Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

6 Noyabr 2009 - ¹43

 

Bakı Dövlət Universitetinin 90 illik yubileyi keçirildi

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi 

Noyabrın 2-də Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmək üçün universitetə gəldilər. Dövlətimizin başçısını və xanımını binanın önündə BDU-nun rektoru Abel Məhərrəmov qarşıladı. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Salona toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətli alqışlarla qarşıladılar.

Əvvəlcə BDU-nun tələbə xorunun ifasında universitetin himni oxundu.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.  

Prezident İlham Əliyevin çıxışı 

- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əziz dostlar!

Mən sizin hamınızı Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə ürəkdən təbrik etmək istəyirəm, universitetin bütün kollektivinə xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.

Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, o zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir. Bu bir daha onu göstərir ki, universitetin çox zəngin ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin oxuması və təhsilə verdikləri önəm vardır. Xüsusilə indiki şəraitdə hər şey təhsilin səviyyəsi ilə ölçülür. Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi onun biliyindən, təcrübəsindən, savadından asılıdır.

Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının öz qanunları vardır. Hər bir insan qarşısında eyni imkanlar, bərabər imkanlar yaradılır. O imkanlardan faydalanmaq, xüsusilə Azərbaycanın indiki inkişaf dövrünü yaşadığı bir vaxtda yaradılan bu imkanlardan faydalanmaq üçün, ilk növbədə, gənclər bilikli, savadlı olmalıdırlar.

Bakı Dövlət Universiteti müxtəlif dövrlərdə Azərbaycanın hərtərəfli inkişafı üçün öz dəyərli töhfəsini vermişdir. Bakı Dövlət Universitetinin məzunları öz fəaliyyəti ilə ölkəmizin çiçəklənməsinə dəyərli töhfələrini vermişlər. Ulu öndər Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi və bütün dövrlərdə - 1970-80-ci illərdə və müstəqil Azərbaycanın Prezidenti kimi Bakı Dövlət Universitetinin inkişafı üçün çox böyük səylər göstərmişdir. Həmişə universitetə çox böyük diqqət göstərmişdir, universitetin tədbirlərində iştirak etmişdir və Bakı Dövlət Universitetinin belə yüksək səviyyəyə qalxması üçün əməli işlər görmüşdür.

1970-80-ci illərin əvvəllərində və 1990-cı illərdə ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan çox böyük və uğurlu yol keçmişdir. 1970-ci ildə Azərbaycan müttəfiq respublikalar arasında ən axırıncı yer tuturdu. Ancaq 1982-ci ildə Azərbaycan müttəfiq respublikalar arasında birinci sıralarda idi. O illər ərzində sənaye potensialının, intellektual potensialın inkişaf etdirilməsi, gənc nəslin maarifləndirilməsi və Sovet İttifaqının aparıcı ali məktəblərinə onların imtahansız qəbulu sayəsində Azərbaycanın elmi potensialı böyük dərəcədə gücləndirilmişdir. Azərbaycanın ali məktəblərində aparılan islahatlar və görülən işlər bu gün ölkənin intellektual potensialını müəyyən edir.

Müstəqilliyin ilk dövründə - 1993-cü ildə Azərbaycanın qarşısında duran çağırışlar, demək olar ki, müstəqilliyimizi sınağa çəkirdi, çox ciddi böhran - həm iqtisadi, həm siyasi böhran yaşanırdı. Buna baxmayaraq, 1993-cü ildən başlayaraq 2003-cü ilə qədər Azərbaycanda təhsilin inkişafı üçün köklü islahatlar aparıldı, lazımi qərarlar verildi. Azərbaycan təhsilinin maddi-texniki bazasının gücləndirilməsi işində çox vacib addımlar atılmışdır. Bu siyasət bu gün davam etdirilir. Bu gün Azərbaycanın, demək olar ki, bütün ali məktəblərinin maddi-texniki bazası ən yüksək standartlara cavab verir. Demək olar ki, bütün dövlət ali məktəblərində əsaslı təmir işləri aparılmışdır. Ali məktəblərin maddi-texniki bazası böyük dərəcədə gücləndirilmişdir. Bu onu göstərir ki, Azərbaycan dövləti həmişə olduğu kimi, təhsilin inkişafına çox böyük əhəmiyyət verir. Bu, həqiqətən də, belədir. Bunu görmək üçün ancaq Azərbaycanın dövlət büdcəsinə baxmaq kifayətdir.

Təhsil xərcləri ordu xərclərindən sonra dövlət xərclərimizdə ikinci yerdədir. Bu da təbiidir. çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan hərbi yolla azad edək.

Ancaq hərbi xərclərdən sonra ikinci yerdə təhsilə ayrılan xərclərdir. Bu, Azərbaycan dövlətinin prioritetlərini göstərir və bizim siyasətimizin ən bariz nümunəsidir. çünki hər bir ölkənin inkişafı üçün ən başlıca şərt o ölkənin təhsilinin səviyyəsidir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, İkinci Dünya müharibəsindən sonra və bəzi ölkələrdə ondan əvvəl, elmi-texniki tərəqqi olan yerlərdə ölkələr inkişaf edib və bu gün dünyanın inkişaf etmiş ölkələri kimi tanınır. Nə təbii resurslar, nə coğrafi vəziyyət, - halbuki bu amillər də çox önəmlidir, - bu şərti təmin etmir. Ancaq təhsilin səviyyəsi, elmi-texniki tərəqqi, təhsilə verilən önəm və təhsil sahəsində aparılan islahatlar əsas şərtlərdir. Biz də bu yolu seçmişik. Biz də təhsildə islahatlaın aparılması ilə bərabər, bizim üçün ənənəvi olan təhsil formalarını saxlayırıq, öz ənənələrimizi qoruyuruq, bütün mütərəqqi təcrübələrə qoşuluruq və ali məktəblərimiz beynəlxalq müstəvidə çox fəal iştirak edirlər.

Bir sözlə, təhsil sisteminin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin qaldırılması üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir. Son altı il ərzində Azərbaycanda 1800 yeni məktəb tikilibdir. Yüzlərlə məktəbdə yeni korpuslar tikilib, təmir aparılıbdır. Bu nəyi göstərir? Bu onu göstərir ki, bu sahə prioritet sahədir. Bütün orta məktəblərdə kompüter sinifləri yaradılır, informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Bütün məktəblərin İnternetə qoşulması prosesi uğurla davam edir. Belə olan halda gənclərimiz, uşaqlarımız, yeniyetmələrimiz bilikli və savadlı olacaqlar, həyatda özlərinə layiq yeri tutacaq, eyni zamanda gələcəkdə - 10 ildən, 20 ildən, 50 ildən sonra Azərbaycanın uğurlu inkişafını təmin edəcəklər. çünki bir daha demək istəyirəm ki, təbii sərvətlər tükənən dəyərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amillərdir.

Son illər ərzində təhsilin səviyyəsinin qaldırılması işində vacib addımlar atılır, "Təhsil haqqında" qanun uzun müzakirələrdən sonra qəbul edilibdir. Ancaq bu sahədə inkişaf üçün hələ çox iş görülməlidir. Bir daha demək istəyirəm ki, dünyanın ən mütərəqqi təcrübəsi öyrənilməlidir, eyni zamanda Azərbaycan gəncləri milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq. Ancaq öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik. öz ana dilimizi saxlaya bilmişik. Nəyin hesabına? Ona görə ki, Azərbaycan xalqında milli ruh həmişə çox yüksək səviyyədə olmuşdur.

Bu gün qloballaşan dünyada, bəlkə də buna daha da çox diqqət verilməlidir. Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki, Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir. Əlbəttə, təhsil bu işlərdə ən prioritet məsələdir. Eyni zamanda bizim mədəni irsimizin öyrənilməsi, ədəbiyyatımızın təbliği, xalq musiqimizin təbliği və öyrənilməsi böyük əhəmiyyət daşıyan məsələlərdir. Azərbaycanda bütün bu sahələrə çox böyük əhəmiyyət verilir.

Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır. Dünya İqtisadi Forumu - dünyanın ən mötəbər qurumlarından biri olan bu təşkilat rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı dünya miqyasında 51-ci yerdə görür və bütün MDB məkanında biz bu sahədə birinci yerdəyik. Dünya Bankı 2008-ci ilin hesablamalarına görə Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı. Bu bir daha onu göstərir ki, bizim uğurlarımızın əsas səbəbi ölkədə aparılan siyasi və iqtisadi islahatlardır. Hasilat sənayesi sahələrində şəffaflığın təmin edilməsi ilə əlaqədar Azərbaycan təcrübəsi dünya miqyasında öyrənilir. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanı bu sahə üzrə mükafatlandırıbdır.

Ona görə biz gələcəyə bu prizmadan yanaşmalıyıq. Azərbaycan üçün ən ağır, ən çətin dövr artıq arxada qaldı. Sabitlik dövrü tam bərqərar olundu və biz irəliyə baxmalıyıq. Azərbaycan 20 ildən, 50 ildən sonra necə inkişaf edəcək, hansı resurslar bunu təmin edəcək? Əlbəttə ki, təbii resurslarımızın mövcudluğu bizə əlavə güc verir. Xüsusilə müstəqilliyimizin ilk illərində və bu gün müstəqil siyasət aparmaq üçün, öz taleyimizin özümüz tərəfindən həll edilməsi üçün çox mühüm rol oynayır. Əlbəttə ki, uzun illər bundan sonra bu amillər nəinki ölkəmizin inkişafına, eyni zamanda regional vəziyyətə mühüm təsirini göstərəcəkdir.

Ancaq biz elə etməliyik ki, Azərbaycan uzun illər, onilliklər bundan sonra, əsrlər boyu müstəqil ölkə kimi yaşasın və nəinki yaşasın, yaxşı yaşasın.

Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir. Bunun müxtəlif səbəbləri vardır və bu, təkcə bugünkü siyasi mənzərə deyil, bu, əsrlər boyu belə olubdur. O ölkələr dünyada özünə layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir. Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə, bəlkə də Azərbaycan ən ağır vəziyyətdə idi. çünki ölkə iqtisadiyyatı dağılmışdı, ölkədə siyasi proseslər, faktik olaraq ölkəni uçurum kənarına qoymuşdu. 1990-cı illərin əvvəllərində yaşanan siyasi, iqtisadi, hərbi böhran faktik olaraq müstəqilliyimizi təhlükə altına qoymuşdu. Ancaq buna baxmayaraq, Azərbaycan o dövrdən, xüsusilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra uğurla çıxa bilmişdir və bu gün uğurla inkişaf edir. Yəni bu tarix hamımızın yadındadır və biz elə etməliyik ki, uzun illər bundan sonra da Azərbaycan öz müstəqil siyasətini apara bilsin. Bunu etmək üçün müxtəlif amillər lazımdır. İlk növbədə, siyasi iradə lazımdır. Digər tərəfdən xalqla iqtidar arasında birlik, sabitlik, əmin-amanlıq, inkişaf, iqtisadi canlanma, siyasi islahatların, demokratiya proseslərinin sürətləndirilməsi lazımdır. Bütün bu amillər Azərbaycanda vardır.

Bu il bütün dünya böhran içindədir və biz dünyada gedən proseslərə bələdik. Azərbaycan iqtisadiyyatı doqquz ayda 6,1 faiz artıbdır. Bütün bu nəticələr onu göstərir ki, biz, sözün əsl mənasında, müstəqil dövlətik, müstəqilliyimizi hər şeydən uca tuturuq, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimizdən gələni edirik. Bu müstəqilliyi əbədi, dönməz etmək üçün mən bir daha vurğulamaq istəyirəm, hesab edirəm ki, təhsilin səviyyəsi ən vacib rollardan birini oynayır. Azərbaycanda bu istiqamətdə çox vacib işlər görülüb. Bütövlükdə təhsil sahəsində görülən işlər müsbət qiymətləndirilə bilər. çatışmayan cəhətlər vardır. Biz də onları bilirik. Onları aradan qaldırmaq üçün biz daha da fəal işləməliyik.

Azərbaycanı irəliyə aparan çox gözəl və milli ruhda böyüyən gənc nəsil yetişir. Müəllimlərin əlbəttə ki, bu işdə rolu, bəlkə də ən önəmli roldur. çünki müəllimlər həm tələbələrə öz biliyini çatdırırlar. Eyni zamanda gənc nəslin hansı formada böyüməsinə də müəllimlərin böyük təsiri vardır. Mən bu fürsətdən istifadə edərək Bakı Dövlət Universitetinin bütün professor-müəllim heyətinə uzun illər çox vacib funksiya daşıdıqlarına görə öz minnətdarlığımı bildirmək istəyirəm. Onlara gələcəkdə yeni uğurlar arzulamaq istəyirəm. Tələbələrə isə yaxşı oxumağı, yaxşı biliyə malik olmağı və gələcəkdə Azərbaycanın dövlət müstəqilliyinə öz töhfəsini verməyi arzulayıram. Əziz dostlar, bu gözəl yubiley münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı və yeni-yeni uğurlar arzulayıram. Sağ olun.  

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun çıxışı 

- Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev!

Hörmətli qonaqlar!

Əziz müəllimlər və tələbələr!

Xanımlar və cənablar!

İcazə verin, ilk növbədə, sizin hamınızı Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetində salamlayım və qonaqlarımıza bu qocaman elm və təhsil məbədinə "Xoş gəlmişsiniz!" deyim.

Möhtərəm cənab Prezident, artıq biz Sizin nitqinizi dinlədik. Bu proqram xarakterli tarixi bir çıxış idi. Buna görə universitetimizin kollektivi adından Sizə öz minnətdarlığımızı bildiririk. Siz çıxışınızda universitetin kollektivinin ünvanına çox xoş sözlər dediniz. Biz bunu məmnuniyyətlə qəbul edirik və öz əməli fəaliyyətimizdə həmişə rəhbər tutacağıq.

Hörmətli tədbir iştirakçıları, iki gün bundan öncə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Bakı Dövlət Universitetinin bir qrup aliminə - 107 nəfərə Azərbaycanın ən böyük mükafatları, fəxri adları verilmişdir. Bu, universitetə olan böyük diqqətdir, böyük qayğıdır. Nəinki universitetə, mən hesab edirəm ki, Azərbaycan elminə, Azərbaycan təhsilinə böyük diqqət və qayğıdır. Ona görə cənab Prezident, icazə verin, bütün təhsil işçiləri adından, o cümlədən Bakı Dövlət Universitetinin kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirək.

Bu gün biz çox şadıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilə birlikdə Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da burada iştirak edir. Onun bütün fəaliyyəti həmişə bizi şərəfləndiribdir. O, bizim qürur yerimiz olubdur. Bütün sahələrə kömək və dəstək veribdir. İcazə verin, bu tarixi fəaliyyətinə görə hörmətli Mehriban xanıma da öz təşəkkürümüzü bildirək.

Bakı Dövlət Universitetinin şanlı yubileyində Avropadan, Asiyadan, ümumiyyətlə, dünyanın ən aparıcı universitetlərinin rektorları, nümayəndə heyətləri iştirak edirlər. İcazə verin, bütün kollektiv adından, bütün tədbir iştirakçıları adından qonaqlarımızı bu qocaman elm və təhsil məbədində bir daha salamlayaq.

Mən çıxışımı ümummilli liderimiz Heydər Əliyevin tarixi sözləri ilə başlamaq istəyirəm: "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir". Universitetimiz bu milli sərvət adını qazanmaq yolunda hansı acılı-ağrılı günlərdən keçib, hansı nailiyyətlər əldə edib və bu gün gələcək haqqında nə düşünür - bu istiqamətdə qısa çıxışımı sizin nəzərinizə çatdırmaq istəyirəm.

Bakı Dövlət Universiteti hər zaman xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, maarifçilik ideologiyasının bərqərar olması, elm və təhsilin inkişafı, Azərbaycan dili və tarixinin sistemli şəkildə tədqiqi və Azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynamışdır. Hələ 90 il bundan əvvəl universitetin ilk rektoru Vasili İvanoviç Razumovski demişdir: "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni bir parlaq səhifə yazıldı. Avropa və Asiyanın qovuşuğunda yeni məşəl yandı. Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram".

Yarandığı gündən indiyə qədərki bütün fəaliyyəti ilə Bakı Dövlət Universiteti həmin sözləri həqiqətə çevirmişdir. XX əsrin əvvəllərində Azərbaycan demokratik respublika qurmaqla xalqımız Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirdi. Mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müsəlman Şərqində ilk Avropa tipli ali məktəbin - Bakı Dövlət Universitetinin yaranması oldu. Xalqın maariflənməsini və təhsilin inkişafını düşünən Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin - Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Behbud xan Cavanşir və başqalarının başlıca arzularından biri universitet açmaq idi. Qeyd etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin yaradılmasında tarixi xidmətlər göstərmiş bu vətənpərvər ziyalıların əksəriyyəti Avropanın qabaqcıl universitetlərində təhsil almışdılar. Parlamentdə 10 ay sürən gərgin mübahisə və müzakirələrdən sonra onlar həyatlarının bəlkə də ən böyük arzusuna qovuşdular. Müstəqil dövlətin müstəqil ali təhsil ocağını - Bakı Dövlət Universitetini yarada bildilər.

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı bir çox təsisatlar, dövlət rəmzləri ləğv edilmiş, ilk müstəqil dövlətimizin özü kimi onlar da yalnız arxiv sənədlərində qalmış, vətənpərvər insanların xatirələrində yaşamışdır.

Xalq Cümhuriyyətinin yaratdığı möhtəşəm elm abidəsi - Bakı Dövlət Universiteti isə təzyiqlərə davam gətirmiş, uzun illər sınaqdan alnıaçıq, şərəflə çıxmış, vətən övladlarına ziya vermək amalını qoruyub saxlamışdır. Azərbaycan mədəniyyəti, elmi, ziyalılığı tarixinə qanlı hərflərlə yazılan 1937-ci il özündə milli təəssübkeşliyi təcəssüm etdirən Bakı Dövlət Universitetinə ağır zərbələr vurdu. 90 illik yubiley ərəfəsində arxiv materiallarını araşdırarkən belə bir acınacaqlı fakt da aşkarlandı ki, təkcə 1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin universitetin rektoru olmuş dörd görkəmli ziyalı - Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkərim Ələkbərli, Balabəy Həsənbəyov ən ağır cəzaya - güllələnməyə məhkum edilmişlər. Bu insanların hər birinin Azərbaycan ziyalılığının formalaşmasında və təşəkkülündə müstəsna xidmətləri olmuşdur.

1930-cu illərin repressiyalarına, İkinci Dünya müharibəsi illərindəki itkilərə baxmayaraq, artıq 1945-1950-ci illərdə Bakı Dövlət Universiteti Azərbaycanda elmi məktəblərin formalaşmasında, fundamental elm sahələrinin əsaslı inkişafında əvəzsiz rolu olan yüzlərlə dəyərli alim yetişdirə bilmişdir. Böyük şərəf hissi duyuruq ki, elmin yüksək zirvələrini fəth etmiş dünya şöhrətli alimlər - Yusif Məmmədəliyev, Abdulla Qarayev, Cəfər Xəndan Hacıyev, Şəfayət Mehdiyev, Zahid Xəlilov, Həsən Əliyev, Murtuza Nağıyev, Mir Cəlal Paşayev, Musa Əliyev, Həmid Araslı, Bəkir çobanzadə, Nəsir İmanquliyev, Feyzulla Qasımzadə, Heydər Hüseynov, Bəxtiyar Vahabzadə, Mirəli Qaşqay və bir çox başqaları Bakı Dövlət Universitetində çalışmışlar.

Universitet bugünkü fəaliyyətinə görə məhz yuxarıda adlarını çəkdiyim, həmçinin burada vaxt məhdudiyyəti üzündən adlarını çəkə bilmədiyim yüzlərlə elm və təhsil fədaisinin həyatlarının ən mənalı hissəsini bu möhtəşəm elm və təhsil ocağına həsr edən təkrarsız insanlara borcludur.

Universitetin inkişafında yeni keyfiyyət mərhələsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev məzunu olduğu elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədinə - Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla yanaşır, ona hər cür qayğı göstərirdi. Heydər Əliyev cəmiyyətin tərəqqisi, elm, mədəniyyət və mənəviyyatın inkişafında təhsilin qüdrətli vasitə olduğunu bilirdi, ona diqqət və qayğını dövlət səviyyəsində prioritet prinsip kimi ön plana çəkirdi. Bu amil Azərbaycanda 1970-ci illərdən başlayaraq Heydər Əliyev epoxasının ölkəmizin mənəvi yüksəliş tarixinin inkaredilməz reallığıdır.

Əlamətdar haldır ki, düz 40 il bundan əvvəl - 1969-cu il noyabr ayının 1-də Heydər Əliyev məhz Bakı Dövlət Universitetinin 50 illik yubileyində yubiley komissiyasının sədri kimi Azərbaycan elminin və təhsilinin inkişaf strategiyasını müəyyənləşdirən möhtəşəm bir nitq söyləmişdir. Onu da xüsusi vurğulamaq istərdim ki, sovet rejiminin bütün qadağalarına baxmayaraq, ulu öndər o dövr üçün inqilaba bərabər bir addım atmış - ana dilində nitq söyləmiş və bu, bütün Azərbaycan cəmiyyəti üçün milli ruha və özünüdərkə qayıdış anı olmuşdur.

Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də gənclərimizi keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə təhsil almağa göndərməsi idi. Bu yolla həm Azərbaycanın elmi və kadr potensialı yüksəlir, həm də xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin təbliği həyata keçirilirdi. 1969-1982-ci illərdə 15 minə yaxın istedadlı gənc Moskva, Leninqrad, Kiyev, keçmiş Sovetlər Birliyinin başqa böyük şəhərlərinin aparıcı universitetlərinə oxumağa göndərilmişdir. İndi həmin gənclər respublikamızda ziyalı təbəqəsinin, elmin, təhsilin və ictimai həyatın digər sahələrinin aparıcı şəxsləri, dövlət idarəçiliyində ali struktur rəhbərləridirlər. Müxtəlif universitetləri bitirdiklərinə baxmayaraq, mən onları Heydər Əliyev universitetinin yetişdirmələri adlandırıram.

Yeri gəlmişkən deyim ki, bu gün həmin siyasəti Prezidentimiz İlham Əliyev qlobal cəmiyyət müstəvisində uğurla davam etdirir. Prezidentin 5 min nəfər istedadlı gəncin dövlət vəsaiti hesabına Avropa və Asiyanın aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi barədə qəbul etdiyi qərar və bununla bağlı imzaladığı sərəncamlar Azərbaycanın qlobal cəmiyyət məkanına inteqrasiyası prosesində çox uğurlu addımdır.

1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Bakı Dövlət Universitetini yaddan çıxarmadı, dövlətin yaradılıb möhkəmlənməsində onun rolunu çox yüksək qiymətləndirdi. Həmin dövrdə Bakı Dövlət Universiteti çox acınacaqlı durumda idi. Tədrisin səviyyəsi aşağı düşmüş, kollektivdə gələcəyə inam hissi qalmamışdı. Təkcə bizim universitet deyil, respublikanın digər təhsil müəssisələri, Milli Elmlər Akademiyası da dağılmaq təhlükəsi ilə üzləşmişdi.

Bir məsələ xüsusi vurğulanmalıdır ki, həmin dövrdə respublikanın üzdə olan bir çox alimləri xarici ölkələrdə çalışmaq məcburiyyətində qalmışdılar. Məhz Heydər Əliyevin qayıdışı və "Təhsil xalqın gələcəyidir" tarixi çağırışı bütün elmi və pedaqoji ictimaiyyətdə, o cümlədən Bakı Dövlət Univesitetinin kollektivində gələcəyə inam hissi oyatdı və bundan sonra alimlərimizin də Vətənə qayıdışı prosesi başlandı.

Bu gün də biz həmin siyasətin davamının şahidiyik. Cəmiyyətin inkişaf konsepsiyasını dəqiq müəyyənləşdirən Prezidentimiz İlham Əliyev bu gün həmin çağırışı qlobal müstəviyə keçirərək, ölkənin iqtisadi potensialını intellekt kapitalına çevirmək istiqamətində Azərbaycan üçün taleyüklü addım atır. çünki müasir dünyada dövlətlərin mövqeyini əhalisinin sayı, ərazisi, hərbi qüdrəti yox, yalnız intellektual inkişafı, yəni elm və təhsilin səviyyəsi müəyyənləşdirir. Biz ziyalılar hesab edirik ki, çox da uzaq olmayan gələcəkdə əsgərlərin süngülərini qələm əvəz edəcək və qələmdən məharətlə istifadə edən insanlar ölkənin, cəmiyyətin inkişafında daha da həlledici rol oynayacaqlar.

Bu istiqamətdə inkişafa böyük diqqət və qayğı göstərən möhtərəm Prezidentimizin apardığı məqsədyönlü və ardıcıl siyasət elm və təhsil sahəsində 26 dövlət proqramının qəbulu, nou-hau tipli innovasiya texnologiyalarının respublikaya transferi və başqa taleyüklü qərarlarla səciyyələnir. Bu siyasətin ən bariz nümunələrindən birini Bakı Dövlət Universitetinin timsalında əyani şəkildə görmək olar. İnkişafının yeni mərhələsini yaşayan universitetimizdə məhz Prezidentin qayğısı və birbaşa dəstəyi ilə yalnız son bir ildə 4 min tələbənin təhsil aldığı ən müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş yeni tədris binası, yeni idman kompleksi, 500 əməkdaş üçün 2 müasir yaşayış kompleksi tikilib istifadəyə verilmişdir.

Hörmətli yubiley iştirakçıları, möhtərəm Prezidentimiz İlham Əliyevin tarixi xidmətlərini yalnız universitetlə məhdudlaşdırmaq olmaz. Onun ümumilikdə Azərbaycan elmi və təhsili qarşısında müstəsna xidmətləri vardır. Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun yüksəldilməsində, ölkə iqtisadiyyatının sürətli inkişafında, siyasi sabitliyin qorunub saxlanmasındakı misilsiz xidmətlərini nəzərə alan universitetin Elmi Şurası son iclasında Prezident İlham Əliyevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi barədə qərar qəbul etmişdir.

Hörmətli toplantı iştirakçıları, icazə verin, sonda bu şanlı yubiley münasibətilə bir daha hər birinizi təbrik edim və dediyim tarixi missiyanı həyata keçirmək üçün möhtərəm Prezidentimizi səhnəyə dəvət edim.

***

BDU-nun rektoru Abel Məhərrəmov dövlətimizin başçısına fəxri doktorluq mantiyasını və diplomunu təqdim etdi.

Prezident İlham ƏLİYEV təşəkkür edərək dedi: - Sağ olun. Bakı Dövlət Universitetinin Fəxri doktoru adının verilməsi mənim üçün böyük şərəfdir. Mən müxtəlif universitetlərin fəxri doktoruyam. Ancaq, əlbəttə ki, mənim üçün ən doğma olan Bakı Dövlət Universitetinin fəxri doktoru adını almaq xüsusi məmnunluq hissləri oyadır. Mənim fəaliyyətimə verilən bu yüksək qiymətə görə sizə bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin hərtərəfli inkişafı üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.

***

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor SADOVNİçİ çıxış edərək dedi:

- Möhtərəm İlham Heydər oğlu, icazə verin, bütün nümayəndə heyətləri adından, Moskva Dövlət Universiteti adından Bakı Dövlət Universitetinin Fəxri doktoru kimi çox yüksək ada layiq görülməyiniz münasibətilə Sizi təbrik edim.

Hörmətli Prezident!

Hörmətli həmkarlar!

Əziz rektor!

Bu gün biz, həqiqətən, çox əlamətdar bir tədbirdə - universitetin yubileyində iştirak edirik. Universitetin yubileyi hər bir ölkə üçün əlamətdar hadisədir. çünki məhz universitetlər ölkənin gələcəyinin cəmləşdiyi məkandır. ölkənin gələcəyinin necə olacağı məhz universitetlərdən asılıdır. Biz hamımız böhran adlandırılan dəhşətli dövrü yaşadıq. Lakin həm böhran, həm də cəmiyyətdəki digər təzahürlər, adətən, texnoloji sistemlərin dəyişməsi ilə əlaqədardır. Texnologiyalar dəyişir, - bəşəriyyətin bütün tarixi boyu çox texnologiyalar dəyişmişdir, - insanlar stress keçirir, bu və ya digər sarsıntılara məruz qalırlar. Yalnız güclü elmə malik olan və təhsili dəstəkləyən ölkə bu sarsıntılardan tez və itkisiz çıxa bilər. İndi demək olar ki, bütün alimlər belə bir suala cavab axtarırlar: "Yeni texnoloji sistem necə olacaq, bəşəriyyəti nə gözləyir?". Mənasız sual deyil, çünki bu, faktdır ki, bizi əhatə edən materiyanın yalnız 5 faizini anlayırıq, 95 faizinin isə mənşəyindən xəbərsizik. Hər şey hələ irəlidədir. Alimlərin əksəriyyətinin fikrincə, yeni texnoloji sistem nanotexnologiyalar, biotexnologiyalar, koqnitiv adlanan elmlərin, insan haqqında, beyin haqqında, psixologiya haqqında elmlərin məcmusu olacaqdır. Təbii ki, buna görə də ölkələrimiz yeni texnoloji sistemi qəbul etməyə hazır olmalıdırlar. Mən çox şadam ki, Azərbaycan universitetinin ölkə üçün belə mütəxəssislər hazırlamaqdan ötrü yetərincə bazisi və imkanları vardır. çünki universitet şərəfli tarixə malikdir. Bütün 90 il ərzində universitet digər universitetlərin ən yaxşı nümunələrini əxz etmişdir. İndi bu mərasimdə iştirak edən rektorların əksəriyyəti deyə bilərlər ki, biz də universitetlə əməkdaşlıq etmişik. Moskva Universitetinin rektoru kimi, mən də deyə bilərəm ki, biz də Bakı Dövlət Universiteti ilə əməkdaşlıq etmişik.

Dəfələrlə Bakıya müxtəlif konfranslarda, dissertasiyalara opponentlik etmək üçün gəldiyim illəri xatırlayıram. Bəlkə də 10-dan çox dissertasiyaya opponentlik etmişəm, rəy yazmışam. Mən Azərbaycan xalqının ölkədə elmin inkişafı üçün çox işlər görmüş görkəmli nümayəndələrini, ilk növbədə, mənə daha yaxın olan riyaziyyatçıları xatırlayıram. Bu, Elmlər Akademiyasının prezidenti Xəlilov, Elmlər Akademiyasının prezidenti Maqsudov, gözəl alimlər Rəsulov, Allahverdiyev, - bəlkə də o, indi buradadır, - və onlarla başqalarıdır. Salona daxil olmazdan əvvəl dəhlizdə çox insanlarla söhbət etdim. Onlar bu və ya digər kafedra, bu və ya digər professor barədə soruşur, harada müdafiə etdiklərindən danışır, qonaq gələcəklərini deyirdilər. Hörmətli dostlar, Bakı Universitetinin professorları, bu, o deməkdir ki, tariximizin və ənənələrimizin ümumi cəhətləri çoxdur.

Mən tariximizin Heydər Əlirza oğlu Əliyev ilə bağlı səhifələrini xüsusilə xatırlamaq istərdim. İş elə gətirmişdir ki, Heydər Əlirza oğlu SSRİ Nazirlər Sovetində işləyərkən Moskva Universitetinə kuratorluq edirdi. O zaman Moskva Universiteti çətin vəziyyətə düşmüşdü. O vaxtkı nazir, - bu, həmişə belə olur, bütün ölkələrdə olduğu kimi, nazirlər aparıcı universitetlərə bir qədər ehtiyatla yanaşırlar, - Moskva Universitetinə təzyiq göstərməyə başlamışdı. Elə onda Heydər Əlirza oğlu Moskva Universitetinin inkişaf proqramını yaratdı. Gənc ictimai xadim kimi mənə bu proqramın həyata keçirilməsinə kuratorluq etmək tapşırılmışdı. Sonralar Heydər Əlirza oğlu ilə dəfələrlə görüşərək ona universitetdəki vəziyyət barədə məlumat verirdim, o isə bütün soyadları xatırlayırdı və məndən kimin nə ilə məşğul olduğunu, Moskva Universitetində görüşdüyü bütün professorları soruşurdu. Mən Azərbaycan xalqının görkəmli oğlunun Moskva Universitetinin inkişafına töhfələrindən danışdım. ölkə üçün görülən işlərdən burada danışılmışdır və hələ çox danışılacaq, çünki Heydər Əlirza oğlu Azərbaycan xalqının tarixində, həqiqətən, dönüş mərhələlərinin əsasını qoymuşdur.

Nəhayət, bugünkü gün. Bilirsiniz, mən çox şadam. Düşünürəm ki, biz hamımız taleyə, tarixə minnətdar olmalıyıq ki, indi dövləti layiqli Prezident İlham Heydər oğlu Əliyev idarə edir. Bunu ona görə deyirəm ki, Prezidentin təhsilin - həm ali, həm də orta təhsilin dəstəklənməsinə dair göstərişinə əsasən görülən böyük işlərdən və onların nəticələrindən xəbərim vardır. Düşünürəm ki, heç bir ölkə Azərbaycanda olduğu kimi, məktəblərə dəstək üzrə belə göstəricilər ortaya qoya bilməz. Praktiki olaraq bütün məktəblər təmir edilmişdir, avadanlıqla təchiz olunur və ən başlıcası məktəb proqramı daim Prezidentin və onun hörmətli həyat yoldaşının, ölkənin birinci xanımının diqqət mərkəzindədir. Buna görə təkcə azərbaycanlılar deyil, biz hamımız minnətdar olmalıyıq. çünki universitetlərin, məktəblərin himayə olunması beynəlmiləl məsələdir, bəşəriyyətin ümumi inkişafıdır. Əgər bir ölkədə universitetlərə və məktəblərə kömək göstərilirsə, bu, bütün dünyaya xidmət deməkdir. Buna görə, İlham Heydər oğlu, Sizə həqiqətən, çox-çox minnətdarıq.

Tarixin daha bir səhifəsi barədə danışmaq istəyirəm. İki il bundan əvvəl Prezident tərəfindən qəbul edilmək şərəfinə nail oldum və həmin görüşdə Moskva Universitetinin Bakıda filialının yaradılması ideyası meydana gəldi. Bilirsiniz, bu ideya Prezident tərəfindən dəstəkləndi və görünməyən sürət və keyfiyyətlə həyata keçirildi. İndi Bakıda Moskva Universitetinin filialı fəaliyyət göstərir. Orada 200-ə yaxın tələbə təhsil alır. Həmin filialda dörd fakültə - riyaziyyat, kimya, filologiya, psixologiya fakültələri yaradılmışdır. Bu filialın gözəl perspektivləri vardır. Filialın möhtəşəm kampusunun tikintisi nəzərdə tutulur. Hesab edirəm ki, Moskva Universiteti Bakıda belə elmi bazanın yaradılması üçün hər şeyi edəcəkdir. Biz çalışacağıq ki, gənclər müxtəlif universitetlərdə təhsil alsınlar, mobil imkanları olsun. Bizim filial isə onların kosmik ənginliklərə uçuşları üçün start meydançası, bir növ Baykonur olacaqdır. Filiala kömək göstərdiyinizə görə Sizə "Sağ olun" deyirəm.

Nəhayət, sonda demək istəyirəm ki, Bakı Universiteti mənim üçün əzizdir. Universitet həyatımla bağlı müxtəlif səbəblərə - burada çox olmağıma, opponentlik etdiyimə, çoxlarını tanıdığıma görə mənə əzizdir. Doktorluq dissertasiyamı müdafiə etdiyim gün, bu çoxdan olmuşdur, mən Bakıya gəldim. Biz burada, dənizin sahilində, Zuğulbada yaşayırdıq. Bu hadisə ilə əlaqədar orada kiçik konfrans keçirildi. Bu, həyatımın ən parlaq səhifələrindən biridir. Təsəvvür edirsiniz, insan 30 yaşında doktorluq dissertasiyasını müdafiə edib, dostlarının yanına gəlib, konfrans keçirilir. Bu, qəlbimə həkk olunub. Buna görə də mən Bakı Universitetini, onun rektorunu, yeri gəlmişkən, Moskva Universitetinin məzununu səmimi-qəlbdən təbrik edirəm. Zalda rektor Abel Məmməd oğlu Məhərrəmovun müəllimi, dünyanın görkəmli kimyaçısı, akademik Nikolay Serafimoviç Zefirov, habelə kimya fakültəsinin dekanı, görkəmli kimyaçı, akademik Lunin əyləşmişlər. Biz gəlmişik ki, - burada Moskva Universitetindən 40 nəfər - filialda dərs deyənlər və qonaqlar vardır, - Abel Məmməd oğlu, sizi gözəl yubileyiniz münasibətilə təbrik edək. Xahiş edirik, bizim kiçik hədiyyələrimizi qəbul edəsiniz. Gətirdiyimiz kitabların bir hissəsini sizə təqdim etmək istəyirik. Bu, nadir nəşrlərdir - klassik universitet dərslikləridir. Bu, klassik universitet fənlərinin dərslikləridir. Bütün 250 dərslik Bakı Universitetinə hədiyyə ediləcəkdir.

İlham Heydər oğlu, Siz Moskva Universitetinin fəxri professorusunuz, bir neçə il bundan əvvəl bu yüksək ada layiq görülmüşsünüz. Sizə nadir hədiyyə təqdim etməyi məndən xahiş etmişlər. Bu, Moskva Universitetinin minadan hazırlanmış rəmzidir və ən başlıcası yeganə nüsxədə hazırlanmışdır. İcazə verin onu Sizə təqdim edim.

***

Akademik Viktor Sadovniçi hədiyyəni Prezident İlham Əliyevə təqdim etdi.

***

Türkiyənin Atatürk Universitetinin rektoru Hikmət KOçAK ulu öndər Heydər Əliyevin və Atatürkün Azərbaycan-Türkiyə münasibətlərinə verdiyi mühüm töhfələri xatırladaraq dedi: - Mərhum Prezident Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün "Sizin kədəriniz bizim kədərimiz, sizin sevinciniz bizim sevincimiz" ifadələrinin təcəssüm tapdığı yerlərdən biri də Ərzurumdur. Biz Türkiyəni və Azərbaycanı belə görürük. Bu duyğular içərisində olan Atatürk Universiteti də daha əvvəl qəbul etdiyi qərarı, hörmətli Prezident İlham Əliyevə Atatürk Universitetinin Fəxri doktoru adını təqdim etmək istədiyimizi və qəbul edərsə bizi sevindirəcəyini bildirmişdik. Bu gün fəxri doktor adını Bakı Dövlət Universitetindən aldınız. İnşallah, biz fəxri doktor adını Zati-alilərinə özünün münasib bildiyi bir vaxtda təqdim etmək istəyirik. çünki mərhum Prezident Heydər Əliyev də bizim universitetin fəxri doktoru adını almış böyüklərimizdən biri idi.

Atatürk Universiteti olaraq və Türkiyədən gələn dostlarım adından neçə belə müvəffəqiyyətli 90 illər keçirməyiniz diləyi ilə öz adımdan və dostlarım adından hamınızı hörmətlə salamlayıram.

***

Tbilisi Dövlət Universitetinin rektoru, professor Giorgi XUBUA da mərasim iştirakçılarına təbriklərini çatdıraraq bildirdi: - Cənab İlham Əliyevə Tbilisi Dövlət Universitetinin fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edilmişdir. Cənab Prezident, ümidvarıq ki, tezliklə Sizi Tbilisi Dövlət Universitetinin qonağı kimi salamlamaq və fəxri doktor adı almağınız barədə diplomu Sizə təqdim etmək imkanımız olacaqdır.

Azərbaycan və Gürcüstan təkcə qonşu deyildir. Biz çox böyük dostlar, strateji tərəfdaşlarıq. Qonşuluq bir-birimiz haqqında çoxlu biliklərə malik olmağımızı tələb edir və bu baxımdan, universitetlərimizin xüsusi missiyaları vardır. Biz istəyirik ki, Gürcüstanda Azərbaycan haqqında, Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi haqqında bilsinlər. Bu baxımdan, universitetimiz, həqiqətən, fəxr edə bilər. İki il əvvəl biz Azərbaycanşünaslıq üzrə yeni akademik kurs yaratmışıq və tələbələrimiz bu kursa böyük maraq göstərirlər. Universitetimizdə Azərbaycan auditoriyası da uğurla fəaliyyət göstərir. Yeri gəlmişkən, bu auditoriya Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə açılmışdır. Azərbaycan auditoriyasının ideyası və fəlsəfəsi bundan ibarətdir ki, auditoriyaya daxil olan hər bir tələbə Azərbaycanın ruhunu hiss etsin. Mən çox şadam ki, tələbələrimiz arasında belə bir deyim yaranmışdır - onlar Azərbaycan ədəbiyyatına dair mühazirələri dinləməyə gedəndə söyləyirlər: "Gəl, azərbaycanlıların yanına gedək". Bunu eşitmək çox xoşdur. Düşünürəm ki, universitetlərimiz regional inteqrasiya baxımından çox işlər görməlidir.

Azərbaycan-Gürcüstan dostluğunun bundan sonra da möhkəmlənəcəyinə əminliyini  vurğulayan qonaq təbriklərini  çatdıraraq  bildirmişdir: - Bir daha Bakı Dövlət Universitetini şanlı yubiley münasibətilə təbrik edirəm. Bakı Dövlət Universitetinin bütün professorlarını, bütün tələbələrini, bütün nəsillərdən olan məzunlarını yubiley münasibətilə təbrik edirəm. Bir daha sizə böyük uğurlar arzulayıram.

***

Tehran Universitetinin rektoru, professor Nəsrətollah ZANQHAM da BDU-nun yubileyi münasibətilə təbriklərini çatdıraraq söylədi: - Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan və İran universitetləri arasında həm mədəni, həm də digər göstəricilər baxımından iki əsas oxşarlıq vardır. İranın Kiş beynəlxalq kampusu ilə Bakı Dövlət Universitetinin çox uzun təhsil və tələbə mübadiləsi əlaqələri vardır. Biz belə düşünürük ki, bir çox sahələr üzrə faydalı əməkdaşlıq edə bilərik. İki qonşu dövlət arasında bu sahədə görüləcək işlər vardır. Biz böyük həvəs hissi ilə universitetlərimiz arasında əməkdaşlığın daha da genişləndirilməsini istəyirik və bunun əzmindəyik.

Fürsətdən istifadə edərək, mən hamınıza uğurlar arzu etmək istəyirəm. Təşəkkür edirəm.

***

ölkəsi ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Lev Qumilyov adına Qazaxıstan Avrasiya Milli Universitetinin rektoru Baxitjan ABDRAİMOV Bakı Dövlət Universitetinin mənəvi dəyərlərin təbliğindəki rolunu vurğulayaraq bildirdi: - Həm universitetlərimiz, həm də xalqlarımız arasında hazırkı münasibət çox yüksək səviyyədədir. Qazaxıstanda, Almatıda və digər şəhərlərimizdə sülh şəraitində yaşayan 100 mindən çox azərbaycanlının öz ana dillində təhsil almaq imkanları vardır. Azərbaycan ilə Qazaxıstanın qardaşlıq münasibətləri çox böyük tarixi köklərə malikdir. Tarix boyunca bu qardaşlıq münasibətinə ləkə gətirən, kölgə salan elə bir hadisə olmamışdır. Bu gün də münasibətlərimiz prezidentlər səviyyəsində təşəkkül tapır. Prezident İlham Əliyev bu münasibətlərin inkişafına çox böyük töhfə vermişdir. Müstəqillik dövründə dövlətlərimiz arasında 65 rəsmi sənəd imzalanmışdır. Onlardan biri bu yaxınlarda imzalanmış Naxçıvan Bəyannaməsidir. Həmin bəyannamə türkdilli dövlətlər üçün çox vacibdir. Burada aydın bildirilmişdir ki, bu münasibətlər nə qədər vacibdir.

Avrasiya Milli Universiteti haqqında danışarkən demək istərdim ki, universitetimizdə Heydər Əliyev guşəsi vardır. Məncə, bu da xalqlarımız arasındakı sıx əlaqənin bir nümunəsidir. Guşədə tələbələr Azərbaycanın ümummilli liderinin həyatı və fəaliyyəti, həmçinin qardaş Azərbaycan xalqının milli adət-ənənələri haqqında zəngin məlumat əldə edə bilərlər.

Avrasiya Universitetləri Assosiasiyasının XI konqresində Bakı Dövlət Universiteti və Avrasiya Milli Universiteti qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalamışlar. Avrasiya məkanında əməkdaşlıq çox vacib və labüddür. Bir halda ki, xalqlarımız ümumi tarixə malikdirlər, qardaşlıq münasibətləri vardır və biz xalqlarımıza bu varis ənənələri inkişaf etdirmək fürsəti və imkanları yaratmalıyıq.

Qonaq iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminliyini bildirərək dedi: - Arzu edirik ki, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənsin və ölkələrimiz daha da inkişaf etsin.

***

Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunan mərasimdə iştirak edən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu təhsil ocağındakı Heydər Əliyev Muzeyinə baxdılar. 1996-cı ildə yaradılmış muzeydə universitetin dünya şöhrətli məzunu, xalqımızın ümummilli lideri, bu ali təhsil ocağının fəxri doktoru və qayğıkeşi olan dahi şəxsiyyət barədə tarixi sənədlər və materiallar toplanmışdır. Həmin materiallar universitetdə təhsil alan hər bir tələbə üçün örnəkdir.

Sonda xatirə şəkli çəkdirildi. 

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
6 Noyabr 2009 - ¹43
V.M.Məmmədəliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
F.F.Qasımzadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin 90 illik yubileyi keçirildi
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməli qoyulub
 
Malayziya universitetlərinin növbəti sərgisi keçirildi
 
"Qaynar xətt" xidmətinə sentyabr-oktyabr aylarında 62 müraciət daxil olub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan-Almaniya təhsil əlaqələri genişlənir
 
2008-2009-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
Təhsil ocağının 15 illik yubileyi qeyd olundu
 
Bölgələrdə peşə təhsilinə diqqət artır
 
Donuz qripindən necə qorunmalı?
 
Şahmat ənənələrini layiqincə davam etdirən məktəb
 
"Mənəviyyat və narkomaniya" mövzusunda tədbir keçirilib
 
Çikaqo Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov