Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar:
496-34-82; 496-37-61; e-mail ünvanı:
qaynar-xett@edu.gov.az) 2010-cu ilin
yanvar-fevral ayları ərzində 143 müraciət daxil
olub.
Qəbul edilən müraciətlərin 36-sı telefonla,
107-si elektron poçtla göndərilib.
Müraciətlərin
55 faizi sorğu və məlumat xarakterlidir.
Ümumtəhsil məktəblərində IX və XI siniflərdə
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada təşkili, müəllimlərin işə qəbulu üzrə
yeni mexanizmin tətbiqi ilə əlaqədar "Qaynar
xətt" xidmətinə daxil olan sorğuların sayı
əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu mövzuda
müraciətlər ümumi sorğuların 43 faizini təşkil
edir. Digər sorğular xaricdə təhsil,
müəllimlərin əməkhaqqının hesablanması, təhsil
sənədlərinin alınması, tanınması və sair
məsələlərlə bağlı olub.
Müraciətlərin 45 faizi məktəbəqədər, ümumi,
texniki peşə, orta ixtisas və ali təhsil
müəssisələrindəki problemlərlə bağlıdır.
Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar
müraciətlərdə Bakı şəhəri və Abşeron rayonunda
yerləşən bəzi müəssisələrə uşaqların qəbulu,
binaların istilik təchizatı,
sanitar-gigiyenik baxımdan yol verilmiş
nöqsanlardan bəhs olunur. Bu müraciətlər
əsasında araşdırmalar aparılıb, problemlərin
aradan qaldırılması istiqamətində müvafiq
tədbirlər həyata keçirilib.
"Qaynar xətt" xidmətinə ümumtəhsil məktəbləri
ilə əlaqədar 46 müraciət daxil olub. Bu
müraciətlər Bakı, Gəncə, Sumqayıt, Mingəçevir,
Şirvan şəhərlərindən, Şəki, Abşeron, Tərtər,
Xaçmaz, Qazax, Şamaxı, Gədəbəy, İsmayıllı,
Saatlı, Beyləqan, Bərdə, Goranboy, Yevlax,
Balakən, Ağdam rayonlarından qeydə alınıb.
Müraciətlərdə məktəblərin istiliklə təminatı,
bir sıra müəllimlərin tədris prosesində, məktəb
direktorlarının idarəetmədə yol verdikləri
nöqsanlar və digər məsələlər əksini tapıb.
Təhsil Nazirliyinin "Qaynar xətt"inə edilən
bütün müraciətlər ciddi araşdırılıb və aparılmış
ümumi monitorinqlər nəticəsində yol verdikləri
nöqsanlara görə Bakı şəhərində 10 məktəbin (37,
228, 192, 141, 110, 321, 208, 26, 79 və 61
nömrəli məktəblər) direktoru vəzifəsindən azad
edilib, 5 məktəb direktoruna isə (38, 151, 139,
94 və 270 nömrəli məktəblər) töhmət verilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali
və orta ixtisas təhsili müəssisələrində
2009-2010-cu tədris ilinin qış imtahan
sessiyasının təşkili və keçirilməsi haqqında" 18
dekabr 2009-cu il tarixli, 1387 saylı əmrinə
uyğun olaraq qış imtahan sessiyası müddətində
ali və orta ixtisas təhsili müəssisələri ilə
əlaqədar "Qaynar xətt" xidmətinə daxil olan
müraciətlər operativ şəkildə araşdırmaya
yönəldilib.
2010-cu ilin yanvar-fevral ayları ərzində
nazirliyin "Qaynar xətt" xidmətinə ali təhsil
müəssisələri ilə bağlı 38 müraciət daxil olub ki,
bu da ümumi müraciətlərin 26,6 faizini təşkil
edir. Müraciətlərin 14-ü imtahanların gedişində
baş verənlər, 5-i diplomların verilməsində
ləngimə, 3-ü ödəniş haqqı, 3-ü kredit sistemi
ilə qiymətləndirmə, 3-ü özəl ali məktəblərdə
diplom üçün ödəniş tələb edilməsi barədə,
digərləri isə sorğu xarakterli olub.
Onu da qeyd edək ki, 2010-cu ilin mart ayının
ilk 5 günü ərzində Təhsil Nazirliyinin "Qaynar
xətt" xidmətinə 200-dək müraciət daxil olub.
Onlardan 100-ü anonimdir.
Bununla əlaqədar Təhsil Nazirliyində yaradılmış
Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupun
martın 3-də iclası keçirilib, bu müraciətlərin
ən qısa müddətdə araşdırılması üçün tədbirlər
görülüb. Anonim olmasına baxmayaraq,
müraciətlərdə göstərilən məktəblərdə
monitorinqlər təşkil olunub, şagird və
müəllimlər arasında maarifləndirmə işi aparılıb. |