| 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								Hörmətli oxucular, ötən məqalədə ulu öndər 
								Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli 
								sərəncamı ilə təsdiq olunmuş müstəsna əhəmiyyətə 
								malik tarixi bir dövlət sənədinin - "Azərbaycan 
								Respublikasının təhsil sahəsində İslahat 
								Proqramı"nın strateji istiqamətləri, Azərbaycan 
								hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf 
								Assosiasiyası arasında bağlanmış "İnkişaf üçün 
								kredit haqqında Saziş"in mahiyyəti, bu Saziş 
								üzrə müəyyən olunan layihə çərçivəsində həyata 
								keçirilən tədbirlərin məzmunu ilə sizi tanış 
								etmişdim. Bu məqalədə isə 2003-2007-ci illəri 
								əhatə edən Təhsil Sektorunun İnkişaf Layihəsi 
								daxilində müəyyən olunan komponent və 
								alt-komponentlər üzrə nəzərdə tutulan 
								tədbirlərin icra vəziyyətini diqqətə çatdırmaq 
								istərdim.
								 
								
								Layihə ilə bağlı əməli fəaliyyətə başlarkən, ilk 
								öncə, Təhsil Nazirliyinin əmrinə əsasən, 
								layihənin milli əlaqələndiricisi və 
								alt-komponentlər üzrə koordinatlar 
								müəyyənləşdirilmiş, hər bir alt-komponentə aid 
								geniş icra planı hazırlanıb Dünya Bankı ilə 
								razılaşdırılmışdır. Layihə çərçivəsində nəzərdə 
								tutulan tədbirlərin bir hissəsinin pilot 
								rayonlarında həyata keçirilməsi 
								planlaşdırıldığından Azərbaycan hökuməti və 
								müvafiq nazirliklərlə razılaşmaya görə İsmayıllı 
								(dağ rayonu), Ucar (aran rayonu) və indiki 
								Şirvan (respublika tabeli şəhər) pilot rayonları 
								kimi təsdiq olunmuşdur.  
								
								Qeyd edilən pilot rayonlarda aşağıdakı işlərin 
								yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 
								 
								
								- məktəb şəbəkəsinin rasionallaşdırılması və 
								getdikcə təkmilləşdirilməsi;  
								
								- pedaqoji kadrların məktəblərdə səmərəli 
								yerləşdirilməsi;  
								
								- məktəblərin təmiri və maddi-texniki bazanın 
								möhkəmləndirilməsi;  
								
								- Məktəb Qrantı Proqramı vasitəsilə ümumi 
								təhsildə bərabər imkanların yaradılması, 
								məktəblərdə innovasiyaların tətbiqi sahəsində 
								müvafiq tədbirlərin həyata keçirilməsi, pilot 
								məktəbləri arasında layihə müsabiqələrinin 
								təşkili;  
								
								- ümumtəhsil məktəblərinin maliyyələşdirilməsi 
								və büdcəsinin formalaşdırılması üzrə 
								eksperimental qaydada islahatyönümlü tədbirlərin 
								(maliyyə müstəqilliyi, adambaşına 
								maliyyələşdirmə, büdcə təsnifatı və s.) yerinə 
								yetirilməsi.  
								
								Təhsil Sektorunun İnkişafı Layihəsinin ötən 
								məqalədə qeyd olunan komponent və 
								alt-komponentlərlə müşayiət edilməsi heç də 
								təsadüfi xarakter daşımamışdır. Bunlar hələ 
								layihə formalaşmamışdan əvvəl 2002-2003-cü 
								illərdə ölkənin ümumi təhsil sistemində aparılan 
								araşdırmaların, eləcə də xarici ölkə 
								ekspertlərinin tədqiqatlarının nəticələrinə 
								əsasən reallıq nəzərə alınmaqla müəyyən 
								edilmişdir. Həmin nəticələri ümumiləşdirilmiş 
								şəkildə aşağıdakı kimi qruplaşdırmaq olar:
								 
								
								- mövcud təhsil sistemi iqtisadi və sosial 
								mühitin tələblərinə cavab verən bilik və 
								bacarıqlara malik məzunlar hazırlamır; 
								 
								
								- hazırkı tədris proqramları köhnəlmiş və həddən 
								artıq yüklənmişdir, bunlara daxil olan 
								məlumatların böyük hissəsi bazar iqtisadiyyatı 
								və demokratik cəmiyyətin tələblərinə uyğun 
								deyildir;  
								
								- mövcud proqramlar sistemi inkişaf üçün bilik 
								və bacarıqların sadədən mürəkkəbə doğru 
								mütərəqqi irəliləyişini və fənlərin 
								inteqrasiyasını təmin etmir;  
								
								- fənlər çərçivəsində verilən bilik və 
								bacarıqlar, əsasən, sərt prosedurlara, fakt və 
								məlumatların əzbərlənməsinə yönəlmişdir, 
								şagirdlərdə düşünmə, nəticə çıxarma, müstəqil 
								fikir yürütmə, əsaslandırma bacarıqlarını 
								formalaşdırmaqdan çox uzaqdır;  
								
								- dərslik və oxu materiallarından istifadə 
								imkanları aşağı səviyyədədir;  
								
								- əsas təlim və tədris materialları çatışmır;
								 
								
								- şagirdlərin informasiya-kommunikasiya 
								texnologiyalarından istifadə bacarıqları 
								zəifdir;  
								
								- müəllimlərin peşəkarlıq səviyyəsinin 
								yüksəldilməsi üzrə innovativ mexanizmlər kifayət 
								qədər deyildir;  
								
								- ixtisasartırma prosesi hələ də mexaniki 
								xarakter daşıyır, tələbdən çox təklif üzərində 
								qurulur;  
								
								- pedaqoji institutlarda səmərəli təlim və 
								tədrisin təşkili üçün zəruri avadanlıq və 
								materiallar çatışmır;  
								
								- təhsil sektorunda vəsait bölgüsünün düzgün 
								aparılmaması təlim nəticələrinə mənfi təsir 
								göstərir, kommunal xərclərə ayrılan vəsait 
								zəruri tələbləri ödəmir;  
								
								- təhsil sektorunda pedaqoji kadrların tələb 
								edildiyindən artıq olması əməkhaqqı xərclərinin 
								səviyyəsini xeyli yüksəldir;  
								
								- şagird nailiyyətlərinin qiymətləndirilməsi 
								üzrə səmərəli sistem olmadığından onların ümumi 
								təhsil üzrə təlim nəticələrinə dair etibarlı 
								məlumat mənbəyi mövcud deyildir və hazırkı 
								qiymətləndirmə sistemi şagirdlərin  
								bacarıqlarına  deyil,  onların hafizə 
								imkanlarına yönəlmişdir;  
								
								- təhsil sistemində strateji təhlillər və 
								məqsədyönlü planlaşdırma zəif aparılır, təhsilin 
								idarəolunması üzrə məlumat sistemi qurumu 
								yaradılmamışdır və s.  
								
								Təhsil Sektorunun İnkişafı Layihəsi rəsmi olaraq 
								2003-cü ilin 18 dekabrında qüvvəyə minmişdir. 
								2004-cü ilin yanvarından isə layihənin icrasına 
								başlanmışdır. Layihənin başlanğıc mərhələsi 
								Təhsil Nazirliyinin strukturunda edilən mühüm 
								dəyişikliklərlə əlamətdar olmuşdur. Belə ki, 
								ümumi təhsil sistemində aparılmış tədqiqatların 
								nəticələri nəzərə alınaraq nazirlikdə 3 yeni 
								şöbə - Şagird nailiyyətlərinin 
								qiymətləndirilməsi, Strateji təhlil və 
								planlaşdırma, Təhsilin idarəolunmasının məlumat 
								sistemləri şöbələri, Təhsil Problemləri 
								İnstitutunun nəzdində Kurikulum Mərkəzi 
								yaradılmışdır.  
								
								"ümumi təhsilin keyfiyyəti və real tələbatlara 
								uyğunluğu" komponentinin əhatə etdiyi 
								alt-komponentlər ("Kurikulum islahatı", "Müəllim 
								hazırlığı", "Dərsliklər və oxu materialları") 
								bilavasitə ümumi təhsilin məzmununun 
								yeniləşməsinə və müasir dünya təcrübəsi əsasında 
								təkmilləşdirilməsinə, keyfiyyətcə yeni səviyyəyə 
								yüksəldilməsinə, mövcud müəllim hazırlığı 
								sisteminin forma və məzmun etibarı ilə yenidən 
								qurulmasına, müasir tələblərə cavab verən 
								dərslik və dərs vəsaitlərinin hazırlanmasına 
								yönəldilmişdir.  
								
								Həmin komponentin birinci alt-komponenti olan 
								"Kurikulum islahatı"nın istiqamətləri 
								müəyyənləşdirilərkən bu sahədə həm ümumi dövlət 
								tələbini ifadə edən konseptual sənədin, yəni 
								Milli Kurikulumun, həm də ümumtəhsil 
								məktəblərində tədris olunan hər bir fənn üzrə 
								ayrıca kurikulum sənədlərinin hazırlanması 
								qərara alınmışdı. Məntiq bundan ibarət idi ki, 
								dövlət tələbi olmadan fənlərin məzmununu, 
								qiymətləndirmə mexanizmlərini, təlim 
								strategiyalarını təyin etmək mümkün deyildir.
								 
								
								Milli Kurikulum sənədi hazırlanarkən bu işin 
								yerinə yetirilməsinə kömək məqsədilə beynəlxalq 
								məsləhətçi şirkəti seçilməli idi. Bununla 
								əlaqədar mövcud qaydalar daxilində 
								müsabiqə-tender keçirildi və Hollandiyanın 
								təhsil sahəsində nüfuzlu təşkilatı olan "CİTO" 
								qrupu qalib oldu.  
								
								Milli Kurikulum sənədinin hazırlanmasında 
								tanınmış alim-pedaqoqlar, təhsil mütəxəssisləri, 
								metodistlər, məktəb rəhbərləri, müəllimlər 
								yaxından iştirak etmişlər. Bu sənəd 
								formalaşdırılarkən xeyli sorğular keçirilmiş, 
								hazırkı dövrdə ictimaiyyətin təhsil ehtiyacları, 
								dünya təcrübəsi nəzərə alınmışdır.  
								
								Gərgin əmək sayəsində ərsəyə gətirilmiş bu sənəd 
								Azərbaycan hökumətinə təqdim olundu və ümumi 
								təhsil üzrə təlim nəticələrini və məzmun 
								standartlarını, ümumi təhsilin hər bir 
								pilləsində nəzərdə tutulan fənləri, həftəlik 
								dərs və dərsdənkənar məşğələ saatlarının 
								miqdarını, fənn kurikulumlarının strukturunu, 
								pedaqoji prosesin təşkili, təlim 
								nailiyyətlərinin qiymətləndirilməsi və 
								monitorinqi üzrə əsas prinsipləri əhatə edən 
								"Azərbaycan Respublikasında ümumi təhsilin 
								Konsepsiyası (Milli Kurikulumu)" Nazirlər 
								Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 
								nömrəli qərarı ilə təsdiq olundu. Beləliklə də, 
								ümumi təhsil sistemində "hafizə", "yaddaş" 
								məktəbindən "təfəkkür", "düşüncə" məktəbinə 
								keçidin real əsası qoyuldu.  
								
								Sonrakı mərhələdə həmin konseptual sənədin 
								müddəaları əsas tutulmaqla fənn kurukulumlarının 
								hazırlanmasına başlanmışdır. Bu məqsədlə Təhsil 
								Nazirliyinin 8 fevral 2006-cı il tarixli, 87 
								nömrəli əmri ilə fənn kurikulumlarını hazırlayan 
								389 nəfərdən ibarət 23 işçi qrupu yaradılmış, 
								onların tərkibinə nüfuzlu alim və metodistlər, 
								orta məktəb müəllimləri daxil edilmişdir. İşçi 
								qruplarına AMEA-nın həqiqi üzvləri Telman Əliyev 
								(informatika), Urxan Ələkbərov (biologiya), 
								Bəkir Nəbiyev (ədəbiyyat), Vasim Məmmədəliyev 
								(ərəb dili), Akif Hacıyev (riyaziyyat), AMEA-nın 
								müxbir üzvləri Nizami Cəfərov (ana dili), Vaqif 
								Abbasov (kimya), Yaqub Mahmudov (tarix), elmlər 
								doktorları, professorlar Mirzəli Murquzov 
								(fizika), Sabir Mirzəyev (riyaziyyat), Müseyib 
								Müseyibov (coğrafiya), Ağacan Abıyev (fiziki 
								tərbiyə), Fəxrəddin Veysəlov (alman dili) və 
								başqa görkəmli alimlər rəhbərlik etmişdir. İşçi 
								qruplarının, beynəlxalq və milli 
								məsləhətçilərin, digər mütəxəssislərin səyi ilə 
								hazırlanan fənn kurikulumlarının layihələri 
								mətbuatda dərc olunmuş, yerlərdə çoxsaylı 
								müzakirələr keçirilmişdir. Bütün bunların 
								nəticəsi olaraq yerlərdən alınmış rəy və 
								təkliflər əsasında kurikulum layihələri 
								təkmilləşdirilmiş və yekun variant 
								hazırlanmışdır.  
								
								Bundan sonra Təhsil Nazirliyinin 23 iyul 2007-ci 
								il tarixli, 923 nömrəli əmri ilə respublikanın 
								təlim Azərbaycan və digər dillərdə aparılan 
								ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün 
								yeni fənn kurikulumları və tədris planları 
								təsdiq olunmuşdur.  
								
								V-XI siniflər üçün yeni fənn kurikulumları da 
								nəzərdə tutulduğu kimi, 2007-ci ildə hazırlanmış 
								və hazırda onların təkmilləşdirilməsi prosesi 
								icra planına uyğun olaraq davam edir. 
								 
								
								"Kurikulum islahatı" alt-komponenti çərçivəsində 
								hazırlanmış sənədlərin mahiyyətinin izahı və 
								tətbiqi sahəsində öyrədici xarakterli 
								tədbirlərin həyata keçirilməsi zərurətini nəzərə 
								alaraq Azərbaycan Müəllimlər İnstitutunun 
								bazasında 2007-ci ilin yanvarından rayon (şəhər) 
								təhsil şöbələri metodkabinetlərinin ana dili və 
								riyaziyyat fənləri üzrə metodistləri üçün 
								birhəftəlik xüsusi təlim kursu təşkil 
								olunmuşdur. Eyni zamanda 2008-2009-cu tədris 
								ilində I sinifdə dərs deyəcək müəllimlərin 399 
								(324 Azərbaycan, 75 rus bölməsi üzrə) nəfəri 
								Təhsil Nazirliyinin 25 sentyabr 2007-ci il 
								tarixli, 1011 nömrəli əmri ilə Azərbaycan 
								Müəllimlər İnstitutunda 10 günlük, 17 avqust 
								2007-ci il tarixli, 975 nömrəli əmri ilə isə 36 
								nəfəri Naxçıvan Müəllimlər İnstitutunda 
								birhəftəlik öyrədici təlim kurslarından keçərək 
								sertifikat almışdır. Eyni proses 2009-2010-cu 
								dərs ili ərəfəsində də aparılmış, ölkə üzrə I 
								sinfə dərs deyəcək 8900 nəfərə yaxın müəllim 
								öyrədici təlim kurslarından keçirilmişdir. Bu 
								dərs ilində eyni məzmunlu treninqlərin təhsil 
								şöbələrinin əməkdaşları və məktəb rəhbərləri 
								üçün də təşkili nəzərdə tutulur.  
								
								Təhsil Nazirliyi YUNİSEF-in Azərbaycandakı 
								nümayəndəliyi ilə birgə 23 pilot məktəbin seçmə 
								yolla müəyyənləşdirilmiş ibtidai sinif 
								müəllimləri və Kurikulum Mərkəzinin bir qrup 
								əməkdaşı üçün 2 mərhələdə fəal təlim üzrə 10 
								günlük treninq keçirmişdir. Həmin treninqlərdə 
								təlimin yeni forma və üsulları açıqlanmış, 
								iştirakçıların fəal təlimin təşkili ilə bağlı 
								peşəkarlığının yüksəldilməsi istiqamətində iş 
								aparılmışdır.  
								
								Bakı, Sumqayıt şəhərlərində, respublikanın digər 
								bölgələrində yeni fənn kurikulumlarının 
								öyrənilməsinə həsr olunmuş zona konfransları və 
								seminarlar, Kurikulum Mərkəzində "Kurikulum 
								islahatı: problemlər, vəzifələr", "Təhsildə 
								inteqrasiya", "Təlim strategiyaları", "Kurikulum 
								pedaqoji anlayış kimi", "İbtidai təhsil 
								kurikulumunun xüsusiyyətləri", "Əsas və orta 
								təhsil kurikulumlarının xüsusiyyətləri", "Yeni 
								fənn kurikulumları və təlim strategiyaları", 
								"Taksonomiyalardan dərslərə" mövzularında 
								ibtidai sinif müəllimləri və məktəb 
								rəhbərlərinin, metodistlərin iştirakı ilə 
								müzakirələr keçirilmişdir.  
								
								Kurikulum hazırlığı, tətbiqi və idarəolunması 
								üzrə məsələlərlə ətraflı tanış olmaq, bu sahədə 
								dünya təcrübəsini öyrənmək məqsədilə 2007-ci 
								ilin aprelində Kanadaya 2 həftəlik tədris səfəri 
								təşkil olunmuşdur.  
								
								"Azərbaycan Respublikasında ümumi təhsilin 
								Konsepsiyası (Milli Kurikulumu)" əsasında 
								hazırlanmış fənn kurikulumlarının tətbiqi ilə 
								bağlı maarifləndirmə tədbirlərinin 
								səmərəliliyini yüksəltmək, müəllimlərə metodik 
								köməyi gücləndirmək, ümumi təhsilin məzmununun 
								təkmilləşdirilməsi istiqamətində elmi-tədqiqat 
								işlərini genişləndirmək və bu sahədə qabaqcıl 
								təcrübə nümunələrinin yayılmasını təmin etmək 
								məqsədi ilə "Kurikulum" jurnalı təsis edilmiş, 
								indiyədək jurnalın 8 nömrəsi işıq üzü görmüşdür.
								 
								
								"Müəllim hazırlığı" alt-komponenti üzrə bir neçə 
								istiqamətdə iş aparılmış, cəmiyyətin ehtiyac və 
								tələbatına uyğun olaraq pedaqoji kadr hazırlığı 
								sahəsində tədbirlər həyata keçirilmişdir. Yekun 
								olaraq bu məsələ ilə bağlı normativ-hüquqi 
								bazanı möhkəmləndirmək zəruri hesab edilmiş, 
								beynəlxalq və milli məsləhətçilərin köməyi ilə 
								"Fasiləsiz müəllim hazırlığının konsepsiyası və 
								strategiyası" hazırlanıb Nazirlər Kabinetinin 25 
								iyun 2007-ci il tarixli, 108 nömrəli qərarı ilə 
								təsdiq olunmuşdur.  
								
								Bu, alt-komponent üzrə aparılan işlərin bir 
								istiqaməti ibtidai sinif müəllimlərinin ilkin 
								hazırlığı ilə bağlı olmuş, 2006-2007-ci illərdə 
								riyaziyyatın ibtidai kursunun nəzəri əsasları və 
								tədrisi metodikası, xarici dil, fiziki tərbiyə 
								və onun tədrisi metodikası, təsviri sənət, 
								musiqi və musiqinin tədrisi metodikası, 
								texnologiya, ana dili və onun tədrisi metodikası 
								fənlərinin məzmunu yeniləşdirilmiş və ümumtəhsil 
								məktəblərinin ibtidai siniflər üzrə 
								kurikulumlarına uyğunlaşdırılmışdır.  
								
								Təhsil Nazirliyinin 14 may 2007-ci il tarixli, 
								439 nömrəli əmri əsasında 2007-ci il mayın 
								14-dən iyunun 1-nə kimi yeniləşdirilmiş təhsil 
								proqramlarının tətbiqi nəzərdə tutulan 4 təhsil 
								müəssisəsinin (Azərbaycan Dövlət Pedaqoji 
								Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, 
								Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət 
								Pedaqoji Kolleci) professor-müəllim heyəti üçün 
								fəal təlim üzrə YUNİSEF-lə birgə treninq təşkil 
								edilmişdir ki, həmin treninqə bu təhsil 
								müəssisələrinin 100 nəfər müəllimi cəlb 
								olunmuşdur.  
								
								Bunlarla yanaşı, pedaqoji ali və orta ixtisas 
								təhsili müəssisələrinin müəllimlərini yeni 
								pedaqoji texnologiyalar və müasir təlim üsulları 
								ilə tanış etmək, onların peşəkarlıq səviyyəsini 
								yüksəltmək məqsədi ilə 2007-ci ildə 10 ali 
								təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, 
								Azərbaycan Dövlət Pedaqoji Universiteti, 
								Azərbaycan Müəllimlər İnstitutu, Bakı Slavyan 
								Universiteti, Azərbaycan Dillər Universiteti, 
								Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət 
								Universiteti, Naxçıvan Dövlət Universiteti və 
								Naxçıvan Müəllimlər İnstitutu) 1000 nəfərdən 
								artıq sayda professor-müəllim heyəti üçün 
								treninq keçirilmişdir. Bunun üçün əvvəlcədən 50 
								nəfər mühazirəçinin siyahısı müəyyənləşdirilmiş 
								və YUNİSEF-lə birgə onlar üçün müvafiq təlim 
								kursları təşkil olunmuşdur. Treninqlər xüsusi 
								qrafik üzrə hər ali məktəbdə 6 gün müddətində 
								aparılmışdır. Treninqlərin keçirilməsi üçün 
								xüsusi proqram tərtib edilmiş və nəticədə 
								iştirakçılar fasiləsiz pedaqoji təhsil və 
								müəllim hazırlığının yeni konsepsiya və 
								strategiyasının əsas məqamları, müəllim 
								hazırlığında monitorinq və qiymətləndirmə 
								məsələləri, fasiləsiz pedaqoji təhsil və müəllim 
								hazırlığında distant təhsil haqqında məlumatlar 
								almış, tədris üçün zəruri olan təlim üsullarına 
								dair bilik və bacarıqlara yiyələnmişlər. 
								 
								
								Müəllimlik peşəsinə dair bacarıqların tələbələrə 
								daha səmərəli aşılanması, onlarda müasir 
								pedaqoji təfəkkür formalaşdırılması məqsədi ilə 
								təhsilin əsasları adlı yeni fənnin kurikulum 
								layihəsi hazırlanmışdır. Layihə təsdiq 
								olunmamışdan əvvəl burada nəzərdə tutulan 
								standartların reallaşdırılması imkanları 
								araşdırılmış, standartların tələb olunan 
								səviyyədə tərtib olunmasına əminlik yaratmaq 
								məqsədilə onun 3 pedaqoji ali məktəbdə 
								(Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə 
								Dövlət Pedaqoji Universiteti, Azərbaycan 
								Müəllimlər İnstitutu) sınaqdan keçirilməsi 
								qərara alınmışdır. Bununla əlaqədar ayrıca təlim 
								materialları hazırlanmış, onların əsasında həmin 
								institutların bu fənni tədris edəcək 18 nəfər 
								müəlliminə 2 həftəlik öyrədici təlim kursu 
								keçirilmiş, yekunda onlara sertifikat 
								verilmişdir. 2009-2010-cu dərs ilində qeyd 
								olunan ali məktəblərdə həmin təlim 
								materiallarına uyğun olaraq I semestrdə 60 
								saatlıq tədris həyata keçiriləcəkdir. Sınaqlar 
								istənilən müsbət nəticəni verdiyi halda, müəyyən 
								olunan standartlar əsasında "Təhsilin əsasları" 
								dərsliyi hazırlanacaqdır.  
								
								O da qeyd olunmalıdır ki, layihə müddətində 
								Azərbaycan Müəllimlər İnstitutu və onun yerli 
								filialları müvafiq mebel, İKT və audio-vizual 
								avadanlıqlarla təchiz edilmiş, Mingəçevir və 
								Cəlilabad filialları əsaslı təmir olunmuşdur.
								 
								
								"Dərslik və oxu materialları" alt-komponentinin 
								əsas məqsədi məktəb kitabxanalarını 
								kurikulumdankənar, habelə kurikulumla bağlı oxu 
								materialları ilə təmin etməklə müstəqil təlim 
								imkanlarını artırmaq və I-XI sinif şagirdlərinin 
								oxu vərdişlərini stimullaşdırmaqdan, dərslik 
								siyasətinin hazırlanmasına kömək etməkdən ibarət 
								olmuşdur.  
								
								Bu, alt-komponent daxilində ilk olaraq oxu 
								materiallarının hazırlanması istiqamətində iş 
								aparılmış, aşağıdakı tədbirlərin əvvəlcədən 
								maliyyələşdirilməsi həyata keçirilmişdir: 
								 
								
								- latın qrafikası ilə çap olunmuş oxu 
								materiallarının hazırlanması;  
								
								- kiril qrafikasından latın qrafikasına 
								çevrilməli olan kurikulumdankənar və kurikulumla 
								bağlı oxu materiallarının hazırlanması; 
								 
								
								- məktəb kitabxanaları üçün yeni oxu və təlim 
								materiallarının hazırlanması.  
								
								Layihə çərçivəsində proqramda nəzərdə tutulan və 
								görülən tədbirlərin nəticəsi olaraq 18 cilddən 
								ibarət 846000 nüsxə "Ayna Uşaq Ensiklopediyası" 
								dəsti nəşr edilib respublikanın bütün ümumtəhsil 
								məktəblərinə çatdırılmışdır. Bununla yanaşı, 
								Dünya Bankı ilə razılaşdırılmaqla Təhsil 
								Nazirliyi və Bakı Kartoqrafiya Fabriki arasında 
								bağlanmış müqavilə əsasında 19 adda 351595 nüsxə 
								xəritə nəşr edilib ümumtəhsil məktəblərinə 
								paylanmış, bununla da uzun illər problem kimi 
								qalmış məsələ həll edilmişdir.  
								
								Layihə çərçivəsində digər bir vacib tədbir 
								dərslik siyasətinin hazırlanması, bütün ölkə 
								miqyasında dərsliklərin yayılmasını təmin etmək 
								üçün geniş imkanlara malik özəl nəşriyyatların 
								yaradılmasına köməklik göstərməkdən ibarət 
								olmuşdur. Həmin istiqamətdə müəlliflər, 
								nəşriyyat və mətbəə işçiləri üçün təlimati 
								seminarlar təşkil edilmiş, Açıq Cəmiyyət 
								İnstitutu-Yardım Fondu tərəfindən bu işə lazımi 
								dəstək verilmişdir. Layihəyə əsasən texniki 
								yardım və ixtisasartırma tədbirləri vasitəsilə 
								oxu materiallarının səmərəli nəşri, çapı və 
								paylanması sisteminin təşkili üzrə də zəruri 
								təkliflər hazırlanmışdır.  
								
								Azərbaycan Respublikası Nazirlər Kabineti ilə 
								razılaşdırılaraq Təhsil Nazirliyinin 23 yanvar 
								2006-cı il tarixli, 33 nömrəli əmri ilə təsdiq 
								olunmuş "ümumi təhsil sistemində dərslik 
								siyasəti" sənədi bu komponent daxilində həyata 
								keçirilən ən vacib tədbirlərdən hesab olunur. 
								Təhsil Nazirliyi tərəfindən dərsliklərin 
								seçilməsi, dəyərləndirilməsi, təsdiq olunması 
								prosedurlarını yerinə yetirən Dərslikləri 
								Qiymətləndirmə Şurasının yaradılması isə 
								ölkəmizin dərslik siyasəti sahəsində yeni 
								mərhələnin başlanğıcına çevrildi.  
								
								Daha sonra "Dərsliklərin qiymətləndirilməsi 
								meyarları", "Yeni dərsliklərin yaradılması 
								qaydaları" və "Dərsliklərin texniki və gigiyenik 
								standartları", yeni kurikulumlara uyğun 
								dərsliklərinin yazılması üçün müsabiqə sənədləri 
								(şərtlər toplusu, müsabiqənin əsasnaməsi) 
								hazırlanıb təsdiq olundu. Eyni zamanda 
								müsabiqədə iştirak etmək istəyən nəşriyyatlarla 
								yeni nəsil dərsliklərin hazırlanması 
								texnologiyasına dair silsilə təlimati tədbirlər 
								keçirildi, habelə Dünya Bankı və YUNİSEF-in 
								xətti ilə dəvət olunmuş xarici ekspertlərin 
								Qiymətləndirmə Şurasının üzvləri, ibtidai sinif 
								müəllimləri və nəşriyyat işçiləri ilə görüşləri 
								təşkil edildi. Dərsliklərin qiymətləndirilməsi 
								məsələləri ilə məşğul olan nazirliyin 
								əməkdaşları və digər mütəxəssislər təcrübə 
								mübadiləsi məqsədilə Türkiyəyə ezam edildi.
								 
								
								Bütün bunların nəticəsi kimi Azərbaycanın təhsil 
								tarixində ilk dəfə olaraq dünya təcrübəsinə 
								uyğun tərtib edilmiş dövlət standartları 
								əsasında ibtidai pillənin I və II sinifləri üçün 
								yeni dərslik komplektləri (dərslik, müəllim üçün 
								metodik vəsait, şagirdlər üçün iş dəftəri) 
								yarandı. Həmin dərsliklər, bütövlükdə dərslik 
								komplektləri ibtidai sinif müəllimləri, məktəb 
								rəhbərləri, valideynlər tərəfindən razılıqla 
								qarşılanmış və hazırda məktəblərdə uğurla tətbiq 
								olunur.  
								
								"Səmərəlilik və maliyyə islahatları" 
								komponentinin əhatə etdiyi alt-komponentlər 
								bilavasitə maliyyələşdirmə və büdcə 
								islahatlarına, rasionallaşdırma və məktəblərin 
								maddi-texniki bazasının möhkəmləndirilməsinə 
								yönəldilmişdir.  
								
								"Maliyyələşdirmə və büdcə islahatları" 
								alt-komponentin qarşısında duran əsas məqsəd 
								məktəb büdcəsinin şagirdbaşına maliyyələşdirmə 
								prinsipi əsasında formalaşması mexanizminin 
								hazırlanıb tətbiq edilməsi və təhsil 
								müəssisələrinə ayrılmış büdcə vəsaitlərinin 
								idarəolunmasında məktəblərə maliyyə 
								müstəqilliyinin verilməsindən ibarət olmuşdur.
								 
								
								İlk növbədə, büdcə islahatlarlarına hazırlıq və 
								digər təşkilati işlərin görülməsi ilə bağlı 
								Təhsil və Maliyyə nazirliklərinin 
								nümayəndələrindən ibarət işçi qrupu yaradılmış, 
								islahatların həyata keçirilməsinə texniki yardım 
								göstərmək üçün beynəlxalq və milli məsləhətçilər 
								seçilmişdir. Eyni zamanda şagirdbaşına 
								maliyyələşdirmə sahəsində beynəlxalq təcrübəni 
								öyrənmək məqsədi ilə İngiltərəyə tədris səfəri 
								təşkil olunmuşdur.  
								
								Bunlarla yanaşı, Maliyyə Nazirliyi ilə 
								razılaşmaya uyğun olaraq, 2005-ci ildən etibarən 
								3 pilot rayonda 59 məktəbə (Ucarda 20, Şirvanda 
								14, İsmayıllıda 25) yerli xəzinədarlıq 
								orqanlarında ayrıca xəzinə-hesab kitabları 
								açılmış və məktəblərə mühasib ştatları 
								verilmişdir. Hazırda bu məktəblərdə ayrılan 
								büdcə vəsaiti müstəqil idarə edilir.  
								
								Maliyyə müstəqilliyi verilməsi nəzərdə tutulan 
								ümumtəhsil məktəbləri üçün məktəb şurası 
								haqqında müvəqqəti Əsasnamə hazırlanmış və 
								Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmişdir. 
								Beləliklə, pilot rayonların maliyyə müstəqilliyi 
								verilmiş ümumtəhsil məktəblərində məktəb 
								şuralarının işi gücləndirilmiş, məktəb 
								büdcəsinin formalaşması və məktəblərin maliyyə 
								vəsaitinin xərclənməsində şuraların rolu 
								artırılmışdır.  
								
								Aparılan işlərin nəticəsində pilot rayonların 
								həmin 59 ümumtəhsil məktəbinin 
								maliyyələşdirilməsinin şagirdbaşına 
								maliyyələşdirmə prinsipi əsasında həyata 
								keçirilməsi ilə bağlı Azərbaycan Respublikası 
								Nazirlər Kabineti "Təhsil Sektorunun İnkişafı 
								Layihəsinin "Maliyyələşdirmə və büdcə 
								islahatları" alt-komponentinin icrası haqqında" 
								22 fevral 2007-ci il tarixli, 36 nömrəli qərar 
								qəbul etmişdir. Bu qərarın yerinə yetirilməsi 
								ilə əlaqədar Təhsil Nazirliyinin əmrinə uyğun 
								olaraq, maliyyə müstəqilliyi verilmiş ümumtəhsil 
								məktəblərinin direktorları, baş mühasibləri, 
								məktəb şuralarının üzvləri və təhsil şöbələrinin 
								əməkdaşları ilə birgə Şirvan şəhərində, 
								İsmayıllı və Ucar rayonlarında məktəb büdcəsinin 
								şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında 
								hazırlanması, məktəblərə ayrılan maliyyə 
								vəsaitlərinin idarəolunmasında məktəb 
								şuralarının rolu, məktəbin xərclər smetasının 
								hazırlanması, məktəb büdcəsinin məktəbin 
								strateji planı ilə əlaqələndirilməsi və məktəb 
								şurası tərəfindən məktəbin büdcəsinin təhlil 
								edilməsi və qiymətləndirilməsi məsələlərinə həsr 
								olunmuş seminarlar keçirilmişdir. Bununla belə, 
								pilot rayonların maliyyə müstəqilliyi verilmiş 
								59 ümumtəhsil məktəbi onlara ayrılan büdcəni 
								özləri müstəqil idarə etsələr də, hələlik 
								büdcənin şagirdbaşına maliyyələşdirmə prinsipi 
								əsasında hazırlanmasına nail olunmamışdır. Güman 
								etmək olar ki, dövlət başçısının 5 sentyabr 
								2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş 
								"Təhsil haqqında" Azərbaycan Respublikasının 
								Qanunu"nda təhsil müəssisələrinin maliyyə 
								normativlərinin hər bir təhsilalana düşən məsrəf 
								məbləği nəzərə alınmaqla maliyyələşdirilməsinin 
								təsbit olunması bu məsələnin tezliklə həllinə 
								imkan yaradacaqdır.   
								
								
								(Ardı var)   
								
								
								Misir MƏRDANOV, Azərbaycan Respublikasının
 təhsil naziri, fizika-riyaziyyat
 elmləri doktoru, professor
 |