Noyabrın 19-da Azərbaycan Milli
Konservatoriyasının nəzdində fəaliyyət göstərən
Respublika İncəsənət Gimnaziyasının akt zalında
2009-cu ilin "Uşaq ili" elan edilməsi
münasibətilə qaçqın və məcburi köçkün ailələrin
uşaqları üçün xeyriyyə konserti verilib. Konsert
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət
göstərən uşaq yaradıcılığı mərkəzlərinin dərnək
üzvlərinin iştirakı ilə həyata keçirilib.
Həmçinin tədbirin rəsmi hissəsində "Uşaq ili"nə
həsr edilmiş inşa yazı müsabiqəsinin respublika
turunda qalib gəlmiş 8 şagird diplomlar və
müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Təhsil Nazirliyinin şöbə müdiri Ağababa
İbrahimov çıxış edərək ümummilli lider Heydər
Əliyevin uşaqlara göstərmiş olduğu qayğıdan söz
açıb, hazırda həmin siyasəti uğurla davam
etdirən Prezident İlham Əliyevin uşaqların və
yeniyetmələrin firavan yaşamaları üçün
imzaladığı bir sıra fərman və sərəncamların
həyata keçirilməsindən danışıb.
Körpələrin və uşaqların yaxın dostu, Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyevanın bu istiqamətdə
apardığı xeyriyyə işlərinin gələcəyimizin
layiqli davamçıları olacaq uşaqların xoşbəxt
böyümələrinə xidmət etdiyini xüsusi vurğulayan
A.İbrahimov iştirakçılar adından Prezident İlham
Əliyevə və xanımı Mehriban xanım Əliyevaya
səmimi minnətdarlığını bildirdi.
Rəsmi hissədən sonra şagirdlərin ifasında
rəngarəng konsert nömrələri alqışlarla
qarşılandı.
N.MİRZƏ |