb məzunları TOEFL
və SAT-dən, ali məktəb məzunları isə TOEFL, GRE
və ya GMAT-dan imtahan verməlidirlər. Test
imtahanları ödənişli olur və qiymətlər 60-250
dollar arasında dəyişir. Əsas imtahanlar təhsil
müəssisəsinin tələblərinə uyğun aparılır.
Qaydaya görə, ali məktəbdən verilmiş anketdə
gələcək tələbə hər təhsil ili nə qədər məbləğ
ödəyə biləcəyi haqqında məlumat verməlidir.
Abituriyentin maliyyə durumu onların bank
hesabında təsdiqlənməlidir. Bir çox ali
məktəblər xarici tələbələrə maliyyə dəstəyi
göstərir. Burada əsas rol abituriyentin akademik
bacarığından, onun elmi və yaradıcı
fəallığından asılıdır. Bundan başqa, xarici
tələbələr üçün ABŞ hökuməti və müxtəlif fondlar
tərəfindən maliyyələşən təqaüd proqramları və
qrantlar mövcuddur.
Bütün sahələr üzrə geniş elmi-tədqiqat işləri
aparan Pensilvaniya Universiteti dünyanın ən
nüfuzlu universitetlərindən biridir.
Pensilvaniya Universitetinin tələbəsi olmaq
dünyanın çox gənclərinin ən böyük arzusudur.
Hazırladı:
Lamiyə ƏLİYEVA |