Naxçıvan Böyük türk dünyasının ən qədim və
məşhur məkanlarından biridir. Naxçıvan bütün
halları, coğrafi tutumu, tarixi siması ilə türk
nəfəsli, türk rəngli, türk hökmlü, türk
ləyaqətlidir. Onun dağları əzəmətli və
vüqarlıdır: özünün əzəməti, vüqarlı və dəyanətli
olması da bu dağlardan gələn əlamətlərdir.
Naxçıvan milli tarixi gerçəkliyimizin ən qədim
məkan- mərkəzlərindən biri kimi, Borçalı,
Ərdahan, Qars, Ərzurum və Ərzincan, Maku, Xoy,
Təbriz bölgələrinin əhatə və nüfuz dairəsində
qərar tapmış, Azərbaycan ərazilərini ələ
keçirməyə çalışan çar rusiyasının törətdiyi
müharibələrin, siyasi hadisələrin tarixi
burulğanları içərisində çox böyük təzyiqlər
altında qalmışdır. XIX əsrdə və XX əsrin
əvvəllərindən Naxçıvan tarixinin siyasi
vəziyyəti Ümumşərq, Ümumqafqaz, Ümumazərbaycan
hadisələrinin ən dramatik və zəngin səhifələrinə
çevrilib. Ümumilikdə, 200 ildən çoxdur ki,
Naxçıvana qarşı düşmən hücumları davam edir.
Bütün bu taruxi dramatizmin həm siyasi-ictimai,
həm də milli mənəvi, xəlqi vəziyyətləri xüsusi
tədqiqatlar tələb edir. Təəssüf ki, mövcud
tarixşünaslıq ümumi sözçülükdən, bəsit
qəzetçilik təsəvvürlərindən irəli gedə bilmir.
Lakin bunlardan fərqli olaraq, tarixi hadisələrə
sistematik xronoloji faktlar və münasibətlər
dramatizmindən yanaşmaq tərzinə görə, tarix
elmləri namizədi, dosent, Naxçıvan Dövlət
Universiteti Azərbaycan tarixi kafedrasının
müdiri Zəhmət Şahverdiyevin ötən il nəşr
etdirdiyi "Naxçıvan bölgəsi XIX-XX əsrin
əvvəllərində" (Bakı, "Elm", 2008) və bu il rusca
buraxdırdığı "Azerbaydjanskaya derevnya v
posledney treti XIX v.( po materialam
Naxiçevanskoqo "Şaruro-Daralaqezskoqo uezdov),
(Baku, "Elm" 2009) monoqrafiyaları çağdaş
tarixşünaslığımızın uğurlu nümunələri kimi elmi
ictimaiyyətin diqqətini cəlb etmişdir.
Monoqrafiyanın hansı elmi- tarixi məziyyətləri
vardır? Əvvəla, qeyd edək ki, Naxçıvanın XIX əsr
boyu və XX əsrin əvvəllərinin tarixi simasını
konkret prizmalarından araşdıran Zəhmət
Şahverdiyev faktlara və tarixi hadisələrin
ictimai-siyasi, milli mənəvi köklərinə
əsaslanaraq, məsələlərə tam ciddi və elmi -konseptual
səciyyələrdən yanaşır. Tədqiqatçının birinci
yanaşma səciyyəsi budur ki, o, Naxçıvanın qədim
dövrlərdən bəri Azərbaycan tarixi daxilindəki
yeri məsələsinə toxunur və arxeoloji
qazıntıların verdiyi faktlara dayanan
tarixçilərin digər ümumazərbaycan məkanları kimi,
Naxçıvana da həssas tarixçilik meyarından
yanaşmışdır. Müəllif, İlkin olaraq, yada salır
ki, miladdan əvvəlki minilliklərdən başlayaraq,
Naxçıvan mahalı da Manna, Midiya, Əhəməni
dövlətlərinin, miladın I əsrində isə Albaniya
kimi qüdrətli dövlərin tərkibində olmuşdur.
Zəhmət Şahverdiyev Naxçıvan bölgəsinin tarixi
vəziyyətlərinə dair faktları sadalayır,
ümumazərbaycan tarixi daxilində Naxçıvana dair
məxəzlərə və tədqiqatlara əsaslanaraq, bir sıra
mühüm faktları yada salır. O faktları ki,
düşmən onları dilə gətirmək, yada salmaq istəmir;
çünki o faktlar məkrə, yalana heç cürə uyuşmur.
Tədqiqatçı məsələlərə sistematik olaraq, tarixi
sürəclərin işığından yanaşır və Naxçıvanın XIX
əsr və XX əsrin əvvəlləri zamanına dair
gerçəkliklərini tədqiq edərkən ilkin olaraq,
tarixin arxiv sənədlərinə istinad etməyi üstün
tutmuşdur.
Uzun illər Tiflis, İrəvan, Moskva,
Sankt-Peterburq arxivlərində araşdırdığı
sənədlərin işığında müəllif elə faktları təqdim
edir ki, indiyədək o faktları yad etmək sanki
tarixin "yadından çıxmışdır".
Bütün problem-faciələrin əsası Naxçıvan
xanlığının Rusiya imperiyası tərəfindən
işğalından sonra başlayır. Z. Şahverdiyev bu
məsələlər üzrə araşdırmalarında tarixi
gerçəkliklərin faktiki nəticələrini dilə
gətirməklə hadisələrin ictimai-siyasi köklərini
də açıqlamış olur. Bu köklərin daxili stimulu
belə bir tarixi gerçəkliyə bağlıdır ki,
Rusiyanın Qafqaza qarşı yürüş və basqınlarının
acı nəticələri Naxçıvana da ağır zərbələr
vurmuşdur. XVIII əsrin sonlarından başlayaraq,
çar hökuməti Qafqaza qarşı açıq- aşkar
işğalçılıq iddialarını daha da genişləndirmişdir.
Giorgiyevski müqaviləsindən sonra (1783)
Rusiyanın Azərbaycan ərazilərinə və xanlıqlara
qarşı işğalçılıq maraqları artdı. Tədqiqatçının
bəzi tarixi gerçəklikləri fakt kimi yada
salarkən diqqəti problemin, hadisələrin əhatə
dairəsinə, ağırlıq aktlarına yönəltmişdir.
Ağırlığın ilkin stimulu bundan başladı ki,
ruslara, Xoy və İrəvan xanlıqlarına münasibətdə
Naxçıvanın mövqeyi zəiflədi. II İrakli Naxçıvana
hücumlar etdi. Digər bir halda, Qarabağ xanının
"Naxçıvanda möhkəmlənməsinin qarşısını almaq
üçün Xoy və Urmiya xanlıqları da Naxçıvan
xanlığının müdafiəsinə qalxmağa təhrik edilirdi".
Kəlbalı xanın (1787-1820) hakimiyyətə gəlməsi,
ruslarla birtərəfli münasibət yaratması faktı da
XIX əsrin ciddi hadisələrindən biri kimi, təkcə
Naxçıvan və İrəvan üçün deyil, həm də Qarabağ
xanlığı üçün də siyasi gərginliklər yaradırdı.Bu,
Azərbaycana xəyanətin daha ciddi və aşkar şəkil
almasının yeni təzahürü idi. Tədqiqatçı bunları
da xatırladır ki, Qacarın 1795-ci il yürüşündən
sonra Rusiya çarı II Yekaterina V. Zuboru
1796-cı ildə Qafqaza göndərir. Kəlbalı xanla
Zubov arasında yazışma olur və Kəlbalı xan
Rusiyanın təbəəliyini qəbul edəcəyini bildirir.
Tədqiqatçı, doğru olaraq, faktları sadalayır,
ona dair şərh vermir. Burada faktlar özü-özünü
şərh edir və bu faktların işığında Azərbaycanın
tarixi faciələrinin siyasi, milli
təbəddülatları aydın görünür.
Kəlbalı xan da başqaları kimi rus təbəəliyini
Azərbaycanın nicatı üçün qəbul etmirdi; hər şey
vəzifə tutmaq, öz titulunu saxlamaq üçün idi.
Ağa Məhəmməd Şah Qacar türk dünyasını, Şimali və
Cənubi Qafqazı rus işğalından qorumaq üçün yürüş
etmişdi. Ruslar xanlıqlar arasındakı
münasibətləri pozmaq üçün hər kəsi bir vədlə öz
tərəfinə çəkirdi. Xəyanətinə görə Kəlbalı xan
tutulub Tehrana aparıldı, bir gözü çıxarıldı,
bir daha belə xəyanətlər etməməsi şərtilə altı
ildən sonra buraxıldı, İrəvana göndərildi. Onun
ruslarla yenidən birtərəfli əlaqələr yaratması
İrəvan və Naxçıvan ərazilərini təcavüz altında
qoydu. Bu birtərəfli münasibətlərin
nəticələrindən biri bu oldu ki, tədqiqatçının da
qeyd etdiyi kimi,Danil Eçmiədzinə rəhbər təyin
edildi. Sisyanov 1804-cü ildə rus-İran
müharibəsinin başlanmasınadək Kəlbalı xanın
vasitəçiliyi ilə Danil-Davit məsələsini həll
etməyə cəhd göstərirdi. Bu, yerli əhalini -
türkləri sıxışdırmaq, onları hüquqsuz hala
salmaq siyasətinin başlanması demək idi. Lakin
İrəvan və Naxçıvan əhalisinin, habelə onlara
kömək edən Xoy, Maku döyüşçülərinin
mübarizliyinə görə ruslar İrəvan və Naxçıvan
xanlıqlarını işğal edə bilmədilər.
Kəlbalı xan "Gülüstan" müqaviləsindən sonra da
ruslarla əlaqələr yaradır, işğal altında olan
Azərbaycan ərazilərinin azad edilməsi üçün vahid
milli siyasətin yeridilməsinə maneələr törədirdi.
Təəssüf ki, bunu "Naxçıvan xanlığı" kitabının
müəllifləri Naxçıvanın müstəqilliyi siyasəti
hesab edirlər.
1820-ci ildə Kəlbalı xan ölür. Bundan sonra oğlu
Ehsan xanın fəaliyyəti önə çıxır. 1826-cı ildə
Şah- Azərbaycan qoşunları ələ keçirilmiş
əraziləri geri qaytarmaq üçün hücuma keçirlər.
Lakin Ehsan xanın və Mehdiqulu xanın Paskeviçə
gizlicə məktub göndərərək rus təbəəliyini qəbul
etmək istəmələri həm İrəvan, həm də Naxçıvan
xanlıqlarının ruslar tərəfindən işğalı ilə
nəticələnir.
Bütün bunlara nəzərən, müəllifin tədqiq
metodolojisi üçün xarakterik olan bir məziyyəti
də qeyd etmək gərəkdir: tədqiqatçı faktları
arxiv materialları və araşdırmalar sistemi
kontekstindən yada salmaqla Naxçıvan
xanlığının XIX əsrin əvvəllərindəki ictimai,
siyasi vəziyyəti haqqındakı birtərəfli
baxışlara aydınlıq gətirmişdir.
Zəhmət Şahverdiyevin tədqiqata cəlb etdiyi
ikinci məsələ Naxçıvanın işğalından sonrakı
mərhələyə aiddir. Konkret olaraq, bu məsələni "Rusiya
imperiyası tərkibində Naxçıvanın inzibati-ərazi
quruluşu və idarə sistemi" adı ilə bağlayır.
Tədqiqatçı bunu xatırladır ki, Naxçıvan zəbt
edilərkən onun əraziləri Dərələyəz və Azadciran
mahallarını əhatə edən bölgələrdən ibarət idi.
Naxçıvan xanlığı işğaldan əvvəl Cənubi
Azərbaycana tabe idi (səh. 40). İşğaldan sonra
Naxçıvan və Azadciran (Ordubad) dairəsinin
naibliyi Ehsan xana və Şıxəli xana tapşırıldı.
Yuxarıda qeyd etdiyimiz kimi, bu vəzifə onların
ruslara xidmətinin (əraziləri tabe etmələrinin)
nəticəsi olaraq verilmişdir.
İnzibati baxımdan işğaldan əvvəl İrəvan
xanlığının 15 mahaldan ibarət olması faktını rus
arxiv sənədlərinə əsasən söyləyən tədqiqatçı həm
İrəvan, həm də Naxçıvan xanlıqlarının
Azərbaycan üçün nə qədər əhəmiyyətli mövqeyə
malik olduğunu diqqət mərkəzinə çəkir. Müəllif ,
rus arxiv sənədlərinə əsasən, işğaldan əvvəl
İrəvan xanlığının 15 mahaldan ibarət olduğunu da
göstərir. Bunlar aşağıdakılardan ibarət idi:
1)Qırxbulaq; 2)Zəngibasar; 3)Qarnibasar:
4)Vedibasar; 5)Şərur mahalı; 6)Sürməli mahalı;
7)Dərəkənd-Parçenis mahalı; 8)Saatlı mahalı;
9)Talin mahalı; 10)Seyid Axsaxlı mahalı;
11)Sərdarabad mahalı; 12)Karpibasan mahalı;
13)Abaran mahalı; 14)Dərəçiçək mahalı; 15)Göyçə
mahalı.
İrəvan xanlığının başçısı Hüseyn xan idi.
1827-ci ildə xanlıq rusların əlinə keçəndən
sonra öz müstəqilliyini itirdi. Oktyabrın 26-da
Naxçıvan və İrəvan xanlıqları üçün
A.İ.Krasovskinin komandanlığı ilə Müvəqqəti
idarə yaradıldı. İdarəetmədə daha iki məsul şəxs
var idi: erməni Nerses Astaraketsi və Borodin.
Ümumilikdə, Naxçıvan və Ordubad nahiyələrində
rus pristavlarına xüsusi rol verilmişdi.
Buradaca belə bir faktı yada salmaq lazımdır ki,
çar hökuməti Qafqazı, türklərin ərazilərini-
Dərbənddən başlayaraq bütün Şimali Azərbaycan
torpaqlarını ələ keçirmək üçün ayrı-ayrı
ölkələrdə yaşayan erməniləri də şirnikləndirmiş,
onlardan əsgər, döyüşçü dəstələri yaratmış,
Azərbaycanda "Erməni vilayəti" yaratmağa söz
vermişdir.
Tədqiqatçı Z.Şahverdiyev tarixi faktları
müqayisə və analiz mərkəzinə çəkməklə
Azərbaycanın işğalının tarixi faciələrinin
1828-ci il məğlubiyyətindən sonra
gerçəkləşdiyini göstərir. 1830-cu il arxiv
sənədlərinə istinadən müəllif tezis şəklində
yazır ki, 1828-ci ilin 21 martında I Nikolayın
fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının
əraziləri əsasında "Erməni vilayəti" yaradıldı.
1828-ci ilin aprelində vilayətin rəisi
A.Q.Çavçavadze (1786-1846) təyin edildi.
1830-cu ildə vilayətin idarəsi erməni
D.O.Behbudova (1793-1867) tapşırıldı. 1833-cü
ildə iyun ayının 23-də çar hökumətinin qəbul
etdiyi əsasnaməyə görə, "Erməni vilayəti"
adlandırdıqları İrəvan əraziləri 4 dairəyə
bölünür:
1)İrəvan dairəsi. Buraya Dərəçiçək, Qırxbulaq
mahalları daxil idi.
2)Şərur dairəsi. Buraya Şərur, Vedibasar,
Qarnibasar, Zəngibasar mahalları daxil idi.
3)Sürməli dairəsi. Buraya Sürməli,
Dərəkənd-Parseniç mahalları daxil idi.
4)Sərdarabad dairəsi. Buraya Saatlı, Talin,
Seyidli-Axsaxlı, Abaran, Karpi, Sərdarabad
mahalları daxil idi.
Əsasnaməyə görə, Naxçıvan vilayəti və Ordubad
dairəsinin inzibati- ərazi bölgüsü əvvəlki
şəkildə saxlanılır.
Ehsan xan və Şıxəli bəy polismeystr vəzifəsinə
təyin edildi. Onlar da "Erməni vilayəti"
idarəsinə tabe idilər. (səh.43).
1840-cı ilin 10 aprelində I Nikolayın imzaladığı
fərmana görə, Şimali Azərbaycan əraziləri
qəzalara bölündü. İrəvan vilayəti İrəvan
qəzasına, Naxçıvan və Ordubad əyalətləri
Naxçıvan qəzasına aid edildi.
1846-cı il 14 dekabr fərmanına görə, Zaqafqaziya
4 quberniyaya bölündü: 1)Tiflis quberniyası;
2)Kutaisi quberniyası; 3)Şamaxı quberniyası;
4)Dərbənd quberniyası.
Naxçıvan Tiflis quberniyasının tərkibinə
verildi.
İki il yarımdan sonra 1849-cu ilin 9 iyununda
İrəvan quberniyası yaradıldı və quberniya 5
qəzaya bölündü: 1)İrəvan qəzası; 2)Aleksandrapol
qəzası; 3)Novobayzet qəzası; 4)Naxçıvan qəzası
; 5)Ordubad qəzası.
Zəngibasar, Sürməli, Şərur, Sərdarabad mahalları
İrəvan quberniyasına, Naxçıvan və Dərələyəz
mahalları isə Naxçıvan qəzasına aid hesab
edildi.
1867-ci ilin 9 dekabrından Ordubad qəzası
Naxçıvan qəzasına daxil edildi. Əvəzində İrəvan
quberniyası üçün Eçmiədzin qəzası yaradıldı.
1874-cü ildə Şərur-Dərələyəz və Sürməli qəzaları
yaradıldı.
Monoqrafiyadan göründüyü kimi, Naxçıvan və
İrəvan xanlıqlarının işğal edilməsi, ərazilərin
tam nəzarət altına alınması üçün çar hökuməti
qeyri-sabit, dəyişkən siyasət yeridirdi.
Müəllifin bunları yada salmaqda məqsədi rus
imperializminin Azərbaycanın başına gətirdiyi
siyasi oyunların törətdiyi faciələrin
mənzərəsini göz önündə canlandırmaqdır.
Tədqiqatçı indiyədək gizli saxlanılan faktları
çox dəqiq və yığcam şəkildə sadalayır, İrəvan və
Naxçıvan ərazilərinin siyasi coğrafiyasının
işğaldan əvvəl və işğaldan sonrakı vəziyyətini
yada salıır. Burada daha bir elmi
xarakteristikanı qeyd etmək istərdik:
Z.Şahverdiyev rusların siyasi tarix arxivlərinin
məlumat və bildirişlərini faktlar və sübutlar
semantikasından açıqlayır. Fakt- faktdır;
faktlara yozum yoxdur, faktların törətdiyi
tarixi,siyasi, milli hüquqsuzluqlar vardır.
Siyasi zorakılıqlar artdıqca Azərbaycanın milli
və tarixi haqları da əlindən alınmışdır.
Müəllif, hər şeydən əvvəl, Azərbaycan əraziləri
hesabına "Erməni vilayəti" yaratmaq
zorakılığının törətdiyi faciələrin yaxın tarixi
keçmişini yada salır, rus imperialist
siyasətini, erməni palanının içərisində
saxlanılmış yalanların tarixi gerçəkliklər
işığında bir daha aşkara çıxdığını sübut edir.
Monoqrafiyanın elmi məziyyətlərini xarakterizə
edən cəhətlərdən biri də xəritələrin təqdim
edilməsindədir. Xəritələrin siması aydın və
qabarıqdır, onların üzərində həkk olunmuş
faktların dili və sübutu daha canlıdır.
Z.Şahverdiyevin təqdim etdiyi xəritələr müxtəlif
tarixi gerçəkliklərin sübutları kimi ən mühüm
əhəmiyyət daşıyır. Xəritələrin tarixi yaddaşı
daha iti və canlıdır. Burada aşağıdakı faktlar
əks olunur:
1727-ci ilə dair İrəvan əyaləti və Naxçıvan
sancağını əks etdirən xəritə;
1802-ci ilə aid Qafqaz xəritəsi;
1821-1828-ci illəri əhatə edən Şimalı
Azərbaycanın Rusiya tərəfindən işğalı dövrünü
əks etdirən 1821-1828-ci illərin coğrafi
vəziyyətinə dair xəritə;
XIX əsrin əvvəllərində Şimali Azərbaycanın
inzibati-ərazi bölgüsünü əks etdirən xəritə;
Azərbaycanın inzibati ərazi bölgüsünə aid
1840-cı ildə hazırlanmış xəritə;
1846-1860-cı illərin ərazi bölgüsünü göstərən
xəritə;
1870-ci illər Qafqaz diyarının xəritəsi;
1903-cü ildə hazırlanmış xəritələr: birincisi,
Naxçıvan qəzasına, ikinci, Şərur-Dərələyəz
qəzasına aid əraziləri əks etdirir. 10-cu xəritə
1905-1906-ci illərdə ermənilərin
azərbaycanlılara qarşı törətdiyi soyqırımının
ərazi materiallarını əks etdirir.
11-ci xəritə 1915-ci il üçün Cənubi Qafqazın
inzibati-ərazi bölgüsünü əks etdirir. 12-ci
xəritə isə Azərbaycan Respublikasının indiki
inzibati- ərazi bölgüsünə aiddir.
Ümumiyyətlə, monoqrafiya Naxçıvan və İrəvan
bölgələri üzrə XIX əsrə və XX əsrin əvvəllərinə
aid bütün məlumat-faktları canlandırır,
Azərbaycanın iki yerə bölünməsi faciəsinin
Naxçıvan və İrəvan yaddaşlarını vərəqləyir.
Kitabda Naxçıvan bölgəsinin XIX əsrə, XX əsrin
əvvəllərinə dair iqtisadi və sosial həyatına,
ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən
Naxçıvan ərazilərinə köçürülməsi və
yerləşdiklərindən sonra yerli əhaliyə qarşı
soyqırımı törətmələrindən, habelə Naxçıvan
bölgəsində mədəniyyətin inkişafı kimi
məsələlərdən bəhs edən fəsillər də elmi
səviyyəsinə, əhatə dairəsinə görə dolğundur.
"Naxçıvan bölgəsinin iqtisadi vəziyyəti" adlı
fəsildə məlumatlar dramatik xarakter daşıyır.
Əslində kitabın bütün bölmə və fəsilləri
dramatik özəlliklərə malikdir. İqtisadi
vəziyyətin faktoloji səciyyəsi monoqrafik
tutumuna görə tədqiqatın əsas
göstəricilərindəndir. Bu fəsildə kənd
təsərrüfatı və aqrar münasibətlərin
sosial-ictimai mənzərəsi əks olunur; bunlar
bilavasitə siyasi münasibətlərin ifadə
əmsallarını üzə çıxarır. Tədqiqatçı iqtisadi
vəziyyət və münasibətləri bölgənin coğrafi
şəraitinə, iqliminə, məşğuliyyət və maraqlarına,
əhalinin həyat-yaşam səviyyələrinə aid olan
problemlər kontekstindən araşdırmışdır.
Ümumiyyətlə, bu məsələlərin əsas ideya-siyasi
konteksti bundan ibarətdir ki, çar hökuməti
siyasi işğalını iqtisadi-mədəni sahələr üzrə
möhkəmləndirir, əhalinin milli mənəvi həyatına
müxtəlif psixoloji təzyiqlərdən, məqsədli
islahat- dəyişmələrdən təsir edir, milli
xarakter və münasibətlərdə psixoloji təzyiqləri
siyasi faktor kimi artırırdı.
Kitabda kənd təsərrüfatı və aqrar münasibətlər
sırasında taxılçılıq, maldarlıq, bağçılıq və
üzümçülük, ipəkçilik, pambıq və tütün istehsalı
üzrə göstəriciləri əhali məşğuliyyətinin
gündəlik həyat normaları, yaşayışlarını təmin
edən sahələr kimi xarakterizə edir. Bu
məlumatlar daxilində diqqəti çəkən daha bir
faktor Naxçıvan və Şərur-Dərələyəz bölgələrində
əkinə yararlı torpaq sahələrinin ərazilər,
yaşayış məntəqələri üzrə həcminin
göstəriciləridir. Bu zaman göstərilir ki,
Naxçıvan qəzasında 35988 desyatin əkin üçün
yararlı torpaq sahəsindən istifadə edilirdi.
Şərur-Dərələyəz qəzasında isə bu göstərici 59107
desyatin idi.
Əhalinin məşğuliyyəti sahəsində sənətkarlıq
peşələrində çalışanların sayı və maraqları da
milli məşğuliyyətin simasını əks etdirən faktlar
kimi diqqəti cəlb edir. Müəllif hələ 1964-cü
ildə A.S.Sumbatzadənin sənət sahələrindən bəhs
edən və sənətkarların siyahısını verən
cədvəllərdəki faktları da oxuculara təqdim edir.
Naxçıvan əhalisinin say tərkibləri üzrə
araşdırmalar da kitabın maraqlı
bölmələrindəndir. Burada müxtəlif illər üzrə
Naxçıvan, Ordubad və Şərur-Dərələyəz
bölgələrində əhalinin say dinamikasına dair
vaxtilə rus mənbə və arxivlərinin, məsələn,
İ.Şopenin, S.P.Zelinskinin, habelə 1893-cü ildə
Tiflis Qubernya İdarəsinin hazırladığı
cədvəllərin təqdim edilməsi də diqqəti cəlb edən
materiallardır. Naxçıvan, İrəvan,
Şərur-Dərələyəz bölgələrində demoqrafik
vəziyyətə - əhalinin say tərkibinə dair faktlar,
rəqəmlər rus siyasi maraqlarının çərçivəsindən
hazırlanmışdır, lakin bununla belə, Azərbaycanda
ermənilərin yerləşdirilməsi faktlarına dair
məlumatlar inkaredilməz sübutlar kimi diqqət
yetirilməli məsələlərdir.
Kitabın 4-cü fəslində müəllif ermənilərin
Azərbaycana köçürülmə, yerləşdirilmə siyasətini,
habelə həmin yerləşdirilən, məskunlaşdırılan
ermənilərin Azərbaycanda törətdiyi soyqırımının,
faciələrin ərazi-məkanlarını və zamanlarını
konkret faktlar, rəqəmlər üzrə şərh edir.
Göstərir ki, ermənilərin Şimali Azərbaycana
köçürülməsi siyasəti I Pyotrla (1682-1721)
başlanmışdır. I Pyotr köçürməyə dair 1724-cü
ildə noyabrın 10-da fərman imzalamışdır.
Tədqiqatçı Z.Şahverdiyev bunu qeyd edir ki,
1768-1774-cü illər rus-türk müharibəsindən sonra
çar hökuməti Krımdan köçürülən ermənilər üçün
Rostov vilayətində "Yeni Naxçıvan" adlı yaşayış
məskəni yaratdı. Qeyd edək ki, XVIII əsrin sonu
və XIX əsrin ilk illərində rusların Azərbaycan
torpaqlarına hücumu həm də ermənilərin tədricən
yerləşdirilməsi ilə paralel aparılırdı.
Beləliklə, XIX əsr boyu, habelə XX əsrin
əvvəllərində İrandan-Cənubi Azərbaycandan,
Türkiyədən minlərlə erməni ailələri Naxçıvana,
İrəvan xanlığına, Qarabağa köçürüldü. Kitabda
köçürülmə faktlarılnı əks etdirən cədvəllər də
verilmişdir. Burada hansı bölgələrə - şəhər və
kəndlərə neçə nəfər ailə və fərdin köçürülməsinə
aid göstəricilər də öz əksini tapmışdır.
Köçürmədən əsas məqsəd rusların Zaqafqaziyada
toplum yaratmaq, erməni adına məskən-mərkəzlər
salmaq, Azərbaycanın Qafqaz hissəsini tam ələ
keçirmək idi.
Tədqiqatçının qruplaşdırdığı və sistemli şəkildə
təqdim etdiyi sənədlər-sübutlarla, faktlarla
rusların və ermənilərin Azərbaycanda-Qafqazda
törətdikləri faciələrə dair nə qədər hadisə və
münasibətləri aydınlaşdırmaq, şərh etmək olar!
Bizcə, kitabın başqa tədqiqat əsərlərindən
üstünlüyü də burasındadır.
Tədqiqatçı Naxçıvan bölgəsində rus çarizminə
qarşı mübarizəyə- azadlıq hərəkatına da ayrıca
səhifələr ayırmışdır. Xalq hərəkatı ayrı-ayrı
şəxslər tərəfindən yaradılmış, müxtəlif
istiqamətlərdə yayılmış, sürəkli şəkil
almışdır. Bu mübarizə bir əsrdən çox davam
etmişdir. Kitabın bu bölməsində (səh.132-141)
Qaçaq Nəbi və onun silahdaşlarının mübarizəsinə
dair yeni faktlar-məlumatlar vardır.
Zəhmət Şahverdiyev kitabın V-VI fəsillərində XIX
əsrin əvvəllərindən başlayaraq, XX əsrin
əvvəlləri də daxil olmaqla, Naxçıvanda məktəb və
maarifin inkişafı məsələlərinə dair faktlar
sadalayır, ədəbi-mədəni həyatda baş vermiş
hadisələrin milli mənəvi xarakterini,
ictimai-siyasi və sosial dəyərlərini açıqlayır;
böyük ziyalılar ordusunun simasında mədəni
həyatdakı inqilabi, mənəvi-iradi əlamətləri
diqqət mərkəzinə çəkir.Bütün bunlarla bərabər,
müəllif milli mədəniyyətimizdə xüsusi xidmətləri
olan yazıçı və alimlərin, pedaqoqların,
ictimai-siyasi xadimlərin fəaliyyətləri ilə
bağlı məsələlərə dair xülasə verir. Tədqiqatçı
tarixi yaddaşımızın ən dramatik səhifələrini,
milli fəlakət və faciələr doğuran səbəbləri
bütün vacib olan faktlar və məlimatların
kontekstində canlandırmaq prinsipini əsas
götürmüşdür. Bu, kitabın elmi dəyərini əks
etdirən bir keyfiyyət kimi, bugünkü ictimai
bəlaların səbəblərinə, bu səbəblərin yaxın
tarixi keçmişinə obyektiv yanaşmanın da
müasirlik meyarını bəlirləyir.
Kitabda həmçinin Türkmənçay müqaviləsinin,
habelə I Nikolayın "Erməni vilayəti" yaradılması
haqqında fərmanının rusca mətnləri verilir.
Burada həm də Naxçıvan şəhər sakinlərinin
kameral təsvirinin yoxlanmasına dair 1843-cü il
arxiv sənədinin fotosurəti təqdim edilmişdir.
Ümumiyyətlə, Zəhmət Şahverdiyevin "Naxçıvan
bölgəsi XIX-XX əsrin əvvəllərində" monoqrafiyası
yaxın tarixi keçmişimizdə rusların Azərbaycanın
- İrəvan və Naxçıvanın başına gətirdikləri
faciələrə dair faktları, gerçəklikləri əks
etdirən qiymətli tədqiqat əsəridir.
Tədqiqatçı XIX əsrdə, XX əsrin əvvəllərində
Naxçıvan və İrəvan bölgəsində baş vermiş
regional faciə və ziddiyyətlərin tarixi simasını
əks etdirən faktları, ictimai-siyasi, milli
mənəvi təbəddülatları özündə təcəssüm etdirən
hadisə və əhvalatların, milli münasibətlərin
yaddaş sənədlərini sistematik ardıcıllıqla
araşdırmış, onlara elmi xülasələr vermişdir.
Kitab həm ümumi oxucu kütləsi, həm də
tədqiqatçılar üçün dəyərli mənbədir. Buradakı
bölmələrdə faktlar və göstəricilər o qədər
zəngin və dəqiqdir ki, onların əsasında yaxın
tarixi keçmişimizin faciələrinə dair yüz
səhifələrlə şərhlər, təhlillər vermək olar.
Tarix elmində faktlar və sənədlərin dilindən
aydın mənbə yoxdur. Zəhmət Şahverdiyevin
monoqrafiyası da bu faktların və tarixi
gerçəkliklərin aydın salnaməsini verən
sistematik və fundamental struktura malik bir
tədqiqat əsəri kimi çağdaş tarixşünaslığın
uğurlarından biridir.
Əbülfəzl ƏZİMLİ,
filologiya elmləri namizədi, dosent,
Nadir HÜSEYNBƏYLİ,
tarix elmləri namizədi, dosenti |