Noyabrın 3-də Azərbaycan Beynəlxalq
Universitetində bu təhsil müəssisəsinin
yaranmasının 15 illiyinə həsr olunmuş təntənəli
yubiley mərasimi keçirildi.
ABU-nun Moskva filialı ilə təşkil olunmuş
tədbirdə, eyni zamanda Azərbaycan Respublikası
12 Noyabr Konstitusiya Günü "İnsan hüquqlarına
dair ümumi Bəyannamə"nin qəbul edilməsinin
ildönümü də qeyd olundu.
Mərasimdə ABU-nun rektoru, professor Elşad
Abdullayev çıxış edərək bildirdi ki, 15 illik
yubiley hər bir universitetin həyatında
əlamətdar hadisədir.O qeyd etdi ki, mərkəzində
ümummilli liderimiz Heydər Əliyevin əzəmətli
heykəli ucalan Azərbaycan Beynəlxalq
Universiteti fəaliyyəti dövründə sürətli inkişaf
yolu keçib. Hazırda universitetdə respublikada
həyata keçirilən təhsil islahatının tələblərinə
müvafiq olaraq maddi-texniki bazanın
möhkəmləndirilməsi, təhsilin məzmununun
təkmilləşdirilməsi, professor-müəllim heyəti və
tələbə kollektivinin mənəvi-psixoloji mühitinin
daha da yaxşılaşdırılması qarşıdakı fəaliyyət
dövrünün əsas vəzifələri hesab edilir.
Universitetin 28 fakültəsində fəaliyyət göstərən
57 kafedrada yüksək intellektual potensiala
malik professor-müəllim heyəti çalışır. Bütün
kollektiv Prezident İlham Əliyevin Azərbaycanın
elm və təhsilinə, ziyalı ordusuna diqqət və
qayğısına cavab olaraq çoxşaxəli yaradıcılıq
axtarışlarını əzmlə davam etdirir,
sosial-iqtisadi, humanitar, texniki və s.
sahələr üzrə müasir düşüncəyə, yeni
təlim-tərbiyə texnologiyaları və
innovasiyalarına, yüksək mənəvi və peşə-ixtisas
hazırlığına malik kadrlar hazırlamağı özünün
başlıca məqsəd və vəzifəsi hesab edir.
Sonra çıxış üçün söz Rusiya Federasiyasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Vladimir Doroxinə verildi. Mərasimə dəvət
edildiyinə görə təşəkkürünü bildirən səfir
yubiley münasibətilə Azərbaycan Beynəlxalq
Universitetinin rəhbərliyini, professor-müəllim
heyətini və tələbələri təbrik etdi, onlara ən
xoş arzularını çatdırdı. Vladimir Doroxin
Azərbaycanda olduğu müddətdə ölkəmizlə yaxından
tanışlığa imkan tapmasa da, gördüyü təhsil
müəssisələri haqqında çox yüksək fikirdə
olduğunu dedi. O, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin elm və təhsilə
daim xüsusi diqqət və qayğı ilə yanaşmasını,
ölkəmizdə təhsil sahəsinə digərlərinə nisbətən
daha artıq dövlət vəsaiti ayrılmasını
təqdirəlayiq hal kimi dəyərləndirdi.
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri V.Doroxin daha sonra qeyd
etdi ki, biz 70 ildən artıq bir müddətdə eyni
ölkədə yaşamışıq. Məhz bu səbəbdən ölkələrimiz
və xalqlarımız arasında hələ də müxtəlif
sahələrdə möhkəm əlaqələr mövcuddur. Hazırda
Rusiyada 5 mindən artıq azərbaycanlı təhsil
alır. Biz bununla fəxr edirik və
azərbaycanlılara verilən təqaüdlərin sayını
artırmağa çalışırıq.
Təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf
etdirilməsinin əhəmiyyətindən bəhs edən səfir bu
istiqamətdə bir sıra tədbirlərin həyata
keçirilməsinin zəruriliyini vurğuladı.
Azərbaycan Beynəlxalq Universitetinin Moskvada
filialı açılmış ilk təhsil müəssisəsi olduğunu
dedi və filialın 4 illik fəaliyyətindən söz
açdı.
Azərbaycan Beynəlxalq Universitetinin
prorektoru, pedaqoji elmlər doktoru, akademik
Hüseyn Əhmədov tədbirdə "Azərbaycan-Rusiya
elmi-pedaqoji əlaqələrinin
intensivləşdirilməsində ABU-nun rolu" mövzusunda
məruzə ilə çıxış etdi. Məruzədə iki ölkə
arasında tarixən mövcud olan elmi-pedaqoji
əlaqələrdən, bu əlaqələrin yaranmasında
xidmətləri olan ziyalılar və böyük
şəxsiyyətlərdən söz açıldı, ABU-da bu
istiqamətdə görülən işlər haqqında ətraflı
məlumat verildi və ayrı-ayrı sənədlər mərasim
iştirakçılarının diqqətinə çatdırıldı. ABU-nun
rektoru Elşad Abdullayev yubiley mərasimində
Moskva filialının "Vestnik" jurnalının 12 Noyabr
Konstitusiya Gününə və "İnsan hüquqlarına dair
ümumi Bəyannamə"nin qəbul edilməsinin ildönümünə
həsr olunmuş xüsusi buraxılışını nümayiş
etdirdi. Qeyd olundu ki, bu jurnalda
azərbaycanlı və rusiyalı hüquqşünasların insan
hüquqlarının mühafizəsi, bununla bağlı hüquq
normaları və s. haqqında çoxsaylı məqalələri
dərc olunmuşdur. Sonra filialın direktoru,
professor V.T.Tatarenko "Vətəndaşların
hüquqlarının "İnsan hüquqlarına dair ümumi
Bəyannamə" əsasında mühafizəsi" mövzusunda
məruzə etdi.
Mərasim təbrik nitqləri ilə davam etdi. çıxış
edənlər universitetin kollektivini yubiley
münasibətilə təbrik edərək gələcək
fəaliyyətlərində nailiyyətlər arzuladılar.
ABU-nun ümumtəhsil məktəbinin və məktəbəqədər
tərbiyə müəssisəsinin yetirmələrinin çıxışı
tədbir iştirakçılarının böyük marağına səbəb
oldu. Mərasimdə yubilyarlara mükafatlar, fəxri
fərmanlar, hədiyyələr və gül dəstələri təqdim
olundu.
Sonda professor-müəllim heyəti, tələbələr və
qonaqlar ümummilli lider Heydər Əliyevin
universitetin həyətində ucalan heykəli
qarşısında xatirə şəkli çəkdirdilər.
Hicran ƏKBƏROVA |