Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev "Azərbaycan Respublikasında texniki
peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı
(2007-2012-ci illər)"nın təsdiq edilməsi
haqqında 3 iyul 2007-ci il tarixli sərəncam
imzalamışdır. Dövlət Proqramından irəli gələn
vəzifələrin yerlərdə icrasına nəzarət
gücləndirilərək bu sahədə əsaslı dönüş
yaradılıb. Təkcə paytaxtda deyil,
respublikamızın digər bölgələrində fəaliyyət
göstərən peşə liseyi, xüsusi peşə və peşə
məktəblərinin fəaliyyətlərini müasir tələblər
səviyyəsində qurmaları da belə deməyə əsas
verir.
Quba Peşə Liseyi
1951-ci ildən kənd peşə məktəbi, sonralar 103
nömrəli texniki peşə məktəbi kimi fəaliyyət
göstərmişdir. 1996-cı ildə isə Quba Peşə Liseyi
statusu almış bu tədris ocağında hazırda 286
şagird təhsil alır ki, onların təlim-tərbiyəsi
ilə 25 müəllim, 19 istehsalat təlimi ustası
məşğul olur. Liseyin şagirdləri doğma
məktəblərində IX sinfi başa vurduqdan sonra bu
təhsil ocağına qəbul olur və burada 3 il
oxuyaraq seçdikləri peşələr üzrə diplomla
yanaşı, tam orta təhsili bitirmələri haqqında
liseyin attestatını da alırlar.
Liseyin direktoru Hüseynağa Baxışovun verdiyi
məlumata görə ötən tədris ilində liseyi bitirən
103 şagirdin hamısı oxuduqları peşə üzrə diplom
alıb. Onlardan 54 nəfəri isə ilk dəfə keçirilmiş
mərkəzləşdirilmiş test imtahanlarında uğur
qazandıqlarına görə orta təhsili bitirmələri
haqqında attestat da alıblar. Liseydə
genişprofilli traktorçu - maşınçı, təmirçi
çilingər, avtomobil sürücüləri - 3 illik,
avtomobil və kənd təsərrüfatı maşın və
avadanlıqlarının təmiri üzrə çilingər - 3 illik,
kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə
elektrik mantyoru - 3 illik, kənd təsərrüfatı
məhsulları istehsalı ustası, fermer - 3 illik,
vergi müvəkkili - 3 illik, əməliyyatçı mühasib -
1 illik kurslarda peşələr üzrə kadrlar
hazırlanır.
Bu təhsil ocağının 65 yerlik yataqxanasında
kənar yerdən gələnlərə və sosial vəziyyəti pis
olan şagirdlərə yer verilir. Liseydə müxtəlif
fənn kabinetləri, emalatxanalar,
laboratoriyalar, traktorların sürülməsi üçün
poliqon fəaliyyət göstərir. Laboratoriya və fənn
kabinetləri əyani vəsaitlə təmin edilmiş,
otaqlarda tədrisə aid plakatlar asılmışdır.
Liseyin kitabxanası latın qrafikalı ümumtəhsil
fənləri üzrə dərsliklərlə, bədii ədəbiyyat,
əyani vəsaitlər və bir sıra fənlər üzrə kompakt
disklərlə təchiz edilib.
İl ərzində tədris və yataqxana otaqları cari
təmir edilmiş, yataqxana üçün yataq dəstləri və
digər zəruri avadanlıqlar alınmış, siniflər yeni
şagird stulları ilə təmin edilmişdir.
Liseyin 2009-2010-cu tədris ili üçün iş planları
pedaqoji şurada müzakirə edilərək təsdiq
edilib.Şurada ayrı-ayrı fənlərin tədris
fəaliyyəti yoxlanılaraq müzakirə edilib,
fənlərin tədris vəziyyətinin yaxşılaşdırılması
üçün müvafiq tədbirlər görülüb.
Mühəndis-pedaqoji kollektivlə valideynlərin
birgə yığıncaqlarının keçirilməsi nəticəsində
şagirdlərin müvəffəqiyyət faizi və dərsə
davamiyyəti xeyli yaxşılaşmışdır. Həmçinin
metodiki şuranın iclaslarında da təhsilin
yüksəlməsinə xidmət edən təhsil islahatlarının
həyata keçirilməsi sahəsində məsələlər müzakirə
edilib. Metodiki komissiyaların rəyinə əsasən
yeni təlim metodları öyrənilir və tətbiq edilir.
Ən böyük üstünlük isə interaktiv təlim metoduna
verilmişdir. Liseydə İKT üzrə həm müəllimlərin,
həm də şagirdlərin maariflənməsi yönümündə
müəyyən iş görülmüş və görülməkdədir. Liseyin
müəllimləri mütəmadi olaraq ixtisasartırma
kurslarından keçir, interaktiv təlimi daha
dərindən öyrənməyə səy göstərirlər.
Quba Peşə Liseyi Təhsil Nazirliyinin müvafiq
əmrinə əsasən, 2008-ci il sentyabrın 15-dən
beşgünlük iş həftəsinə keçmişdir. Lisey mütəmadi
olaraq rayonda fəaliyyət göstərən orta
ümumtəhsil məktəbləri ilə sıx əlaqə saxlayır,
şagirdlərin peşələrə olan marağı öyrənilir,
rayonda və rayon ərazisində yerləşən müəssisə və
təşkilatların peşə kadrlarına olan ehtiyacları
haqqında məlumat toplanılır və bundan sonra
şagird qəbulu üçün zəruri tədbirlər görülür.
Bu tədris ocağında təhsil alan şagirdləri
müstəqil Azərbaycan Respublikasına layiqli
vətəndaş kimi yetişdirmək, onlarda vətənə,
xalqa, milli və bəşəri dəyərlərə məhəbbət hissi
aşılamaq üçün hərbi vətənpərvərlik tərbiyəsi
ruhunda müxtəlif tədbirlər həyata keçirilir.
İstehsalat təlimi məşğələlərində yeni texnika və
texnologiyaların öyrənilməsi məqsədi ilə
Aqrolizinqin Quba filialı ilə bağlanmış
müqaviləyə görə lisey məşğələlərini bu
təşkilatın bazasında təşkil edir.
Bir sözlə, liseyin pedaqoji və mühəndis
kollektivi daha yeni nailiyyətlər əldə etmək
üçün bu gün də səylə çalışır.
Quba xüsusi peşə məktəbi
Bu təlim-tərbiyə ocağı 1964-cü ildən xüsusi peşə
məktəbi kimi fəaliyyət göstərir. Məktəbin
direktoru Xalid Bayramov bizə məlumat verərək
bildirdi ki, xüsusi peşə məktəbləri qanunları
pozan yeniyetmələrin xüsusi şəraitdə tərbiyə
müəssisələridir. Və belə tərbiyə ocaqlarına
şagirdlər müxtəlif rayon və şəhər icra
hakimiyyətləri nəzdində fəaliyyət göstərən
müvafiq komissiyaların və ya ayrı-ayrı rayon
məhkəmələrinin qərarlarına əsasən Təhsil
Nazirliyinin göndərişi ilə qəbul edilirlər.
2009-cu ilin əvvəllərində məktəbdə 14 şagird
təhsil alırdı, sonralar daha 9 şagird tərbiyə
olunmaq üçün bu təlim-tərbiyə ocağına
göndərilib. 3 şagird isə 18 yaşının tamam olması
ilə əlaqədar məktəbdən azad edilib. Hazırda bu
təlim-tərbiyə müəssisəsində 20 şagird təhsil
alır ki, onların da təlim-tərbiyəsi ilə 2
tərbiyəçi, 2 istehsalat təlimi ustası və 4
ümumtəhsil fənn müəllimi məşğul olur.
Məktəbə qəbul olunan şagirdlər şəxsi işlərindəki
təhsil sənədlərinə uyğun olaraq müvafiq
siniflərdə ümumtəhsillərini davam etdirir və
paralel olaraq 10 şagird sayı ilə
komplektləşdirilmiş istehsalat qruplarında peşə
təhsili alır.
Şagirdlər məktəbdə tam dövlət təminatındadırlar
və Təhsil Nazirliyinin müəyyən etdiyi normalar
əsasında yemək, ayaqqabı, geyim və yataq
ləvazimatları ilə təmin olunurlar. 2009-cu ildə
burada tərbiyə olunan şagirdlər üçün 5465
manatlıq paltar, ayaqqabı və yataq
ləvazimatları, 3990 manatlıq isə müxtəlif
inventarlar alınmışdır.
Son iki il ərzində əsas korpusda 328 m2 dam
örtüyü təzələnmiş, inzibati bina, yeməkxana,
yataqxana, akt zalı, tibb məntəqəsi və tədris
otaqları cari təmir edilmiş, suvaqçı-rəngsaz
emalatxanası yenidən qurularaq lazımi
avadanlıqlarla təchiz olunmuşdur.
Müəssisədə idman avadanlığı çatışmır. Binalarda
vahid istilik sistemi olmadığından otaqlar
odunla, qismən də qazla qızdırılır. Məktəbin
daimi suyu olsa da kanalizasiya xətti olmadığı
üçün çirkab quyularından istifadə edilir.
Məktəbdə tərbiyə olunan şagirdlərin əksəriyyəti
uğursuz ailələrdən olanlardır. 20 şagirddən 7
nəfərinin hər iki valideyni, 9 nəfərinin isə
valideynlərindən biri yoxdur.
Nizami MİRZƏ |