17 noyabr - Beynəlxalq Tələbə Günü münasibətilə
Bakı Dövlət Universitetində tədbir keçirildi.
Tədbirdə paytaxtın müxtəlif ali məktəblərində
təhsil alan 500-ə yaxın tələbə, habelə
professor-müəllim heyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru,
Milli Məclisin üzvü, akademik Abel Məhərrəmov
qonaqları salamladıqdan sonra bildirdi ki, bu
gün həm tələbələr, həm də müəllimlər üçün tarixi
bir gündür. Bu tədbir indi ölkəmizin hər yerində
- ali məktəblərdə təntənəli şəkildə qeyd
olunur.
Beynəlxalq Tələbə gününün yaranma tarixindən söz
açan rektor sonra tələbələrə bir sıra tövsiyələr
verdi, onların bayramını təbrik etdi.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov
tələbələri, professor-müəllim heyətini
Beynəlxalq Tələbə günü münasibətilə təbrik
edərək qeyd etdi ki, bu gün iki bayram üst-üstə
düşür: Dirçəliş Günü, Beynəlxalq Tələbə günü.
Hər iki bayram bizim üçün əzizdir. Bu tədbirin
Bakı Dövlət Universitetində keçirilməsi heç də
təsadüfi deyil. Ona görə ki, bu təhsil ocağı
ölkəmizin ən nüfuzlu ali məktəbidir və burada
təhsil almaq xoşbəxtliyi sizə nəsib olmuşdur.
Daha sonra nazir möhtərəm Prezidentimiz İlham
Əliyevin gənclər siyasətindən və təhsilə
qayğısından danışaraq bildirdi ki, ölkəmizdə
təhsil daim inkişaf edir, yeniləşir, təzə
məktəblər tikilir, Azərbaycan dünya təhsilinə
inteqrasiya olunur. Möhtərəm Prezidentimiz
tərəfindən təhsillə bağlı çoxlu sayda sərəncam
və fərmanlar verilir, dövlət proqramları həyata
keçirilir. Bütün bunların hamısı siz gənclər
üçündür.
İndiki dövr kompüter dövrüdür, - deyən nazir
Misir Mərdanov bildirdi ki, çox istərdik bizim
tələbələrimiz dövrün tələblərinə uyğun təhsil
alsınlar, öz üzərlərində daim işləsinlər, mədəni
səviyyələrini yüksəltsinlər. Bunun üçün
ölkəmizdə hər cür şərait var. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev gəncləri
həmişə yüksək qiymətləndirmiş, onlarla mütəmadi
olaraq görüşmüş, qabiliyyət və bacarıqlarını
daim fərqləndirmişdir. Bu gün bu işlər möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilr. Tələbələrə adlı təqaüdlərin
verilməsi, Azərbaycanda olmayan müasir
ixtisasların öyrədilməsi, gənclərin xarici
ölkələrdə ali təhsil almağa göndərilməsi,
müxtəlif tədbir və müsabiqələrin keçirilməsi
dediklərimizə canlı misaldır. İndi Azərbaycandan
xarici ölkələrdə on mindən çox gənc təhsil alır.
Nazir qeyd etdi ki, onların 1500-ü dövlət xətti
ilə göndərilmişdir. Bununla bağlı olan Dövlət
Proqramında əsas məqsədimiz dövlət xətti ilə
xaricə göndərilən tələbələrin sayını 5000-ə
çatdırmaqdır.
Daha sonra nazir tədbir iştirakçılarını bir daha
təbrik edərək onlara uğurlar arzuladı.
Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri
R.Aslanova tədbirdə çıxış edərək tələbələrə bir
sıra tövsiyələr verdi.
Tədbir ali məktəb tələbələrinin iştirakı ilə
keçirilən böyük konsert proqramı ilə başa
çatdı.
Malik NOVRUZOV |