Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Oktyabr 2009 - ¹40

 

Bakıda görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu keçirilib

 

 Oktyabrın 10-da Bakıda, "Buta" sarayında XX əsrin görkəmli şərqşünas alimi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumu işə başlamışdır.

 Milli Elmlər Akademiyasının və Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən simpoziumda dünyanın humanitar və ictimai elmlər sahəsində aparıcı elm mərkəzləri olan ABŞ-ın Corc Vaşinqton və Boston universitetlərinin, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun, Sankt-Peterburq Şərq Əlyazmaları İnstitutunun, eləcə də Fransa, İspaniya, Misir, Böyük Britaniya, Türkiyə, İran, Suriya, Əlcəzair, Latviya, Qazaxıstan və başqa ölkələrin tanınmış alimləri, elmi ictimaiyyətin nümayəndələri, habelə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak edirdilər.

Elmi tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, alimin qızı Mehriban Əliyeva iştirak etmişdir.

Salonda quraşdırılmış monitorlarda Aida İmanquliyevanın mənalı ömrünün müxtəlif məqamlarını əbədiləşdirən slaydlar nümayiş olunmuşdur.

Simpoziumu giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, tədbir mədəniyyətlərarası dialoqun davamıdır. Bu dialoq görkəmli şərqşünas alim, gözəl insan və pedaqoq Aida İmanquliyevanın elmi yaradıcılığının əsas mahiyyətini daha mükəmməl öyrənməyə xidmət edir. Simpoziumun professor Aida xanımın 70 illik yubileyinə həsr olunmasında da dərin rəmzi məna vardır. Azərbaycan Şərqlə Qərbin qovuşduğu məkanda yerləşdiyinə görə həm Qərbi, həm də Şərqi qavramaq üçün nadir imkanlar verir. Azərbaycanın ictimai həyatı və mədəniyyəti həm Şərqin, həm də Qərbin mütərəqqi ideya və dəyərlərini özündə yaşadır.

Müasir dünyamızın bir sıra qlobal siyasi, iqtisadi, sosial problemlərlə üzləşdiyini diqqətə çatdıran M.Kərimov Aida İmanquliyevanın bir fikrini yada salmışdır: "Şərqdə həyatın təkmilləşməsi üçün yalnız hissi aləm və fəlsəfi idrakın dərinliyi bəs olmadığı kimi, hələ mədəni nailiyyətlər və texniki tərəqqi də insanın mənəvi və sosial dirçəlişi üçün kifayət deyildir". Bu problemlərin həlli həm siyasi-iqtisadi, həm də elmi-mədəni müstəvidə Qərblə Şərqin dialoqundan keçir.

AMEA-nın prezidenti bildirmişdir ki, fəxr etdiyimiz müsəlman renessansının yaranması XII əsrin dahi şəxsiyyətlərindən olan və "Vəhdəti-vücud" nəzəriyyəsinin müəllifi İbn Ərəbi kimi insanların fəaliyyəti nəticəsində mümkün olmuşdur.

İbn Ərəbini həm də "şeyxül-əkbər" adlandırırdılar. Müasir dünyada sufiliyə artan maraq 1977-ci ildə Böyük Britaniyada İbn Ərəbi Cəmiyyətinin yaranmasına gətirib çıxarmışdır. Bu cəmiyyət 1984-cü ildən Böyük Britaniyada, 1987-ci ildən etibarən ABŞ-da hər il İbn Ərəbinin yaradıcılığına həsr olunmuş simpoziumlar keçirir.

Azərbaycanın klassik və müasir ədəbiyyatında İbn Ərəbinin ideyalarına rast gəlindiyini diqqətə çatdıran M.Kərimov demişdir ki, bu baxımdan növbəti simpoziumun Azərbaycanda keçirilməsi bizim üçün fəxrdir.

AMEA-nın prezidenti bildirmişdir ki, Beynəlxalq simpoziumda Şərq-Qərb elmi-mədəni əlaqələrini nəzəri problem kimi əsaslı və sistemli şəkildə tədqiq və təhlil edərək şərqşünaslıq elminin bu istiqamətində yeni mərhələ açan görkəmli alim Aida İmanquliyevanın yaradıcılığına, ortaq mənəvi dəyərləri, sivilizasiyaların yeni inkişaf mərhələsinin mədəni təməlini formalaşdıran amillərə, İbn Ərəbinin bədii, fəlsəfi yaradıcılığı ilə Azərbaycan klassik ədəbiyyatı arasında əlaqə və digər mövzulara həsr olunmuş məruzələr dinləniləcək, bu istiqamətdə müasir dünya elmini düşündürən problemlər ətraflı müzakirə olunacaqdır.

Növbəti simpoziumun Bakıda keçirilməsi ilə bağlı təklifi eşidəndə bir qədər təəccübləndiyini xatırladan İbn Ərəbi Cəmiyyətinin sədri Qrenvill Kollinz demişdir ki, biz Azərbaycanda İbn Ərəbi nəzəriyyəsini araşdıran alimlərin olmadığını düşünürdük. Ancaq sonradan məlum oldu ki, biz haqlı deyilik. Azərbaycanda İbn Ərəbi yaradıcılığı geniş tədqiq edilmişdir. Bu istiqamətdə görkəmli şərqşünas Aida İmanquliyevanın xidmətlərini xüsusi qeyd etmək istəyirəm.

Qrenvill Kollinz bildirmişdir ki, məhz Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş bu simpoziumun Bakıda keçirilməsi çox mühüm hadisədir.

Akademik Aleksandr Kudelin Rusiya Elmlər Akademiyasının prezidenti Yuri Osipovun təbrik məktubunu oxumuşdur.

Məktubda deyilir ki, simpozium dünyada sivilizasiyalararası dialoqun məntiqi davamıdır. Əhəmiyyəti olduqca böyük olan tədbirin gündəliyinə daxil edilmiş mövzular XXI əsrdə Şərq ilə Qərb arasında bərabərhüquqlu münasibətlərin təşəkkül tapmasına xidmət edir. Simpoziumun görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsinə həsr olunması alimin Azərbaycan elminə verdiyi töhfənin təsdiqidir. Aida İmanquliyeva şərqşünaslıq elminə böyük töhfələr vermiş, ərəb məhcər ədəbiyyatının tədqiq olunmasında məxsusi xidmətləri olmuşdur.

Beynəlxalq simpoziumun Bakıda keçirilməsinin görkəmli şərqşünas Aida İmanquliyevanın 70 illik yubileyinə layiqli elmi töhfə olduğunu diqqətə çatdıran Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar milli ədəbiyyatımızda Şərq-Qərb dialoqu mövzusuna toxunmuşdur. Şərqdə ilk dram əsərlərinin, ilk operanın, teatrın ölkəmizdə yaranması Azərbaycanın həmişə Qərb dəyərlərini və Şərq ruhunu birləşdirən bir məkan olduğunu göstərir. 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi, bu istiqamətdə keçirilən tədbirlər və elə bu simpoziumun özü sübut edir ki, Azərbaycan indi də Şərq və Qərb mədəniyyətlərinin inkişafına çalışır.

Azərbaycanda İbn Ərəbi yaradıcılığının geniş tədqiq olunmasını müsbət hal kimi qiymətləndirən amerikalı professor Seyid Hüseyn Nasr görkəmli alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş bu simpoziumun əhəmiyyətini vurğulamışdır.

Şərq filosoflarının dünya elminə verdiyi töhfələrin göz qabağında olduğunu qeyd edən Seyid Hüseyn Nasr bu istiqamətdə İbn Ərəbinin xidmətlərinin böyük olduğunu demişdir. Biz onun yaradıcılığını daha dərindən öyrənməliyik. Bakıya da məhz bu məqsədlə toplaşmışıq. Hesab edirəm ki, simpoziumun yaxşı nəticələri olacaqdır. Azərbaycan həmişə Şərq ilə Qərb arasında körpü rolunu oynamışdır. Simpozium Bakının Şərqlə Qərbin qovuşduğu məkan olduğunu bir daha nümayiş etdirir. Bakı həm müasirliyi, həm də keçmişi özündə birləşdirir.

İslam Konfransı Təşkilatı Parlament Assambleyasının baş katibi, professor Mahmud Erol Kılıc qeyd etmişdir ki, Aida İmanquliyeva yeni ərəb ədəbiyyatının tədqiqinə böyük töhfələr verən görkəmli Azərbaycan alimidir. Bu simpozium isə insanlığın, Azərbaycanın, bütün elm adamlarının xeyrinə xidmət edən bir tədbirdir.

Aida İmanquliyevanın qızı, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva görkəmli şərqşünasın şərəfli ömür yolu, nəsil şəcərəsi, təhsili, elmi, pedaqoji fəaliyyəti, təşkilatçılıq və idarəçilik bacarığı haqqında danışmışdır.

Bildirmişdir ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakıda 132 nömrəli orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində ali təhsil almışdır.

1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edən Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlmişdir. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri idi.

Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunmuşdur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaratmışdır.

üç monoqrafiya ("Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur.

Aida xanımın doğulduğu, böyüdüyü ailənin və gəlin gəldiyi ocağın Azərbaycan xalqının ədəbi-mədəni fikrində öz yeri və sanbalı vardır. Belə bir mühit Aida xanımın ədəbi-elmi yaradıcılıqla gərəyincə məşğul olması üçün mənəvi zəmin yaratmışdır. Aida xanımın atası Nəsir İmanquliyev Azərbaycanın çox məşhur mətbuat nümayəndələrindən biri olmuşdur. Aida xanım görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçmüşdür. Boya-başa çatdığı mötəbər ziyalı mühitinin məlum təsirinin nəticəsidir ki, Aida xanımın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi.

Sonra simpozium işini AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin və İbn Ərəbi Cəmiyyətinin nümayəndəsi xanım Sesiliya Tvinçin rəhbərlik etdiyi birinci geniş iclasda davam etdirmişdir.

İclasda ABŞ-dan professor Ceyms Morris, Rusiyadan professor İ.Lisak, Böyük Britaniyadan doktor Ceyn Klark, Türkiyədən Mustafa Tahralı və Azərbaycanı təmsil edən doktor Kamandar Şərifov məruzələrlə çıxış etmişlər.

Məruzələrdə qeyd edilmişdir ki, İbn Ərəbinin fəlsəfi irsinə dair Beynəlxalq simpozium görkəmli şərqşünas alim Aida İmanquliyevanın yubiley mərasiminə daxil edilmiş ən sanballı tədbirlərdən biridir. İbn Ərəbi irsi müxtəlif düşüncə tərzlərinin, habelə islam və xristianlığın ortaq mənəvi dəyərlər prizmasından nəzərdən keçirilməsi üçün ən qiymətli mənbələrdən biridir. çağdaş Azərbaycanda ruh və əqlin, Şərqlə Qərbin vəhdəti ideyasının yenidən aktuallaşması Aida xanımın bu problem üzrə tədqiqatlarından sonra başlamışdır. İndi elmi-fəlsəfi ictimaiyyət görkəmli alim Aida İmanquliyevanın yubileyi günündə bir daha vəhdət ideyasının işığına toplaşaraq həmin problemin beynəlxalq miqyasda müzakirəsini keçirir.

Bildirilmişdir ki, bütün dinlərin təlqin etdiyi, dini duyğuların mərkəzində dayanan və bu baxımdan da dinləri yaxınlaşdıran, onların eyniyyət məqamı kimi çıxış edən eşqdir. Təsadüfi deyildir ki, İbn Ərəbi təlimi az qala bütün dünya xalqları tərəfindən dinlər arasında körpü kimi, vahid din ideyasının təməl prinsipi kimi qəbul olunur. İbn Ərəbi təliminin izləri Azərbaycan ədəbi-fəlsəfi fikrində orta əsrlər dövründə də olmuşdur. İbn Ərəbi və Nəsimi poeziyasında tez-tez rast gəlinən haqqın eşqlə, eşqin gözəlliklə, gözəlliyin məhz insan gözəlliyi ilə əlaqələndirilməsi əslində ortaq poetik ənənələrdən xəbər verir. "İnsan" əslində bütövlükdə cismani aləmin bir parçası kimi götürülməklə bərabər, İlahi ruhun daşıyıcıları kimi qəbul olunur.

Diqqətə çatdırılmışdır ki, İbn Ərəbidən başlanan, Cübran, Reyhani, Nüaymə kimi mütəfəkkir şairlərin yaradıcılığında davam etdirilən və professor Aida İmanquliyevanın tədqiqatlarında öz ümumiləşmiş nəzəri təhlilini tapan vəhdət yolu bu gün sivilizasiyalar arasında qarşılıqlı anlaşma yaradılması işi üçün də böyük dəyərə malikdir.

Məruzəçilər bildirmişlər ki, ərəb məhcər ədəbiyyatının əsas xüsusiyyətləri, onun çoxəsrlik zəngin ərəb ədəbiyyatı ilə oxşar və fərqli cəhətləri, Qərb və rus ədəbiyyatları ilə əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı üçün açdığı üfüqlər və digər ümdə məsələlər Şərq-Qərb sintezində öz doğru-düzgün elmi həllini məhz Aida İmanquliyevanın çoxsaylı fundamental tədqiqatlarında tapmış, onun gəldiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək nüfuzlu elmi fikirlər kimi qəbul edilmişdir.

Sonra simpozium işini AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın və fransalı professor Denis Qrilin rəhbərlik etdikləri ikinci geniş iclasda davam etdirmişdir.

İclasda akademik Vasim Məmmədəliyev (Azərbaycan), professorlar Pol Ballafat (Fransa), Viktor Palleja de Bustinza (İspaniya) və Tariq çələbi (Misir) məruzə ilə çıxış etmişlər.

Akademik V.Məmmədəliyev demişdir ki, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva haqqında alim, təşkilatçı, ana, zərif qadın kimi çox yazılıb və bundan sonra daha çox yazılacaqdır. çünki zaman onu bizdən daha çox ayırdıqca biz Aida xanımın böyüklüyünü, kamilliyini və zənginliyini daha yaxşı duyur, daha dərindən dərk edirik. Onun hansı cəhətini daha qabarıq vermək, hansı məziyyətini ön plana çəkmək müşkül məsələdir. çünki Aida xanımdakı bu cəhətlər bir-biri ilə elə möhkəm çulğalaşır ki, onları ayırmaq olmur. İstər-istəməz ona hərtərəfli yanaşmalı, ondan hərtərəfli bəhs etməli olursan. A.İmanquliyeva görkəmli alim idi, o, yeni ərəb ədəbiyyatının Azərbaycanda tədqiqinin əsasını qoymuşdur.

Digər məruzələrdə diqqətə çatdırılmışdır ki, ərəb məhcər ədəbiyyatı vaxtilə bir çox mütəxəssislər, xüsusilə dünya şöhrətli ərəbşünas, akademik İ.Y.Kraçkovski tərəfindən tədqiq edilsə də, son dövrdə bu sahənin ən görkəmli, ən səlahiyyətli nümayəndəsi məhz Aida xanım idi. Rus tənqidi realizmindən, ingilis romantizmindən və Amerika transsendentalizmindən kifayət qədər təsirlənmiş, lakin bu təsiri mexaniki şəkildə deyil, ərəb zəminində, Şərq kontekstində qəbul etmiş məhcər ədəbiyyatı yeni ərəb ədəbiyyatının dünya miqyasında tanınması sahəsində böyük xidmət göstərmişdir. Şərq ruhunu Qərb düşüncəsi, Qərb analitizmi ilə birləşdirmiş Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə, İlya Əbu Mazi kimi görkəmli sənətkarlar Şərq-Qərb ədəbi sintezi prosesində mühüm rol oynamışlar. Bütün bu ümdə məsələlərin tədqiqi Aida xanımın elmi yaradıcılığında öz əksini layiqincə tapmışdır. Aida İmanquliyevanın Şərq müdrikliyi ilə Qərb həssaslığını özündə cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri, spesifikası, onun başqa ədəbi məktəblərdən fərqli cəhətləri, məhcər ədəbiyyatını bir ədəbi cərəyan kimi səciyyələndirən məziyyətlər barədə mülahizə və fikirləri bu gün şərqşünaslıq sahəsində görkəmli mütəxəssislər tərəfindən bəyənilir və qəbul edilir.

Vurğulanmışdır ki, Aida İmanquliyeva məhcər ədəbiyyatının ən görkəmli nümayəndələri Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nüaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstərmiş və bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühit, ədəbi-bədii qayə və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. Alim çox doğru olaraq belə bir nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri daha artıq hiss edildiyi halda, Poltavada təhsil almış Mixail Nüaymənin bədii yaradıcılığında L.Tolstoyun, İ.Turgenevin, A.çexovun, ədəbi-tənqidi məqalələrində isə V.Belinskinin təsiri müşahidə olunur. Alimin fikrincə, yeni ərəb ədədiyyatının təşəkkülü və formalaşmasında əhəmiyyətli rol oynamış "Suriya-Amerika məktəbi"nin nümayəndələri öz yaradıcılıqları ilə yalnız ərəb ədəbiyyatında deyil, həm də Şərq ölkələrinin milli ədəbiyyatlarında öz davamçıları üçün yol açmışlar.

Bildirilmişdir ki, Aida İmanquliyeva kimi alimlər ölməz tədqiqat əsərləri ilə Qərb ilə Şərqin sivilizasiyalararası toqquşmadan yan keçməsinə, dialoqun və qarşılıqlı anlaşmanın ədavətə, dini fanatizmə qalib gəlməsinə kömək etmişlər.

Beynəlxalq simpozium oktyabrın 11-də öz işini bölmə iclaslarında davam etdirib.  

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Oktyabr 2009 - ¹40
Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu keçirilib
 
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu başa çatıb
 
Bakıda keçirilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi  simpoziumu işini bölmə iclaslarında davam etdirib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Qara Qarayev adına  gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransı keçiriləcək
 
Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi Cenevrədə keçirilən forumda təqdim olunub
 
Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı müzakirə edilib
 
ADU-da Mahmud Kaşğarinin 1000 illik yubileyi qeyd olunub
 
Müəllimlərlə yanaşı şagirdlər də bəhrələnə bilərlər
 
Şahmatın inkişafına dövlət qayğısı artır
 
Dünya universitetləri: Kolumbiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov