19-30 aprel 2010-cu il tarixlərində Bakı
şəhərində Qara Qarayev adına gənc pianoçuların
I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və
"Fortepiano Qara Qarayev yaradıcılığında" I
beynəlxalq elmi - ifaçılıq konfransı
keçiriləcək.
Müsabiqə və konfrans üzeyir Hacıbəyov adına Bakı
Musiqi Akademiyasının (BMA) 90 illik və orta
ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə
həsr olunur.
Qeyd edək ki, BMA-nın çoxillik təcrübəsini
beynəlxalq səviyyədə nümayiş etdirəcək konfrans
və müsabiqə təcrübənin ifaçılıq nəzəriyyəsi ilə
yaxınlaşdırılması, musiqi məzmununun
mahiyyətinin anlaşılmasını təmin edən yeni
eksperimental-yaradıcı metodlardan istifadə
olunması, professional vərdiş və biliklərin
kamilləşdirilməsi istiqamətində müəyyən
addımların atılmasına xidmət edir. Müsabiqə iki
mərhələdən ibarət olacaq və 10-25 yaşadək
musiqiçilər iştirak edəcək. Konfransda isə
yaşından asılı olmayaraq bütün pianoçuların
iştirakı nəzərdə tutulur. Müsabiqədən fərqli
olaraq, konfrans elmi və ifaçılıq hissələrindən
ibarət bütöv bir mərhələdə keçiriləcək.
Elmi-ifaçılıq konfrans-müsabiqəsinin
keçirilməsində əsas məqsəd Qara Qarayevin
yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə
təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin
qarşılıqlı vəhdəti, müxtəlif ölkələrin musiqi
mədəniyyətinin yaxınlaşdırılmasıdır.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən təşkil olunan müsabiqə və konfrans
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm
Nazirliyinin və Bəstəkarlar İttifaqının dəstəyi
ilə keçiriləcək.
Şakir CƏFƏROV |