Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Oktyabr 2009 - ¹42

 

"Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model"

 

Oktyabrın 24-də Təhsil Nazirliyində "Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model" mövzusunda növbəti kollegiya iclası keçirildi. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələri və şöbələrinin, bölgələrdəki ixtisasartırma təhsili verən müəssisələrin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və KİV təmsilçiləri iştirak edirdlər.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq dəvəti qəbul etdikləri üçün onlara öz minnətdarlığını bildirdi. Giriş sözündə pedaqoji kadrların ixtisasartırma təhsili sahəsinin ən ciddi müzakirə tələb edən məsələlərdən biri olmasından söz açan nazir nə sovet dövründə, nə də müstəqillik qazandıqdan sonra bununla bağlı elə bir işlək mexanizmin qurulmadığını, müxtəlif kollegiya iclaslarında bir neçə dəfə müzakirə olunsa da, qərarların həyata keçirilmədiyini qeyd etdi, ümumiyyətlə, dünya təcrübəsi ilə tanışlıqdan sonra bu problemin hər bir ölkədə mövcudluğunun müəyyənləşdiyini vurğuladı.

Misir Mərdanov giriş sözündən sonra "Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model" mövzusunda məruzə-təqdimatla çıxış etdi.

Təqdimatda öncə ölkənin ixtisasartırma təhsili müəssisələri haqqında ətraflı məlumat verildi. Bu kollegiya iclasının yalnız ümumtəhsil məktəblərində çalışan pedaqoji kadrların ixtisasartırması məsələsinə həsr olunduğunu bildirən nazir tədbir iştirakçılarının diqqətini müəssisələrin adları, kadr potensialı, kitabxanaları və infrastrukturu haqqında statistikanın əks olunduğu slaydlara yönəltdi. Aydın oldu ki, ölkədə ixtisasartırma təhsili ilə 18 müəssisə məşğul olur və həmin müəssisələrdə ştatda olan 3613 nəfər professor-müəllim heyətindən yalnız 992 nəfəri bu sahədə fəaliyyət göstərir.

Məruzə-təqdimatda daha sonra bu sahədə görülmüş işlərdən bəhs olundu. Qeyd olundu ki, Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırma təhsilinin həyata keçirilməsi üçün müasir maddi-texniki və tədris bazası, treninq mərkəzləri yaradılmış, Mingəçevir və Cəlilabad filialları TSİL çərçivəsində əsaslı təmir edilmişdir.

AMİ-də ixtisasartırma təhsilinin məzmunu, tədris plan və proqramları daim yeniləşdirilir, variativ proqramları, eləcə də bu sahədə dünya təcrübəsi, müasir texnologiyalar və qabaqcıl təcrübələr öyrənilir və tətbiq edilir.

İxtisasartırma üzrə mühazirə və seminarlara qabaqcıl müəllimlər, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Milli Elmlər Akademiyasının, ali məktəblərin tanınmış alimləri və qabaqcıl mütəxəssisləri dəvət olunurlar.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təşəbbüsü ilə "Diplomdansonrakı pedaqoji təhsil: Avropa oriyentirləri və regional prioritetlər" mövzusunda Azərbaycanda və Ukraynada 2 beynəlxalq elmi konfrans keçirilmişdir.

Son iki il ərzində BPKİYİ xarici ölkələrin 7 ali məktəbi ilə elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalamışdır.

Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində BPKİYİ-nin binası əsaslı təmir olunmuş və avadanlıqla təchiz edilmişdir. Yeni kurikulumların tətbiqi ilə əlaqədar 2008-2009 və 2009-2010-cu tədris illərində I siniflərdə işləyən 18 minədək müəllimin xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirildiyini və nümunəvi tədris materialları ilə təmin olunduğunu deyən Misir Mərdanov bu işdə TPİ-də yaradılmış Kurikulum Mərkəzinin rolunu xüsusi qeyd etdi. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti haqqında məlumat verən natiq Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi tərəfindən 2 minədək müəllim və məktəb rəhbərinin müasir təlim strategiyaları üzrə təlimlərdən keçdiyini, "Mədəd"-Azərbaycan təşkilatı tərəfindən 2005-2009-cu illərdə 30 minədək müəllimin treninqlərdən keçərək İKT bacarıqlarına yiyələndiyini bildirdi.

Daha sonra məruzə-təqdimatda pedaqoji kadrların ixtisasartırma təhsili ilə bağlı beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr haqqında məlumat verildi. Bildirildi ki, British Council ilə birgə layihələrə əsasən 2003-2009-cu illərdə ümumilikdə 220 kaskad təlimləri təşkil edilmiş, İNSETT layihələri çərçivəsində ingilis dilinin tədrisi üzrə 1500 nəfər müəllim treninqlərdən keçirilmiş, 23 nəfər "öyrədənlərin öyrədəni" təcrübə mübadiləsi məqsədilə xarici ölkələrdə təlim səfərlərində olmuşdur. YUNİSEF-lə birgə layihələr çərçivəsində 500 təlim kursu keçirilmiş, 300 nəfər müəllim, AMİ və onun filiallarının, pedaqoji profilli ali təhsil müəssisələrinin 500 əməkdaşı fəal təlim üzrə treninqlərdən keçirilmişdir. 100 minədək nüsxə müxtəlif məzmunlu təlim materialı, fəal təlim üzrə müəllimlər üçün vəsaitlər hazırlanmış, çap olunmuş və məktəblərə çatdırılmışdır.

İntel, CİSCO, Microsoft şirkətləri ilə birgə layihələr çərçivəsində 2005-2009-cu illərdə 10 minədək müəllim treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir.

Təhsil Nazirliyi tərəfindən 2009-cu ilin mayında aparılmış monitorinqin nəticələrinə aid arayışı tədbir iştirakçılarının diqqətinə çatdıran Misir Mərdanov kadrlarla iş sahəsində və müqavilə şərtlərinin yerinə yetirilməsində yol verilmiş nöqsanlar, bu nöqsanların başlıca səbəbləri, ixtisasartırma təhsilinə cəlbolunma vəziyyəti, "Dayaq məntəqələri"nin fəaliyyətinin təşkili və bu məntəqələrin fəaliyyətində yol verilmiş nöqsanlara dair fakt və cədvəllərin əks olunduğu slaydları nümayiş etdirdi. İclasda bakalavr təhsilini başa vurmamış, qeyri-pedaqoji ixtisaslı, kifayət qədər pedaqoji staja malik olmayan şəxslərin işə qəbul edilməsi, ixtisasartırma təhsili müəssisələrində bəzi hallarda dərs yükünün normadan artıq verilməsi, ixtisasa uyğun olmayan fənlərdən dərs saatlarının verilməsi və kadr sənədləşməsi işinin düzgün aparılmaması faktları ilə bağlı ətraflı məlumat verildi.

Pedaqoji kadrların ixtisasartırma təhsilinə cəlbolunma vəziyyətinə dair cədvəldən məlum olduğuna görə, son 2 tədris ilində 28109 dinləyicidən 2023 nəfəri vəsiqə almamışdır. Nazir aparılmış monitorinq nəticəsində bir çox təhsili idarəetmə orqanları tərəfindən ixtisasartırma şərtlərinin yerinə yetirilmədiyinin, rayon təhsil şöbələrinin bu işə laqeyd münasibətinə görə ayrı-ayrı rayonlardan ixtisasartırmaya cəlb olunanların sayının planlaşdırılandan xeyli az olduğunun, bir sıra rayonlardan isə ixtisasartırma təhsilinə ümumiyyətlə müəllim göndərilmədiyinin və təhsilini bitirənlərə vəsiqələrin verilməsində nöqsanların müəyyən olunduğunu bildirdi.

Nazir Misir Mərdanov müqavilə şərtlərinin yerinə yetirilməməsinin başlıca səbəblərini aşağıdakı amillərlə xarakterizə etdi:

- rayon (şəhər) təhsil şöbələri tərəfindən dəqiq proqnozlaşdırmanın aparılmaması və maliyyə orqanlarının müqaviməti nəticəsində büdcədə ixtisasartırma təhsili üçün ezamiyyə xərclərinin kifayət qədər nəzərdə tutulmaması;

- yerli təhsil orqanları və təhsil müəssisələri ilə bağlanmış müqavilələrdə sifariş-təklif prinsipinə əməl edilməməsi;

- pedaqoji kadrların ixtisasartırmaya olan fərdi tələbatlarının öyrənilməsinə lazımi diqqət yetirilməməsi;

- ixtisasartırma təhsilində müasir metodlardan və təlim texnologiyalarından geniş şəkildə istifadə edilməməsi;

- ixtisasartırma təhsili müəssisələrinin yataqxanalarının olmaması və ya mövcud yataqxanalarda məcburi köçkünlərin məskunlaşması.

"Dayaq məntəqələri"nin fəaliyyəti məsələsinə toxunan nazir xatırlatdı ki, bir neçə il qabaq ixtisasartırma təhsili ilə bağlı dünya təcrübəsi öyrənilərkən həmin məntəqələrin bu işdə çox böyük əhəmiyyət kəsb etdiyi məlum olmuşdu. Buna görə də Təhsil Nazirliyinin "Dayaq məntəqələrinin şəbəkəsinin yaradılması barədə" 30.XI.2000-ci il tarixli əmrinə uyğun olaraq respublikada ayrı-ayrı ixtisaslar üzrə 3 minə yaxın "Dayaq məntəqəsi" yaradılmışdı. Təhsil Nazirliyinin "İxtisasartırma təhsilində yeni mexanizmə keçid və müəllimlərin təkmilləşdirilməsi işinin təşkili" barədə 21.II.2002-ci il tarixli əmri ilə "Dayaq məntəqələri"nin əsas fəaliyyət istiqamətləri bir daha müəyyənləşdirilmişdi.

ölkədə yaradılmış "Dayaq məntəqələri"nin fəaliyyətinin qənaətbəxş olmadığını təəssüf hissi ilə bildirən təhsil naziri bu işdə yol verilmiş başlıca nöqsanları iclas iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, reqlamentləşdirici sənədlərə yerli təhsili idarəetmə orqanları tərəfindən laqeyd münasibət göstərildiyindən yaradılmış "Dayaq məntəqələri"nin böyük əksəriyyəti formal fəaliyyət göstərməkdədir.

Hər bir rayon və şəhər üzrə "Dayaq məntəqəsi" kimi nəzərdə tutulan məktəblərin dislokasiyası bu günə qədər tam və düzgün müəyyənləşdirilməmişdir.

Yerli təhsil orqanları tərəfindən qabaqcıl müəllimlərdən ibarət "öyrədənləri öyrədən" müəllimlərin siyahıları müəyyənləşdirilməmiş, bu barədə müvafiq ixtisasartırma təhsili müəssisələrinə məlumat verilməmişdir.

İxtisasartırma təhsili və təkmilləşmə prosesinə yeni mexanizmlərin tətbiqi ilə əlaqədar metodik kabinetlərdə konkret tədbirlər həyata keçirilməmişdir.

Rayonlar üzrə ayrı-ayrı ixtisaslı fənn müəllimlərinin ixtisasartırma təhsilinə olan real tələbatının, ehtiyaclarının öyrənilməsi, bu barədə ixtisasartırma təhsili müəssisələrinə əsaslandırılmış təkliflərin verilməsi, qarşılıqlı müqavilələrin vaxtında imzalanması təmin edilməmişdir. İxtisasartırma təhsilinə cəlb olunmaqla bağlı bütün müəllimlər haqqında yerlərdə informasiya banklarının yaradılmasına nail olunmamışdır və s.

Məruzə-təqdimatda daha sonra ixtisasartırma təhsili sahəsində mövcud olan problemlərdən bəhs edən nazir bildirdi ki, ixtisasartırma sistemində keyfiyyəti təmin edəcək rəqabət mühiti yoxdur, alternativ proqramlar tətbiq olunmur; mövcud sistemdə müəllimlərin ehtiyacları lazımi səviyyədə öyrənilmir, proqramlar bu ehtiyacları ödəmir, ixtisasartırma təhsilinin təşkilində "sifariş-təklif" prinsipi gözlənilmir; ixtisasartırmanın nəticəsinə görə müəllim fəaliyyəti stimullaşdırılmır, müəllimlər və digər pedaqoji heyət üçün karyera yüksəlişi nəzərdə tutulmur; ixtisasartırma təhsilinin təşkilində İKT-nin imkanlarından geniş istifadə olunmur; ixtisasartırma təhsili üzrə maliyyələşmə mexanizmi kifayət qədər səmərəli deyildir, nəticəyə yönəlmiş maliyyələşmə tətbiq edilmir; mövcud ixtisasartırma sistemində cəlb olunmamağa görə məsuliyyət müəyyənləşdirilməmişdir; "öyrədənlər"in peşəkarlıq və səriştəliliyi kifayət qədər deyildir; proqramların akkreditasiyası və sertifikatlaşdırılması sistemi yoxdur; ixtisasartırma təhsili üzrə monitorinq və qiymətləndirmə mexanizmi tətbiq edilmir; bir sıra ixtisasartırma təhsili müəssisələrinin maddi-texniki və tədris bazası zəifdir; ixtisasartırma təhsilini təşkil edən xidmət strukturlarının (metodik, tədris, kadr xidmətləri) funksiyaları dəqiq tənzimlənmir və bu xidmətlər əlaqələndirilmir; ixtisasartırma təhsilinin təşkilində daha çox nəzəri biliklərə istinad edilir, praktik bacarıqların verilməsinə və müasir təlim strategiyalarının öyrədilməsinə kifayət qədər diqqət yetirilmir.

Təhsil naziri pedaqoji kadrların ixtisasartırma təhsilinin düzgün təşkil edilməsində dünya təcrübəsinin öyrənilməsinin xüsusi əhəmiyyət daşıdığını dedi. Nazir ayrı-ayrı ölkələrin bu sahədəki təcrübəsinə dair faktları iclas iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, son 10 il ərzində bir sıra ölkələr (Belçika, Danimarka, Finlandiya, Macarıstan, İtaliya, Niderland, Norveç, Rumıniya, İsveç və İsveçrə) ixtisasartırma təhsili təşkilatları arasında rəqabət mühitinin yaradılması və keyfiyyətin yüksəldilməsi məqsədilə ixtisasartırma prosesinə çoxsaylı dövlət və qeyri-dövlət təşkilatlarını cəlb etmişlər.

Keyfiyyətə nəzarət, keyfiyyətin təmin olunması və monitorinq mexanizmi kimi müəllimlərin ixtisasartırma təhsili proqramlarının akkreditasiyası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyətində tətbiq edilir.

Beynəlxalq səviyyədə ixtisasartırmanın əsas tendensiyalarından biri proqramların kəmiyyət və keyfiyyət ölçülərini təmin etmək üçün çevik modul ixtisasartırma proqramı - kurikulumu və müvafiq kredit sisteminin tətbiq edilməsidir. İxtisasartırma üzrə Avropa Köçürülə bilən Kreditlər Sistemi Finlandiya (bu, ümumiyyətlə, dünyada ən yaxşı müəllim hazırlığı sisteminin tətbiq edildiyi ölkədir), Almaniya, Macarıstan və Rumıniyada istifadə edilir. Həmin ölkələrdə ixtisasartırma təhsili karyera perspektivləri yaradır, karyera və peşə yüksəlişi, eləcə də bir karyera dərəcəsindən digərinə keçid üçün əsas kimi istifadə edilir.

Hüquqi baxımdan ixtisasartırmanın məcburi və ya könüllü olmasına baxmayaraq, ölkələrdə elə çevik mexanizmlər tətbiq edilir ki, faktiki olaraq belə mexanizmlər (məcburi; könüllü, lakin əməkhaqqı və vəzifə artımı üçün vacib hesab edilən; könüllü, məktəblər tərəfindən müəllimlər üçün təşkil edilən ixtisasartırma təhsili) vasitəsilə bütün müəllimlər ixtisasartırma və peşə hazırlığına cəlb edilirlər.

Bəzi ölkələrdə (Rumıniya, Almaniya, Macarıstan) ixtisasartırma üzrə qeydiyyatın aparılması üçün "İxtisasartırma portfoliosu" istifadə edilir.

Daha sonra tədbir iştirakçılarına ixtisasartırma təhsili üzrə təklif edilən yeni model təqdim olundu. Misir Mərdanov məlumat verdi ki, yeni modelin əsasları Azərbaycan hökuməti tərəfindən 2007-ci ildə təsdiq edilmiş "Fasiləsiz müəllim hazırlığı Konsepsiyası"nın ayrı-ayrı maddələrində əks olunub. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində (2009-2014-cü illər) "Pedaqoji kadrlar üçün əlavə təhsil sisteminin müasirləşdirilməsi" komponentinin icrasına başlanılmış və icra planında 4 mühüm vəzifə müəyyənləşdirilmişdir:

Müəllimlərin ixtisasartırması üzrə xidmətlərin təklifi sahəsində rəqabət mühitinin yaradılması.

Yeni kurikulumun tətbiqi ilə bağlı ixtisasartırma təhsili tədbirlərinin həyata keçirilməsi.

Əlavə təhsilin distant yolla həyata keçirilməsi.

Yeni məktəbəqədər təhsil kurikulumunun tətbiqi ilə bağlı ixtisasartırma təhsili tədbirlərinin həyata keçirilməsi.

Yeni modelin əsas xüsusiyyətləri ixtisasartırma təhsili sahəsində rəqabət mühitinin yaradılması, kredit sisteminin tətbiqi, ixtisasartırma təhsilinin icbarilik statusu alması və stimullaşdırma vasitəsinə çevrilməsi, ixtisasartırma təhsili proqramlarının akkreditasiyası, bu proqramların 3 modul üzrə qurulması (təhsilin ümumi əsasları, ixtisas sahələri, təhsildə texnologiyalar və yeni tendensiyalar) müxtəlif kateqoriyalardan olan işçilər üçün ixtisasartırma müddətinin fərqli nəzərdə tutulmasıdır.

Modelin mahiyyəti ilə bağlı verilən məlumatdan aydın oldu ki, Təhsil Nazirliyi tərəfindən ayrı-ayrı kateqoriyalardan olan pedaqoji heyət üçün kurikulum çərçivəsi elan edilir. Həmin elana əsasən hər tədris ilində həm dövlət, həm də qeyri-dövlət müəssisələri və ya təşkilatları öz proqramlarını akkreditasiya üçün təqdim edirlər. Təhsil Nazirliyi nəzdində yaradılmış Akkreditasiya Şurası təqdim olunmuş proqramları qiymətləndirir və nəticələrini elan edir. Nazirlik akkreditasiya olunmuş proqramları seçmiş pedaqoji heyətin ixtisasının artırılması üçün həmin proqramları təqdim etmiş müəssisə və ya təşkilatla müqavilə bağlayır.

Monitorda mövcud ixtisasartırma sistemi ilə yeni modelin müqayisəli təhlilinə aid slaydlar nümayiş etdirildi və bu fərqlər iclas iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd olundu ki, mövcud ixtisasartırma sistemi bir variantda proqram təklif edir və müəllimlər təklif olunan yeganə proqramı qəbul etməyə məcbur olurlar. Yeni modeldə 3 modul üzrə çoxsaylı proqramlar təklif edilir. Müəllimlər ehtiyac və tələblərinə uyğun olaraq həmin proqramlardan istədiklərini seçirlər.

Hazırda təklif edilən ixtisasartırma  kurslarının məzmunu və təlimçilər əvvəlcədən qiymətləndirilmir. Yeni modeldə akkreditasiya prosesi nəzərdə tutulur ki, burada təklif olunan kursların məzmununun, o cümlədən təlimçilərin minimum keyfiyyət tələblərinə cavab verməsi yoxlanılır.

Mövcud ixtisasartırma sistemində stimullaşdırıcı amillərin olmaması ixtisasartırma təhsilinə marağı azaldır. Yeni modeldə ixtisasartırma təhsilinin nəticəsi hər bir rəhbər və pedaqoji işçinin əməkhaqqına müvafiq artımların edilməsində, vəzifədə irəli çəkilməsində, fəxri adlara və dövlət təltiflərinə layiq görülməsində və sair hallarda nəzərə alınır. Hazırda bütün kateqoriyalardan olan rəhbər və pedaqoji kadrlar üçün eynimüddətli (5 il), yeni modelə görə isə kadrların bu və ya digər kateqoriyası üçün müxtəlifmüddətli ixtisasartırma dövrü müəyyən edilir. İdarəetmə sahəsində kadr dəyişiklikləri tez-tez baş verdiyindən onların ixtisasartırması üçün 5 illik müddət optimal hesab olunmur.

Sonra yeni modelin tətbiqi üçün hazırlanmış sənədlərin adları təqdim olundu. "Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə", "Məktəbəqədər və ümumtəhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ixtisasartırmasının kurikulum çərçivəsi", "Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrlar üçün ixtisasartırma proqramlarının akkreditasiyasına dair Qaydalar", "Rəhbər və pedaqoji kadrların ixtisasartırması üzrə kursların, treninqlərin keyfiyyətinin təmin edilməsi, monitorinqi və qiymətləndirilməsi haqqında təlimat". "Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə" layihəsinin bu işlə məşğul olan müəssisə, təşkilat və bir neçə ümumtəhsil məktəbinə rəyə göndərildiyini deyən nazir verilmiş rəylərin əsasən nəzərə alındığını bildirdi.

Məruzə-təqdimatın sonunda pedaqoji kadrların ixtisasartırma təhsilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər iştirakçıların diqqətinə çatdırıldı:

- "Azərbaycan Respublikasında məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ixtisasartırma təhsilinə dair Əsasnamə" təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilsin.

- 2010-2011-ci tədris ili üçün yeni model üzrə ibtidai sinif müəllimlərinin ixtisasartırma təhsili ilə bağlı təkliflər və kurikulum çərçivəsi hazırlansın, pilot olaraq tətbiq edilsin.

- Yeni modelə keçidlə əlaqədar ixtisasartırma proqramlarının akkreditasiyası məqsədilə Təhsil Nazirliyi nəzdində Akkreditasiya Şurası yaradılsın.

- Təhsil Nazirliyinin strukturunda müvafiq dəyişiklik edilərək Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin nəzdində "İxtisasartırma təhsili" sektoru yaradılsın.

- Dünyada gedən tendensiyalar nəzərə alınaraq ixtisasartırma təhsilində modul-kredit sisteminin tətbiq edilməsi və sertifikatlaşdırmanın reallaşması üçün müvafiq tədbirlər həyata keçirilsin.

Təqdimatda ayrıca olaraq ixtisasartırma təhsili müəssisələrinin və rayon (şəhər) təhsil şöbələri rəhbərlərinin bu sahədəki fəaliyyətlərinin yaxşılaşdırılmasına dair təkliflər də özünə yer aldı.

Sonra məruzə-təqdimat ətrafında çıxışlar başladı. çıxışlarda məsələ ilə bağlı müxtəlif fikirlər səsləndi, iradlara münasibət bildirildi, nöqsan və problemlərin aradan qaldırılması yolları müzakirə olundu. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Oktyabr 2009 - ¹42
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Rusiyadakı səfirliyi Moskvanın üç məktəbinə kompüterlər bağışlayıb
 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yeni inzibati binası istifadəyə verilib
 
"Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model"
 
Ötən dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları müzakirə olundu
 
Milli təhsilin inkişafına həsr olunmuş alim ömrü
 
Azərbaycan Müəllimlər İnstitutunda elmi-praktik konfrans
 
"Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda konfrans
 
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə dair "dəyirmi masa"
 
Bakı məktəblərinə işə qəbul üzrə ikinci müsabiqənin nəticələri məlum oldu
 
"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları" barədə
 
Beynəlxalq kulinariya günü qeyd olunub
 
Maarif cəfakeşi, qayğıkeş insan
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov