Goranboy rayonunun Faxralı kənd orta məktəbinin
ibtidai sinif müəllimi Əliyeva Nəzirə Məhəmməd
qızı dərs saatının azalması ilə bağlı müxtəlif
idarə və təşkilatlara ərizə və müraciətlər
ünvanlayıb. Surəti bizim redaksiyaya da daxil
olan izahat və müraciətlə Nəzirə müəllim
məktəblərində dərs bölgüsündə olan əyintilərdən,
xüsusən də direktorun bu məsələdə qohumbazlıq
göstərməsindən, savadsızlığından, ona qarşı olan
haqsızlıqdan bəhs edir və kömək istəyir. Həmin
şikayət ərizəsi ilə əlaqədar Goranboy Rayon
Təhsil Şöbəsindən alınmış cavabda bildirilir ki,
göstərilən faktlar yerində araşdırılmışdır.
Sinif müəllimi Nəzirə Əliyevanın ərizəsində
göstərdiyi faktların heç bir əsası yoxdur.
Əksinə, Nəzirə müəllim pensiyaçı olmaqla ona 11
saat dərs verilmişdir. Eşitmə orqanlarının
xəstəliyi ilə əlaqədar xüsusi aparatdan istifadə
edir. Latın qrafikalı əlifbanı bilmir və s.
Bizim diqqətimizi cəlb edən isə, ilk növbədə,
izahatın müəllim adına yaraşmayan dərəcədə
savadsız yazılması oldu.
Nəzirə müəllim cəmi 12-13 sətirlik izahatında nə
az, nə çox, düz 40 orfoqrafik və üslub səhvinə
yol verib, bir çox sözləri isə necə tələffüz
edirsə, eləcə də yazıb. İzahatdakı səhvlərin
çoxluğunu nəzərə alaraq onları bir-bir
sadalamağı lazım bilmirik. Amma sadəcə olaraq
izahatın surətini yazıya əlavə edirik.
İzahatda Nəzirə müəllim qeyd edir ki, 43 ildir
məllim işləyir. Aman Allah, görəsən belə bir
"yüksək" savadla o, bu 43 ildə neçə savadsız
şagird "yetişdirib"? Böyük fəxrlə 43 illik
müəllimlik stajı olduğunu diqqətə çatdıran bu
insan, kiçik bir yazıda bu qədər səhvə yol
verirsə, onun ümumiyyətlə dərs deməyə haqqı
varmı?
Yəqin ki, onun öz dəst-xətti ilə yazılıb
təşkilatlara göndərdiyi şikayət ərizəsi ilə
tanış olanlar da Nəzirə müəllimin bu
əcaib-qəraib səhvlərini görüb, afərin belə
"müəllimə", - deyiblər.
"Azərbaycan müəllimi" |