Təhsilin informasiyalaşdırılması üzrə
Azərbaycanın təcrübəsi oktyabrın 5-dən 9-dək
Cenevrədə keçirilən "ITU World Telecom 2009"
forumunda təqdim olunmuşdur.
Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki,
forum çərçivəsində keçirilən tədbirlərdə
ayrı-ayrı ölkələrin nümayəndələrinə Azərbaycan
Təhsil Şəbəkəsinin (AZEDUNET), Məlumat və Resurs
Mərkəzinin yaradılması, "Elektron məktəb" və
"Bir şagird- Bir kompüter" layihələri, həmçinin
Milli Tədris Portalı da daxil olmaqla müvafiq
Dövlət Proqramının müxtəlif komponentləri barədə
məlumatlar verilmişdir.
Eyni zamanda Azərbaycan təhsil sisteminin
informasiyalaşdırılması haqqında iki sənədli
film və "Elektron təhsil" jurnalının ingilis
dilində xüsusi buraxılışı təqdim olunmuşdur.
Forumda Azərbaycanın milli stendində informasiya
texnologiyalarının tətbiqi sahəsində ölkənin
qabaqcıl təcrübəsi nümayiş etdirilmişdir.
Şakir CƏFƏROV |