Noyabrın 5-də Xızı Rayon Təhsil Şöbəsi ilə
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt
filialının Xızının ümumtəhsil məktəblərində
fəaliyyət göstərən dayaq məntəqələri, onların
işinin təkmilləşdirilməsi ilə bağlı birgə
konfransı keçirildi. Tədbirdə hər iki
müəssisənin əməkdaşları, dayaq məntəqələrinin
nümayəndələri və məktəb rəhbərləri iştirak
edirdilər.
Konfransda Azərbaycan Müəllimlər İnstitutu
Sumqayıt filialının əlavə təhsil üzrə direktor
müavini, fizika-riyaziyyat elmləri namizədi,
dosent Mətləb Ağayarov təhsil naziri Misir
Mərdanovun 24 oktyabr 2009-cu il tarixli
kollegiya iclasında söylədiyi məruzədən irəli
gələn vəzifələr və dayaq məntəqələrinin işinin
təkmilləşdirilməsinə dair məruzə etdi.
Xızı Rayon Təhsil Şöbəsinin müdiri Oqtay
Abdullayev çıxışında müəllimlərin
diplomdansonrakı təhsilinin vacibliyini, rayonda
5 ixtisas üzrə dayaq məntəqələrinin fəaliyyət
göstərdiyini, kollegiya iclasında nəzərdə
tutulan tədbirlərin yerinə yetirilməsinin
zəruriliyini qeyd etdi.
Konfransda çıxış edənlər dayaq məntəqələrinin
işinin təkmilləşdirilməsi, müəllimlərin bu
sahədə ehtiyac və tələbatlarının öyrənilməsi,
"sifariş-təklif" prinsiplərinin gözlənilməsi,
proqramların tərtibi, İKT-nin imkanlarından
səmərəli istifadə olunması, öyrədənlərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müasir
təlim texnologiyalarından istifadənin, dayaq
məntəqələrinin maddi-texniki və tədris bazasının
yeniləşməsi vacibliyindən söz açdılar.
M.İSMAYILZADƏ,
AMİ Sumqayıt filialının metodisti |