Oktyabrın 23-də Bakı Dövlət Universitetinin 90
illik yubileyinə həsr olunan "Müasir şəraitdə
orta ümumtəhsil məktəblərində tədrisin
keyfiyyətini yüksəltmək yolları" mövzusunda I
respublika elmi-metodik konfransı keçirildi.
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət
göstərən Gənc istedadlar liseyinin bazasında
keçirilən elmi-metodik konfransda paytaxt
məktəblərinin, eləcə də respublikanın müxtəlif
bölgələrindəki təhsil müəssisələrinin
direktorları, qabaqcıl müəllimləri ilə yanaşı,
bir sıra ali məktəblərin görkəmli alim və
pedaqoqları iştirak edirdilər.
Konfransı Bakı Dövlət Universitetinin rektoru,
Milli Məclisin deputatı, akademik Abel
Məhərrəmov giriş sözü ilə açaraq paytaxt
məktəblərindən, həmçinin respublikanın müxtəlif
bölgələrindən gəlmiş təhsil işçilərini, tanınmış
alim və pedaqoqları salamlayaraq, onları Bakı
Dövlət Universitetində görməyindən məmnunluq
duyduğunu bildirdi. Rektor bu yaxınlarda 90
illik yubileyinin keçirilməsinə hazırlaşdığımız
Bakı Dövlət Universitetinin fəaliyyəti barədə
konfrans iştirakçılarına məlumat verdi.
Qeyd olundu ki, mövcud olduğu 90 il ərzində Bakı
Dövlət Universiteti Azərbaycan xalqı qarşısında
böyük xidmətlər göstərib. Hazırda Azərbaycan
elmi dünyanın qabaqcıl elmləri sırasındadır.
Onun inkişafında isə Bakı Dövlət Universitetinin
fəaliyyəti əvəzsizdir. Yarandığı gündən
Azərbaycanda elmi inkişaf etdirən Bakı Dövlət
Universiteti hazırda da bu işi məsuliyyət və
uğurla davam etdirir. Rektor Abel Məhərrəmov 90
il müddətində Bakı Dövlət Universitetinin
şərəfli bir yol keçdiyini, bundan sonra da ölkə
təhsilinin və elminin inkişafına öz töhfəsini
verəcəyinə ümidvar olduğunu bildirdi.
Akademik A.Məhərrəmov BDU-nun 90 illik yubileyi
ilə əlaqədar rəhbərlik etdiyi ali təhsil
ocağında, həmçinin digər təhsil müəssisələrində
bu əlamətdar hadisəyə həsr edilən bir çox
silsilə tədbirlərin keçirildiyini söylədi.
BDU-nun nəzdində fəaliyyət göstərən Gənc
istedadlar liseyinin bazasında keçirilən bugünkü
I respublika elmi-metodik konfransın da növbəti
belə bir uğurlu tədbirlərdən olduğunu deyən Abel
Məhərrəmov adıçəkilən lisey haqqında söz açdı.
ölkə başçısı cənab İlham Əliyevin təhsilə diqqət
və qayğısı sayəsində təhsilin ayrı-ayrı sahələri
üzrə elmi təhlillərə əsaslanan Dövlət
Proqramlarının təsdiq olunaraq reallaşdırılmağa
başlanıldığını söyləyən rektor görülən işlərdən
danışdı. çıxış zamanı qeyd etdi ki, reallaşan
proqramlardan biri "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu
illər)"dır. Məhz həmin proqramın reallaşması
istiqamətində atılan mühüm addımlardan biri də
Təhsil Nazirliyinin 08.06.2007-ci il tarixli 708
nömrəli əmri ilə yaranan Gənc istedadlar
liseyidir. Lisey BDU-nun nəzdində fəaliyyət
göstərir. Liseyin qarşısına qoyduğu vəzifə gənc
istedadların üzə çıxarılması və onlara lazımi
şəraitin yaradılmasıdır. Bildirildi ki, qısa
müddət ərzində lisey kifayət qədər uğurlar
qazanıb. Rektor 2009-cu ildə liseyin ilk
məzunlarının hamısının ali məktəblərin nüfuzlu
fakültələrinə qəbul olunmalarını ən böyük
müvəffəqiyyət hesab etdiyini dedi. Bildirdi ki,
qəbul olunanlardan biri- Rəcəb Məmməd oğlu
Rəcəbov Prezident təqaüdünə layiq görülüb.
Rektor Abel Məhərrəmov Gənc istedadlar liseyində
istedadlı şagirdlərlə aparılan işlərdən ətraflı
söz açaraq onu da qeyd etdi ki, liseydə paytaxt
məktəbləri ilə yanaşı, gələcəkdə respublikanın
müxtəlif regionlarından da seçim əsasında
istedadlı şagirdlərin təhsil almaları, onlar
üçün müvafiq yataqxananın tikintisi də nəzərdə
tutulur.
Keçirilən elmi-metodik konfransın əhəmiyyətini
xüsusi vurğulayan rektor orta ümumtəhsil
məktəblərində tədrisin keyfiyyətinin
yüksəldilməsi ilə bağlı öz fikir və
mülahizələrini tədbir iştirakçıları ilə bölüşdü.
Konfransı açıq elan edən BDU-nun rektoru Abel
Məhərrəmov onun işinə uğurlar arzuladı.
"Tədrisin keyfiyyətinin yüksəldilməsində
idarəetmənin rolu" mövzusuda məruzə ilə çıxış
edən Təhsil Nazirliyinin şöbə müdiri,
respublikanın əməkdar müəllimi Arif Muradov qeyd
etdi ki, ümumtəhsil məktəbinin qarşısında duran
vəzifələrin uğurla həyata keçirilməsi məktəbin
idarəolunması, ona rəhbərlik edilməsi
səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.
İdarəetmə sosial mənada, müəyyən obyektə
təşkilati, planlı və sistemli şəkildə təsir
etmək kimi anlaşılır. Bu təsir müəssisənin
fəaliyyətinin keyfiyyət xüsusiyyətlərinin nizama
salınması, qorunması, gələcək inkişafı və
təkmilləşdirilməsini təmin edir.
Məruzəçi bildirdi ki, respublikada təhsili
idarə etmək və ona rəhbərlik sahəsində dövlət və
ictimai özünüidarə sistemi yaradılmışdır. Şöbə
müdiri A.Muradov idarəetmə və rəhbərlik nədir,
Bu anlayışlar bir-birindən nə ilə fərqlənir
suallarının hər birini ayrı-ayrılıqda ətraflı
şərh etdi. Bildirdi ki, məktəbşünaslıqda
"idarəetmə" anlayışı optimal nəticə əldə etmək
məqsədilə məktəb işlərini mütəşəkkil, planlı,
müntəzəm təşkil və təmin etmək, məktəb daxilində
baş verən münasibətləri, mürəkkəb psixoloji,
pedaqoji və metodik prosesləri şüurlu surətdə
tənzimləməkdir.
Məktəb rəhbərinin davranışı, iş yoldaşlarına və
başqa adamlara münasibəti də obyektivlik və
prinsipiallığı ilə fərqlənməlidir. Bütün
cəhətlərdən onun şəxsiyyəti insanlara müsbət
mənada tərbiyələndirici təsir göstərməlidir.
Məruzəçi dedi ki, ən vacib prinsiplər sırasında
elmilik mühüm yer tutur. ümumiyyətlə, yaxşı
idarəetmə və rəhbərlik üçün dərin bilik,
peşəkarlıq, səriştəlilik, işgüzarlıq, təcrübə və
bunların vəhdəti çox vacibdir. Həmin vəhdət isə
pedaqogika, psixologiya və sosiologiya
elmlərinin nailiyyətlərinə yiyələndikdə və
onları təcrübədə tətbiq etdikdə yaranır. Məktəb
rəhbərləri, xüsusilə direktor üçün bu
keyfiyyətlər səciyyəvi olmalıdır. Məktəb
rəhbərləri həmçinin geniş dünyagörüşünə, zəngin
məlumata, yeni üsullar axtarmaq, tapmaq, onları
işdə tətbiq etmək qabiliyyətinə malik olmalı,
mürəkkəb təşkilati və pedaqoji məsələləri
yaradıcılıqla və operativ surətdə həll etməyi
bacarmalıdırlar.
Məktəbdaxili nəzarətin məqsədinin direktiv və
normativ-hüquqi sənədlərdə irəli sürülən
məktəbin qarşısında qoyulan vəzifələrin icrasını
maksimum təmin etməkdən ibarət olduğunu deyən
Təhsil Nazirliyinin şöbə müdiri bu haqda ətraflı
söz açdı. Qeyd olundu ki, məktəbdaxili nəzarət
mürəkkəb məzmuna malik olmaqla geniş sahələri
əhatə edir. Həmin sahələr daim bir-biri ilə
qarşılıqlı əlaqədədir.
Məktəbdaxili nəzarətin spesifik formaları da
olduğunu bildirən A.Muradov dedi ki, bunlar
məktəbdaxili nəzarətin strukturuna daxil olan
sahələrin özləri qədər müxtəlifdir. Bununla
bağlı digər məsələlərə də geniş toxunan məruzəçi
söylədi ki, bütün bu qeyd olunan şərtlərə
düzgün əməl olunması məktəbi idarəetməni
optimallaşdırmaq, yəni nisbətən az qüvvə və
vəsait sərf etməklə, nisbətən qısa müddətdə
fəaliyyətində daha yaxşı nəticələr qazanmaq
yolunda ən etibarlı təminatdır.
Geniş və əhatəli məruzəsində tədrisin
keyfiyyətinin yüksəldilməsində idarəetmənin rolu
ilə bağlı bütün məsələlərə geniş aydınlıq
gətirən, onları təhlil edən şöbə müdiri Arif
Muradov çıxışının sonunda konfransda iştirak
edən təhsil işçilərinə Azərbaycan təhsilinin
inkişafında uğurlar arzuladı.
BDU-nun Pedaqogika kafedrasının professoru
Ləzifə Qasımova "Məsafədən (distant) təlim
texnologiyaları" mövzusunda məruzəsində qeyd
etdi ki, distant təlim texnologiyaları ölkənin
vahid təhsilinin inkişafı strategiyasını
təcəssüm etdirir. Onun başlıca vəzifəsi yüksək
ixtisaslı kadrların hazırlanması məqsədi ilə
təhsilin proqnozlaşdırılmasından, təlim-tərbiyə
işini planlaşdırmaqdan, onun mərhələlərini,
üsullarını və təşkili formalarını
müəyyənləşdirməkdən ibarətdir. Distant təlim
texnologiyalarına konkret tədris fənlərindən
asılı olmayaraq, təlim-tərbiyə prosesini həyata
keçirmək aiddir. Distant təlim
texnologiyalarının məzmun və mahiyyətinə
gəldikdə, o, bilavasitə təlimin həyata
keçirilməsinə xidmət edir. Yəni təlimin
texnologiyaları vasitəsilə öyrədənlərin və
öyrənənlərin tədris fəaliyyəti sistemi həyata
keçirilir. ümumilikdə, distant təlim
texnologiyaları didaktik proseslərin idarəetmə
mexanizminin ən vacib elementi hesab olunur.
Distant təlim texnologiyalarının tətbiqi ilə
bağlı digər məsələlərə də toxunan məruzəçi onun
üstünlüklərindən söz açdı.
BDU-nun elmi işlər üzrə prorektoru, professor
İsmayıl Əliyev, Lənkəran Dövlət Universitetinin
baş müəllimi, pedaqoji elmlər namizədi Bəxtiyar
Muradxanlı, BDU-nun Kimyanın tədrisi metodikası
kafedrasının müdiri, dosent Əyyub Əzizov, Tovuz
rayonundakı çobansıxnaq kənd orta məktəbinin
kimya müəllimi, respublikanın əməkdar müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi,
pedaqoji elmlər namizədi Talıb Mahmudov, BDU-nun
Pedaqogika kafedrasının müdiri, professor Nübar
Muxtarova keçirilən tədbirin əhəmiyyətindən, 90
illik yubileyinin keçirilməsinə hazırlaşdığımız
Bakı Dövlət Universitetinin elmi əlaqələndirici
mərkəz, fundamental intellekt mənbəyi
olmasından, ali təhsil ocağının ixtisaslı
kadrların yetişməsində, elmi-tədqiqat işlərinin
aparılmasında, bütövlükdə onun Azərbaycan
elminin inkişafındakı əvəzsiz rolundan söz
açdılar.
BDU-nun nəzdində fəaliyyət göstərən Gənc
istedadlar liseyinin direktoru, kimya elmləri
doktoru, professor Qasım Hüseynov rəhbərlik
etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında
konfrans iştirakçılarına məlumat verdi. Liseydə
təhsil almaq istəyənlərin sayının ildən-ilə
artdığını söyləyən direktor burada hazırda 430
şagirdin təhsil aldığını, onların
təlim-tərbiyəsi ilə 70 müəllimin məşğul olduğunu
dedi. Liseydə tədrisin keyfiyyətinin
yüksəldilməsində BDU-nun professor-müəllim
heyətinin yaxından iştirak etdiyini söyləyən
Q.Hüseynov onu da bildirdi ki, burada dərs
deyənlər içərisində 1 elmlər doktoru, 20 elmlər
namizədi, ali kateqoriyalı müəllimlər, TQDK-nın
aparıcı ekspertləri, respublikanın tanınmış ən
yaxşı müəllimləri vardır. Liseydə tədris
işlərinin keyfiyyətlə aparılması, müəllimlərin
tədris və təqvim planlarının günün tələblərinə
uyğun tərtibi, dərslərdə müasir təlim
metodlarından istifadə, təlimin tərbiyəedici,
inkişafedici funksiyasına xüsusi əhəmiyyət
verilməsi, tədris prosesinin şagirdlərin
fəallığı şəraitində qurulması işinə ciddi
nəzarət edilir. Qeyd olundu ki, liseydə keçilən
dərslərdə yeni təlim texnologiyalarından,
interaktiv metodlardan, əyani vəsaitlərdən geniş
şəkildə istifadə edilməsi daim diqqət
mərkəzindədir. Təhsil ocaqlarının səviyyəsinin
şagirdlərinin savadı ilə ölçüldüyünü deyən
direktor, keçirilən müxtəlif bilik, intellekt və
idman yarışlarında, məktəblilərin respublika
fənn olimpiadalarında yeniyetmələrin əldə
etdiyi uğurları diqqətə çatdırdı. Bildirdi ki,
liseyin IX-XI siniflərində oxuyan əlaçı və
istedadlı şagirdlərinə təqaüdlər verilir ki, bu
da onların təhsilə marağının artmasına, yüksək
nəticələr əldə etmələrinə stimul yaradır. Qasım
müəllim liseyi bitirən ilk məzunların hamısının
respublikanın müxtəlif ali məktəblərinin ən
nüfuzlu fakültələrinə daxil olmalarından qürur
hissi keçirdiyini bildirdi. İki gün keçirilməsi
nəzərdə tutulan I respublika elmi-metodik
konfransın aktuallığına toxunan professor Qasım
Hüseynov bütün təhsil işçilərinə
müvəffəqiyyətlər arzuladı.
Sonra konfrans öz işini bölmələrdə davam
etdirdi.
Konfransın 23-24 oktyabr tarixlərində keçirilən
iclaslarında 7 bölmə üzrə 90-dan artıq məruzə
dinlənildi və onlar ətrafında müzakirələr
aparıldı.
Yekun iclasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi
müdirinin müavini Hüseyn Əsgərov, AMEA-nın
müxbir üzvü, professor Mustafa Salahov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
dosenti Məhyəddin İsgəndərov, BDU-nun kafedra
müdirləri, dosent Abbas Abbasov, professor Qara
Mustafayev çıxış edərək konfransın yüksək
səviyyədə təşkilini, dinlənilən məruzələrdə orta
ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin
yüksəldilməsi ilə bağlı bir sıra məsələlərin öz
geniş əksini tapdığını dedilər. Bütövlükdə bu
tədbirin təhsil işçilərinin bir-biri ilə
ünsiyyətdə olması, iş təcrübəsi ilə tanışlığı,
birlikdə fikir mübadiləsi aparılması
baxımından olduqca faydalı və əhəmiyyətli
olduğunu vurğuladılar. çıxış edənlər belə
konfransların davamlı olmasını arzu etdilər.
Bununla da ikigünlük konfrans öz işini başa
çatdırdı.
Samirə KƏRİMOVA |