Fevralın 9-da "Landmark" otelində Təhsil
Nazirliyi və "Microsoft Azərbaycan" şirkətinin
birgə "Təhsildə informasiya texnologiyalarının
tətbiqi" mövzusunda konfransı keçirildi.
Konfransda təhsil naziri Misir Mərdanov, Təhsil
Nazirliyinin Təhsil sisteminin
informasiyalaşdırılması idarəsinin rəisi Samir
Məmmədov, bu tədbirin keçirilməsinə dəstək
vermiş "Ultra", "İntel", HP şirkətlərinin və
"Mədəd" humanitar təşkilatının nümayəndələri,
paytaxt məktəblərinin, eləcə də respublikanın
müxtəlif bölgələrindəki bir sıra təhsil
müəssisələrinin direktorları və qabaqcıl
müəllimləri iştirak edirdilər.
Tədbiri "Microsoft Azərbaycan" şirkətinin
"Təhsildə əməkdaşlıq" proqramının meneceri Emin
Axundov açaraq təmsil etdiyi şirkətin təhsil
sahəsindəki fəaliyyətindən söz açdı. E.Axundov
keçirilən bugünkü konfransda bir sıra
məsələlərin geniş müzakirəsinin nəzərdə
tutulduğunu, həmçinin "İnnovativ müəllimlər"
müsabiqəsinin nəticələrinin açıqlanacağını dedi.
Məlumat üçün bildirdi ki, müsabiqə Təhsil
Nazirliyinin "Microsoft" şirkəti ilə təhsil
sahəsində uzunmüddətli əməkdaşlığının tərkib
hissəsidir və "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na
müvafiq olaraq keçirilmişdir. Müsabiqədə
paytaxtın və 12 bölgənin ümumtəhsil məktəbindən
200-ə yaxın müəllim iştirak edib, onlardan 25-i
finala vəsiqə qazanıb. Həmin finalçılar
arasından I, II, III yerləri tutan qaliblər
artıq müəyyənləşib və bu gün onların adları
məlum olacaq.
Sonra çıxış üçün söz təhsil naziri Misir
Mərdanova verildi. Təhsil naziri iştirakçıları
salamlayaraq, keçirilən tədbirin vacibliyini
diqqətə çatdırdı. "Microsoft" şirkəti ilə Təhsil
Nazirliyi arasında mövcud əməkdaşlıqdan danışan
nazir Misir Mərdanov qeyd etdi ki, adıçəkilən
şirkət ölkəmizdə təhsillə bağlı müxtəlif
layihələrin həyata keçirilməsində yaxından
köməklik göstərir. Nazir onu da bildirdi ki, İKT
ilə bağlı ölkəmizdə fəaliyyət göstərən digər
şirkətlər də təhsildə İKT-nin tətbiqi işində
fəallıq göstərirlər. Bunu müsbət hal kimi
dəyərləndirən nazir Misir Mərdanov daha sonra
son illər müasir cəmiyyətdə təhsilin vacib
komponentlərinə çevrilmiş İKT ilə təhsil
müəssisələrinin təmin olunması sahəsində xeyli
işlərin görüldüyünü dedi. Təhsil naziri məlumat
üçün bildirdi ki, 2009-cu ildə 500 məktəb
genişzolaqlı sürətli İnternetə qoşulub. Belə
məktəblərin sayının bu il daha da artırılacağını
söyləyən nazir Misir Mərdanov "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində bir sıra mühüm işlərin
reallaşdırılmasının nəzərdə tutulduğunu dedi.
çıxışının sonunda konfrans iştirakçılarına
uğurlar arzulayan təhsil naziri belə tədbirlərin
təhsil işçiləri üçün faydalı olduğunu qeyd
etdi.
Sonra "İnnovativ müəllimlər" müsabiqəsinin
qaliblərinin adları açıqlandı. II-III yerin
sahiblərinə DVD pleyerlər və noutbuklar hədiyyə
verildi. Müsabiqədə I yeri tutan 1 nəfər isə bu
il martın sonunda Almaniyada keçiriləcək Avropa
İnnovativ Müəllimlər Forumunda Azərbaycanı
təmsil edəcəkdir. Qalibləri təhsil naziri Misir
Mərdanov təbrik edərək onlara ən xoş arzularını
çatdırdı.
Konfransda daha sonra müəllimlərin informasiya
texnologiyalarının tətbiqi üçün motivasiya
sistemi, uşaqların İnternetdə təhlükəsizliyi
məsələləri təhsil işçiləri və mütəxəssislər
tərəfindən müzakirə olundu.
Konfrans geniş diskussiya və fikir mübadiləsi
şəraitində başa çatdı.
Samirə KƏRİMOVA |