Fevralın 5-də Təhsil Nazirliyində növbəti
kollegiya iclası keçirildi. Kollegiya üzvləri
ilə bərabər bir sıra millət vəkillərinin, Təhsil
Nazirliyi Aparatının məsul işçilərinin,
nazirliyin struktur bölmə rəhbərlərinin, rayon,
şəhər təhsil şöbə müdirlərinin, bilavasitə
Təhsil Nazirliyinə tabe olan ümumtəhsil
müəssisələri direktorlarının iştirak etdikləri
geniş iclasda "2009-cu ilin yekunları və 2010-cu
ildə qarşıda duran vəzifələr" mövzusunda məsələ
müzakirə olundu.
İclası açan Azərbaycan Respublikasının təhsil
naziri, kollegiyanın sədri Misir Mərdanov
iştirakçıları salamlayaraq çətin hava şəraitində
dəvətlərini qəbul edib kollegiyaya gəldiklərinə
görə millət vəkillərinə, digər qonaqlara
təşəkkür etdi, Parlamentin çoxsaylı komitə
sədrlərinin kollegiya iclasında iştirakını
Azərbaycan cəmiyyətində təhsilə diqqətin ifadəsi
kimi dəyərləndirdi.
Təhsil naziri Misir Mərdanov kollegiyada
"2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda
duran vəzifələr" mövzusunda məruzə-təqdimatla
çıxış etdi.
Geniş faktik materiallar, dərin təhlillər
əsasında hazırlanmış təqdimatında nazir öncə
ölkəmizin inkişaf dinamikasını təcəssüm etdirən
bəzi makroiqtisadi göstəriciləri diqqətə
çatdırdı. Qeyd etdi ki, ötən ildə bütün dünyada
maliyyə böhranı olmasına baxmayaraq, əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş siyasət hörmətli Prezidentimiz İlham
Əliyev tərəfindən uğurla davam etdirilmiş,
ölkədə ümumi daxili məhsul 9,3, sənaye istehsalı
8,6, kənd təsərrüfatı məhsullarının istehsalı
3,5 faiz artmışdır.
Təhsil naziri ötən il möhtərəm Prezidentimizin
iştirakı ilə Sumqayıt şəhərində açılışı olmuş və
tikinti-quraşdırma işlərinin bu il də davam
etdirilməsi nəzərdə tutulan nəhəng texnoparkı və
bir sıra digər iri layihələrin həyata
keçirilməsini də ən mühüm iqtisadi inkişaf
göstəriciləri kimi qeyd edib, 2009-cu ildə
xarici siyasət sahəsində də çox vacib addımlar
atıldığını, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli işində müəyyən
irəliləyişlər olduğunu bildirdi. Qeyd etdi ki,
bütün bunlar ölkə Prezidenti İlham Əliyevin yeni
idarəetmə modeli sayəsində mümkün olmuşdur.
Nazir yeri gəlmişkən onu da vurğuladı ki,
dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları
Azərbaycanın dinamik inkişafının əsas səbəbini
dövlət başçısı İlham Əliyevin ölkəni elmi
surətdə əsaslandırılmış çoxsaylı dövlət
proqramlarının vasitəsi ilə idarə etməsində
görürlər. Təsadüfi deyildir ki, yalnız təhsil
sahəsində 16 dövlət proqramı həyata keçirilir.
Sonra təhsil naziri ötən ilin təhsillə bağlı ən
mühüm hadisələrinə diqqət çəkərək, hər il olduğu
kimi, 2009-cu ildə də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin yeni tikilən,
əsaslı təmir və bərpa edilən təhsil
müəssisələrində olduğunu, il ərzində təhsillə
bağlı xeyli fərman və sərəncam imzaladığını
bildirdi. Misir Mərdanov bu baxımdan Prezidentin
5 sentyabr 2009-cu il tarixli fərmanı ilə təsdiq
olunmuş "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununu ilin ən mühüm
hadisələrindən biri sayaraq Qanunun icrasını
təmin etmək məqsədi ilə Təhsil Nazirliyi
tərəfindən 35 adda sənədin hazırlanıb təsdiq
üçün hökumətə təqdim olunduğunu, onlardan 6-nın
artıq təsdiq edildiyini söylədi, hazırlanmış və
təsdiq olunmuş sənədlərin adları ilə kollegiya
iştirakçılarını tanış etdi.
Təhsil naziri habelə Azərbaycan Prezidentinin
imzaladığı fərman və sərəncamlarla 2009-cu ilin
ölkəmizdə "Uşaq ili" elan olunmasını, Bakı
Dövlət Universitetinin 90 illik yubileyinin
keçirilməsini, "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı"nın, "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq
edilməsini, ali, texniki peşə, məktəbəqədər
təhsil müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi, qəza vəziyyətində olan
ümumtəhsil məktəb binalarının yenidən qurulması
ilə bağlı Prezident sərəncamlarına əsasən
Prezidentin Ehtiyat Fondundan üst-üstə 23 milyon
manat vəsait ayrılmasını da ilin ən mühüm
hadisələri hesab edərək bütün bunlar barədə
kollegiya iştirakçılarına ətraflı məlumat verdi.
Məruzə-təqdimatda Prezidentin sərəncamlarına
əsasən keçirilən və müəllimlər arasında ciddi
rəqabət mühiti yaradan "Ən yaxşı ümumtəhsil
məktəbi", "Ən yaxşı müəllim" müsabiqələrinin
bəzi yekunlarından da söz açıldı, təhsil
ocaqları və müəllimləri müsabiqələrdə fəallıq
göstərən, heç iştirak etməyən və iştirak edib
qaliblər sırasına düşməyən şəhər və rayonların
adları açıqlandı, müqayisələr aparıldı, iclasda
iştirak edən rayon təhsil şöbə müdirlərinin
deyilənlərdən nəticə çıxaracaqlarına inam ifadə
edildi.
Daha sonra nazir təhsil büdcəsinin inkişaf
dinamikasını əks etdirən diaqramı kollegiya
iştirakçılarının diqqətinə çatdıraraq bildirdi
ki, dövlət büdcəsinin tərkibində təhsilə ayrılan
faktiki xərclər 2009-cu ildə 1,097 milyard manat
təşkil etmişdir. 2010-cu ildə isə təhsilə 1,2
milyard manat vəsait ayrılması nəzərdə
tutulmuşdur ki, bu da 2009-cu ilin büdcəsinə
nisbətən 180 milyon manat (10%) artıqdır.
Təhsil işçilərinin orta aylıq əməkhaqqının son 7
ildə artımını göstərən qrafik də təqdim olundu.
Məlumat verildi ki, təhsil işçilərinin orta
aylıq əməkhaqqı ilbəil artaraq, 2008-ci ildə 220
manatdan 2009-cu ildə 268,5 manata yüksəlmişdir.
Təqdimatda, eyni zamanda ayrı-ayrı təhsil
pillələri üzrə hər təhsil alana düşən xərclərin
artım dinamikası da bir neçə slaydla nümayiş
olundu. Nazir təhsilin bütün pillələrində bu
göstərici üzrə artım baş verdiyini bildirdi.
Təhsil naziri məruzə-təqdimatında təhsilin
inkişafı sahəsində əldə edilən nailiyyətlər
üzərində də dayandı. Qeyd etdi ki, son 20 ildə
heç bir məktəbəqədər təhsil müəssisəsi
tikilmədiyi halda, son 2 ildə ilk dəfə olaraq
ölkə üzrə 28 yeni uşaq bağçası tikilib
istifadəyə verilmiş, 31 məktəbəqədər təhsil
müəssisəsi əsaslı təmir edilmiş və müasir
avadanlıqlarla təchiz olunmuşdur. Həyata
keçirilən tədbirlər nəticəsində Bakı şəhərində
bağçalara cəlb olunmuş uşaqların sayı 6 min
nəfər artmış, təhsilin bu pilləsi üzrə əhatə
səviyyəsi 26 faizi ötmüşdür.
Nazir çıxışına davam edərək söylədi ki, son
illər Azərbaycanda 450000 şagird yerlik 2000-dək
yeni məktəb binası tikilərək istifadəyə
verilmiş, Heydər Əliyev Fondunun dəstəyi ilə
tikilmiş təhsil müəssisələrinin sayı 300-ü
ötmüşdür. Eyni zamanda 450-dən çox məktəb əsaslı
təmir edilmiş və müasir avadanlıqlarla təchiz
olunmuşdur. Aparılan işlərin nəticəsində ölkə
üzrə 1050000 şagirdin, yəni bütün şagirdlərin 75
faizinin təlim şəraiti yaxşılaşdırılmış,
ikinövbəli məktəblərin faizi 73,3-dən 44,5-ə
enmişdir.
2008-2009-cu tədris ilində ümumtəhsil
məktəblərinin I siniflərində tədrisə yeni fənn
kurikulumları və müasir dərsliklərlə başlanmış,
bu proses 2009-2010-cu tədris ilində I və II
sinifləri əhatə etmişdir. Yeni kurikulumların
tətbiqi ilə əlaqədar I siniflərdə işləyən 18
minədək müəllim xüsusi proqram əsasında öyrədici
təlim kurslarından keçirilmiş və nümunəvi tədris
materialları ilə təmin edilmişdir.
Son 7 il ərzində məktəblilər üçün 35 milyon
nüsxə dərslik çap olunmuşdur. Təhsil tariximizdə
ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I
və II siniflər üçün yeni dərslik komplektləri
(şagirdlər üçün dərslik, iş dəftəri, müəllim
üçün vəsait) çap edilmişdir.
Əldə edilən nailiyyətlər sırasında ümumtəhsil
məktəblərinin XI siniflərində buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada
keçirilməsi, həmin imtahanlarda əla qiymət almış
məzunların 51 faizinin 2009-cu ildə ali
məktəblərə qəbul imtahanlarında 500-700 bal
toplaması, Azərbaycan məktəblilərinin dünya və
beynəlxalq fənn olimpiadalarında 11 qızıl, 28
gümüş, 60 bürünc olmaqla ümumilikdə 99, Avropa,
dünya birinciliyi və çempionatlarında və digər
beynəlxalq yarışlarda 57 qızıl, 51 gümüş, 60
bürünc olmaqla ümumilikdə 168 medal qazanmaları
xüsusi qeyd olundu.
ölkənin ümumtəhsil məktəblərinin müvafiq dövlət
proqramları çərçivəsində İKT ilə təminatı
sahəsində görülmüş işlərdən və əldə olunan
uğurlardan söz açan nazir hər 20 şagirdə bir
kompüter nisbətinin təmin olunduğunu, 500 təhsil
müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə
(İntranet) və İnternetə qoşulduğunu, inzibati,
pedaqoji və texniki heyət əhatə olunmaqla, 40000
nəfərin müvafiq treninqlərdən keçərək İKT
bacarıqlarına yiyələndiyini söyləyib, bu sahədə
əldə olunmuş digər nailiyyətləri diqqətə
çatdırdı.
Məruzə-təqdimatda ümumtəhsil məktəblərinin
kadrlarla təminatı, müəllimlərin ixtisasartırma
işinin təşkili ilə bağlı görülmüş işlərə də
toxunuldu və bildirildi ki, 2005-2009-cu illəri
əhatə edən müvafiq Proqram çərçivəsində
ümumilikdə 6179 müəllim stimullaşdırıcı
tədbirlər tətbiq edilməklə respublikanın ucqar
kənd məktəblərinə göndərilmiş, ümumtəhsil
məktəblərinə müəllimlərin işə qəbulu sahəsində
yeni mexanizmlərin tətbiqinə başlanmış,
"modul-kredit" sisteminə əsaslanan, rəqabət
mühitinin yaradılmasını, proqramların
akkreditasiyasını, stimullaşdırıcı vasitələrin
tətbiqini, karyera inkişafını nəzərdə tutan yeni
ixtisasartırma modeli hazırlanmışdır.
Misir Mərdanov kollegiya iştirakçılarına dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi və alternativ qayğı Dövlət Proqramının
icrası ilə bağlı görülmüş işlər barədə də
məlumat verərək Dövlət Uşaq Müəssisələrinin
Transformasiyası üzrə Baş Planın hazırlandığını
və 2009-cu ilin aprelində hökumət tərəfindən
təsdiq olunduğunu, həmin plana əsasən 9
ümumtəhsil internat məktəbinin ümumtəhsil
məktəbinə çevrildiyini və nəticədə dövlət uşaq
müəssisələrinin sayının 55-dən 46-ya endiyini,
bir sıra yerlərdə günərzi qayğı və
reabilitasiya-inkişaf mərkəzlərinin
yaradıldığını qeyd etdi.
Son illərdə təhsilin texniki peşə təhsili, orta
ixtisas və ali təhsil pillələrində, beynəlxalq
təhsil əlaqələrinin inkişafı sahəsində əldə
olunmuş nailiyyətlər barədə də söz açan təhsil
naziri Qəbələdə Turizm və Otelçilik üzrə Peşə
Tədris Mərkəzinin yaradıldığını, 8 peşə təhsili
müəssisəsinin əsaslı təmir edildiyini, İsmayıllı
rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris
Mərkəzinin tikintisinin aparıldığını, müxtəlif
peşələr üzrə 8 adda dərslik hazırlanıb çap
edildiyini, bir sıra beynəlxalq qurumlarla, bəzi
ölkələrin şirkətləri ilə birgə layihələrin
icrasına başlandığını diqqətə çatdırdı.
Nazir qeyd etdi ki, Azərbaycan Boloniya
prosesinə qoşulduqdan sonra Avropa təhsil
məkanına inteqrasiya istiqamətində əhəmiyyətli
addımlar atılmış, bir sıra beynəlxalq qurumların
sənədlərinə və beynəlxalq təsnifat strukturuna
uyğun olaraq ali təhsilin bakalavr səviyyəsi
ixtisaslarının (proqramlarının) yeni siyahısı
hazırlanaraq hökumət tərəfindən təsdiq edilmiş,
dövlət ali təhsil müəssisələrinin, bir neçə özəl
ali məktəbin maddi-texniki bazası əsaslı şəkildə
möhkəmləndirilmiş, avadanlıqlar alınmış, 19 ali
təhsil müəssisəsi akkreditasiyadan keçirilmiş,
"Təhsilin əsasları" adlı yeni fənnin tətbiqinə
başlanmışdır. Dünyanın aparıcı
universitetlərində müxtəlif mənbələr hesabına
təhsil alan azərbaycanlı gənclərin sayı 10 mini
ötmüş, "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xaricdə təhsili üzrə dövlət
Proqramı" çərçivəsində dünyanın 23 ölkəsinə 498
nəfər təhsil almağa göndərilmiş, Azərbaycanın
ali təhsil müəssisələrində təhsil alan
əcnəbilərin sayı 7 minə çatmışdır. Davamlı insan
inkişafı sahəsində Azərbaycanda həyata keçirilən
tədbirlər BMT tərəfindən yüksək
qiymətləndirilmiş, Azərbaycan təcrübəsi bütün
üzv ölkələrə nümunə kimi tövsiyə olunmuşdur.
Təhsil naziri Misir Mərdanov
məruzə-təqdimatında daha sonra təhsilin
pillələri üzrə mövcud vəziyyət, görülmüş işlər,
əldə olunan uğurlar və qarşıda duran
vəzifələrdən bəhs etdi. Təqdimatın məktəbəqədər
təhsil bölməsində nazir öncə dövlət və özəl
məktəbəqədər təhsil müəssisələri haqqında
statistik məlumatları diqqətə çatdırdı. Qeyd
etdi ki, 2009-cu ildə dövlət məktəbəqədər təhsil
müəssisələrinin sayı 1604, burada tərbiyə
olunanların sayı isə 104022 olmuşdur. Bu
müəssisələrdə 13532 pedaqoji işçi çalışmışdır.
12 özəl bağçada isə 645 uşağın tərbiyəsi ilə 161
pedaqoji işçi məşğul olmuşdur.
ölkə başçısının 12 aprel 2007-ci il tarixli
sərəncamı ilə təsdiq olunmuş məktəbəqədər
təhsilin yeniləşdirilməsi Proqramında nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi
istiqamətində işlərin ötən il də davam
etdirildiyini deyən məruzəçi ölkə üzrə 14 yeni
məktəbəqədər təhsil müəssisəsinin tikildiyini,
10 müəssisənin əsaslı təmir olunduğunu, 129
müəssisənin bərk və yumşaq inventarla təmin
edildiyini söylədi. Sonra məktəbəqədər təhsil
sahəsində 2010-cu ildə görüləcək işlər diqqətə
çatdırıldı. Məktəbəqədər təhsil müəssisələrinin
İKT avadanlığı ilə təmin edilməsinin, pedaqoji
heyətin İKT üzrə savadlılığın artırılması, bu
müəssisələrin nümunəvi nizamnaməsinin
hazırlanması, məktəbəqədər təhsil üzrə
monitorinq və qiymətləndirmə sisteminin
yaradılması və s. istiqamətdə tədbirlərin həyata
keçirilməsinin nəzərdə tutulduğu bildirildi.
ümumi təhsil sistemində 2009-cu ildə görülmüş
işləri slaydlar vasitəsi ilə kollegiya
iştirakçılarının diqqətinə çatdıran Misir
Mərdanov 2009-2010-cu dərs ilində ölkədə 4529
ümumtəhsil müəssisəsinin fəaliyyət göstərdiyini,
bunlarda 1360760 şagirdin oxuduğunu, 170848
müəllimin çalışdığını, 17 özəl ümumtəhsil
müəssisəsində 7128 şagirdin təlim-tərbiyəsi ilə
1133 təhsil işçisinin məşğul olduğunu bildirdi.
Qeyd etdi ki, ötən il 68 yeni məktəb binası
təmir olunub. 87 məktəbin istilik sistemi bərpa
edilib, 201 məktəb və 10 RTŞ müasir
avadanlıqlarla təmin olunub.
Nazir 2010-cu ildə 25 yeni məktəbin inşasının
başa çatdırılmasının, 1 məktəbdə əlavə korpusun
tikintisinin, 4 məktəbin əsaslı təmirinin,
ümumtəhsil məktəblərinin avadanlıqlarla
təminatı, rasionallaşdırılması və
optimallaşdırılması, "Təhsil haqqında" Qanunun
qəbulu ilə əlaqədar normativ-hüquqi bazanın
yeniləşdirilməsi işlərinin davam etdiriləcəyini,
adambaşına maliyyə mexanizminə keçidlə bağlı
zəruri tədbirlər görüləcəyini söylədi.
Təqdimatda kurikulum islahatı çərçivəsində 3
pilot məktəbində həndəsə və cəbrin inteqrativ
proqramla riyaziyyat fənni kimi tədrisi
layihəsinə başlanıldığı, xarici dillərin
intensiv tədrisi layihələri çərçivəsində Britihs
Council təşkilatının dəstəyi ilə Bakı şəhərinin
7 pilot məktəbində xüsusi tədris planı və
proqramı əsasında ingilis dilinin intensiv
tədrisinə başlandığı, cari tədris ilindən
respublikanın 50 məktəbində rus dilinin intensiv
tədrisi layihəsinə başlanması üzrə tədbirlərin
həyata keçirildiyi, bu işlərin 2010-cu ildə
davam etdiriləcəyi qeyd olundu.
Təhsil naziri bu il XI siniflərlə yanaşı, IX
siniflərdə də buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada keçiriləcəyini
söyləyib, yerlərdə bu məsələlərə ciddi
yanaşılmasını tövsiyə etdi.
Kollegiyada 2009-cu ildə ali məktəblərə qəbulun
nəticələri də geniş müzakirə olundu.
Məruzə-təqdimatında bu məsələdən bəhs edən nazir
öncə qəbul imtahanlarında 0-100, 100-200,
200-300, 300-500, 500-700 bal toplayan
abituriyentlər, o cümlədən əlaçılar haqqında
statistik məlumatı əks etdirən diaqramları iclas
iştirakçılarının diqqətinə çatdırdı və 0-100 bal
toplayan abituriyentlərin, o cümlədən əlaçı
abituriyentlərin sayının 2003-cü ildən
başlayaraq azaldığını, 500-700 bal toplayan
əlaçı abituriyentlərin sayının isə getdikcə
artdığını və 2009-cu ildə 51 faizə yaxın
olduğunu qeyd etdi.
Nazir habelə son illər 600-dən çox bal toplayan
abituriyentlərin dinamikasını, orta bal
göstəricilərini əks etdirərək diaqramları, ali
məktəblərin ixtisaslarına qəbul olan
abituriyentlərin orta bal göstəricilərini əks
etdirən cədvəli də nümayiş etdirib, müvafiq
müqayisələr apardı. Bəzi qəbul göstəricilərinin
təhlilini verən Misir müəllim bir sıra fənlər
üzrə 2009-cu ildə sualların çətinlik
səviyyəsinin 2008-ci ildəkindən 2 dəfə
artırıldığını bildirib, fikirlərini ayrı-ayrı
fənlər və ixtisas qrupları üzrə suallardan
gətirdiyi misallarla əsaslandırdı.
Sonra 2009-cu il məzunlarının ali məktəblərə
qəbulolma göstəricilərinin bölgələr üzrə
nəticələri diqqətə çatdırıldı, yaxşı və pis
nəticələr göstərən bəzi rayon və şəhərlərin
adları qeyd olundu, bu rəqəmlərdən hər kəsin özü
üçün nəticə çıxarması vurğulandı.
Məruzə-təqdimatda istedadlı uşaqlarla iş,
dərslik siyasəti, kadr təminatı sahəsində
görülmüş işlərə də toxunuldu, həyata keçirilmiş
tədbirləri əks etdirən slaydlar nümayiş
etdirildi, bu istiqamətlərdə 2010-cu ildə
görüləcək işlər diqqətə çatdırıldı.
Nazir məktəbdənkənar təhsil müəssisələri
haqqında da məlumat verib bu gün ölkədə 380 belə
müəssisənin fəaliyyət göstərdiyini, onlarda
334670 uşaq və yeniyetmənin istedadının üzə
çıxarılması, yaradıcılığının inkişafı
istiqamətində sistemli iş aparıldığını, müxtəlif
yaradıcılıq müsabiqələrinin keçirildiyini, bir
sıra məktəbdənkənar müəssisələrin təmir
olunduğunu, bu yöndə işlərin 2010-cu ildə də
davam etdiriləcəyini, "Ekologiya ili" elan
olunması ilə bağlı tədbirlərin həyata
keçiriləcəyini söylədi.
Məruzə-təqdimatda texniki peşə təhsili, orta
ixtisas təhsili müəssisələri haqqında statistik
məlumatlar, hər iki sahənin inkişafı ilə bağlı
son illər görülmüş işlər də öz əksini tapmışdı.
Bütün bunlar barədə məlumat verən təhsil naziri
2010-cu ildə peşə təhsili müəssisələri üçün 12
adda dərsliyin hazırlanıb çap edilməsinin, bəzi
ixtisaslar üzrə standartların hazırlanmasının,
Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il
tarixli qərarı ilə təsdiq olunmuş "2010-2013-cü
illərdə Azərbaycan Respublikasında orta ixtisas
təhsili sistemində islahatlar üzrə Tədbirlər
Proqramı" çərçivəsində təhsilin bu pilləsində
normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
məzmunun və texnologiyaların yeniləşdirilməsi,
struktur və idarəolunma sisteminin
modernləşdirilməsi, keyfiyyətin təmin olunması
və s. istiqamətlər üzrə islahatlar aparılmasının
nəzərdə tutulduğunu qeyd etdi.
Ali təhsil sistemində görülmüş və görüləcək
işlərdən söz açan təhsil naziri ölkədə fəaliyyət
göstərən dövlət və özəl ali təhsil müəssisələri
barədə statistik rəqəmləri, 2009-cu ildə bu
müəssisələrin infrastrukturunun inkişafı
sahəsində görülmüş işləri diqqətə çatdırdıqdan
sonra 2010-cu il üçün həyata keçirilməsi
planlaşdırılmış tədbirlərlə iclas
iştirakçılarını tanış etdi.
Ali məktəblərin məzunları işləyəcək yerlərlə
əlaqələrinin zəif olduğunu vurğulayan nazir bu
məsələnin növbəti illərdə diqqət mərkəzində
saxlanılmasının vacibliyini ifadə etdi.
Məruzə-təqdimatının beynəlxalq əlaqələr, xaricdə
təhsil bölümündə kollegiya sədri təhsil
sahəsində ikitərəfli əməkdaşlıq məsələsinə
toxunaraq ölkəmizin ABŞ, Suriya, İran, İsrail,
İordaniya, Malayziya, Cənubi Koreya, Belarus,
Almaniya, Litva kimi ölkələrlə əlaqələrinin
genişləndiyini, ayrı-ayrı ölkələrlə ikitərəfli
əməkdaşlıq çərçivəsində 8 saziş və protokol
imzalandığını, Bakıda Almaniya, Malayziya və
Cənubi Koreya universitetlərinin təhsil
sərgisinin keçirildiyini, Avropa İttifaqı,
Avropa Şurası, İSESKO, YUNESKO, YUNİSEF, Britiş
Council, DAAD və BMT-nin digər ixtisaslaşmış
qurumları ilə əməkdaşlığı çərçivəsində layihə və
proqramlar həyata keçirildiyini söylədi,
keçirilmiş birgə iclas, seminar və
konfranslardan söz açdı.
Sonra Misir Mərdanov xaricdə təhsil üzrə Dövlət
Proqramı çərçivəsində təhsil alanların
ixtisaslar və ölkələr üzrə bölgüsünü əks etdirən
diaqramları, Azərbaycanda təhsil alan əcnəbi
tələbələrin ali məktəblər üzrə səpələnməsini
göstərən cədvəllə kollegiya iştirakçılarını
tanış etdi, beynəlxalq təşkilatlarla
əməkdaşlığın genişləndirilməsi üçün 2010-cu ildə
həyata keçirilməsi nəzərdə tutulan tədbirləri
diqqətə çatdırdı.
Məruzə-təqdimatının sonunda təhsil naziri ali
məktəblərdə elmin inkişaf etdirilməsi ilə bağlı
görülmüş və görülməsi nəzərdə tutulan işləri
qeyd edib, bunları əks etdirən statistik
rəqəmlərlə kollegiya iştirakçılarını tanış etdi.
Sonra məruzə ətrafında müzakirə aparıldı.
çıxış üçün söz alan millət vəkili Gülər Əhmədova
orta məktəblərdə buraxılış və ali məktəblərə
qəbul imtahanları məsələsinə toxundu. O qeyd
etdi ki, məzunlar çox az zaman intervalında 2
dəfə - məktəbi qurtaranda 8 fənn üzrə
mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı,
sonra isə eyni üsulla qəbul imtahanı verməyə
məcburdurlar.
Pedaqoji sahədə fəaliyyət göstərən hər kəs
imtahan prosesində gənclərin çox ciddi stress
keçirdiyini çox gözəl bilir. Bu hal hətta
müxtəlif xəstəliklərin yaranmasına da səbəb
olur. Universitetlərə yeni qəbul olunmuş birinci
kurs tələbələrinin əksər hallarda pis
oxumalarının səbəbi də məhz onların hələ də
sağlamlıqlarını tam bərpa edə bilməməsidir.
Millət vəkilinin sözlərinə görə, dünyanın əksər
ölkələrində imtahanlar bir dəfə təşkil olunur.
Gənclər göstərdikləri nəticələrlə istədikləri
universitetlərə müraciət edirlər. Hər bir ali
məktəb qəbul üçün tələb edilən bala müvafiq
olaraq bu nəticələrə əsasən öz tələbələrini
seçir.
Gülər Əhmədova bu məsələnin artıq Milli Məclisdə
müzakirə edildiyini, dünya təcrübəsinə uyğun
olaraq buraxılış və qəbul üçün bir imtahan
keçirilməsinin məqsədəuyğun sayıldığını diqqətə
çatdırdı və bununla bağlı müəyyən bir qərar
qəbul etməyin zəruri olduğunu vurğuladı.
Millət vəkili Cəmil Həsənli çıxışında təhsilin
ölkənin ictimai həyatının çox mühüm hissəsini
əhatə etdiyini dedi və bu sistemin ayrı-ayrı
sahələrində görülən işlər, həllini gözləyən
vacib məsələlər və qarşıda duran vəzifələr
barədə müfəssəl məlumatın verildiyi hesabat
məruzəsini çox yüksək qiymətləndirdi.
çıxışında BDU-nun 90 illik yubileyinin çox
yüksək səviyyədə keçirildiyindən bəhs edən Cəmil
Həsənli ölkə Prezidenti cənab İlham Əliyevin
yubiley mərasimində iştirakının təkcə bu
universitetə deyil, respublika rəhbərliyi
tərəfindən ümumilikdə təhsil sahəsinə yetirilən
xüsusi diqqət və qayğının təzahürü olduğunu
vurğuladı.
Millət vəkili qeyd etdi ki, müxtəlif mətbuat
səhifələrində dərc edilən tənqidi yazılara təbii
yanaşmaq lazımdır. Ən vacibi görülən işlər,
həyata keçirilən islahatlardır. Dünya
ölkələrinin təcrübəsi göstərir ki, inkişafın
yeganə mənbəyi təhsildir. Pedaqoji fəaliyyətlə
məşğul olduğuma görə, tam məsuliyyətlə deyə
bilərəm ki, bu gün auditoriyada gördüyümüz
gənclər ötənilkilərdən çox fərqlənirlər və mən
əminəm ki, gələn il də belə olacaq. Bu mənada
respublikada təhsilin yüksələn xətt üzrə inkişaf
etdiyini tam aydınlığı ilə dərk etmək olar.
Cəmil Həsənli çıxışının sonunda dedi: "Təhsil
naziri Misir Mərdanov hesabat məruzəsində bu
sahədə həll olunacaq bir sıra məsələlərdən söz
açdı. İnanıram ki, bütünlüklə təhsil
ictimaiyyətinin real potensialı bu problemlərin
aradan qaldırılmasına imkan verəcəkdir".
Akademik Urxan Ələkbərov çıxışında iki məsələyə
- dövlətin insan potensialının formalaşması
sahəsində apardığı siyasətə və təhsillə əmək
bazarının arasında olan münasibətlərə toxunmaq
istədiyini bildirdi.
öncə təhsil nazirinin məruzə-təqdimatına
münasibətini açıqlayan akademik onu yüksək
qiymətləndirdi, məruzədə təhsil siyasəti ilə
yanaşı, ölkənin siyasi-iqtisadi sahədə əldə
etdiyi uğurların da öz əksini tapmasını müsbət
hal adlandırdı.
Möhtərəm Prezidentimizin "Biz maddi
dəyərlərimizi, iqtisadi potensialımızı insan
kapitalına çevirməliyik" fikrini sitat gətirən
U.Ələkbərov insan kapitalının formalaşmasının
sağlamlıq, təhsil və bunlara ayrılan vəsait kimi
3 komponentdən ibarət olduğunu, son illərdə, o
cümlədən də hesabatı verilən ildə bu məsələlərə
xüsusi diqqət yetirildiyini, 2000-ə yaxın
məktəbin tikildiyini, paytaxtda və bölgələrdə
çoxlu sağlamlıq mərkəzlərinin açıldığını qeyd
etdi. Bildirdi ki, hələ ulu öndərimizin təsdiq
etdiyi təhsil strategiyasına görə insan
potensialının inkişafına hər zaman böyük fikir
verilmişdir.
Görülmüş böyük işlərlə yanaşı, problemlərin də
olduğunu bildirən U.Ələkbərov bunlara misal
olaraq təhsillə əmək bazarı arasındakı
münasibətlərdə yaranmış disproporsiyanı
göstərərək qeyd etdi ki, son illər ölkəmizdə
aspirantura səviyyəsində aparılmış müqayisə
nəticəsində texniki elmlərlə ictimai elmlərin
tədrisi arasındakı nisbətdə böyük fərqin olduğu
aşkar edilib. Hüquqşünaslar 30, iqtisadçılar 15,
filoloqlar 9 dəfə artdığı halda,
riyaziyyatçıların, fiziklərin, kimyaçıların,
mühəndislərin və b. sayı azalıb. Halbuki inkişaf
piramidasının əsasını məhz texniki sahənin
işçiləri, mühəndislər yaradırlar. Akademik bu
məsələyə diqqət yetirilməsinin vacibliyini
vurğuladı.
Bakı Dövlət Universitetinin rektoru, millət
vəkili Abel Məhərrəmov təhsil nazirinin təqdim
etdiyi hesabat məruzəsinin çox yüksək səviyyədə,
hərtərəfli hazırlandığını, təhsilin bütün
sahələrinə aid ətraflı məlumat verildiyini,
problemlərin də diqqətə çatdırıldığını dedi. öz
çıxışında təhsil sahəsi ilə bağlı bir sıra
məsələlərdən bəhs edən natiq daha sonra
imtahanların keçirilməsi ilə əlaqədar
fikirlərini səsləndirdi. O bildirdi ki, hər
hansı bir problemin həlli məqsədilə müəyyən bir
metodoloji müstəviyə gəlmək lazımdır. Orta
məktəb buraxılış imtahanlarını bir proqramda
işləyir, ali məktəbə qəbul isə tamamilə başqa
bir proqram üzrə keçirilir. Şagird isə bu
imtahanların hər ikisinə eyni vaxtda hazırlaşmaq
baxımından çıxılmaz vəziyyətə düşür. Lakin
imtahanlar müəyyən dəyişikliklər etmək şərti ilə
vahid bir proqram əsasında aparılsa, bu təhsilin
keyfiyyətinə də öz müsbət təsirini göstərər.
Millət vəkili təəssüf hissi ilə bu məsələnin
dəfələrlə müzakirə edildiyini, amma ciddi
problem kimi hələ də mövcud olduğunu vurğuladı.
Yeni Azərbaycan Partiyasının icra katibi, millət
vəkili Əli Əhmədov kollegiya iclasındakı
çıxışında qeyd etdi ki, dövlət başçısı cənab
İlham Əliyevin həyata keçirdiyi inkişaf
konsepsiyasına uyğun olaraq, təhsil sisteminin
də özünəməxsus inkişaf modeli formalaşdırılıb,
perspektivlər müəyyənləşdirilib və artıq bu
sahənin inkişafı istiqamətində çox önəmli
islahatlar həyata keçirilib.
Digər sahələrdən fərqli olaraq, təhsil sahəsində
aparlıan islahatların nəticələrinin illər
keçəndən sonra məlum olduğunu deyən millət
vəkili bünövrəsi çox möhkəm qoyulmuş bu işlərin
uğurla başa çatacağına inandığını bildirdi.
İmtahanların keçirilməsi məsələsinə münasibətini
bildirən Ə.Əhmədov qeyd etdi ki, ilk növbədə, bu
prosesdə iştirak edənlərdə yeni münasibət
formalaşmalıdır. İmtahan şagird, yəni bilik
alanın biliyinin müəyyənləşdirilməsi məqsədini
güdməlidir. Bu iş kimisə vahiməyə salmaq,
kiminsə həyəcan və stress keçirməsinə səbəb
olmamalıdır. Bununla bağlı mövqeyini diqqətə
çatdıran millət vəkili imtahan prosesinin bir
dəfə təşkil edilməsini düzgün saydığını
bildirdi.
Milli Məclis sədrinin birinci müavini, millət
vəkili Ziyafət Əsgərov təhsil naziri Misir
Mərdanovun yüksək səviyyədə hazırlanmış
təqdimatını məhz Azərbaycanın iqtisadi
göstəriciləri ilə başlamasını çox təbii hesab
etdiyini dedi. Bütün sahələrin inkişafında
iqtisadiyyatın həlledici rol oynadığını bildirən
Z.Əsgərov qeyd etdi ki, təhsil sahəsində
indiyədək də inkişaf proqramları həyata
keçirilib. Lakin bu gün Azərbaycanda istehsal,
iqtisadiyyatın inkişafı o səviyyəyə çatıb ki,
artıq qarşıya qoyulmuş təhsil konsepsiyasını,
yəni neft kapitalının insan kapitalına
çevrilməsi prosesini daha da sürətləndirmək
zərurəti meydana çıxır. ölkə rəhbərliyinin bu
məsələyə xüsusi diqqət yetirməsi isə çox
təqdirəlayiq haldır. Bu gün təhsil sisteminin
ayrı-ayrı pillələrində həyata keçirilən
islahatlar Azərbaycan xalqının müstəqil və
xoşbəxt gələcəyi üçün, hər kəsin millətinə və
dövlətinə layiqli, savadlı vətəndaş kimi
yetişməsi üçün nəzərdə tutulub.
Daha sonra natiq bir sıra təklif və arzularını
iclas iştirakçılarının diqqətinə çatdırdı. "Son
illər 2 minədək məktəb binasının tikilməsi çox
böyük nailiyyətdir. Mən çox istərdim ki, həmin
təhsil müəssisələri müasir texniki avadanlıqlar,
informasiya-kommunikasiya texnologiyaları ilə
təchiz olunsun. Müəllimlər peşəkarlıq
səviyyəsinin artırılması məqsədilə mütəmadi
olaraq təkmilləşdirmə və ixtisasartırmaya cəlb
edilsinlər".
Z.Əsgərovun verdiyi digər təklif isə qəbul
imtahanlarına salınan suallarla bağlı oldu.
Natiq qeyd etdi ki, müəyyən riyazi tənlikləri,
kimya və fizikaya aid məsələləri və s. verilən
vaxt ərzində həll etmək qeyri-mümkün olduğundan
bu testlər orta məktəb proqramına uyğun
hazırlanmalı, Təhsil Nazirliyi ilə
razılaşdırılmalı və bu qurumun verdiyi rəydən
sonra imtahana salınmalıdır.
Daha sonra millət vəkili bu gün uşaq və
gənclərin mütaliəyə həvəsinin olmaması
məsələsinə toxundu. O, bu işə diqqət yetirməyin
orta məktəblərin qarşısında duran vacib vəzifə
olduğunu vurğuladı.
Yusif ƏLİYEV,
Hicran ƏKBƏROVA |