Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Oktyabr 2009 - ¹42

 

Ötən dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları müzakirə olundu

 

Oktyabrın 24-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirildi. Kollegiyada "2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və cari dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məsələ müzakirə olundu. İclasda kollegiya üzvləri ilə yanaşı, Təhsil Nazirliyi Mərkəzi Aparatının əməkdaşları, nazirliyin struktur bölmə rəhbərləri, rayon (şəhər) təhsil şöbə müdirləri, imtahan rəhbərləri, bilavasitə Təhsil Nazirliyinə tabe olan ümumi təhsil müəssisələrinin direktorları iştirak edirdilər.

Kollegiya iclasını təhsil naziri, kollegiyanın sədri Misir Mərdanov açaraq zala toplaşanları salamladı, müzakirəyə çıxarılan məsələ ilə onları tanış etdi. Nazir qeyd etdi ki, əvvəlki illərdən fərqli olaraq ötən dərs ilində ölkənin bütün ümumtəhsil məktəblərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılıb. İmtahanların nəticələri bütövlükdə qənaətbəxş olub. İmtahan verənlərin 22 faizi attestat ala bilməyib ki, bunu da normal hal hesab etmək olar. Nazir imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsinin böyük zəhmət tələb etdiyini söyləyərək bu işdə əməyi olanların hamısına təşəkkürünü bildirdi.

İmtahanların mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilməsinin əhəmiyyətinə toxunan Misir Mərdanov qeyd etdi ki, imtahanların bu qaydada aparılmasında məqsəd təhsil işçilərinin, məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin məsuliyyətini artırmaq, məktəbin, müəllimin nüfuzunu qaldırmaqdır. Nazir vurğuladı ki, indiyədək orta məktəblərin buraxılış siniflərində imtahanların ənənəvi qaydada aparılması 1992-ci ildən ölkəmizdə ali məktəblərə qəbul imtahanlarında tətbiq olunan test üsulu ilə ziddiyyət təşkil etdiyindən buraxılış imtahanlarının yeni qaydada aparılması zərurətə çevrilib.

Misir Mərdanov ötən dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanları zamanı bir sıra nöqsanlara yol verildiyini, bəzi problemlərlə qarşılaşdıqlarını söyləyib, həmin nöqsan və problemlərin daha çox nəzarətçilərin fəaliyyəti, imtahanlara şagirdlər tərəfindən mobil telefonların gətirilməsi, bəzi yerlərdən baza məlumatlarının, yəni şagirdlər haqqında məlumatların vaxtında gəlməməsi, məlumatlarda qeyri-dəqiqliklərə yol verilməsi ilə bağlı meydana çıxdığını, variantlar, test tapşırıqları ilə bağlı problemlər olduğunu bildirdi. Təhsil işçilərinə həmin nöqsan və problemlərdən nəticə çıxarmağı, problemlərin daha az olmasına çalışmalarını tapşırdı.

Nazir kollegiya iştirakçılarının diqqətinə çatdırdı ki, 2009-2010-cu dərs ilində doqquzuncu siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi barədə qərar qəbul olunub. Gələn il bütün ölkə üzrə həm XI, həm də X siniflərdə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılacaq. XI sinifləri bitirənlər 8, IX sinif şagirdləri isə 2 fəndən imtahan verəcəklər.  İmtahanlar 4 bölgədə aparılacaq.

Nazir bununla əlaqədar təhsil işçilərini qarşıda mühüm vəzifələr gözlədiyini söyləyib, məktəb rəhbərləri və təhsil şöbə müdirlərini bu məsələyə daha məsuliyyətlə yanaşmağa çağırdı. Bildirdi ki, RTŞ-ın bu işə münasibətindən çox şey asılıdır. O yerdə ki münasibət yaxşıdır, iş də yaxşı olur, lakin o yerdə ki münasibət mənfidir, orada işlər də qaydasında getmir.

Yeni qaydanın hələ heç də hamının düşüncəsində müsbət əksini tapmadığını deyən nazir təhsil şöbə müdirlərini, məktəb direktorlarını bu işin əhəmiyyətinə inandırmağı aparılması zəruri olan işlərdən saydı. Təhsil naziri yoxlama imtahanları keçirilən sonra onların nəticələrinin müəllimlərin iştirakı ilə müzakirə edilməsini, direktorların, metodbirləşmələrin bu işə geniş cəlb edilməsini, qiymətləndirmə zamanı dərsliklərin, tədrisin səviyyəsinin nəzərə alınmasını, şagirdləri yaxşı nəticə göstərmiş müəllimlərin adının xüsusi qeyd olunmasını, onların maddi və mənəvi cəhətdən həvəsləndirilməsini vacib hesab etdiyini söylədi, bununla əlaqədar tapşırıq və tövsiyələrini verdi.

Nazir çıxışında mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının  daha da təkmilləşdirilməsini təmin etməklə bağlı atılacaq addımlardan da danışdı. Bununla əlaqədar gələcəkdə nazirliyin müvafiq şöbəsinin gücünün artırılması, Təhsil Problemləri İnstitutunda monitorinq və qiymətləndirmə şöbəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsində müvafiq strukturun yaradılması, bu qurumların işini koordinasiya edən qrupun formalaşdırılması barədə düşündüklərini bildirdi.

Sonra kollegiya sədri "2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və qarşıda duran vəzifələr" mövzusunda təqdimat etmək üçün sözü Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevaya verdi.

T.Hacıyeva təqdimatında buraxılış imtahanlarının müxtəlif parametrlər üzrə aparılmış təhlilləri ilə kollegiya iştirakçılarını tanış edib. öncə imtahanların bölgələr üzrə keçirilmə tarixləri və əsas göstəriciləri haqqında məlumatı əks etdirən slaydlar nümayiş olundu.

Slaydları şərh edən T.Hacıyeva qeyd etdi ki, imtahanlar ümumtəhsil məktəblərinin buraxılış siniflərinin 99627, peşə liseylərinin 4333, ötən dərs ilində buraxılış imtahanlarından "qeyri-kafi" qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və imtahan vermək üçün təkrar müraciət etmiş 2635, ekstern qaydası ilə imtahan vermək istəyən 69 nəfər olmaqla, bütövlükdə 106664 şagirdi əhatə etmişdir. Onlardan 102656-sı, o cümlədən 96646 buraxılış sinfi, 4053 peşə liseyi şagirdi, 1888 təkrar və 69 nəfər isə ekstern qaydada imtahan vermək istəyən şagird imtahanlarda iştirak etmişdir.

İmtahana buraxılmayan və ya müəyyən səbəblərdən imtahanda iştirak etməyən şagirdlərin sayı 4008 (buraxılış sinifləri üzrə 2981, peşə liseyləri üzrə 280, təkrar imtahan verənlər üzrə 747) nəfər olmuşdur. 439 şagird xəstəliyə görə buraxılış imtahanlarından azad olunmuşdur. Nazirlik tərəfindən aparılmış yoxlama zamanı həmin şagirdlərin həqiqətən xəstə olduqları təsdiq edilmişdir.

Olimpiada qalibi olduqlarına və idman nailiyyətlərinə görə 15 şagird buraxılış imtahanlarından azad olunmuşdur. Attestat alan şagirdlərin sayı 81043, imtahanda iştirak edib attestat ala bilməyənlər isə 21613 nəfərdir.

Sonra təqdimatçı imtahanların rayonlar üzrə nəticələrini əks etdirən cədvəli kollegiya iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, imtahanların nəticələri əsasında tərtib edilmiş reytinq cədvəlində ilk sırada özəl məktəblər durur. Onların 37 şagirdinin hamısı imtahanda iştirak edərək müvəffəq qiymətlər almış və 100 faizlik nəticə göstərmişdir. İkinci yerdə birbaşa Təhsil Nazirliyinə tabe olan müəssisələr qərarlaşıb. Həmin məktəblərin 1118 şagirdindən 1115-i imtahanlarda iştirak edib. Onların 4-ü 1 fəndən, 1-i isə 2 fəndən "qeyri-kafi" qiymət alıb. 1110 şagird (99,28) isə imtahanları müvəffəqiyyətlə verib. Reytinq cədvəlində 3-9-cu yerləri tutan Bakının Xətai rayonunun, ali məktəblərin nəzdindəki məktəblərin, Səbail, Nizami, Nəsimi rayonlarının, Sumqayıt şəhərinin, paytaxtın Nərimanov rayonunun nəticələri də kifayət qədər yüksəkdir. (96,63 faizdən 94,55 faizədək).

Cədvəlin yuxarı pillələrində kənd rayonlarının da yer alması müsbət hal kimi qiymətləndirildi. Qeyd olundu ki, reytinq cədvəlində müvafiq olaraq 10,14 və 16-cı yerləri tutmuş Qubadlı, Göyçay və Xızı rayonları da kifayət qədər yüksək göstəriciyə malikdirlər (94,09; 92,49 və 91,81%).

T.Hacıyeva 78 rayon və şəhərin nəticələrini əks etdirən reytinq cədvəlinin sonunda qərar tutmuş rayonların da adını açıqladı. Məlum oldu ki, Ağsu və Gədəbəy rayonları ən aşağı nəticə göstərmişlər (müvafiq olaraq 50,00 və 46,85%). Həmin rayonların yoxlama imtahanlarında da zəif nəticələr əldə etməsi qeyd olundu.

Daha sonra 2008-2009-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş təkrar imtahanın nəticələri diqqətə çatdırıldı. Müvafiq cədvəli şərh edən T.Hacıyeva bildirdi ki, təkrar imtahan üçün müraciət etmiş 2635 nəfərdən 1888-i imtahanda iştirak etmiş, onlardan yalnız 961-i imtahanları müvəffəqiyyətlə verərək attestat almışdır.

Peşə liseyləri üzrə verilən məlumatdan isə aydın oldu ki, imtahan verməli olan 4333 peşə liseyi şagirdindən 4053-ü imtahanda iştirak etmiş, onlardan 1731-i bütün fənlərdən müvəffəq qiymətlər almışdır.

T.Hacıyeva mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının yekunlarına əsasən məktəblərin reytinq cədvəlinin hazırlandığını bildirdi. Sonra 3062 məktəbin nəticələri əsasında tərtib olunmuş reytinq cədvəlində ilk və son 50 yeri tutmuş məktəblərin göstəricilərini əks etdirən cədvəllər kollegiya iştirakçılarına təqdim olundu. Şagirdlərin sayı nəzərə alınmaqla tərtib olunmuş cədvəldə ilk 50 yeri tutan məktəblər arasında əksəriyyət təşkil edən paytaxt məktəbləri ilə yanaşı, respublikanın bir sıra şəhər və rayonlarının təhsil ocaqlarının da olması təqdir edildi. T.Hacıyeva bildirdi ki, ilk 50 yeri tutan məktəblər tam olmasa da, respublikanı əsasən əhatə edir. Belə ki, reytinqi yüksək olan məktəblər arasında İsmayıllı, Göyçay, Sumqayıt, Balakən, Ağstafa, Kürdəmir, Mingəçevir, Quba, Masallı, Qubadlı rayon və şəhərlərini təmsil edən ümumtəhsil müəssisələri vardır. T.Hacıyeva onu da qeyd etdi ki, ilk 50 yeri tutmuş məktəblərin hamısı 100 faizlik nəticə göstərmişdir.

Şöbə müdiri reytinq cədvəlində son  50 yeri tutmuş məktəblərin siyahısını da nümayiş etdirərək bildirdi ki, bu məktəblərin müvəffəqiyyəti 26 faizdən yüksək deyildir və 26 faizdən azalmağa doğru gedir. 5 məktəb isə sıfır nəticə göstərmişdir. Bunlar Kəlbəcər rayonunun 119, 62, 70 nömrəli məktəbləri, Laçın rayonunun Fərraş kənd orta və Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbləridir. Təqdimatçı onu da vurğuladı ki, reytinq cədvəlində sonuncu yerləri tutan məktəblər əsasən müvafiq cədvəlin sonluğunda qərar tutmuş rayonların məktəbləridir. Şöbə müdiri qeyd etdi ki, ilkin təcrübə kimi ilk və son 50 yeri tutmuş məktəblərin müəllim kontingentinin tərkibi də araşdırılaraq təhlil olunmuş, müəllim-şagird nisbəti, müəllimlərin kateqoriyaları müəyyənləşdirilmişdir. Sonra o, həm ilk 50 yeri tutmuş, həm də reytinq cədvəlinin son 50 pilləsində qərarlaşmış bir sıra məktəblər üzrə həmin təhlilləri əks etdirən məlumatları nümayiş etdirdi. Onları müqayisə edərək bildirdi ki, reytinq cədvəlində sonuncu yeri tutan məktəblər 14-cü ixtisas dərəcəsinə malik müəllimlərinin sayına görə heç də ilk yerləri tutan məktəblərdən geri qalmır. Lakin, göründüyü kimi, həmin məktəblərin müəllimləri öz vəzifələrinin öhdəsindən heç də layiqincə gələ bilməmişlər.

Növbəti slaydda mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekununda 100 faiz nəticə göstərən məktəblərin adı nümayiş olundu. T.Hacıyeva bildirdi ki, respublikanın 308 məktəbi şagird sayından asılı olmayaraq 100 faiz müvəffəqiyyət əldə edib.

Daha sonra şagirdlərinin sayı 10-dan az olan məktəblərin nəticələrini açıqlayan cədvəl kollegiya iştirakçılarının diqqətinə çatdırıldı. T.Hacıyeva bununla əlaqədar məlumat verərək bildirdi ki, respublikada 523 belə məktəb var. Onlardan 149 məktəbin müvəffəqiyyət göstəricisi 100 faiz olub. Cədvəlin sonunda isə Kəlbəcər, Laçın, Xocavənd rayonlarının bəzi məktəbləri yer alıb. Həmin məktəblərdə şagirdlərin sayı az olsa da, heç biri attestat ala bilməyib.

Fənlər üzrə "2" və "5" qiymət alanların sayını əks etdirən cədvəl də təhlil olundu. Cədvəldə imtahan verənlərin neçəsinin 8 fənnin hər birindən "2" və "5" qiymət aldığı göstərilmişdir. Buradan aydın olur ki, şagirdlər ən yaxşı nəticəni kimyadan, zəif nəticəni isə xarici dildən göstəriblər. Belə ki, kimyadan ən çox - 24.452 nəfər, yəni imtahan verənlərin 25,31 faizi "5" alıb. Xarici dildən "qeyri-kafi" qiymət alanlar isə 17583  nəfər (18,20%) olub.

Təqdimat zamanı mərkəzləşdirilmiş imtahanların daha yaxşı təşkil olunduğu və yüksək səviyyədə keçirildiyi imtahan mərkəzlərinin adları açıqlandı. T.Hacıyeva bildirdi ki, imtahan ərəfəsində Bakı və Sumqayıtda yaradılmış imtahan mərkəzlərinin işindən arxayın olsalar da, bölgələrdəki imtahan mərkəzlərindən müəyyən narahatlıqları var idi. Lakin imtahanların gedişi bu narahatlıqlara əsas olmadığını göstərdi. Bölgələrdə elə imtahan mərkəzləri var idi ki, onların fəaliyyəti Bakıdakı imtahan mərkəzləri səviyyəsində, hətta bəzən onlardan da yüksək idi. T.Hacıyeva işlərini nümunəvi təşkil edən belə imtahan mərkəzlərinin bir qismi ilə kollegiya iştirakçılarını tanış etdi. Qeyd olundu ki, Zaqatala rayonu Zərifə Əliyeva adına lisey, nazirliyə tabe olan xarici dillər təmayüllü gimnaziya, Gəncə şəhəri 2 və 5, Sumqayıt şəhəri 10, 11 və 33, Xaçmaz rayonu 6 və 9, Hacıqabul rayonu 5, Kürdəmir rayonu 1, Quba rayonu 1 və 4, Salyan rayonu 9 nömrəli və başqa məktəblər işlərini nümunəvi qurmaqla fərqləniblər. Bu işdə RTŞ-ların rolu yüksək qiymətləndirildi. Lakin təqdimatçı işlərini tələb olunan səviyyədə qurmayan imtahan mərkəzlərinin olduğunu da təəssüf hissi ilə bildirdi.

Təqdimatda habelə nəzarətçilərin də fəaliyyətinə toxunuldu. Qeyd olundu ki, mərkəzləşdirilmiş imtahanların normal keçirilməsində onların böyük rolu vardır. T.Hacıyeva bu baxımdan nəzarətçilərin əksəriyyətinin öz işinə məsuliyyətlə yanaşdığını, xüsusən bölgələrdə yaxşı nəzarətçilərin çox olduğunu bildirdi, belələrinin adları qeyd olunmuş slaydı iclas iştirakçılarına nümayiş etdirdi.

Məlumatdan aydın oldu ki, Vüqar Verdiyev (Gəncə şəhəri 16 nömrəli məktəb), Məleykə Ağayeva (Gəncə şəhəri 25 nömrəli məktəb), Gültəkin Cəfərova (Quba rayonu 2 nömrəli məktəb), Məryəm Hacıyeva (Quba rayonu Püstəqasım kənd orta məktəbi), Xalidə Hüseynova (Abşeron Rayon Təhsil Şöbəsinin metodisti), Rövşən Rüstəmov (Bakı Neft-Energetika Kollecinin şöbə müdiri), Seyfulla Süleymanov (Zaqatala rayonu Əliabad qəsəbə 3 nömrəli məktəb) və başqaları  nümunəvi fəaliyyəti ilə fərqlənərək onlara həvalə edilmiş işin öhdəsindən layiqincə gəlmişlər. Lakin bununla yanaşı, nöqsanlara yol verən nəzarətçilərin də olduğunu deyən şöbə müdiri onlarla məşğul olmaq üçün adlarının təmsil etdikləri rayonların təhsil şöbələrinə veriləcəyini söylədi.

Daha sonra təqdimatçı mərkəzləşdirilmiş imtahanları müvəffəqiyyətlə verib dərs ilini "əla" qiymətlərlə başa vuranların, məktəblilərin 2009-cu il respublika fənn olimpiadalarında I yeri tutduğuna görə buraxılış imtahanlarından azad edilmiş şagirdlərin, "Heydər Əliyev məktəblilərin gözü ilə" inşa müsabiqəsi qaliblərinin ali məktəblərə qəbul imtahanlarındakı göstəriciləri ilə kollegiya iştirakçılarını tanış etdi, müəyyən təhlillər, müqayisələr apardı.

Məlum oldu ki, 602 şagird bu il imtahanları əla qiymətlərlə başa vurub. Ali məktəblərə qəbul imtahanlarında onlardan 311-i 500-700, 126-sı 400-500, 80-i 300-400, 43-ü 200-300, 29-u 100-209, 13-ü isə 0-100 bal toplayıb. Həmin şagirdlərin adlı siyahısını, bəzilərinin qəbul imtahanlarında fənlər üzrə topladığı bal göstəricilərini əks etdirən cədvəllər kollegiya iştirakçılarına təqdim olundu. T.Hacıyeva əlaçı şagirdlərdən bəzilərinin qəbul imtahanlarında az bal toplamasının səbəbini onların imtahan zamanı özlərini pis hiss etməsi ilə əlaqələndirdiklərini bildirdi. Qeyd etdi ki, həmin şagirdlərin böyük əksəriyyəti digər ölkələrin ali məktəblərində təhsillərini davam etdirirlər.

T.Hacıyeva şöbənin ilk təcrübəsi kimi Təhsil Nazirliyinin nəzdindəki humanitar fənlər gimnaziyası məzunlarının ali məktəblərə qəbul imtahanları zamanı qruplar üzrə göstərdikləri bal göstəricilərini əks etdirən cədvəli də nümayiş etdirdi, gələcəkdə bu işi genişləndirmək fikrində olduqlarını söylədi. Şöbə müdiri onu da vurğuladı ki, bu il ilk addım kimi keyfiyyətə görə də təhlil aparıblar. O, Təhsil Nazirliyinə tabe 14 məktəbi əhatə edən həmin təhlili əks etdirən cədvəli nümayiş etdirdi, gələcəkdə aparılacaq belə təhlillərin bütün məktəbləri əhatə edəcəyini söylədi.

Təqdimatda Təhsil Problemləri İnstitutu tərəfindən humanitar fənlər üzrə test tapşırıqlarına verilmiş rəylə də iclas iştirakçıları tanış edildi. Rəy haqqında ümumi məlumatda qeyd edilir ki, testlərin tərtibi zamanı bütün fənlər üzrə mövcud proqramlar və onların tələbləri əsasən nəzərə alınmış, proqram və istifadə olunan dərsliklərdən kənara çıxma hallarına yol verilməmişdir. T.Hacıyeva rəylə əlaqədar institutun verdiyi tövsiyələri də diqqətə çatdırdı.

Təqdimatçı mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının daha da təkmilləşdirilməsi üçün qarşıda duran vəzifələrdən də bəhs etdi. Bildirdi ki, qarşıda mərkəzləşdirilmiş qaydada imtahan verəcək IX və XI sinif şagirdləri, onların valideynləri ilə mütəmadi iclasların aparılması; ayrı-ayrı fənlər üzrə yaradılmış işçi ekspert qruplarının genişləndirilməsi, test bankının zənginləşdirilməsi, təkmilləşdirilərək respublikanın bütün orta məktəblərinə çatdırılması, imtahanlarda iştirak edəcək nəzarətçi müəllimlərlə təlimati işlərin aparılması, respublikanın bütün ümumtəhsil məktəblərində oxuyan IX və XI sinif şagirdlərinin məlumatlar bazasının yerlərə göndərilərək dəqiqləşdirilməsi, imtahan mərkəzlərinin dəqiqləşdirilməsi, 2008-2009-cu il buraxılış imtahanlarının nəticələrinin geniş təhlil olunması və ictimaiyyətə çatdırılması, buraxılış və ali məktəblərə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin müvafiq qurum ekspertləri ilə təhlil edilməsi və seminarlarda müzakirəsinin təşkili kimi mühüm vəzifələr durur. Şöbə müdiri həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı görülmüş və görüləcək işlər barədə məlumat verdi.

Kollegiya iclasını yekunlaşdıran təhsil naziri Misir Mərdanov söylənilənlər əsasında kollegiyanın müvafiq qərarının qəbul olunacağını bildirdi, məsələnin yerlərdə də müzakirə olunmasını tövsiyə etdi. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Oktyabr 2009 - ¹42
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Rusiyadakı səfirliyi Moskvanın üç məktəbinə kompüterlər bağışlayıb
 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yeni inzibati binası istifadəyə verilib
 
"Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model"
 
Ötən dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları müzakirə olundu
 
Milli təhsilin inkişafına həsr olunmuş alim ömrü
 
Azərbaycan Müəllimlər İnstitutunda elmi-praktik konfrans
 
"Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda konfrans
 
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə dair "dəyirmi masa"
 
Bakı məktəblərinə işə qəbul üzrə ikinci müsabiqənin nəticələri məlum oldu
 
"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları" barədə
 
Beynəlxalq kulinariya günü qeyd olunub
 
Maarif cəfakeşi, qayğıkeş insan
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov