Müdrik bir deyimə görə, bağ bağbansız,
bəşəriyyət müəllimsiz keçinə bilməz. Kimliyindən,
həyatda tutduğu mövqeyindən asılı olmayaraq, hər
bir insan özündəki bir sıra keyfiyyətlərə görə
dərs aldığı ilk müəlliminə borcludur. Alimdən,
mütəfəkkirdən tutmuş sadə insanlaradək hər kəs
ona ilk dərs deyən, əlifbanı tanıdıb ana, Vətən
kəlmələrini öyrədən müəllimlərini bütün həyatı
boyu əziz insan kimi xatırlayır, yada salır, heç
vaxt unutmur.
Belə insanlardan biri, ömrünü balalarımızın
təlim-tərbiyəsinə həsr edən, hazırda Salyan
rayonunun Şorsulu kənd orta məktəbində sinif
müəllimi işləyən Zeynəb Nəcəfova haqqında söz
açmaq istəyirəm.
Zeynəb Niftulla qızı Nəcəfova 1950-ci il martın
13-də Salyan rayonunun Qırmızıkənd kəndində (hazırda
Neftçala rayonu) dünyaya göz açıb. 1965-ci ildə
Qırmızıkənd kənd səkkizillik məktəbini, 1967-ci
ildə isə Əli Bayramlı şəhər (indiki Şirvan
şəhəri) 10 nömrəli orta məktəbini
müvəffəqiyyətlə bitirən Zeynəb müəllim olmaq
arzusu ilə sənədlərini elə həmin il Əli Bayramlı
Pedaqoji Texnikumuna verib və qəbul
imtahanlarından müvəffəq qiymətlər alaraq bu
təhsil ocağına qəbul edilib.
Hələ kənd məktəbinin ibtidai sinfində oxuyarkən
özünü sinif müəlliminə oxşatmağa çalışan balaca
Zeynəb dərsdən sonra qonşu uşaqları başına yığıb,
onlara "dərs keçərdi". Ən böyük arzusu əlinə
jurnal götürub şagirdləri tərəfindən sevilən
müəllim kimi sinfə girmək olub. Elə buna görə də
savadlı müəllim olmaq üçün ilk gündən texnikumda
yaxşı oxumağa, pedaqoji bilikləri dərindən
öyrənməyə çalışır, texnikumun ictimai həyatında
fəal iştirak edir.
1969-cu ildə orta ixtisas təhsilini yaxşı
qiymətlərlə başa vurduqdan sonra Qırmızıkənd
kənd səkkizillik məktəbinə sinif müəllimi
göndərilir. Elə həmin il sentyabrın 1-də əlinə
jurnal alıb sinfə girəndə isə sanki dünyanı ona
bağışlamışdılar. Müəllimlik çətin sənət
olduğundan onda asan uğur qazanmaq olmur. Gərək
bu sənəti sevəsən, daim öz üzərində çalışasan.
Öz metodikan olsun və onu daim zənginləşdirə
biləsən. Zeynəb müəllim bu sadə həqiqətləri
texnikumda sevimli müəllimlərindən öyrənmişdi.
Qalırdı onları diqqətdə saxlayıb əməl etmək. İşə
cidd-cəhdlə girişdi. Öyrəndikləri nəzəri
bilikləri təcrübəyə tətbiq etmək üçün səylə
çalışdı, təcrübəli həmkarlarının tövsiyələrinə
əməl etdi. Müəllimlik üçün zəruri olan
keyfiyyətləri - çalışqanlığı, məsuliyyəti,
yeniliyə can atması tezliklə onu məktəbdə
yaradıcı, fəal, yaxşı müəllim kimi tanıtdı, adı
rayonun ən yaxşı müəllimləri sırasında
çəkilməyə başladı.
İctimai işlərdə də həmişə fərqlənən Zeynəb
müəllim məktəbdə yaratdığı özfəaliyyət
dərnəyinin rəhbəri kimi rayonda keçirilən
tədbirlərdə fəal iştirak etdi. Yaxşı müəllim,
fəal ictimaiyyətçi kimi fəxri fərmanlarla,
diplomlarla təltif olundu.
1974-cü ildə ailə qurması ilə əlaqədar Salyan
rayonunun Şorsulu kəndinə köçdü. O vaxtdan bu
günə qədər Şorsulu kənd orta məktəbində sinif
müəllimi kimi fəaliyyət göstərir. Burada da
şagirdlərinin sevimlisi olan Zeynəb müəllim
pedaqoji kollektivin dərin hörmətini qazanıb.
İşini günün tələbləri səviyyəsində qurur, təlim
prosesində şagirdləri fəallaşdıran, yaradıcı
qabiliyyətlərini, təfəkkürlərini inkişaf etdirən
müasir üsullara geniş yer verir, kurikulumun
tələblərini yüksək səviyyədə həyata keçirir,
şagirdlərin şəxsiyyət kimi formalaşmasında bilik
və bacarığını əsirgəmir. Təsadüfi deyil ki,
Zeynəb müəllim uzun müddətdir məktəbdə ibtidai
siniflər üzrə metodbirləşmənin sədridir.
41 il ərzində həyatını kiçik yaşlı şagirdlərin
təlim-tərbiyəsinə həsr edən Zeynəb müəllim
vaxtilə şagirdi olmuş, hazırda respublikanın
müxtəlif elm və istehsalat sahələrində ləyaqətlə
çalışan məzunları tərəfindən hörmətlə yad edilir.
Keçmiş şagirdləri onunla əlaqə saxlayır, bəzən
də görüşünə gəlirlər. Bu günlərdə qeyd ediləcək
60 illik ömrünü mənalı yaşadığına, vətənə layiq
övladlar yetişdirdiyinə, şagirdləri tərəfindən
heç vaxt unudulmadığına görə Zeynəb müəllimin
sevinməyə haqqı var.
Nizami MİRZƏ |