Eyvazov
Qorxmaz Abış oğlu
1967-ci il aprelin 1-də Laçın rayonunun Güləbird
kəndində anadan olmuş, 1984-cü ildə
kəndlərindəki orta məktəbi bitirmişdi. O,
1985-ci ildə ordu sıralarına çağırılmış, 1987-ci
ildə xidmətini başa çatdıraraq vətənə dönmüşdü.
1992-ci ilin martında Laçın Rayon Polis
İdarəsində işə qəbul edilmişdi. Q.Eyvazovun
erməni faşistlərinə qarşı olan döyüş yolu elə
doğma yurddan - Qazdərəsi, Suarası və Mazutlu
kəndlərindən başlamışdı. Onun yüksək fəaliyyəti
nəticəsində Qızartı dağı uğrunda gedən
döyüşlərdə ermənilərin bir tankı ələ
keçirilmişdi. 1992-ci il avqustun 4-də Qızartıda
gedən döyüşdə Qorxmaz qolundan güllə yarası
almışdı. O, sağalan kimi yenidən döyüş bölgəsinə
qayıtmışdı. Füzuli rayonu ərazisində gedən
döyüşdə və Horadiz əməliyyatı zamanı əsl igidlik
göstərmişdi. Onu rota komandiri təyin
etmişdilər.
Qorxmaz 1994-cü il fevralın 10-da Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən
döyüşdə qəhrəmancasına həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar
1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə
Eyvazov Qorxmaz Abış oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn
olunub. Laçın rayonunun Güləbird kənd
xəstəxanası onun adını daşıyır.
Əkbərov
Akif Abbas oğlu
1952-ci il fevralın 2-də Cəbrayıl rayonunun
Balyand kəndində anadan olmuşdu. 1969-cu ildə
Beyləqan şəhər 1 nömrəli orta məktəbi
bitirmişdi. 1970-ci ildə ordu sıralarında hərbi
xidmətə çağırılmışdı. Akif 1974-cü ildə Beyləqan
Rayon Polis Şöbəsində polis nəfəri kimi işə
qəbul olmuşdu.
1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil
olmaqla Beyləqan Rayon Polis Şöbəsinin bir qrup
əməkdaşı Kəlbəcər rayonunun "Sarı yer"
yaylağındakı mülki vətəndaşların
təhlükəsizliyini təmin etmək məqsədilə həmin
əraziyə ezam olunmuşdu. Onun bir arzusu, bir
istəyi vardı. Təki doğma Azərbaycanın ayrılmaz
hissəsi olan Qarabağ torpaqları yağı düşmən
tapdağından azad olsun.
A.Əkbərov 1991-ci il avqustun 12-də işğalçı
ermənilərin "Sarı yer"ə hücumu zamanı təxminən 6
saat davam edən döyüşdə qəhrəmancasına həlak
olub.
Ailəli idi. İki övladi var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-cı il tarixli 264 nömrəli Fərmanı ilə
Əkbərov Akif Abbas oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Beyləqan rayonunda dəfn olunub. Büstü qoyulub.
Beyləqan rayonundakı küçələrdən biri onun adını
daşıyır.
Əkbərov
Rövşən Telman oğlu
1965-ci il iyunun 4-də Bakı şəhərində anadan
olmuşdur. 1972-ci ildə paytaxtdakı 42 nömrəli
orta məktəbdə səkkizinci sinfə kimi təhsil
almış, 1979-cu ildə C.Naxçıvanski adına Hərbi
Məktəbə daxil olmuşdur. 1982-cı ildə təhsilini
müvəffəqiyyətlə başa çatdırmışdır. Az sonra o,
Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil
olmuş və oranı fərqlənmə diplomu ilə
bitirmişdir. Rövşən gənc zabit kimi 1986-cı ildə
təyinatla Zaqafqaziya Hərbi Dairəsi
Komandanlığının sərəncamına göndərilmişdir.
1987-ci ildə xidmət etdiyi ordunun tərkibində
Əfqanıstana göndərilmiş, 1988-ci ildə
Zaqafqaziya Hərbi Dairəsinə dönmüşdür. 1989-cu
ildə xidmət etdiyi alayda bölük komandiri
vəzifəsinə təyin edilmişdir. 1990-92-ci illərdə
Beyləqan rayonunda hərbi komissarın köməkçisi,
1992-93-cü illərdə 777 nömrəli xüsusi təyinatlı
əlahiddə hərbi hissənin tabor komandirinin
müavini, 1993-95-ci illərdə motoatıcı alayın
komandiri, 1995-97-ci illərdə motoatıcı
briqadanın komandiri vəzifəsində çalışmışdır.
1997-ci ildə Müdafiə Nazirliyinin Kadrlar və
Hərbi Təhsil İdarəsi rəisinin müavini, 1998-ci
ilin mayında Ordu korpusu komandiri vəzifəsinə
təyin edilərək general-leytenant rütbəsinə kimi
yüksəlmişdir. İki dəfə "Azərbaycan bayrağı"
ordeni ilə təltif edilmişdir.
Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr
1994-cü il tarixli 215 nömrəli Fərmanı ilə
Əkbərov Rövşən Telman oğlu Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb.
Əliyev
Vasili Əhməd oğlu
1959-cu il yanvarın 15-də Qubadlı rayonunda
anadan olmuşdu. 1976-cı ildə doğma kəndlərində
orta təhsilini başa çatdırmış, 1977-ci ildə ordu
sıralarına çağırılmışdı. V.Əliyev ordudan tərxis
olunaraq, mühafizə bölməsində gözətçi, 1980-ci
ildə isə rayon polis şöbəsində polis nəfəri kimi
işə qəbul olunmuşdu.Nümunəvi xidmətinə görə DİN
tərəfindən "Polis əlaçısı" döş nişanı ilə təltif
edilmişdi. O, 1988-ci ildən başlayaraq mütəmadi
olaraq döyüş bölgələrində əhalinin
təhlükəsizliyinin təmin olunmasında xidmət
göstərmişdi. 1989-cu ildə Qafan rayonunun
Novruzlu kəndi yaxınlığında qurulmuş düşmən
toplarının məhv edilməsində Vasilinin də böyük
xidməti olmuşdu. Bu cəsur döyüşçü 1992-ci il
oktyabrın 19-da Qaraqaya yüksəkliyi uğrunda
gedən gərgin döyüşdə xüsusi rəşadət nümayiş
etdirərək erməni təcavüzkarlarının xeyli canlı
qüvvəsini məhv etmişdi. V.Əliyev elə bu döyüşdə
də qəhrəmancasına həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 11 may
1993-cü il tarixli 599 nömrəli Fərmanı ilə
Əliyev Vasili Əhməd oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Qubadlı rayonundakı Şəhidlər xiyabanında dəfn
olunub. Qubadlı rayon mədəniyyət evi və
Diləli-Müskanlı kənd orta məktəbi onun adını
daşıyır.
Əliyev
Etibar Böyükağa oğlu
1955-ci il iyulun 11-də Lənkəran şəhərində
anadan olmuşdu. Şəhər 5 nömrəli orta məktəbin
səkkizinci sinfini bitirmiş, 1969-cu ildə 34
nömrəli texniki peşə məktəbində dülgərlik
sənətinə yiyələnmişdi. O, 1973-cü ildə hərbi
xidmətə çağırılmışdı. E.Əliyev 1975-ci ildə
Saratov vilayətində əsgəri xidmətini başa
çatdırıb doğma yurda qayıtdıqdan sonra Lənkəran
Şəhər Əhaliyə Məişət Xidməti İdarəsində əmək
fəaliyyətinə başlamışdı. 1993-cü ilin avqustun
23-də "Talış-Muğan Respublikası" yaratmaq
iddiası ilə çıxış edən Əlikram Hümbətov və onun
kimi vətən xainlərinə, nankorlara qarşı bir
vətənpərvər oğul kimi mübarizə aparmışdı.
E.Əliyev elə həmin mübarizədə əsl igidlik
göstərərək həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust
1993-cü il tarixli 740 nömrəli Fərmanı ilə
Əliyev Etibar Böyükağa oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Lənkəran şəhərindəki Şəhidlər xiyabanında dəfn
olunub. Adına Lənkəran şəhərində küçə var.
Şəhərin "23 avqust" meydanında büstü qoyulub.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ |