Ölkə başçısı cənab İlham Əliyev tərəfindən
idmanın bütün sahələrinə, o cümlədən şahmatın
inkişafına göstərilən diqqət və qayğı bu
intellektual oyunla məşğul olan uşaq, yeniyetmə
və gənclərin kifayət qədər uğurlar qazanmasına
imkan və şərait yaradır. İdmançılarımızın əldə
etdiyi nailiyyətlərdə təbii ki, onların məşğul
olduqları idman məktəblərinin rolu danılmazdır.
Paytaxtın Səbail rayonunda yerləşən 2 nömrəli
Uşaq-Gənclər Şahmat İdman Məktəbi (UGŞİM) də bu
gün öz yetirmələrinin qazandığı
müvəffəqiyyətləri ilə tanınmış məktəblərdən biri
sayılır.
2006-cı ildən fəaliyyət göstərən bu məktəbdə
uşaq, yeniyetmə və gənclərə intellektual oyun
hesab edilən şahmatın incəlikləri öyrədilir,
onlarda həmin idman növünə marağın artırılması,
onun kütləviləşməsi istiqamətində mühüm işlər
həyata keçirilir. Məktəbin direktoru Elvin
Hüseynovdan öyrəndik ki, hazırda UGŞİM-də 77
qrupda 994 uşaq, yeniyetmə və gənc şahmat, dama
üzrə bölmələrdə məşğul olur. Onlardan 36-sı
ibtidai hazırlıq, 41-i isə təlim-məşq
qruplarıdır. Məktəbdə uşaq, yeniyetmə və
gənclərin şahmat və dama ilə məşğul olmaları
üçün hər cür şərait yaradılıb. Burada yüksək
dərəcəli idmançıların hazırlanması diqqət
mərkəzindədir. Uşaqlarla təlim-məşq prosesini
respublikada tanınmış, idman ustalığına namizəd
Akif Vəlibəyov, Valeri Susel, Nigar Kazımova,
dama üzrə baş müəllim Yalta Şamaryayeva və
digər məşqçi-müəllimlər keçirirlər.
Məktəbdə
2008-2009-cu tədris ilində şahmat və dama üzrə
280 nəfər müxtəlif dərəcəli idmançı
hazırlanmışdır. Onlardan 2-si idman ustalığına
namizəd, 14-ü birinci, 412-si isə kütləvi idman
dərəcəlidir.
ölkə başçısı cənab İlham Əliyevin 5 may 2009-cu
il tarixli sərəncamı ilə təsdiq olunan
"2009-2014-cü illərdə Azərbaycanda şahmatın
inkişaf etdirilməsi Dövlət Proqramı"nın yerinə
yetirilməsi istiqamətində məktəbdə geniş
tədbirlər planı hazırlanmışdır.
Şahmatın tədrisini ümumtəhsil məktəblərində
geniş təbliğ və təşkil etmək, həmçinin bu oyuna
maraq göstərən istedadlı uşaqların üzə
çıxarılması məqsədilə UGŞİM-nin
məşqçi-müəllimləri Səbail rayonundakı 132
nömrəli orta məktəbdə, 160 nömrəli Klassik
Gimnaziyada şahmat üzrə məşğələlər keçirirlər.
Bundan başqa, məktəbdə həmin payonda yaşayan
əhalinin bütün təbəqələrinin şahmatla məşğul
olmaları üçün lazımi şərait yaradılıb. Belə ki,
həftənin çərşənbə və bazar günlərində "açıq
qapı" adı ilə müxtəlif blis turnirləri, master
klas və s. yarışlar keçirilir. Şahmat məktəbində
bununla əlaqədar tanınmış və qabaqcıl
məşqçi-müəllimlərdən ibarət təşkilat komitəsi
yaradılmışdır. Burada tez-tez respublikanın
görkəmli şahmat ustaları , qabaqcıl məşqçi və
hakimlərlə görüşlər təşkil olunur. UGŞİM-in orta
ümumtəhsil məktəbləri ilə sıx əməkdaşlığı
nəticəsində şahmatla məşğul olmaq istəyənlərin
sayı gündən-günə artmaqdadır.
Buranın yetirmələri istər respublikamızda,
istərsə də bir sıra xarici ölklərdə keçirilən
şahmat yarışlarında müvəffəqiyyətlər qazanaraq
kubok və medallara layiq görülürlər. Məktəbdə
məşqçi-müəllimlər tərəfindən gələcəyinə böyük
ümidlər bəslənilən istedadlı şahmatçılar kifayət
qədərdir. Belə şahmatçılardan biri- Abdulla
Qədimbəyli ilk uğurlarını lap kiçik yaşlarında
qazanıb. 4 yaşından şahmata olan həvəsini görən
atası onu 2 nömrəli uşaq-gənclər şahmat idman
məktəbinə qoyub. 2007-ci ilin dekabrında,
2008-ci ilin yanvarında 8 yaşadək oğlanlar
arasında keçirilən şahmat üzrə Bakı şəhər
birinciliyində II yeri, 2008-ci ilin martında
keçirilən Azərbaycan birinciliyində III yeri,
2009-cu ilin aprelində isə Azərbaycan
çempionatında I yeri tutmuşdur.
O, daha sonralar respublikamızda keçirilən digər
müxtəlif yarış və turnirlərdə gözəl oyun nümayiş
etdirərək yüksək yerlərə layiq görülüb. 2009-cu
ilin mayında idmanda qazandığı və 2008-ci ilin
nailiyyətlərini nəzərə alaraq balaca şahmatçının
birbaşa Azərbaycan çempionatında iştirakına
vəsiqə verildi.
Bu yarışda öz rəqiblərinə qalib gələrək I yeri
tutan Abdulla sonra Makkabi beynəlxalq şahmat
turnirində yüksək nəticə göstərərək Makkabinin
Avropa çempionatına vəsiqə qazanır. Ən böyük
qələbəsini isə 2009-cu il iyunun 4-15
tarixlərində Gürcüstanın Batumi şəhərində 8
yaşadək oğlanlar arasında keçirilən Avropa
çempionatında əldə edib. Belə ki, bu mötəbər
yarışda o, I yerə layiq görülərək Avropa
çempionu kimi Vətənə qızıl medalla qayıdıb.
Məktəbin digər yetirməsi Zaur Abbasov da öz
uğurlu nəticələri ilə burada çalışan
məşqçi-müəllimlərinin ona olan etimadını
doğruldub. 2006-cı ildən 2 nömrəli UGŞİM-də
şahmatla məşğul olan Zaur 2007, 2008-ci illərdə
2 dəfə məktəblilərin spartakiadası çərçivəsində
şahmat yarışlarında I yerə layiq görülüb.
2007-ci ildən I dərəcəli şahmatçıdır. 2009-cu
ilin aprelində şahmat üzrə Azərbaycan
çempionatında 10 yaşa qədər oğlanlar arasında
II yerə sahib çıxıb. O, 2009-cu ilin aprelində
Bakıda keçirilən Makkabi beynəlxalq şahmat
turnirində III yeri tutaraq "Makkabi"
komandasının tərkibində Almaniyanın Saarbrüken
şəhərində keçirilən beynəlxalq turnirdə oynamaq
hüququ qazandı. Həmin yarışdan bu günlərdə
uğurla vətənə dönən Zaur Abbasov komanda
tərkibində I yeri tutmaqla yanaşı, oynadığı 2-ci
masada ən yüksək nəticəni əldə edərək birinci
oldu.
Sevindirici haldır ki, məktəbdə belə istedadlı
uşaq və yeniyetmələrin sayı onlarcadır və bu,
getdikcə çoxalmaqdadır.
ölkəmizin şahmat ənənələrini layiqincə davam
etdirən 2 nömrəli uşaq-gənclər şahmat idman
məktəbinə üz tutub gələnlərin də elə məhz bir
istəyi var: burada çalışan təcrübəli
məşqçilərdən şahmatın incəliklərini öyrənmək və
doğma Vətənimizi dünya və Avropa
çempionatlarında yüksək səviyyədə təmsil etmək.
Samirə KƏRİMOVA |