Martın 9-da Təhsil, Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş
Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF)
arasında "Uşaqların ailələrə verilməsi və
alternativ qayğı ilə əhatə olunması mexanizminin
yaradılması" layihəsinin həyata keçirilməsi üzrə
birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun
imzalanma mərasimi keçirildi. Təhsil
Nazirliyində təşkil edilən tədbirdə nazirliyin
məsul şəxsləri, sənədi imzalayacaq təşkilat və
qurumların nümayəndələri və KİV təmsilçiləri
iştirak edirdilər.
Mərasimi açan təhsil naziri Misir Mərdanov giriş
sözündə "Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə verilməsi
(De-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)"nın ölkəmizdə
uğurla həyata keçirilməsindən bəhs etdi. Proqram
çərçivəsində görülən işlər haqqında məlumat
verən nazir bildirdi ki, işə başlayarkən
Azərbaycanda 50-si Təhsil Nazirliyinin, 3-ü
Səhiyyə Nazirliyinin, 2-si Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
olmaqla cəmi 55 dövlət uşaq müəssisəsi var idi.
Həmin müəssisələrdə tərbiyə alan 14389 uşaqdan
10334 nəfəri yalnız təhsil almaq məqsədi ilə
gəlirdi, 4055 nəfər isə həm də gecələyirdi.
Görülən işlərin nəticəsində artıq 9 müəssisə
transformasiya olunaraq ümumtəhsil məktəbinə
çevrilib. Bu gün dövlət müəssisələrində
təlim-tərbiyə alan 10054 uşaqdan 3960 nəfəri
orada gecələyir, 6094 nəfər isə yalnız təhsil
alır və gecəni ailəsi ilə birlikdə keçirir.
Hazırda fəaliyyət göstərən 46 dövlət
müəssisəsindən 41-i Təhsil Nazirliyinin
tabeliyindədir. Digər 2 nazirliyin - Səhiyyə,
Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirliklərinin tabeliyindəki xüsusi məktəblərdə
isə daha ağır problemləri olan uşaqlar
təlim-tərbiyə alır və bu müəssisələrin
transformasiya olunması üçün çox ciddi işlərin
aparılması tələb olunur.
Nazir dövlət başçısının və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu
sahəyə xüsusi diqqət və qayğı göstərdiklərini
qeyd edərək son illər ölkəmizdə uşaq evləri və
internat məktəblərinin əsaslı təmir olunması,
yenidən qurulması istiqamətində görülmüş mühüm
işlərdən danışdı.
Müvafiq Dövlət Proqramı çərçivəsində bir sıra
layihələrin həyata keçirilməsinin nəzərdə
tutulduğunu deyən Misir Mərdanov daha sonra bu
gün imzalanacaq sənədlə bağlı məlumatı mərasim
iştirakçılarının diqqətinə çatdırdı.
Qeyd edək ki, dövlət uşaq müəssisələrinin və
orada yaşayan uşaqların qiymətləndirilməsi və
toplanmış məlumatların təhlili əsasında Dövlət
Proqramının icra mexanizmləri hazırlanmışdır.
Onların sınaqdan keçirilməsi məqsədilə
müəssisədə yaşayan uşaqların ailələrə verilməsi
və alternativ qayğıya cəlb edilməsi ilə əlaqədar
layihə hazırlanmış, Təhsil, Əmək və Əhalinin
Sosial Müdafiəsi nazirlikləri və BMT-nin Uşaq
Fondu (YUNİSEF) tərəfindən bu işin birgə həyata
keçirilməsi üçün razılaşma əldə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 10 fevral 2010-cu il tarixində birgə
əməkdaşlıq haqqında Anlaşma Memorandumunu
imzalamaq səlahiyyətinin verilməsi barədə
sərəncam imzalamışdır.
"Uşaqların ailələrə verilməsi və alternativ
qayğı ilə əhatə olunması mexanizminin
yaradılması" layihəsinin məqsədi pilot seçilmiş
rayonda uşaqların bioloji və ya alternativ
ailələrə verilməsi və alternativ qayğıya cəlb
edilməsi, risk qrupuna daxil olan uşaqların
müəssisəyə düşməsinin qarşısının alınması
prosesinin həyata keçirilməsi üçün vahid uşaq
müdafiə sisteminin təmin edilməsidir.
Pilot layihə çərçivəsində Təhsil Nazirliyi
tərəfindən uşaqların müəssisəyə düşməsinin
qarşısının alınması, müəssisələrdə yaşayan
uşaqlar üçün alternativ qayğının təşkili,
ailələrinə verilmiş uşaqların vəziyyətinə
nəzarət edən sistemin yaradılması, təhsildən
kənarda qalan və sağlamlıq imkanları məhdud olan
uşaqların təhsilə cəlb edilməsi həyata
keçiriləcəkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
sosialyönümlü icma əsaslı xidmətlərin
yaradılması, sosial işçilərin hazırlanması,
aztəminatlı ailələr üçün sosial reabilitasiya
proqramı, alternativ ailələr üçün sosial
müavinətlərin və maddi yardımın məbləği barədə
təkliflərin verilməsini həyata keçirəcəkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi rayonlar səviyyəsində təbliğat və
maarifləndirmə işinin aparılması, Uşaq Hüquqları
Konvensiyası barədə əhalinin məlumatlandırılması
(müşavirələr, plakatlar, bukletlər və s.), pilot
seçilmiş rayonlarda uşaqların hüquqlarının
qorunmasının təmin edilməsi məqsədilə əlaqədar
qurumların nümayəndələri ilə "dəyirmi masa"ların
keçirilməsi, rayonlar səviyyəsində uşaqların
müəssisələrə düşməsinin qarşısının alınması
məqsədilə risk qrupuna daxil olan uşaqların
valideynlərinin maarifləndirilməsi, kütləvi
informasiya vasitələrinin nümayəndələri üçün
alternativ qayğı və uşaq müdafiəsi sistemi
barədə treninqləri həyata keçirəcəkdir.
YUNİSEF uşağın ailə mühitində böyümək hüququ
barədə ictimai maarifləndirmənin aparılmasını,
uşaqların müdafiə və qayğı xidmətlərinin
yaradılması istiqamətində təlimatların,
standartların, pilot seçilmiş müəssisələrdə
yaşayan uşaqların fərdi qayğı planının tərtib
edilməsi metodologiyasının hazırlanmasında
texniki yardım göstərəcək və layihənin
qiymətləndirilməsi barədə yekun hesabatı
hazırlayacaqdır.
Artıq pilot seçilmiş Əzizbəyov və Suraxanı
rayonlarında 2009-cu ilin iyun-avqust aylarında
Təhsil Nazirliyi və YUNİSEF tərəfindən birgə
sorğular keçirilmişdir. Eyni zamanda pilot rayon
ərazisində yerləşən müvafiq dövlət qurumunun
rəhbəri ilə aparılmış fərdi müsahibələrdə
uşaqların müdafiəsi sahəsində digər dövlət
qurumları ilə əməkdaşlıq əlaqələrinin vəziyyəti
araşdırılmışdır.
Hazırda bu təhlillər əsasında rayonların sosial
xəritəsi hazırlanır. Xəritə ABŞ-ın Vaşinqton
Universitetinin əməkdaşları tərəfindən
hazırlanacaq və layihənin həyata keçirilməsi
üçün rayondakı mövcud vəziyyət barədə ətraflı
məlumat əldə olunacaqdır.
Layihənin həyata keçirilməsi nəticəsində
uşaqların müəssisələrə düşməsinin qarşısı
alınacaq, onları müdafiə edəcək vahid sistem
yaradılacaq, alternativ ailə qayğı sistemi və
icma əsaslı sosial xidmətlər təşkil ediləcək,
övladlığa, qəyyumluğa və himayəyə veriləcək
uşaqlar və namizəd ailələr üzrə məlumat bankı
yaradılacaqdır.
Misir Mərdanov bildirdi ki, Anlaşma
Memorandumunun əsas prinsipi uşaqların ailələrə
verilməsi və alternativ qayğı ilə əhatə olunması
mexanizminin yaradılması istiqamətində Təhsil,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi və YUNİSEF arasında müəyyən öhdəliklər
əsasında əməkdaşlığın qurulmasıdır. Memorandumun
əsas mahiyyəti aidiyyəti qurumlar ilə "Uşaqların
ailələrə verilməsi və alternativ qayğı ilə əhatə
olunması mexanizminin yaradılması" layihəsinin
planlaşdırılması, maliyyə və texniki dəstək
göstərərək onun icra olunması istiqamətində
müvafiq vəzifələrin həyata keçirilməsindən
ibarətdir.
Sonra imzalanma mərasimi oldu. "Uşaqların
ailələrə verilməsi və alternativ qayğı ilə əhatə
olunması mexanizminin yaradılması" layihəsinin
həyata keçirilməsi üzrə birgə əməkdaşlıq
haqqında Anlaşma Memorandumunu təhsil naziri
Misir Mərdanov, əmək və əhalinin sosial
müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova və YUNİSEF-in
Azərbaycandakı nümayəndəsi Mark Herevard
imzaladılar.
Mərasimdə çıxış edən Mark Herevard, Füzuli
Ələkbərov və Hicran Hüseynova Memorandumu
uşaqların müdafiəsi və hüquqlarının qorunması
sahəsində atılan önəmli addım kimi
dəyərləndirdilər.
Sonda müvafiq qurumların rəhbərləri media
nümayəndələrini maraqlandıran sualları
cavablandırdılar.
Hicran ƏKBƏROVA |