Martın 10-da Azərbaycan Texniki Universitetində
faşizm üzərində qələbənin 65 illiyinə həsr
olunmuş tədbir keçirildi.Tədbirdə universitetin
professor-müəllim və tələbə heyəti, İkinci Dünya
müharibəsi veteranları, Respublika Veteranlar
Şurasının nümayəndələri və digər qonaqlar
iştirak edirdilər. Öncə iştirakçılar İkinci
Dünya müharibəsində və Qarabağ savaşında şəhid
olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik
sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki
Universitetinin rektoru, texnika elmləri doktoru,
professor Havar Məmmədov bildirdi ki, İkinci
Dünya müharibəsi bəşər tarixinin ən
dəhşətli, qanlı faciəsidir. Qeyd edildi ki,700
mindən çox vətəndaşımız həmin müharibədə iştirak
etmiş, bunlardan 300 min nəfərə yaxını
həlak olmuşdur. Döyüşçülərimizdən 50 nəfərə
yaxını göstərdikləri qəhrəmanlıqlara görə Sovet
İttifaqı Qəhrəmanı adına layiq görülmüş, on
minlərlə iştirakçı isə müxtəlif orden və
medallarla təltif edilmişdir.
Sonra H.Məmmədov ulu öndər Heydər Əliyevin
İkinci Dünya müharibəsi iştirakçılarına olan
diqqət və qayğısından söhbət açaraq bildirdi ki,
ümummilli liderimizin qoyduğu bu ənənə hörmətli
Prezidentimiz İlham Əliyev tərəfindən davam
etdirilir.
Sonra Respublika Veteranlar Şurasının üzvü,
İkinci Dünya müharibəsi veteranı, istefada olan
general-mayor Bahadur Hüseynov, Az.TU-nun
fəlsəfə və politologiya kafedrasının müdiri,
İkinci Dünya müharibəsi veteranı, fəlsəfə
elmləri doktoru, professor Fərrux Ramazanov və
digər çıxış edənlər müharibənin
dəhşətlərindən söz açıb, qələbənin 65 illiyi
münasibətilə veteranları təbrik etdilər.
Belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal
kimi qiymətləndirən veteranlar ölkə başçısı
İlham Əliyevə və universitetin kollektivinə
minnətdarlıqlarını bildirdilər.
Niyazi RƏHİMOV |