Xalqın milli yaddaşında əbədi iz buraxan
şəxsiyyətləri yaşadan onların mənsub olduqları
millətə, xalqa, doğulub böyüdükləri vətənə olan
təmənnasız xidmətləridir.
Belə
şəxsiyyətlərdən biri Həsən bəy Səlim bəy oğlu
Məlikov (Zərdabi) olmuşdur.
1842-ci ildə qədim Göyçay qəzasının Zərdab
kəndində (indiki Zərdabda) maarifpərvər ailədə
anadan olmuş Həsən bəy Şamaxıda açılmış rus
məktəbində təhsil almış, sonra istedadına görə
dövlət hesabına I Tiflis gimnaziyasına oxumağa
göndərilmişdir. 1860-cı ildə gimnaziyanı bitirən
H.B.Zərdabi Moskva Universiteti
fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq
şöbəsinə qəbul olunmuşdur. 1865-ci ildə ali
məktəbi əla qiymətlərlə bitirmiş Zərdabiyə elmi
şuranın qərarı ilə nümunəvi əxlaqına və əla
müvəffəqiyyətinə görə təbiət elmləri namizədi
elmi dərəcəsi verilmişdir.
"Cəhalət girdabında boğulan" xalqına kömək etmək
istəyi ilə yaşayan Zərdabi Qubada, Bakıda
çalışmışdır. 1869-cu ildən Bakı real
gimnaziyasında təbiət tarixi fənnini tədris
etməyə başlamış, 1872-ci ildə "Xeyriyyə
cəmiyyəti"nin əsasını qoymuşdur.
Milli elm tariximizdə təbiətşünas kimi tanınan
Zərdabi "Torpaq, su və hava", "Bədəni salamat
saxlamaq düsurül əməlidir", "Sümük, ət, beyin",
"İnsan bədəninin florası", "Orqanizmin yoluxucu
mikroblara qarşı mübarizəsi", "Sərxoşluğa qarşı
peyvənd" və s. məqalələrini yazmışdır.
Pedaqoji fikir tariximizdə görkəmli
maarifçi-pedaqoq, milli təhsil tariximizdə
azərbaycanlı müəllimlərin ilk qurultayının
təşkilatçı və rəhbərlərindən biri olan Həsən bəy
Zərdabi həm də milli teatr tariximizdə ilk
tamaşaların rejissoru kimi ictimai-mədəni fikir
salnaməmizdə özünə yer tutmuşdur. Mətbuat
tariximizdə onun rolu çoxşaxəlidir: ana dilində
ilk mətbu orqanın təsisçisi, redaktoru, naşiri,
dərin məzmunlu publisistik məqalələr və orijinal
bədii nəsr nümunələrinin müəllifi...
H.B.Zərdabi filosof və təbiətşünas kimi məşhur
olmaqla yanaşı, həm də milli mədəniyyətimizi
duyan və dəyərləndirən bir
sənətşünas-mədəniyyətşünas olmuşdur.
Tale hər kəsə bir tarixi xoşbəxtlik nəsib
etmişdir. Həsən bəy Zərdabinin həyatı və geniş
miqyasda fəaliyyəti ilə tanışlıq göstərir:
Zərdabiyə Azərbaycanşünaslıq tarixində çox az
şəxsiyyətə qismət olan tarixi xidmətlər
göstərmək şərəfi nəsib olmuşdur.
Bunlardan biri qəzet nəşr etmək idi. Xalqı
oyadan, bir təfəkkür sahibinin bilik və
məlumatlarını əks etdirən qəlb-qələm məhsulu
vasitəsilə oxuyanları maarifləndirən, tarixi
təcrübəni yazılı şəkildə sənədləşdirib təbliğ
edən, oxucularını xarici aləmlə bağlayan,
cəmiyyətin inkişafını ləngidən amilləri tənqid
edən, xalqın ziyalılarını bir-birinə tanıdıb
yaxınlaşdıran, tarixi dövrü salnamələşdirən
qədim maarifçi-demokratlar nəslinin yeni
nümayəndələrinin formalaşmasında mühüm faktor
olmuşdur. H.B.Zərdabinin mühərrirlik fəaliyyəti,
pedaqoji sahədə gördüyü işlər, ictimai
xidmətləri ilə bir sırada xalq yaradıcılığı
haqqında fikir və mülahizələri də önəmli dəyər
kəsb edir.
"Mahnılar... milləti birləşdirməyə bais" vasitə
Zəngin xalq yaradıcılığı dəyərləri ilə seçilən
ailə mühitində böyüyən H.B.Zərdabi əcnəbi dildə
təhsil illərində mənsub olduğu xalqın milli
mənəvi sərvətlərini xəlqilik və bəşərilik
parametrlərində müqayisəli şəkildə daha dərindən
dərk etmişdir.
Folklorşünaslıqda belə bir fikir mövcuddur:
xalqın təbiətinin zənginliyi onun şifahi
ədəbiyyatının janrlar sisteminin zənginliyi üçün
əsasdır. Bu fikir H.B.Zərdabi tərəfindən hələ
XIX əsrin sonlarında belə ifadə olunmuşdur:
bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil
ilə deyilən söz o qədər əsər etməz, necə ki,
şeir ilə deyilən söz. Ələlxüsus nəğmələr ilə ki,
xoş sövt ilə oxunur. "Qafqazın yerlərinin
xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə
oxşayan vətənimizin dağları, çayları, xoş
abi-havası və hər bir cəhətdən səfalı və dilguşə
olmağı onun əhalisini cuşə gətirib bu hala
salır". "Xalq və yaradıcılıq mühiti" məsələsini
bu sətirlər fəlsəfi və təbii şəkildə çox dəqiq
aydınlaşdırır. Görkəmli ədib və pedaqoq bir xalq
yaradıcılığı bilicisi tək şifahi ədəbiyyatın
mahnı, nağıl və atalar sözləri kimi janrlarını
toplamışdır. O, bu janrlar içərisində mahnılara
geniş yer vermiş, mağnıların tarixi-ictimai,
sosial-mədəni dəyərini belə səciyyələndirmişdir:
"Hər tayfanın vətəndaşlıq və millətin keçmişdə
olan yaman və yaxşı günlərini şərh edən
mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza
düşüb milləti birləşdirməyə bais olur".
Deməli, Zərdabi mahnıların kütləviliyini
müşahidə etmiş, milləti birləşdirmədə onun
rolunu doğru qiymətləndirmişdir. Əslində,
təbiətşünas alim mahnıların insanların
maariflənməsində, həyat, tarix, təbiət E
haqqında məlumat, obrazlı informasiya
əsasında bilik və bacarığa yiyələnmələrində
əhəmiyyətini də çox həkimanə bir şəkildə izah
etmişdir. O, bir el müdriki kimi qələm
məhsulunda yazırdı: "...yaxşı olardı ki, bizim
şüəralar bir-birini həcv və mədh etmək əvəzinə,
zikr olan məzmunda mahnılar düzəldəydilər ki,
onlar ağızdan-ağıza düşüb xalqı nadanlıqdan
danalığa (alimliyə - Ş.M.) təhrik etməyə bais
olaydı".
H.B.Zərdabi mahnılara hələ "Əkinçi" qəzetinin
nəşri zamanında yüksək dəyər vermişdi:
"Əkinçi" qəzeti çıxanda o vaxtın şairlərindən
təvəqqe eləmişdim bülbülü və gülü tərif və
bir-birlərini həcv etməkdən əl çəkib elm təhsil
etməyin nəflərindən və biz müsəlmanlara olan
zülmlərin barəsində şeirlər yazıb onları bizim
aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki,
aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa
səbəb olsunlar".
Göründüyü kimi, mütəfəkkir pedaqoq-alim xalq
yaradıcılığının əsl bilicisi kimi xalqın
mənəviyyat və dünyagörüşünün formalaşması və
inkişafında aşıq sənətinin rolunu yüksək
dəyərləndirmiş, aşıqların repertuarında tarixi
məzmunlu mahnıların olmasını vacib saymış, bunu
əsaslandırmışdır.
"Bizim nəğmələrimiz" adlı məqaləsində
H.B.Zərdabi şeirin və musiqinin insan
mənəviyyatına, insan əxlaqına təsirini çox aydın
və dəqiq ifadə edərək nəğmələrin toplanılmasına
üstünlük verirdi.
H.B.Zərdabi şairlərə mahnılar üçün mətnlər
yazmağı tövsiyə etməklə yanaşı, özü mövcud
mahnılarımızı toplamış, sistemə salaraq nəşrinə
çalışmışdır. Xalq nəğmələrini toplayıb Tiflisə
göndərərkən H.B.Zərdabi iki məqsəd izləmişdir:
bu el sənəti nümunələrini çap etdirib yaşatmaq;
çap olunmuş bu nümunələri Bakı məktəblərinin
şagirdlərinə oxumaq üçün paylamaq.
Və böyük maarifpərvər 1901-ci ildə ilk dəfə
"Türk nəğmələri məcmuəsi"ni nəşr etdirərkən
böyük fəzilət və milli həzz duymuşdu. Bu, xalq
musiqimizin toplanılması, nəşri və milli mənəvi
dəyərlərimizin qorunub saxlanması baxımından
tarixi-mədəni xidmətin ən bariz nümunəsi idi.
Ümumiyyətlə, professor Paşa Əfəndiyevin yazdığı
kimi, H.B.Zərdabi bir neçə il müddətində külli
miqdarda mahnı toplaya bilmiş, "əsas məzmunu
uşaqları elmə, təhsilə, tərəqqiyə
həvəsləndirməkdən ibarət" olan bu mahnılar 1901,
1903 və 1909-cu illərdə çap olunmuşdur.
Nəsillərə örnək olan həyat yolu keçmiş, xalqa
xidməti ömrünün qayəsi bilərək genişmiqyaslı
fəaliyyəti ilə təbiətşünaslıq, pedaqogika,
ədəbiyyat, fəlsəfə, publisistika sahələrində
zəngin irs qoymuş Həsən bəy Zərdabi Məlikov həm
də xalq yaradıcılığının bilicisi olmuş,
mahnılara milləti birləşdirməyə bais vasitə kimi
böyük dəyər vermişdir.
Ş.MƏMMƏDOV,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, SDU-nun
"Folklorşünaslıq"
elmi-tədqiqat laboratoriyasının rəhbəri |