Noyabrın 16-da Azərbaycan Dövlət Neft
Akademiyasında tələbələrin Konstitusiya gününə
həsr olunmuş 58-ci elmi-texniki konfransı öz
işinə başladı. Konfransda Təhsil, Rabtə və
İnformasiya Texnologiyaları nazirliklərinin
nümayəndələri, ADNA-nın professor-müəllim
heyəti, tələbələr iştirak edirdilər.
Konfrans öz işinə başlamazdan əvvəl tədbir
iştirakçıları ümummilli lider Heydər Əliyevin
xatirəsini ehtiramla yad edərək büstünün önünə
gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə ADNA-nın rektoru,
professor Siyavuş Qarayev açaraq konfransın
əhəmiyyətindən, tələbə elmi cəmiyyətinin
akademiyadakı fəaliyyətindən və elmi-tədqiqat
işlərinə cəlb olunan tələbələrin işindən ətraflı
danışdı.
Konfransda təhsil naziri Misir Mərdanov çıxış
edərək bildirdi ki, ötən illərdə olduğu kimi,
2009-cu ildə də ölkə rəhbərliyinin elm və
təhsilin inkişafına yönəlmiş mühüm qərarları
ölkəmizdə ali təhsilin və elmi fəaliyyətin ən
mütərəqqi standartlar səviyyəsinə
çatdırılacağına möhkəm zəmin yaradır.
Sonra "təhsil işçilərinin və tələbələrin ümdə
vəzifəsi ölkə rəhbərinin diqqət və qayğısına
cavab olaraq səylə çalışmaq, tədrisdə, təhsildə
və elmi-tədqiqat işlərində yeni uğurlar əldə
etməkdir", deyən təhsil naziri tələbələri və
akademiyanın professor-müəllim heyətini
konfrans münasibətilə təbrik etdi və onun
işinə uğurlar arzuladı.
Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının
məzunlarından AMEA-nın Geologiya İnstitutunun
elmi işlər üzrə direktor müavini İbrahim
Quliyev, rabitə və informasiya texnologiyaları
nazirinin müavini Elmir Vəlizadə, tələbələrdən
Mehriban Məlikova, Kamal Quliyev və başqaları
çıxışlarında konfransla bağlı fikirlərini
bildirdilər.
Konfrans öz işini ayrı-ayrı bölmələr üzrə davam
etdirəcək.
Şakir CƏFƏROV |