İslam İnkişaf Bankı (İİB) tərəfindən Elm və
Yüksək Texnologiya sahəsində Təqaüd Proqramının
həyata keçirilməsi planlaşdırılır. Proqram
çərçivəsində doktorantlara və gənc alimlərə elmi
və texnoloji sahələrdə tədqiqat aparmaq
məqsədilə qrantlar ayrılır. Qeyd edək ki,
1991-ci ildən etibarən bu proqram üzrə 48
ölkədən 470 gənc alimin tədqiqat işi
maliyyələşdirilib.
Təqaüd Proqramı doktorant və gənc alimlərə
Şimali Amerika, Qərbi Avropa, Yaponiya,
Avstraliya, eyni zamanda Asiyanın inkişaf etmiş
ölkələrində təhsil almaq və tədqiqat aparmaq
imkanı verir. Qrant təhsil, yaşama, tibbi
sığorta və aviabilet də daxil olmaqla, bütün
xərcləri əhatə edir. Doktorantlara həyat yoldaşı
və iki uşağı əhatə edən ailə üçün maddi yardım
ayrılması da nəzərdə tutulub.
Təqaüd Proqramı çərçivəsində Lazer və
fiber-optika, Naqil və yarımnaqillər,
Polimerlər, Gen mühəndisliyi - Biotexnika, Nüvə
fizikası - mühəndislik, Elektronika -
Mikroelektronika - Telekommunikasiya, Kompüter
elmləri (Avtomatlaşdırılmış proyektləşdirmə -
Avtomatlaşdırılmış istehsal daxil olmaqla),
Bərpa olunan enerji mənbələri - Yanacaq
texnologiyası, Hidrologiya - Su resursları,
Metallurgiya, Kimya mühəndisliyi - Materiallar
haqda elm, Tibb - Dərman vasitələri, Kənd
təsərrüfatı - Yeyinti texnologiyası, Sistem
mühəndisliyi, Kosmik fəza haqqında elm -
Texnologiya, Ətraf mühitin qorunması
texnologiyası, Texnologiya və İnnovasiyaların
idarəolunması (ancaq gənc alimlər üçün)
ixtisasları və tədqiqat sahələrinə qrantlar
ayrılacaqdır. |