I. Ümumi müddəalar və mükafatlandırılmanın
şərtləri
1. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət
Mükafatları komissiyası (bundan sonra -
komissiya) Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 3 mart tarixli, 113 nömrəli
sərəncamına əsasən elm, mədəniyyət və ədəbiyyat
sahələrində ən yaxşı əsərləri qiymətləndirmək və
yaradıcı ziyalıları müasir tələblərə cavab verən
yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək
məqsədilə yaradılmışdır.
2. Komissiyanın fəaliyyəti Azərbaycan
Respublikasının qanunları, digər qanunvericilik
aktları və bu Əsasnamə ilə tənzimlənir.
3. Komissiya Azərbaycan Respublikasının
Prezidenti tərəfindən yenidən təşkil və ləğv
edilə bilər.
4. Komissiyaya aşağıdakı hüquqlar verilir:
4.1. elm, mədəniyyət və ədəbiyyat sahələri üzrə
bölmələr və ekspert qrupları yaratmaq, onların
iş qaydasını təsdiq etmək;
4.2. təqdim edilən əsərlərlə fərdi şəkildə tanış
olmaq məqsədilə zəruri hallarda yerlərə ekspert
qrupları göndərmək;
4.3. təqdim edilən əsərlərə rəy vermək üçün
ayrı-ayrı müəssisə və qurumları, habelə
mütəxəssisləri cəlb etmək;
4.4. təqdim edilən əsərlərin və həmin əsərlərlə
bağlı nəşr olunmuş resenziyaların və rəylərin
ilkin öyrənilməsini təmin etmək;
4.5. təqdim edilən əsərlər zəruri tələblərə
cavab vermədikdə müvafiq sahə üzrə Mükafatın
verilməməsi barədə qərar qəbul etmək.
5. Komissiyanın cari fəaliyyətini təmin etmək
üçün onun nəzdində üç nəfərdən ibarət katiblik
yaradılır.
6. Komissiya öz möhür və blankına malikdir.
7. İki ildən bir verilən və hər biri 30000 (otuz
min) manat məbləğində olan Azərbaycan
Respublikasının Elm, mədəniyyət və ədəbiyyat
üzrə 3 (üç) Dövlət Mükafatı (bundan sonra -
Mükafat) hər cüt ildə 28 May - Respublika günü
ərəfəsində komissiyanın qərarı ilə dövlət
büdcəsinin vəsaiti hesabına verilir.
8. Mükafat Azərbaycan Respublikasının vətəndaşı
olan müəlliflərə elmin, mədəniyyətin və
ədəbiyyatın inkişafına mühüm töhfələr təşkil
edən əsərlərə, fundamental və tətbiqi elmi
araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və
digər sahələrdəki elmi kəşflərə və ixtiralara,
qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və
nəzəri tədqiqatlara, habelə yeni material və
mexanizmlərin yaradılmasına görə verilir.
9. Əsərlər (işlər) Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti, dövlət idarə və
təşkilatları, ali təhsil, elmi-tədqiqat və
layihə-konstruktor müəssisələri, ictimai və
yaradıcı birliklər tərəfindən Mükafata təqdim
oluna bilər.
10. Fundamental və tətbiqi elmlərə aid əsərlər
müvafiq elmi şuralarda müzakirədən sonra və ya
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyəti tərəfindən, bədii əsərlər isə yaradıcı
ittifaqların qərarı ilə Mükafata təqdim edilə
bilər.
11. Əsərlər hər cüt ilin aprel ayının 1-dək
komissiyaya təqdim edilməlidir. Mükafata təqdim
edilən namizədlərin və əsərlərin siyahısı
Mükafatın verilməsinə bir ay qalmış kütləvi
informasiya vasitələrində dərc olunur.
12. Azərbaycan Respublikasının Prezidenti
tərəfindən təsis edilən digər mükafatlara, eləcə
də başqa ölkələrin dövlət mükafatlarına layiq
görülmüş əsərlər bu Mükafata təqdim edilə
bilməz.
Mükafat bir şəxsə bir dəfədən artıq verilə
bilməz. Bir müəllifə, eyni zamanda bir neçə
əsərə görə Mükafat verilmir.
Bir qurum tərəfindən Mükafata yalnız bir əsər
təqdim edilə bilər.
13. Mükafata layiq görülən şəxslərə pul vəsaiti
ilə yanaşı, "Azərbaycan Respublikasının Dövlət
Mükafatı laureatı"nın diplomu və fəxri döş
nişanı təqdim edilir.
14. Mükafatın pul hissəsi iki müəllif arasında
bərabər surətdə, 3 nəfərdən ibarət kollektivdə
rəhbərə Mükafatın yarısı verilməklə, qalan
yarısı digər iki müəllif arasında bərabər
qaydada, başqa hallarda isə rəhbər müəllifə
Mükafatın 1/3 hissəsi verilməklə, 2/3 hissəsi də
qalan həmmüəlliflər arasında bərabər olaraq
bölüşdürülür.
Həmmüəlliflər rəhbər irəli sürmədikdə, Mükafat
bütün müəlliflər arasında bərabər bölünür.
15. Vəfat etmiş, yaxud ölümündən sonra təltif
edilmiş laureatın diplomu, fəxri döş nişanı və
Mükafatın pul vəsaiti onun vərəsələrinə təqdim
olunur. Laureatın vərəsələri olmadıqda diplom və
fəxri döş nişanı komissiyada saxlanılır, pul
vəsaiti isə dövlət büdcəsinə qaytarılır.
II. Əsərlər haqqında sənədlərin və materialların
hazırlanması, onların təqdim olunma qaydası
16. Elm və ədəbiyyat sahələrinə aid əsərlər
mətbəə üsulu ilə çap edilmiş şəkildə 4 nüsxədə
komissiyaya təqdim olunur, zəruri hallarda digər
müvafiq materiallar əlavə edilir.
İncəsənət sahəsi ilə bağlı əsərlər müxtəlif
şəkildə, o cümlədən rəqəmsal, CD və DVD
formatlarında təqdim oluna bilər.
17. Əsərləri və namizədləri irəli sürən qurum,
müəssisə və ya təşkilat komissiya qarşısında
vəsatət qaldırır. Vəsatətdə əsər və müəllif
haqqında məlumat, mükafata təqdim olunma
səbəbləri və əsərlə bağlı digər zəruri
məlumatlar göstərilir.
18. Mükafata təqdim olunan müəllifin adı,
atasının adı, soyadı, doğulduğu tarix, ixtisası,
fəxri adları, elmi dərəcələri və elmi adları, iş
yeri, tutduğu vəzifə, iş və ev ünvanı, əlaqə
telefonları və elektron poçt ünvanı dəqiq
göstərilməlidir.
19. Vəsatət qurum, müəssisə və ya təşkilatın
rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq
olunur. Qurum, müəssisə və ya təşkilatın rəhbəri
əsərin müəllifi sırasına daxildirsə, təqdimat
onun müavini tərəfindən imzalanır.
Kollektiv namizədlik irəli sürüldükdə vəsatətlə
birlikdə hər bir müəllifin əsərin yaradılmasında
iştirakını səciyyələndirən məlumat təqdim
edilir. Təsviri sənət və memarlıq sahəsinə aid
əsərlər üzrə həmin məlumat qurum, müəssisə və ya
təşkilatın rəhbəri və irəli sürülmüş əsərlərin
müəllifləri tərəfindən imzalanmalıdır. Kollektiv
əsərin rəhbərinin olub-olmadığı ayrıca
göstərilməlidir.
20. Vəsatətlə birlikdə aşağıdakı sənədlər təqdim
edilməlidir:
20.1. əsər və namizədlərin irəli sürülməsinə
dair keçirilmiş iclas və yığıncaqların, elmi və
ya texniki şuraların protokolları, Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və
ya yaradıcı ittifaqların rəyasət heyətlərinin
qərarı (kollektiv əsər təqdim olunduqda protokol
və ya qərarda hər bir namizədin əsərdə iştirakı
barədə məlumat əksini tapmalıdır);
20.2. hər bir namizədin əmək fəaliyyəti haqqında
qısa məlumat və 4x6 sm ölçüdə iki ədəd
fotoşəkil;
20.3. təqdim olunan əsərin tədqiqatçılar
tərəfindən imzalanmış qısa annotasiyası;
20.4. elmi-texniki işlər üçün texniki və
iqtisadi göstəricilər, tətbiqetmənin nəticələri,
yayılma miqyası haqqında məlumat;
20.5. əsər və müəllifləri barədə mətbuatda dərc
olunmuş rəy və tədqiqatlar (əsli və ya təsdiq
olunmuş surəti).
21. Əsərin hər bir nüsxəsi cildlənərək, üz
qabığında təqdim edən qurum, müəssisə və ya
təşkilatın və əsərin adı, habelə müəllifin
(müəlliflərin) adı, soyadı göstərilməklə
komissiyaya göndərilir. Komissiyanın ünvanı:
Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan
Respublikasının Nazirlər Kabineti.
III. Komissiya tərəfindən Mükafatın verilməsi
barədə qərarın qəbul edilməsi
22. Komissiyanın iclasları komissiyanın sədri
tərəfindən çağırılır.
İclasda komissiya üzvlərinin ən azı 2/3 hissəsi
iştirak etdikdə həmin iclas səlahiyyətli hesab
olunur.
23. Mükafatın verilməsi barədə komissiyanın
qərarı gizli səsvermə yolu ilə qəbul olunur.
İştirak edənlərin ən azı 3/4 hissəsi namizədin
lehinə səs verdiyi halda, komissiyanın qərarı
qəbul olunmuş hesab edilir.
24. Komissiyanın qəbul etdiyi qərar qətidir.
25. Mükafatın verilməsi barədə komissiyanın
qərarı kütləvi informasiya vasitələrində elan
olunur.
|