Sürətli dəyişikliklərin baş verdiyi hazırkı
vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində,
rəqabətədavamlı insan kapitalının
formalaşmasında, davamlı inkişafa zəmin yaradan
bilik iqtisadiyyatının qurulmasında ali təhsilin
müstəsna rolu vardır.
Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə
hər bir ölkənin iqtisadiyyatının dinamik
inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş
ölkələr sırasına daxil olması həmin ölkədə
təhsil səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən
ölkənin malik olduğu təbii sərvətlərin
cəmiyyətin hərəkətverici qüvvəsi olan insan
kapitalına çevrilməsi ali təhsil qarşısında
duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir.
Bütün bu amillər respublikada ali təhsil
sahəsində islahatların istiqamətlərinin dünyada
ali təhsilin inkişaf tendensiyalarına uyğun
müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur.
Bununla əlaqədar Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 22 may tarixli, 295
nömrəli Sərəncamı ilə təsdiq olunmuş
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının
ali təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramı"nın icrası məqsədilə
QƏRARA ALIRAM:
1. 2010-2011-ci tədris ilindən başlayaraq
Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən ali təhsil müəssisələrində dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata keçirilsin.
2. Dövlət sifarişinin formalaşdırılması ölkənin
milli, mədəni, humanitar və tarixi dəyərləri,
mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin
perspektiv inkişafı amilləri nəzərə alınmaqla
təmin olunsun.
3. Mülkiyyət formasından asılı olmayaraq
qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün
ali təhsil müəssisələri dövlət sifarişinin
yerinə yetirilməsində iştirak edə bilərlər.
4. Müəyyən edilsin ki:
4.1. dövlət büdcəsinin vəsaiti hesabına dövlət
sifarişi ilə ali təhsil müəssisələrində kadr
hazırlığı adambaşına maliyyələşdirmə prinsipi
əsasında həyata keçirilir;
4.2. hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali
təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrinə dövlət sifarişi
Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə
razılaşdırılmış təklifləri əsasında
müəyyənləşdirilir;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabineti
dövlət sifarişinə uyğun olaraq aidiyyəti
nazirliklərin təqdim etdiyi təkliflər əsasında
hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
səviyyələrinə tələbə qəbulunun proqnozunu təsdiq
edir;
4.4. ali təhsil müəssisələrinə qəbul imtahanları
nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət
sifarişi ilə təhsil almaq hüququnu qazanan
abituriyentlər mülkiyyət formasından asılı
olmayaraq təhsil alacaqları ali təhsil
müəssisəsinin seçimində sərbəstdirlər.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinə
tapşırılsın ki:
5.1. 2010-cu il martın 15-dək 2010-2011-ci
tədris ili üçün dövlət sifarişi ilə tələbə
qəbulunun proqnozunu təsdiq etsin;
5.2. sonrakı illərdə isə hər il avqust ayının
1-dək növbəti və sonrakı üç tədris ili üçün
dövlət sifarişi ilə tələbə qəbulu proqnozunun
təsdiq olunmasını təmin etsin;
5.3. ali təhsil müəssisələrində adambaşına
maliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı
qüvvədə olan qanunvericilik aktlarının bu
Fərmana uyğunlaşdırılması barədə təkliflərini
iki ay müddətində hazırlayıb Azərbaycan
Respublikası Prezidentinə təqdim etsin;
5.4. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ-hüquqi aktlarının iki ay
müddətində bu Fərmana uyğunlaşdırılmasını təmin
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
5.5. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
6. Azərbaycan Respublikasının Maliyyə, İqtisadi
İnkişaf və Təhsil nazirliklərinə tapşırılsın ki,
xarici ölkələrin müvafiq sahədə qabaqcıl
təcrübəsini öyrənməklə respublikanın ali təhsil
müəssisələrində adambaşına maliyyələşdirmə
mexanizmini özündə əks etdirən normativ-hüquqi
aktların layihələrini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etsin.
7. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasına tapşırılsın ki:
7.1. 2010-2011-ci tədris ilindən başlayaraq
dövlət sifarişi əsasında ali təhsil
müəssisələrinə tələbə qəbulunun həyata
keçirilməsi ilə bağlı qəbul qaydalarında bu
Fərmandan irəli gələn dəyişiklikləri aparsın və
digər zəruri tədbirləri həyata keçirsin;
7.2. dövlət sifarişi əsasında ali təhsil
müəssisələrinə qəbul olunan tələbələrin vahid
elektron məlumat bazasının yaradılmasını və
zənginləşdirilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2010-cu il |